Modern.az

Yazıçı və şairlər Qarabağı azad etməyin yolunu göstərdilər: "Geriyə bir yol qalır..."

Yazıçı və şairlər Qarabağı azad etməyin yolunu göstərdilər:  "Geriyə bir yol qalır..."

24 Fevral 2017, 16:28

Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. İşğal olunmuş ərazilərinin azad edilməsi isə Azərbaycan xalqının qarşısında duran əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi üçün, nəinki dövlət qurumları, eyni zamanda, bütövlükdə Azərbaycan xalqı birlikdə mübarizə aparmalıdır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları öz fəaliyyətlərində bunu prioritet məsələ kimi saxlamalı, hər bir addımlarında Dağlıq Qarabağın işğal faktlarının dünyaya çatdırılması ilə məşğul olmalıdırlar.

 

2017-ci ildə Dağlıq Qarabağ hansı yollarla düşməndən azad edilə bilər?


Modern.az saytı bir neçə yazıçı və şairin  fikrini öyrənib.

 

Azərbaycanın xalq şairi Fikrət Qoca işğal altında olan torpaqları nə vaxtsa geri qaytaracağımızı deyib.

 

“Amma hansı yolla qaytarılacaq, onu deyə bilmərəm. Mən də onun üçün yaşayıram ki, torpaqlarımız işğaldan azad olunsun və mən gedib o torpaqları görüm”.

 

Şair Musa Yaqubun fikrincə, işğal altında olan torpaqlar düşməndən ancaq müharibə yolu ilə geri qaytarıla bilər.

 

“Düzdür, biz istəmirik ki müharibə olsun. İstəyirik ki, torpaqlarımız sülh yolu ilə azad olunsun. Çünki müharibə ölümdür. Neçə illərdir ki, Ermənistan tərəfi ilə danışıqlar aparılır. Amma bu danışıqlar heç bir nəticə də vermir. Beynəlxalq təşkilatlar da bu problemin aradan qaldırılması üçün Ermənistana müəyyən təzyiqlər göstərməlidirlər. Amma heç bir təzyiqlər göstərilmir. BMT-nın işğal altında olan torpaqlarımızla bağlı 4 məlum qətnaməsi var. Bu qətnamələrin heç biri yerinə yetirilmir”.

 

Yazıçı-jurnalist Şərif Ağayar deyir ki, hələ 10-15 il bundan əvvəldən Qarabağ məsələsinin həlli yolunu görmədini söyləyib:

 

“Ən azı yaxın gələcək üçün bu problem həll olunmayacaq. Arqumentlərim də var, ancaq uzun-uzadı danışmaq istəmirəm. Və demək, işğal olunmuş torpaqların azad olunması yolunu görmürəm. Nə müharibə ilə, nə sülh ilə... Ümumi onu deyim ki, Qarabağ münaqişəsini həll etmək iqtidarında olan güclərin bu münaqişəni həll etmək istəmədiyinə əminəm. Bir problemlə otuz il yaşamışıqsa, altmış il də yaşaya bilərik. Dünyada belə düyün nöqtələri var və on illərlə düyün nöqtəsi olaraq qalır. Nə yazıq ki, biz də belə bir tale yaşamaq məcburiyyətindəyik”.

 

“Ulduz” jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəsin fikrincə, işğal altında olan torpaqlarımızı həm hərbi, həm də siyasi yolla geri qaytara bilərik.

 

“Əsas odur ki, torpaqlarımızı azad edək. Yəni mən hər iki yolu məqbul sayıram. Bəzi insanlar deyir ki, işğal olunmuş torpaqları ancaq döyüşlə qaytarmaq olar.  Mən bu fikirlə razı deyiləm. Bilirsiniz nəyə görə razı deyiləm? Çünki bəzən mətbuatda belə bir yazılar gedir ki, niyə görə Ermənistanda Milli Qəhrəman azdır, bizdə çoxdur? Bizdə ona görə Milli Qəhrəman çoxdur ki, erməni Qarabağda vuruşmayıb. Qarabağ uğrunda vuruşanlar Azərbaycan oğullarıdır. Ermənistan həmçinin torpaqları müharibə yolu ilə almayıb. Başqasının əli ilə alıb. Əgər işğal olunmuş torpaqları hərbi yolla azad etmək istəsək, qələbə birmənalı olaraq bizim tərəfimizdə olacaq. Çünki tərəflər arasındakı fərq ancaq bizim xeyrimizədir”.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisistƏkbər Qoşalı deyib ki, işğala məruz qalmış ölkə üçün bütün yollar məqbul sayılır.

 

“Bizim ölkəmizin, dövlətimizin, xalqımızın qarşısında duran əsas vəzifə işğal olunmuş torpaqlarımızı azad etməkdir. Dövlətimiz hazırda işğal olunmuş əraziləri sülh yolu ilə azad etmək üçün bütün platformalarda səylər göstərir. Çox təəssüflər olsun ki, bizim qarşımızdakı ölkə sülhdən, barışıqdan heç nə anlamır. Belə olan halda isə bir yol qalır. O da müharibə yoludur. Dünyanın keçmiş, indiki və gələcək halı belədir ki, neçə ki biz ən arzu etdiyimiz məqamda deyilik. Tarixi şöhrətimizi xalq olaraq bərpa edə bilməmişik. Ona görə də yalnız müharibə yolu deyil, onun yanına siyasi sözü də əlavə etməliyik. Qısaca cavab verəsi olsaq, biz işğal olunmuş torpaqlarımızı hərbi-siyasi yolla azad etməliyik”.

 

 Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər