Modern.az

Ürək qüsurlu uşaqların tükənən ÜMİDLƏRİ

Ürək qüsurlu uşaqların tükənən ÜMİDLƏRİ …

Hadisə

24 Fevral 2017, 20:00

Bu problemlə yaşayanların hər il ən yaxşı halda üçdə biri əməliyyat olunur

 

"27 fevral 2016-cı ildə nəvəm Murad Sarıyev dünyaya gəlib. Bir baba kimi nəvə sevinci yaşamağı uzun müddət gözləsəm də, Muradın dünyaya gəlməsi ilə bizə bəxş etdiyi fərəh çox sürmədi. Üç aylığından başlayaraq uşağın səhhətində problemlər yaranmağa başladı. Həmin müddətdən bir neçə xəstəxanaya müraciət etdikdən sonra uşağı 12 iyul 2016-cı ildə Səhiyyə Nazirliyinin Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Ürək Cərrahiyyəsi şöbəsinə göndərdilər. Orada aparılan müayinələrin nəticəsində isə məlum oldu ki, Muradda anadangəlmə ürək qüsuru var. Əgər tez bir zamanda əməliyyat olunmasa, uşağın həyatı üçün ciddi təhlükə yarana bilər". Bunu deyən Binəqədi rayon sakini Sahib Sarıyev həm də Əfqanıstan müharibəsi veteranıdır. 1998-ci ildən işsiz olan Sahib Sarıyevin ailəsində sağlamlıq imkanı məhdud olan daha iki nəfər yaşayır. II qrup əlil olan həyat yoldaşı 10 ilə yaxındır şəkər xəstəliyindən əziyyət çəkir. Sahib Sarıyevin bir oğlu da II qrup əlildir. Günəmuzd işləyərək 7 nəfərlik ailə üzvlərini güclə dolandıran  Sahib Sarıyevin  nəvəsinin əməliyyat xərclərini ödəmək üçün maddi imkanı yoxdur. Aidiyyatı dövlət qurumlarına edilən bütün müraciətlər isə Səhiyyə Nazirliyinə yönləndirilib. Səhiyyə Nazirliyi həmin məktubları respublikamızda bu sahə üzrə ixtisaslaşmış Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Ürək Cərrahiyyəsi şöbəsinə ünvanlayıb. Buradan isə bu ilin yanvarında Sahib Sarıyevə  bildiriblər ki, Murad əməliyyat olunmaq üçün öz növbəsini gözləməlidir.

"Muradın əməliyyat növbəsi üçün ən yaxşı halda iyun ayında gerçəkləşə bilər. O da... ",- deyən Sahib Sarıyev qəhərdən boğularaq sözlərini bitirə bilmir. Buna baxmayaraq baba nəvəsinin yaşayacağına ümidini də itirmir. Amma bu cür aciz durumda olan tək Sahib Sarıyev deyil. Dövlət Statistika Komitəsin açıqladığı məlumatlarda respublikamızda ürək qüsurlu uşaqların sayı ayrıca göstərilməsə də, mətbuatda yayılan məlumatlara görə, onların sayı hər il artmaqdadır.

 

Dövlət Statistika Komitəsin açıqladığı məlumatlarda ürək qüsurlu xəstələr də qan dövranı sisteminin xəstəlikləri adı altında verilir. 1990-cı ildə əhalinin hər 10 000 nəfərinə düşən qan dövranı sisteminin xəstəlikləri olan şəxslərin sayı 91.1 idisə, 2000-ci ildə onların sayı 122.8, 2010-cu ildə 127.3, 2015-ci ildə isə 140.9 olub. 18 yaşadək  uşaqlarda qan dövranı sisteminin xəstəlikləri olan şəxslərin sayı 2005-ci ildə 10 861 nəfər, 2010-cu ildə 11 178 nəfər olduğu halda, 2015-ci ildə 14 404 nəfərə qədər artıb. Qan dövranı sisteminin xəstəliyi olan 14 404 nəfərdən isə 10 688 nəfəri 13 yaşadək olan uşaqlardır.

Amma hansı xəstəlikdən əziyyət çəkməsindən asılı olmayaraq ölkə konstitusiyası hər bir şəxsin sağlamlığının qorunmasını dövlətin üzərinə qoyur.

 

Hər kəsin tibbi yardım almaq hüququ var - Konstitusiyada

 

Azərbaycan Konstitusiyanın 41-ci maddəsində birbaşa göstərilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün  zəruri  tədbirlər  görür. Sanitariya-epidemiologiya  salamatlığına  təminat  verir,  tibbi  sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

 

 

1997-ci ildən qüvvədə olan "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 3-cü maddəsində əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri daha konkret sadalanıb. Buraya sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin, məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi, dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi, əhalinin xüsusi qrupları üçün tibbi, sosial yardım göstərilməsinə təminat verilməsi, ailənin, valideynlərin və uşaqların mühafizəsi daxildir.

Qanunun 10-cu maddəsində isə vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququnun olduğunu göstərir. Qanuna görə Azərbaycan vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur. Yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu qanunun 59-cu maddəsi isə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyətini müəyyən edir. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Amma...

 

"116 uşaq əməliyyat oluncağı günü gözləyir"

 

Bu gün elə ürək qüsuru var ki, uşaq dünyaya gəlməmişdən öncə də, uşaq doğulandan sonra da özünü göstərir. Amma elə simptomlar var ki, uşağın sağlamlığına heç bir təsir göstərmədən uzun illər ərzində "gizli qalır". Bu təhlükəli simptomlar ürəyin öz işinin öhdəsindən gələ bilmədiyi zaman üzə çıxır. Amma bizim  bu yazıda məqsədimiz ürək qüsurunun yaranma səbəbi, onun qarşısının alınması ilə bağlı yox, artıq bu problemlə yaşayan uşaqların hüquqlarının pozuntusu və bundan həll yollarını tapmaqdır.

 

 

Səhiyyə Naziliyinin 2016-cı üzrə illik hesabatında göstərilir ki, 2011-ci ilin martından başlayaraq Elmi Cərrahiyyə Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlanılıb. 2014-cü ildə isə hətta birgünlük körpə üzərində də açıq ürək əməliyyatı aparılıb. Ötən il isə dövlət hesabına 956 xəstəyə 865 acıq, 91 qapalı ürək əməliyyatı icra olunub. Kardiocərrahiyyə əməliyyatı  aparılanlardan 104-ü 1 yaşa qədər, ən kiçiyi isə 2 aylıq olub.

Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Elnur Həsənov deyir ki, Mərkəzinin pasientləri 3 günlük uşaqlardan 15 yaşına qədər olan uşaqlardır: “Ölkəmizdə isə hər il təxminən 1250 uşaq ürək qüsuru ilə doğulur. Mərkəzimizdə ötən il 350 uşaq üzərində açıq ürək əməliyyatı aparılıb. Daha 62 nəfərdə isə qapalı əməliyyat aparılıb. Amma bu elə də böyük rəqəm deyil. Azərbaycanda ildə təxminən 1200-1300 uşağın ürək cərrahiyəsinə ehtiyacı olur. Bu isə o deməkdir, hər il təxminən 700-800 uşaq keçir növbəti ilə. Demək artıq sonrakı il xəstələrin sayı 2000-2500 olacaq. Amma hər bir halda mərkəzə müraciət edən bütün uşaqlar müayinə olunaraq diaqnoz qoyulur. Sonra Səhiyyə Naziliyində yaradılan müvafiq komissiyada xəstələrin sənədləri nəzərdən keçirilir və əməliyyat zəruriliyi müəyyənləşdirilir. Amma ümumilikdə hər bir müraciət edən xəstə növbəyə götürülür. Elə ürək qüsuru var ki, onların əməliyyatı təcili deyil. Həmin xəstələr növbəyə götürülür və müəyyən edilən zamanda əməliyyat olunur. Hazırda isə novbədə 116 uşaq var. Hansısa uşaqda isə əməliyyat zəruriliyi varsa, dərhal əməliyyat olur”. 

E.Həsənovun sözlərinə görə, anadangəlmə ürək qüsurlarının göy və cəhrayı olmaqla iki tipi var: “Bəzən valideynlər bildirir ki, uşaqda narahatlıq olsa da, göyərmə halları yoxdur. Amma müayinələr göstərir ki, onlarda anadangəlmə ürək qüsuru var. Amma bir çox uşaqlarda erkən yaşlarda göyərmə olur. Azərbaycanda da ən çox yayılan ürək qüsur göy tipli ürək qüsurudur.  Uşaqlarda anadangəlmə ürək qüsurunun əsas səbəbi isə hazırlıqsız hamiləlik və qohum evliliyidir. Bu mənada əhalinin bu mövzuda maarifləndirilməsi vacibdir".

 

 

Dövlətin vətəndaş qarşısında pozitiv öhdəlikləri…

 

 

 

Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasının kardioloqu Qalib İmanov isə mediaya açıqlamasında bildirir ki, son illər ürək-damar xəstəlikləri dünyanın əksər ölkələrində artmaqdadır: "Rəsmi statistikaya görə, ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur. Bu da həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından irəli gəlir. Amma genetik faktorlar, erkən evlilik kimi amillərin də rolu az deyil. Elə ürək qüsurları var ki, heç bir əməliyyata ehtiyac olmadan problemi həll etmək olur. Hazırda invaziv kardiologiyada da bir çox əməliyyatlar qapalı yolla həyata keçirilir. Əməliyyatdan sonra xəstədə heç bir çapıq, iz qalmır. Bu əməliyyatlarla artıq 9 ilə yaxındır ki, Azərbaycanda məşğuluq. İstifadə olunan aparatlar bahalı olduğu üçün əməliyyat sayımız çox deyil. Çünki qapalı əməliyyat açıq əməliyyatdan daha baha başa gəlir. Düşünürük ki, yəqin tibbi sığorta sistemi qurulandan sonra bu cür xəstələrdə qapalı yolla müalicə riskinin, əməliyyat ağırlaşmalarının qarşısını alacağıq".

 

 

Vəkil Aqil Layıcov isə diqqəti dövlətin vətəndaş qarşısında pozitiv öhdəliklərinə yönəldir: “Dövlətin əsas öhdəliklərindən biri vətəndaşların sağlamlığını qorumaq və keyfiyyətli tibbi xidmət ala bilmək imkanlarını təmin etməkdir. Bu ilk növbədə Azərbaycan Konstitusiyanın 41-ci maddəsinin tələbidir. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən  səhiyyənin bütün növlərinin inkişafı üçün müvafiq şərait yaratmaqla yanaşı, insanın həyat və sağlamlığına təhlükə yaradan bütün faktların qarşısının alınması üçün də məsuliyyət daşıyır. Dövlətin vətəndaş qarşısında pozitiv öhdəliyi var ki, onun ərazisində yaşayan bütün insanları keyfiyyətli tibbi xidmətlə təmin etsin. Dövlətin iqtisadi və sosial gücü yetərli olmasa da, bunu etməlidir. Hətta ölkədə hansısa zəruri tibbi xidmət üçün şərait yoxdursa, ehtiyacı olan şəxs belə xidmətin olduğu ölkəyə göndərilməlidir. Əməliyyat zərurət meyarına görə tənzimlənməli olduğundan növbəlilik deyilən məsələ vətəndaşı gözlətmək üçün bir versiyadır. Bununla bağlı hər hansı normativ akt yoxdur. Əgər daxili təlimat da varsa, bunu Səhiyyə Nazirliyinin saytında yerləşdirmək lazımdır. Növbədə neçə xəstənin olması isə dövləti məsuliyyətdən azad etmir. Sabah xəstənin başına hansısa iş gələrsə, dövlətin növbədə neçə xəstə var idi arqumenti keçərli olmayacaq. Azərbaycanda "İcbari tibbi sığorta haqqında"  qanun işləsə, vətəndaş bu kimi problemlərlə qarşılaşmazdı”.

Əksər ekspertlər problemdən çıxış yolunu 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edilən və 2007-ci ildə əlavə və dəyişikliklər edilən "İcbari tibbi sığorta haqqında" qanunun işləməsində görür. Ölkə Prezidentinin sərəncamı ilə artıq Dövlət İcbari Tibbi Sığorta Agentliyi də yaradılıb. Hər il büdcədən bu məqsədlə maliyyə vəsaiti ayrılsa da, bu günədək qanun tam işləmir. Keyfiyyətli tibbi xidmət ala bilməməyin əziyyətini isə yüzlərlə uşaq və onların yaxınları çəkir. Necə ki, Sahib Alıyev övladının ağrılarına köməklik etmək iqtidarında olmadığının əzabını yaşayır. Heç kəsdən şikayəti olmadığını deyən, Sahib Alıyev sadəcə vətəndaşlığını daşıdığı dövlətin Konstitusiyasında göstərildiyi kimi nəvəsinin tezliklə keyfiyyətli tibbi xidmət alacağına ümid edir...

 

Xalid VAHİDOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı