Modern.az

“Meyitlərimizin üstündə oturub gülə-gülə araq içirdilər” – Xocalı sakini 25 il əvvəldən DANIŞIR

“Meyitlərimizin üstündə oturub gülə-gülə araq içirdilər” – Xocalı sakini 25 il əvvəldən DANIŞIR

25 Fevral 2017, 12:43

Sabah Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu.

O soyqırımı ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq, 1992-ci ildən bəri hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

 

Modern.az saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.


Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecə...

 

Xocalı sakini  Adil Quliyev 25 il bundan əvvəlin 25-dən 26-na keçən gecənin qanlı  fevralını belə xatırlayır: 

 

 “Fevralın 25-i hamımız ümidli idik”

 

“1992-ci ilin 25 fevral günü mən Ağdamdan Xocalıya gəldim. Vəziyyət digər günlərdəki kimi idi. Xocalı sakinləri hər gün olduğu kimi fevralın 25-də də səhərlərini ümidlə açmışdılar. Fevralın 25-i günü də ermənilər atəş açırdılar. Amma biz buna adi yanaşırdıq. Çünki hər gün vəziyyətimiz belə idi. Digər günlər kimi Allaha pənah deyib otururduq. Heç bir Xocalı sakini 25-dən 26-na keçən gecə dəhşətli hadisənin baş verəcəyini gözləmirdi. Hətta, 25-i axşamı hardasa saat 10-11 radələrində ermənilərin atəş açması zamanı  inanmırdıq ki, nəsə ola bilər. Amma hücumların miqyası genişləndikcə, anladıq ki, vəziyyət çox pisdi. Xocalı 4 tərəfdən hücuma məruz qaldı. Kəndləri yandırmağa başladılar”.

 

“Qardaşım erməni əlinə keçməməkdən ötrü özünü öldürdü”

 

Xocalı hadisələri zamanı 20 yaşında olmuş Adil Quliyev deyir ki, səngərlərdə o qədər oğullarımızın meyiti qaldı ki!

 

“Laçın  rayonunda doğulmuşam. Amma ailəliklə Xankəndidə yaşamışıq. 1988-ci ilin hadisələri zamanı biz Xocalıya gəldik. Hələ Xankəndidə yaşadığım dövrdə ermənilərin xislətini görmüşdük. Uşaq olanda məktəbə gedib-gələndə bizi daşa basırdılar, söyürdülər. Milli zəmində söhbətlər edirdilər. Xocalıda özünümüdafiə batalyonunun üzvü idim. Xocalı faciəsi zamanı mən səngərdə hərbçi idim. Son gününə qədər mübarizə aparanlardan olmuşam. Səngərlərdə o qədər oğullarımızın meyiti qaldı ki! Heç onları götürə də bilmədik.

 

İki qardaşımdan biri ermənilərin əlinə keçməməkdən ötrü özünü öldürüb. Digər qardaşım isə ermənilərə əsir düşsə də sonradan geri qaytarılıb”.

 

“Ananın gözləri qarşısında uşaqlarının başına pis oyunlar açdılar”

 

Müsahibimiz deyir ki, bizimlə birgə Məhsəti türkləri də ermənilərə qarşı mübarizə aparırdı.

 

“Yerli müdafiə batalyonunun komandirlərindən biri Məhsəti türkü idi. Adı Sərvərdir. Hal-hazırda Sabirabadda yaşayır. Məhsəti türkləri, sıravi döyüşçüdən tutmuş zabitlərə qədər bizimlə birgə ermənilərə qarşı mübarizə aparıb. Onlar sonuna qədər bizim yanımızda olublar. Onlar da əziyyət çəkərək şəhid olub.

 

Heç bir insanın edə bilməyəcəyi vəhşiliyi ermənilər bizim başımıza gətirdilər. Ermənilərin bu vəhşiliyi törətməkdə məqsədi müsəlmanların kökünü kəsməyə hesablanmışdı. Əgər torpaqlarımızı ələ keçirmək istəyirdilərsə, bunu vəhşilik etmədən də həyata keçirə bilərdilər. Amma biz ermənilərin törtədiyi ən murdar vəhşiliyin qurbanı olduq. Qadınlarımızı, uşaqlarımızı amansızcasına məhv etdilər. Həmin gecə elə hadisələrin şahidi olmuşam ki!... Ananın gözləri qarşısında uşaqlarını ağaca bağlayıb  deyilə bilməyəcək formada başlarına oyun açıblar. Xocalıda Elman adlı avtobus sürücüsü vardı. Gözümün qabağında onun başının dərisini soydular”.

 

“Ölüyə işgəncə vermələrini başa düşə bilmirəm”

 

Xocalı soyqırımının şahidi deyir ki, ermənilər meyitlərlə çox pis rəftar edirdilər.

 

“Ağdamla Əsgəran yolu arasında şəhidlərimiz çox idi. Mən də 3 gün meşədə tək qalmışam. Çünki 25-dən 26-na keçən gecə sonuna qədər ermənilərlə döyüşmüşəm. Ermənilərin əlinə keçməmək üçün həmin meyitlərin arasında gizlənmişdim. Meşəyə gələnə qədər bütün meyitləri adbaad tanıyırdım. Həmin vaxt ermənilərlə çox yaxın təmasımız olub. Amma onlar məni görməyib. Bir hadisəni heç yadımdan çıxara bilmərəm. Meşədə meyitlərin arasında gizləndiyim vaxt 3 erməni ora gəldi. Bir bankada araq çıxarıb yüngülvari nəsə yedilər. Xankəndidə yaşadığımıza görə ermənilərin dilini bilirdim. Xocalını işğal etdiklərinə görə meyitlərin üstündə oturub gülə-gülə araq içirdilər. Əllərində avtomat var idi. Mən isə silahsız idim. Onları kənardan səssiz izlədikcə mənə elə gəlirdi ki, onlar insan deyillər. Çünki  insan bu cür çirkin işlərə əl atmaz. Təsəvvür edin: meyitlərimizdən birinin erməni hərbçisi gəlib ya dərisini soyurdu, ya da qulağını kəsirdi. Digər erməni hərbçisi də eyni meyitin üzərində yenidən vəhşilik edirdi. Bu cür insanlıq ola bilərmi?! Onsuz da insanlarımızı öldürmüşdülər. Yenidən ölüyə elə işgəncələr vermələrini hələ də başa düşə bilmirəm. Nə fikirləşirdilər, bilmirəm. Onlarda bizim millətə qarşı o dərəcədə nifrət vardı ki, bu, ancaq ondan irəli gələ bilər. Elə hadisələrin şahidi olmuşam ki, deyiləsi deyil.

 

Üçüncü gün isə Əsgəran tərəfdə bizimkilər ermənilərlə döyüşürdü. Meşədə 3 gün qaldığıma görə ayağımı şaxta vurmuşdu. Fikirləşirdim ki, bir neçə gün də qalsam, məni də don vuracaq. Məcbur olub erməninin səngərinin yanından keçib getmişəm. Bəlkə də erməni məni elə erməni bilib deyə heç nə etməyib. 1992-ci ilin fevralında 20 yaşım vardı. O yaşda nələr görmədim ki!

 

Xocalı faciəsindən sonra Ağdam-Ağdərə, Laçın-Kəlbəcər istiqamətində gedən  döyüşlərdə könüllü vuruşmuşam. Başqa yolumuz yox idi. Xocalı faciəsini yaşayan insan ermənilərə qarşı silah götürüb döyüşməyə bilməzdi”.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi