Modern.az

Sevgilər qanadlanmayanda    

Sevgilər qanadlanmayanda    

25 Fevral 2017, 15:42

Azad Müzəffərli

 (hekayə)

      
Ayaqları sözünə baxmırdı, onu uzun illər boyunca qəlbini şırım-şırım edən həmin acı xatirələr məkanına çəkirdi. Buna isə mənəvi haqqı yoxdu. Bir həftəyə toyu  olacaqdı. İç dünyası isə qövr eləyirdi. O, bu üsyanın qarşısında duruş gətirə bilmirdi. Tərslikdən, daxili dünyasında savaşın səngimədiyi məqamda  qulaqları da aramsız cingildəməyə başladı. Bu həmin səsdi, səhv etmədiyinə əmindi; əzbər tanıyırdı. İki ildən çoxdu həmin sədanı eşitməsə də, Nəzrindən heç bir soraq almasa da, o cingiltini yaxşı xatırlayırdı. Çaşqınlıq içindəydi, ikili hisslər onu ağuşuna almışdı. İçindən vaxtilə qəlbini boşaltdığı, Nəzrini bir neçə dəfə görüşə dəvət etdiyi həmin bağda bir daha olmaq istəyi keçirdi. Digər tərəfdən bunun nişanlısı  Ayana qarşı   “xəyanət” olacağını düşündüyündən nə edəcəyini axıra qədər kəsdirə bilmirdi.

Xeyli götür-qoydan sonra özü ilə bacarmadı. İllər boyunca ona dağ çəkən sevgisi və “sevgilisi” ilə toy qabağı sonuncu dəfə “halallaşmaq” üçün son iki ildə yanından belə ötməyə ürək eləmədiyi o bağa sarı yollandı. Heç ağlına da gəlmədi ki, vədə də həmin vədəydi. Neçə il öncə məhz təqribən ilin  bu vaxtında  qəlbini açmaq üçün Nəzrini ilk dəfə ora görüşə dəvət etmişdi. Könül verdiyi həmin qızın sadəcə nəzakət naminə etdiyi qaynar  “üzrxahlığ”ı isə yaddaşına ömürlük həkk olmuşdu.  Sonrakı bir neçə cəhdi də eynilə nəticələnmişdi.

Bağ həmən bağdı, səliqə-sahmanı da yerindəydi. Elə bir ciddi dəyişiklik yoxdu. Ətrafda tək-tük insan gözə dəyirdi. Bura qədəm basmağı ilə bütün hissələri bir andaca cücərdi. Gözləri önündə Nəzrini səbirsizliklə gözlədiyi o məqamlar xırdalıqlarına qədər canlandı. Sanki, tarixin təkərini geriyə döndərmişdin. Bu da həmin oturacaq. İlk sevgisinin şahidi. Bir addımlıqdakı ərik ağacı da eynilə o vaxtkı kimi bahar çiçəklərinə bələnmişdi. Yaxınlaşıb əyləşdi. Olub-keçənləri bir daha xatırlamağa axıra qədər macal tapmadı. İnanılası olmasa da, qəflətən gözü seçdi,  Nəzrin bir addımlığında idi. Cınqırını da çıxarmadan məsum-məsum ona tamaşa edirdi.

Hər ikisi körpə uşaq təkin sevincək olmuşdu. Bu, onların şəfəq saçan gözlərindən bəlliydi. Yenə yanaşı oturmuşdular, illər öncə olduğu kimi. Söhbətlərinin məcrası da təxminən oxşardı.

- Səni burda görəcəyimə inanırdım... Şükür Tanrıya...

- Mənim isə bu heç ağlıma da gəlməzdi!?. Düzdü, bura gəlməzdən öncə qulaqlarımın cingiltisindən məni xatırladığını duydum...

- Elədi, Allaha yalvarırdım, səni görmək istəyirdim, hallallaşmaq üçün... Axı, mən sənin qarşında günahsız günahkaram. O böyüklükdə ülvi sevgini cavabsız qoydum?!. Neyləyəsən, qismət...  Qəlbə hökm eləmək olmur... Hətta, həqiqətən qarşındakı insanın sənə əsl səadəti bəxş edəcəyini gözün görsə də, ağlın kəssə də...

-Görünür, əslində mən də sənin qarşında günahsız günahkaram. Axı, mən səni dəlicəsinə sevməsəydim, yəqinki, sən indi belə mənəvi narahatçılıq hissləri keçirməzdin...

- Boş ver, dünyanın ən azı yarısı belədir... Bir də ki, mən qətiyyən səni qınamıram, bu əvvəllər də belə olub, əksinə, mənə bir qadın və insan kimi bu cür yüksək dəyər verdiyinə görə sənə sonsuz dərəcədə minnətdaram... Di gəl, sənin bu müqəddəs hisslərinin qarşısında acizəm, içimdən axıra qədər səs gəlmədi ki, gəlmədi... Düzünü deyirəm, amma, sənə həmişə bütün varlığımla acımışam... İnsan və kişi kimi də dəyərin mənim üçün ölçüyəgəlməzdir, özü də, təkcə məni sevdiyinə görə yox, sən bunu haqq edirsən...

-Doğrudan da, qəribədir, bir sıra mətləblərdən tam baş açmaqda insan həqiqətən acizdir...

- Boynuma alıram, sənə qarşı həmişə xüsusi münasibətim olub, ancaq bu, heç vaxt məhəbbətə çevrilə bilməyib. Həmin hisslər, duyğular sevgiyə bərabər olsa da... İnsan xisləti anlaşılmazdır, yəqinki, Tanrı da bizlərdən – öz yaratdıqlarından güc-bəla ilə baş açır!?.

Bu onların baş tutmayan sevgilərinin dəfn günüydü. Hər ikisi halallığa çalışırdı. Fəridin toyuna bir şey qalmamışdı. Nəzrin bundan xəbərsizdi. Fərid də Nəzrinin əvvəlki görüş yerlərinə gəlməyinin əsl səbəbindən hali deyildi. İş orasındaydı ki, səhərisi gün Nəzringilə elçilər gələcəkdi. Düz iki ildi ki, hal-əhval tutmurdular.

Onların sevgi tonqalının közü də, çır-çırpısı da, odunu da təkcə Fəridlikdi. Həmin ocağın indi yerdə qalan külünü isə birgə bölüşürdülər. Qadın hazırda peşimanlığa bənzər hisslər keçirsə də, əslində ocağın yalnız yeri qalmışdı, külünü isə illər sovurmuşdu.  Fərid də hər səhər Günəşlə birgə yenidən doğulan ümidinə  xeyli vaxtdı nöqtə qoymaq məcburiyyətində qalmışdı. Hər ikisi daxilən yaralı quş kimi çırpınırdılar. Lal-dinməzcə xatirələrini körükləyirdilər. Sinələri aramla ləpələnirdi. Danışmasalar da, lal baxışlarından belə bir-birini yaxşıca anlayırdılar.Çiyinlərini pöhrələnməyən məhəbbətin ağırlığı basmışdı. Təzadlı suallar yağışı onları ağuşuna almışdı, hər ikisini hey döyəcləyirdi. Qəlbləri paralansa da, əslində, baş tutmayan bu sevgini gəvələməyə yer də yoxdu. Ruhlarının birgə bəstələdikləri musiqinin sözləri bir-birinə xoşbəxtlikdən hörülürdü. 

Qafalarında nələri qaynatmadılar, xəyallarının süzmədiyi xatirə ünvanı qalmadı.Pöhrələnmək imkanı olmasa da, mamır basmış duyğuları yenə dilə gəldi. Arada bir-birinə sarı nəzər yetirməyə də çəkindilər, bu anda baxışlarının onları külə döndərəcəyindən qorxdular. Xeyli vaxt hisslərinin külü ilə oynadılar. Bu küldəki qığılcımların alova çevrilməsi artıq gecdi. Qatar çoxdan ötmüşdü. Həmin qatarın dalınca boylanmağa belə mənəvi haqları yoxdu. Qismətləri kövrək xatirələr, bir də dodaqlarındaca solan təbəssümləriydi. Münasibətlərinin qürub çağıydı. Geridə qalan yalnız və yalnız xatirələr ümmanıydı. Bəzən coşacaq, bəzən də lal-kara çevriləcək xatirələr dəryası.

İkisi də taleyin bu fürsətinə sinib fəzilət və qəbahətlər burulğanında çapalayırdılar. Elə bil, Fərid də, Nəzrin də ötən illərin xatirələrinə zəncirlənmişdilər. Fəridin bu qıza münasibəti xeyli vaxtdı kökdən düşmüşdü, yerdə qalan yalnız heç cür hafizəsindən  silinməsi mümkün olmayan xatirələrdi. Bu da təbii idi, illərlə bütün varlığı ilə onu sevmişdi. Nəhayətdə, daim soyuq münasibətlə qarşılaşmağı onu ruhən və cismən perik saldı, tükənməz sevgisi qalaq-qalaq xatirə dəftərlərinə çevrildi. Bu məhəbbətə nə qədər isinmişdisə, bir o qədər də iliklərinə qədər donmuşdu. Nəzrin indi nisbi də olsa peşimanlıq hissləri yaşasa da, xəcalətindən iç dünyasına puçur-puçur tər axsa da, artıq gecdi. Tale qatarının istiqaməti indi başqa səmtəydi, geriyə yol yoxdu, marşrutu vaxtında  bəlirləyə bilməmişdi.

 Bu məqamda Fəridin diqqətini Nəzrinin ikisinin arasında, oturacağın üstündə ona sarı açılan əli çəkdi. Bu jest, sözsüz ki, ilk növbədə üzrxahlıqdan qaynaqlanırdı. Uzun illər boyunca Fəridin intizarında olduğu məqam indi reallıqdı. Nəzrinin əllərini bircə dəfə belə olsun ovucuna almaq, sinəsinə basmaq, öpüb gözləri üstə qoymaqdan ötrü o, illərlə çaba xərcləmişdi. Çaşqınlıq içindəydi. İlk anda nə edəcəyini bilmədi. Əlini Nəzrinin əlinə nə zaman yaxınlaşdırdığından xəbər tutanda artıq gecdi. Barmaqlar, ovuclar sarmaşıq təkin bir-birinə sarılmışdı. Bəlliydi, əsl sevgi külündəki köz alovlanmasa da, heç zaman sönmür. Təbii ki, bu danılmaz məntiq yalnız Fəridə aid idi. Nəzrin isə o böyüklükdə sevgiyə sahib çıxa bilmədiyinə görə özünü ümumilikdə günahkar sayırdı. Əslində, bu əllər sadəcə xatirələri qucaqlamışdı. Qiyabi xoşbəxtlik göz qabağındaydı. Bu qısa zaman kəsiyi, bəlkə də, bir xoşbəxt ömrə bərabərdi. Xüsusilə, Fəridin daxili dünyasında toy-bayramdı, qiymətsiz olmadığının bir daha mahiyyətinə vardı. Beləki, illər  uzunu Nəzrinin ona birmənalı şəkildə biganəliyi özünü öz gözündən salmışdı.

 

Bahar ovqatının tüğyan etdiyi bir məqamda Nəzrin  Fəridin nişan üzüyünün barmağına toxunmasının mahiyyətinə vardı. Sanki, onu gürzə çaldı. Hətta əlini bədahətən geriyə çəkməyə də cəhd elədi. Buna özü də məəttəl qaldı. Bu, Fəridin də gözündə yayınmadı. Bircə dəfə də olsun belə könül verə bilmədiyi şəxsə qarşı bu hissləri yaşaması Nəzrini daxilən silkələdi. Özünü saxlaya bilmədi, gözlərindən bir cüt göz yaşı yanaqlarında cığır açdı.  O, tələm-tələsik  digər əlinin arxası ilə gözlərini sildi. Tezcə də vüqarlı görkəm almağa çalışdı. Gözləmədiyi bu mənzərədən Fərid doluxsunsa da, lakin gözlərindən bir gilə belə yaş gəlmədi. İllərlə gözlərindən bulaq qaynamışdı, ancaq bu acizlikdən qaynaqlanmamışdı. Bu, susadığı, haqq etdiyi sevgidən irəli gəlmişdi.  Artıq onun göz yaşları xeyli vaxtdı qurumuşdu.    

 

- Aha, deyəsən, nişanlısan?!. Mənə xəyanət eləmisən!?. –deyə Nəzrin yarı zarafat, yarı ciddi şəkildə sükutu pozdu.

-Elədi, qarşıdakı bazar günü toyumdu. Neyləyə bilərdim, məni zərrəcə də olsun dəyərləndrimədin ki, dəyərləndirmədin...

-Qəlbən təbrik edirəm, çox şad oldum... Düzdü, sənin qarşında günahım böyükdür, yəqinki, məni də başa düşürsən, ürəyə də hökm eləmək olmur. Digər tərəfdən, axı, bizim həyata baxışlarımız da bir-birindən köklü şəkildə fərqlənirdi. Boynuma alıram, məni assimilyasiya olunmuş hesab eləmək olar. Mənə Qərb dəyərləri daha doğmadır. Standartlara sığmağı sevmirəm. Səndə isə millilik daha qabarıqdır.

-Məncə, üstünlük verdiyin istənilən dəyər milli mentalitetin sərhədlərini aşmamalıdır.

-İş orasındadır ki, Tanrı bəndələrini müxtəlif yaradıb, onların həyata baxışları da bir-birindən fərqlidir.

 

Söhbətlərinin bu məqamında Fəridin mobil telefonuna Ayandan mesaj gəldi, onu arayırdı. Ona sürprizi olduğunu yazan Fərid nişanlısını Nəzrinlə söhbət etdiyi bağa dəvət elədi.

-Üz cizgilərindən tutdum, nişanlındır, deyəsən?!.

-Elədir, toyqabağı məsləhətləşmək üçün daha tez-tez görüşməli oluruq.

-İndi isə, növbə mənimdir, bura niyə gəldiyimin, Tanrıya səni görmək üçün niyə yalvardığımın əsl sirrini açmağın məqamı yetişdi!?.

 

Fəridi maraq götürdü. Nəzərlərini ona dikdi.

 

-Bil və agah ol ki, artıq mən də  subaylığın daşını atmaq qərarına gəldim.  Lap düzünü deyim də, bu yaxınlarda valideynlərim mənə ailə qurmağa razılıq verməsəm, övladlıqdan çıxaracaqları barədə  sonuncu xəbərdarlıq etmək məcburiyyətində də qaldılar, - deyə Nəzrin bic-bic gülümsədi, - Təbii ki, bu da təsirsiz ötüşmədi, əslində,özüm də, xeyli vaxtdı ailə qurmağı bundan o tərəfə ötürməyin mümkün olmadığını dərk edirdim, nəhayət ki, mərəyə gəldim. Sabah elçilər qapımızı kəsdirəcəklər. Məhz həmin səbəbdən səninlə halallaşmağı özümün mənəvi borcum bildim. Nə qədər assimilyasiya olunsam da, özün bilirsən, həqiqətin gözünə dik baxmağı da bacarıram.  Sənə də hörmətim ümmandır. Bunu da birdəfəlik hafizənə həkk elə.

-Çox sağ ol, qəlbən xoşbəxtlik diləyirəm, sən buna layiqsən. Sən əvvəlki kimi həyat dolu insansan, demək olar ki, dəyişməmisən...

Bir-birinə mənalı şəkildə baxışaraq əlacsızlıqdan xeyli gülüşdülər. Onların birlikdə xoşbəxtlik zirvəsinə yürüyə biləcəkləri göz qabağında olsa da, Tanrının da, Nəzrinin də seçimi başqaydı. İş orasındadır ki, indiyə qədər saysız-hesabsız insanlar baş sındırsa da, həyatın teorem olaraq qalan düsturlarından biri də elə budur!!!

 

Çarəsizlikdən yıprandıqları məqamda sükutu Fəridin nişanlısının gəlişi pozdu.

 

-Budur, gələn nişanlım Ayandır-deyə Fərid onu Nəzrinə təqdim etdi.

Qızlar illərin doğmaları kimi bir-birinə sarıldılar.

-Səhv etmirəmsə, qarşımdakı haqqında dəfələrlə söhbət açdığın Nəzrin xanımdır!?.

-Elədir, illərlə başıma bəla olan insan budur...

-Bəli, bu ağ atlı şahzadəni sənə hədiyyə eləyən  mənəm, Tanrı vergisinə sahib çıxa bilmədim!?. –deyə Nəzrin qəhqəhə çəkdi.

Ayanla Fərid də ona qoşuldular. Xeyli qəşş eləyib ürəkdən gülüşdülər.

- Aha, mənim başımı qatmaq istəyirsiniz, yox, belə ötüşməz, cavab verin, ikiniz də eyni vaxtda burada necə bitmisiniz!?.

-Doğrudan da, həyatın qəribəlikləri tükənməzdir. Nəzrinin mənə qarşı biganəliyi ucbatından bizim qəlblərimiz qoşalaşmasa da, amma hallallıq üçün hər ikimiz eyni vaxtda köhnə görüş yerimizə gəldik, bir-birimizdən qətiyyən xəbərsiz olaraq, görünür, bu dəfə ürəklərimizin hökmü ilk dəfə üst-üstə düşdü. Qiyabi yox, əyani halallaşmaq imkanı bizə nəsib oldu... Hər ikimizin də sevinci hədsizdir, ailə qurmağımız  münasibətilə qarşılıqlı təbriklərimizi də çatdıra bildik...

-Nə gözəl, Nəzrin də nişanlıdır?!.

-Artıq demək olar ki, bu belədir, mənə dediyindən başa düşdüm ki, sabahkı elçilikdə “hə”si veriləcək...

Bir daha Nəzrinə sarılan Ayan onu qəlbən təbrik etdi, ən xoş arzularını dilə gətirdi. Tezcə də əl çantasından dəvətnamə və qələm çıxarıb Fəridə uzatdı:

-Zəhmət olmasa, doldur, təbii ki, toyumuzda Nəzrinlə gələcək həyat yoldaşı ən əziz qonaqlarımızdan olmalıdırlar... Bu da bir qismətdir, elə bil, mənə hansısa qüvvə bayaq evdən çıxanda dedi ki, çantana bir dəvətnamə at, lazım olacaq. Deməli, bu görüş təkcə sizin ikinizin yox, mənim də qismətimdə varmış... Doğrudan da, Ulu Tanrının ilk baxışdan anlaşılması çətin olan mətləbləri saya gəlmir!?. Şükür, kəramətinə!!!     

Nədənsə ayrılmağa tələsmirdilər. Bağı eninə-uzununa dəfələrlə ölçdülər. Zarafatları da əskilmirdi. Fəridi təkləmişdilər.

-Aha, bəlkə ürəyindən keçir ki, bir dəli şeytan deyir, gəl bunların ikisini də birdən al, hələki gec deyil, mən razı...

-Pis fikir deyil, mən də etiraz etmirəm, -deyə Nəzrin Ayana hay verdi.

-Qadın həmrəyliyi nümayiş etdirirsiniz, deyəsən, xeyri yoxdu, məni cırnatmağa sizin gücünüz çatmaz... Bir də ki, mənim işim-gücüm tökülüb qalıb, hələ paylanası nə qədər dəvətnaməm var, siz söhbətinizi davam etdirin, mən getdim, hələlik... Məlum məsələdir, elə ki, qadınlardan ikisi bir yerə düşdü, ürəklərini saatlarla boşaltmasalar, bir-birindən əl çəkən deyillər...

-Vay, anam məni öldürəcək, ondan bir-iki saatlığa icazə almışdım, sabaha hazırlaşasıyam... Vur nişanlığını da qoltuğuna, haydı iş dalınca... Səndən mənə yar olmaz...

 

Gülüşləri ərşə dirəndi... Fəridlə Nəzrinin heç ağıllarına da gəlməzdi ki, bu dəmdə qonşuluqda beş addımlıqdakı oturacaqda əyləşərək oğrun-oğrun onları izləyən gənclər də eyni taleyi yaşayaraq  heç cür dil tapa bilmirdilər. Oğlanın bütün cəhdləri cavabsız qalırdı. Nəzakətini yerə qoymasa da, qız tərsliyindən əl çəkmirdi ki, çəkmirdi. Onları hansı taleyin gözlədiyi isə yalnız bircə Tanrıya məlumdu.

                                                                     

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi