Modern.az

Avstraliyanın Melburn şəhərində Xocalı şəhidləri anıldı – FOTOLAR

Avstraliyanın Melburn şəhərində Xocalı şəhidləri anıldı – FOTOLAR

Aktual

25 Fevral 2017, 16:30

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımı şəhidlərinin xatirəsi anılıb.

Modern.az xəbər verir ki, Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə bu ölkə parlamentinin deputatları, o cümlədən Melburndan olan deputat Culian Hill, parlamentlərarası dostluq qrupunun üzvləri, Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Yığıncaqda Milli Məclisin deputatları - Avstraliya ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra deputat Asim Mollazadə Xocalı faciəsi haqqında söz açaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının tərkib hissəsidir. O, qeyd edib ki, Xocalı soyqırımını törədənlərə layiqli cəza verilməsi üçün beynəlxalq hərbi tribunal keçirilməlidir.

Toplantıda çıxış edən Avstraliya hökumətinin sabiq naziri Alan Griffin Azərbaycanın dünyada və regionda müstəsna rolunu xüsusilə vurğulayıb. Azərbaycana səfərini xatırlayan A.Griffin ölkəmizin çox müasir, tolerant və multikultural dəyərlərə sahib olduğunu qeyd edib. O, bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, bütün qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır.

Toplantıda Azərbaycanın Avstraliyadakı səfirliyinin təmsilçisi Elcan Həbibzadə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı  haqqında ətraflı məlumat verib. Bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Elcan Həbibzadə Avstraliya tərəfinə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə həmçinin Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva və bu ölkədə yaşayan həmyerlilərimiz çıxış ediblər.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır