Modern.az

Səfir: “Çox az adam həmin gecədən sağ qaldı ki, o qanlı tarixə şahidlik etsin”  

Səfir: “Çox az adam həmin gecədən sağ qaldı ki, o qanlı tarixə şahidlik etsin”   

25 Fevral 2017, 23:09

Azərbaycan Respublikasının Tacikistandakı səfirliyində  Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş geniş tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Tacikistanın dövlət, hökumət və nazirliklərinin nümayəndələri, həmçinin, elm-mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspor və KİV nümayəndələri iştirak ediblər.


Tədbirdə Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək tarixçisi Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə”, “Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları əsasında çəkilmiş “Daşnaklar Fərqanədən Qarabağadək” adlı film (rus dilində) və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış “Sonsuz dəhliz” (Endless Corridor) (ingilis dilində) adlı sənədli filmlər nümayiş etdirilib. Xocalı qətliamında həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, səfir Abbasəli Həsənov  Xocalı soyqırımı hadisələrinin təfərrüatları barəsində toplantı iştirakçılarına ətraflı məlumat verib. Səfir Abbasəli Həsənov bildirib ki, Xocalı şəhəri dağlıq ərazidə yerləşdiyindən, qış fəsli orada sərt formada keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  şəhərə hücum zamanı, qaçaraq canını qurtarmağa çalışan qadın, uşaq, yaşlıların bir çoxu şaxtadan həlak oldular. Çox az bir sayda insanlar həmin dəhşətli gecədə sağ qaldılar ki, o qanlı tarixə şahidlik etsinlər. Azərbaycan diplomatı  “Ermənistan dövlətinin Qarabağ müharibəsi nəticəsində regionda həyata keçirilən böyük layihələrdən kənar qalmasını diqqətə çatdıraraq qeyd edib ki,  Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yol xətti və b. regional layihələr Ermənistandan yan keçərək, təcavüzkar ölkəni daha da dərin böhrana salıb. Erməni ictimai xadimləri, jurnalistlər Bakıya gələrək, Azərbaycan xalqından üzr istədiklərini , xüsusən erməni ziyalıları dəfələrlə bu müharibə Ermənistana bədbəxtlikdən başqa heçnə vermədiyini  xatırladıb.

Xocalı soyqırımı şəhidlərinin yad edilməsin tədbirinə qatılan  Tacikistanın xalq şairi və dövlət himninin sözlərinin müəllifi Qulnazar Keldiyev  1992-ci ilin fevralında Tacikistanda da  baş verən qarşıdurma barədə danışıb, oxşar qətliamları  törədənləri və bunlara rəhbərlik edənləri daşnaklarla eyniləşdirərək, daşnak ideyalarının bu gün də mövcud olmasında dərin təəsssüf hissi keçirdiyini bildirib. Q.Keldiyev Azərbaycan dövlətinin və xalqının qarşısına çıxan bu çətinliklərin öhdəsindən əzmkarlıqla gəldiyini qeyd edərək, işğal altında olan torpaqları tezliklə qaytaracağına inandığını qeyd edib. Xocalı Soyqırımı şəhidlərinin əziz xatirəsinə ehsan süfrəsi  açılıb. Tədbir barədə Tacikistanın “Cahonnome” televiziya kanalı tərəfindən reportaj hazırlanıb.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır