Modern.az

Ülviyyə Ağayeva: “Günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkir”

Ülviyyə Ağayeva: “Günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkir”

26 Fevral 2017, 13:17

23-24 fevral tarixlərində Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası çərçivəsində bütün komitələrin birgə iclasında millət vəkili Ülviyyə Ağayeva  da çıxış edib.

Modern.az xəbər verir ki, millət vəkili Ülviyyə Ağayeva çıxışı zamanı ATƏT PA-nın sessiyasında 1992-ci ilin fevralında xalqımıza qarşı hərbi cinayət-Xocalı soyqırımından danışıb.

 

“Mən bu gün Azərbaycan xalqının qarşılaşdığı  böyük humanitar fəlakət haqqında danışmaya bilmərəm. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana  silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 %-i işğal  altına düşüb. Bu işğal və etnik təmizləmə nəticəsində bir milyondan artıq insan öz doğma yurdundan, el-obasından didərgin düşüb. Günahsız insanlar qətlə yetirilib. Xalqımıza qarşı hərbi cinayət-Xocalı soyqrımı törədilib. Xocalı şəhərində soyqırım nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 63-ü isə uşaqdır. İşğal olunmuş torpaqlarda ermənilər bizim tarixi və dini abidələrimizi məhv ediblər. ATƏT işğal edilmiş torpaqlara 2 dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu faktlar açıq şəkildə öz əksini tapıb”.

 

Xanım millət vəkili, çıxışı zamanı bir faktı da qeyd edib.

 

“Lakin bir faktı da qeyd edim ki, Bakının mərkəzində erməni kilsəsi mövcuddur. Dövlətimiz bu kilsəni bərpa etdirib və həmin kilsədə bu gün erməni dilində 5000 kitab saxlanılır. Azərbaycan və erməni millətini fərqləndirən cəhətlərdən biri də budur. Günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkir. Əgər biz insan haqlarından, dünyada insan hüquqlarının pozulmasından danışırıqsa, mütləq bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurduna, böyüyüb boya-başa çatdığı doğma torpaqlarına qayıda bilməməsi, əzizlərinin, qəbirlərini ziyarət etmək imkanlarından məhrum olması faktından danışmalıyıq. Bu acı həqiqətdir.

Ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın tarixi torpaqlarıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa olunmalı və beynəlxalq hüquq təmin edilməlidir”

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir