Modern.az

Bir şəklin tarixçəsi: 24 ildir tanımadığımız kəlbəcərli qız - FOTO

Bir şəklin tarixçəsi: 24 ildir tanımadığımız kəlbəcərli qız - FOTO

27 Fevral 2017, 14:31

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

Artıq uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, QHT-lər, rəsmi qurumlar, rəsmi şəxslər bu şəkli tirajlayırlar... Amma çoxları bu şəklin gerçək tarixçəsindən xəbərsizdir... Bir çoxları şəkildəkiləri Xocalı sakinləri kimi təqdim  edirlər.

Təqdim etdiyimiz bu şəklin nə vaxt, harda çəkiliyini keçmiş Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş, tanınmış  jurnalist Araz Qurbanov dəqiqliklə izah edib.

Şəklin çəkildiyi zaman 1993-cü il... Məkan Murov dağının ətəyi... 

Beləliklə, Araz Qurbanovu eşidək:

“Doğma yerlərindən didərgin düşən körpələrin hamısı bu acı taleyi yaşayıblar. Bu fotoşəkili AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov 1993-cü ilin aprel ayının 3-də, Kəlbəcərin işğalından bir gün sonra Murov dağının aşağı hissəsində çəkmişdi. 

Oraya ezam olunanlar arasında mən və qələm dostum, həmin dövrdə Prezident Administrasiyasında işləyən Fərhad Abdullayev də vardı. Saat təqribən 9.00 olardı. Murova qalxmağa hazırlaşırdıq. Dağın ətəyində təcili yaradılmış səyyar qəbul məntəqəsinin ətrafına isə yüzlərlə Kəlbəcər köçkünü torlanmış, əzizlərini arayırdılar. Bu zaman için-için ağlayan bu qızcığazı gördük. Onu ovundura bilmirdilər. Heç kəsi nə özünə, nə qucağındakı körpəyə yaxın buraxırdı. Anasını axtarırdı.

Fotomüxbir İlqarın da gözləri dolmuşdu. Fotoaparatını götürüb bu qızcığazın şəklini çəkdi…

Sonralar bir jurnalist kimi onu çox axtardım. Nəhayət, Nazirlər Kabineti Aparatında Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin müdiri, kəlbəcərli dostum Qurban Sadıqovun köməyi ilə həmin qızcığazın taleyi haqqında məlumat əldə edə bildim. 

Onu sizə də təqdim edirəm: Bayramova Həyat Fikrət qızı, Kəlbəcərin Yanşaq-Zallar kəndindədir. Hazırda Goranboy rayonunun Sarısu kəndində yaşayır. Ailəlidir, gözəl övladları var. 

Əzizimiz Həyat, səndən və ailəndən icazəsiz bu məlumatı yaydığım üçün yəqin ki, məni bağışlayarsan. Səni tapmağımıza, sağ və salamat olmağına, ailə səadətinə qovuşmağına çox sevindim. Səni ailənlə, əzizlərinlə birlikdə bir daha doğa Kəlbəcərimizdə görməyi arzulayıram”.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır