Modern.az

Qərb “Mirzələr”inin davasındakı demokratiyanın əsl üzü   

Qərb “Mirzələr”inin davasındakı demokratiyanın əsl üzü   

27 Fevral 2017, 15:01

Vəfa Allahverdiyeva       


Bu günlərdə demokratiya öz beşiyində inləməyə başlayır. Yoxsa ki, dünyanın sivil və peşəkar mətbuatını Amerikanın yeni rəhbərinin tədbirinə buraxmamaq nə demək?!


Elə eyni vaxtda birinci şəxsin KİV-i insanlığın düşməni adlandırması- bu, nə demək?!


Deməyək ki, amerikalılar əhlikef, bəsirətli ağlı olmayan birisini prezident seçəndə, bir gün  belə qəribə, təəccüblü siyasi əhvalatlar  da baş verəcəkdi və  verdi isə verdi- bizə nə?!


Əksinə, çox uzaqlardan uzanan bu mövzu qlobal dünyanı əməlli əlaqədar edir.  


Başqa coğrafi ünvanların başına açılan, demokratiya danlağı üzərindən gedən sirli oyunları bir kənara qoyub, özümüzə təkrar baxaq, çünki Amerika axır on ildə bizim cəmiyyəti demokratiya, söz azadlığı dediyi, amma xoflandığı, son günlər özünün nümunə olmaq üstünlüyünü itirməyə başladığı bu dəyərdən ötrü əməlli qarşı-qarşıya gətirdi; İçimizdə düşmən axtarışları yaratdı; Beynəlxalq imicimizə davamlı ciddi zərbə vurdu.


Mətbuatı girişdəki məlum sitatla aşağılayan, qorxu ilə çırpınan qəlbini medianı ətrafından təcridetmə siyasəti ilə sakitləşdirmək nümunəsinin hazırkı Qərb timsalı fonunda ölkəmizdə siyasi institutların çökməsi, müstəqil media-hakimiyyət arasına girən soyuqluqla ictimai münasibətlərin fəna günə qalmasına dəyərdimi-sualının çox ağrılı vurğusu meydana çıxır.


Çünki mətbuat-hakim elita münasibətlərində ziddiyyətlər, ümummilli mənafeyə zərbə vuran konfliktlər yarananda, Qərb demirdi ki, KİV insanlığın düşmənidir, bir az təkəbbürü var, bəzən  natəmiz üsullarla gedir, bəzən diversant əlamətlər daşıyır, Azərbaycan rəhbərliyinin atdığı bir sıra addımlarda, bəlkə bir haqlılıq payı var və s.      


Alternativ düşüncə müstəvisi-müstəqil və müxalif mətbuat hakim komandanın siyasətinin barışmaz tənqidçisinə çevriləndə, Qərb təşkilatları orta xətti seçməliykən, hər zaman kəskin sözlü natiqləri və özünə bağlı “Mirzələr” i demokratiya davası üçün qızışdırır, Azərbaycan iqtidarının demokratiya qorxusundan günlərlə məruzələr oxuyur, sanksiya hədəli sənədlər qəbul edirdilər.


Amerika elitasının mətbuatdan çəkindiyi elə bu vaxtlarda : “adımı sənə qoyaram, səni yana-yana qoyaram”-deyimi xatırlanma istər.   


Demokratik fikri, söz azadlığını, jurnalistikanı elə sərhədsiz  hüquqlara sahib  peşə səviyyəsində təbliğ edirdilər ki,  media Azərbaycanda bunun xəyali cazibəsində hərəkət edib, tabu sayılan  mövzulara qədər əndazəni aşır, özünü ciddi zərbə altında qoyurdu.  


Qərb uzun müddət tənqidi satira, kəskin söz müəlliflərinin arxasından çəkilmədi ki, hakimiyyət daxili məsələsi sayılan mövzularda  radikal düşüncəni cilovlaya, onlarla dil tapmağa çalışa bilsin.


Bir gün ayılıb gördük ki, yüksək tirajlı çap mətbuatı maklaturaya çevrilib,  müstəqil fikrin azadlığı məhdudlaşıb, KİV-ə mərkəzləşmiş nəzarət başlayıb, siyasi partiyalar bir-bir sıradan çıxmağa doğru səmt alıb və indiyədək bunun bütün günahı hazırkı hakimiyyətin üzərində qalıb.


Halbuki Qərbin bu mənzərədəki dolayısı, yaxud birbaşa rolu görməzlikdən gəlinib, həqiqət bu əsas səbəbin dərinliyində yatıb.


Ünvanına kömplimentlər demək sırasına düzülən dünyanın tanınan simalarının dövlət adamı imicini əsla daşımayan Trampı, mətbuat xofunu, azad sözə nifrətini bir kəlməsində və mətbuata qapı bağlamasında ortaya qoymaqla  məcbur edir ki, sual altına düşürdüyü Qərb demokratiyasının saxta üzünü daxildə bir-birimizə düşmən olmağımızın katalizatoru kimi tanıyaq. Çünki Qərb demokratiyasının parıltısı gözümüzü elə işıqlandırırdı ki, özümüzü qüsurlu görürkən, parıltısı olanın üzündə saxtakarlıq axtarmağı düşünmək istəmirdik.  


Tədricən, demokratiya maskaları yerə düşür, onların Azərbaycandakı “Mirzələr”inin ucbatından imicimizə dəyən zərbəni demokratiyanın ortaya çıxan gerçək siması yüngülləşdirməyə başlayır .


Başqa sözlə, əskisi tüstülü Azərbaycan bir qırağa qalsın, söz azadlığı qlobal dünyanın kabusu olaraq  özünü isbat etmək üzrədir.    


Mediamızın, ictimai münasibətlərin  çağdaş durumuna diaqnoz qoyularkən,  burda bir axsamanın mövcudluğu gözə girir və söz sferasının  əfəlləşməsi,  tərəfgir inkişafı kənar müdaxilələrdən sonra düşünülən milli, məcburi nəzarət mexanizması sonucunda  ortaya çıxmış müvəqqəti xəstəhal durum kimi “epiqriz” qazanmalıdır.


Milli təhlükəsizlik, xarici təsirlərin fəsadlarını əngəlləmək  üçün keçici hal olaraq sıxılan, qol-qanadı yanına düşən müasir mediamız, ümumiyyətlə, dünyada demokratiya anlayışından da güclü olan mətbuat anlayışı  Suriyada, İraqda, Misirdə, Fələstindəki...insanlıq düşmənlərinin, iri fiqurların, güclü siyasi çevrələrin yırtıcı planları üzərindən incə tülü qaldırmaq, gerçəkliyi  aşkara çıxarmaq, dünya xainlərini ifşa etmək cəsarətini və məfkurəsini  heç bir yasağa, tabuya, təqibə təslim etməyəcəkdir...

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?