Modern.az

Meyiti təmas xəttində qalanlardan biri Ağdamdan olan şəhiddir

Meyiti təmas xəttində qalanlardan biri Ağdamdan olan şəhiddir

Aktual

27 Fevral 2017, 15:11

Fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş 5 hərbi qulluqçudan biri Ağdam rayonundandır.


Bu haqda Modern.az-a Ağdam rayon icra başçısının köməkçisi Eldəniz Abdullayev məlumat verib.

E.Abdullayev deyib ki, şəhidin meyiti təmas xəttindəki neytral zonada qalıb:

 

“Şəhid 16 iyun 1988-ci il təvəllüdlü Qədimov Zülfü Rəhim oğludur. O, müddətdən artıq hərbi xidmətdə olub. Ağdam rayonun Mərzili kənd sakinidir. Məcburi köçkün kimi Beyləqan şəhərində məskunlaşıblar”.

 

Qurum rəsmisi eyni zamanda bildirib ki, hazırda Ağdamda vəziyyət stabildir, hər kəs öz təsərrüfatında çalışır, bütün məktəblər işləyir:

“Gecə saatlarında da atışma olmayıb. Bundan başqa, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölgələrimizi atəşə tutması nəticəsində mülki əhalidən xəsarət alanlar yoxdur”.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada ordumuzun 5 şəhid verdiyi bildirilir. Onlar Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğludur.

Şəhidlərin nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür