Modern.az

Ermənistan-Azərbaycan Sülh Platformasına avropalı deputatlar da qoşulacaq

Ermənistan-Azərbaycan Sülh Platformasına avropalı deputatlar da qoşulacaq

27 Fevral 2017, 16:20

“Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılmasının əhəmiyyətlərindən biri də budur ki, Qarabağ münaqişənin sülh yolu ilə həllində öz töhfəmizi verə bilək”.

Bunu  Modern.az-a açıqlamasında Platformanın üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Rövşən Rzayev bildirib ki, bütün fəaliyyət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yönəlib.

“Biz istəyirik ki, sayımız artsın və səsimizi Minsk Qrupuna daxil olan dövlətlərin rəhbərləri eşitsin, bizim mövqeyimizə hörmətlə yanaşılsın, problemin həlli prosesində mövqeyimiz nəzərə alınsın.

 

Bu, münaqişənin sülh yolu ilə həlli üçün bir yoldur. Ona görə də biz maraqlıyıq ki, hər iki dövlətdən, həmçinin digər dövlətlərdən bizə qoşulanlar olsun. Öz səslərini digər dövlətlərə çatdırmaqda maraqları olsun. Sülhə nail olmaq üçün ətrafımız çoxalmalıdır ki, öz səsimizi beynəlxalq aləmə çatdıraq. Azərbaycan sülhsevər dövlətdir. Azərbaycan ərazi bütövlüyünü birmənalı olaraq təmin edəcək. Buna heç kəsin şübhəsi yoxdur. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün imkanlarından istifadə edəcək ki, bu problem sülh yolu ilə həll olunsun. Biz də öz fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Həmçinin Azərbaycanın tam hüququ var ki, işğal olunmuş ərazilərdə anti-terror əməliyyatları həyata keçirsin. 

 

Bunu da məhz beynəlxalq hüquq prinsiplərinə söykənərək etmək olar. Amma biz istəyirik ki, geniş miqyaslı mübarizə olmasın. Bu prosesi sülh yolu ilə həll edək”.

Deputat həmçinin qeyd edib ki, yaxın zamanlarda Azərbaycan-Ermənsitan Sülh Platformasına digər ölkələrin parlamentarilərinin də qoşulacağı gözlənilir.

“Bu istiqamətdə xeyli işlər aparılır.  Çoxlu görüşlər keçirilir. Bizim sıralarımızın Avropa parlamentariləri ilə getdikcə daha da artacağı gözlənilir. Yaxın zamanlarda da biz onları açıqlayacağıq”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...