Modern.az

Bakının məşhur qonaqları: Rəsul Həmzətov Bakıda içib, azərbaycanlı şairlərlə əlbəyaxa olmuşdu - LAYİHƏ

Bakının məşhur qonaqları: Rəsul Həmzətov Bakıda içib, azərbaycanlı şairlərlə əlbəyaxa olmuşdu - LAYİHƏ

27 Fevral 2017, 17:10

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən bu gün Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 


Modern.az
 saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.


“Bakının məşhur qonaqları”
 layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidlərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..


Bu dəfə keçmiş SSRİ-nin ən məşhur şairlərindən olan dağıstanlı qələm ustadı, SSRİ Dövlət Mükafatçısı Rəsul Həmzətovun Bakı səfərləri və bu səfərlər zamanı başına gələn maraqlı hadisələrdən bəhs edəcəyik:

DOSYE:

Rəsul Həmzətov  1923-cü ildə Dağıstanda, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açıb. İlk müəllimi elə atası olub. Özünün ilk şerini 11 yaşında yazan  Həmzətov sonradan Dağıstan xalq şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatına, Rusiya və SSRİ Dövlət mükafatlarına, "XX əsrin ən yaxşı şairi" beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülüb. O, həmçinin, Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Şoloxov, Lermontov, Fadeyev, Süleyman Stalski və Sadasa Həmzət adına mükafların laureatıdır.

Rəsul müxtəlif vaxtlarda Dağıstan Muxtar SSR-nın Ali Sovetinin deputatı, Dağıstan Muxtar SSR Ali Sovetinin sədr müavini, SSRİ Ali Sovetinin deputatı və üzvü seçilib. Həmzətovun 1988-ci ildə Qarabağ münaqişəsi başlarkən neytral mövqe nümayiş etdirməsi. Azərbaycanın haqq səsini deməməsi çoxlarını əsəbiləşdirdi. Şairin özü də sonradan bu hərəkətinə peşman oldu.

R.Həmzətov haqqında iki şəxsin- onun yaxın dostlarından olan Rəsul Rzanın oğlu, Xalq yazıçısı Anarın və az qala, qardaşı kimi çox istədiyi Nəbi Xəzrinin övladı Arzu  Babayevin xatirələrini təqdim edəcəyik.

Öncə Anar Rzayevin Həmzətovla bağlı xatirəsini təqdim edirik:



Gözlənilməz qonaqlıq


“Rəsul Həmzətov Bakıya Yazıçıların qurultayına gəlmişdi. Vaqif Səmədoğlu ilə gəzirdik, birdən Vaqif dedi ki, gedək bizə. Yəni, Səməd Vurğunun ev-muzeyinə. Çünki həmin gün Rəsul Həmzətov da onlara gəlməliydi. Vaqifgildə onunla görüşdük. Atamın kim olduğunu bilən kimi məni qınamağa başladı: “Əgər Rəsul Mahaçqalaya gəlsəydi, mən onu vağzalda qarşılayardım. Amma mən iki gündür Bakıdayam, Rəsul isə heç görsənmir də”. Mən də dilimin bəlasına düşərək onu evimizə dəvət etdim. “Atam nədirsə, yaxşı hiss etmir özünü” –dedim – “amma sizi evimizdə görməyə şad olar”.
Qonağımızın kefi bir bala kök idi, o dəqiqə razılaşdı.  Onu Bakıda yaşayan Rəsul adında bir dağıstanlı müşayiət  edirdi. Zəng vurub valideynlərimə xəbər verdim. Səməd Vurğunun övladları-Yusif, Aybəniz və Vaqif, həmçinin, iki Rəsul və mən atamgilə gəldik. Yolda Həmzətovdan soruşdum ki, Dağıstandan Bakıdakı qurultaya başqa da gələn var? O, məzəmmətlə mənə baxıb: “bəyəm, bir Həmzətov bəs deyil?” - dedi.


Bizim evdəki məclisdə əvvəlcə hər şey qaydasında gedirdi. Hətta Həmzətov “Literaturnaya qazeta”da doğma dili haqqında şeiri çap olunandan sonra atamın ona təbrik teleqramı göndərməsini kövrəkliklə xatırladı. Sözləri dəqiq yadımdadır: Bir şair üçün o biri şairin təbrikindən yüksək nə ola bilər?”.

Amma sonra...

“Görünür səhərdən içdiklərinin üstünə bizdə vurduğu konyakı da gələndə o, özünü aqressiv aparmağa başladı. O ərəfələrdə atamın “Azərbaycan” jurnalında xalq ruhunda şeirləri çıxmışdı. Həmzətov atama üzünü tutub,- “sən ki, həmişə sərbəst şeir yazmısan, başqa vəznlərdə də yazmaq bacarığını nümayiş etdirmək nəyə lazımdı?”-deyə yersiz etirazını bildirməyə başladı.


Adətən, istənilən hücuma sərt cavab verən atam qonaqpərvərlik göstərib, ev yiyəsi kimi söhbəti zarafata salmaq istədi: “Mənim şeirlərim haqqında sən haradan bilirsən? Onlar ki, hələ tərcümə olunmayıb... Sən də Azərbaycan dilini bilmirsən. Kim xəbər etdi bunu sənə?”.
O isə sakitləşmək bilmirdi., elə hey nəsə deyir deyinirdi. Onda atam sərt şəkildə: “Nədi, səninlə məsləhət eləməli idim ki, nəyi, necə yazım?”-dedi”.

 


“Ordendaşıyan”

 

“Həmzətovu müşayiət edən digər Rəsul birdən qəribə şəkildə dəyişdi.  Valideynlərim onu çox nəzakətli adam kimi tanıyırdılar. Amma indi o, öz məşhur həmyerlisinin yanında elə bil tamam başqa adam olmuşdu. Özü də çox gülünc şəkildə guya nələrəsə etiraz edirdi. Cibindən balaca bir qutu çıxarıb açdı - qutunun içində Həmzətovun müxtəlif mükafatlarını gəzdirirmiş.

-Bu səndə var?-deyə atama “Lenin” ordenini göstərdi?

-Var, var-deyə, atam gülə-gülə bu sərxoş, cəfəng suala cavab verdi. Onda o, “Lenin” mükafatı nişanını göstərib –Bəs bu?

-O yoxdur-atam yenə gülərəkdən cavab verdi.

-Mən də onu deyirəm- təntənəli surətdə “qalibiyyətini” elan etdi.

Rəhmətlik Yusif bir az kəkələyə-kəkələyə Həmzətova müraciət edərək, üçüncü Rəsulu göstərdi:

-On vaş ordenanosets? (“O sizin orden daşıyanınızdır”) - deyə xəbər aldı.

Sən demə, Rəsul Həmzətov hər dəfə Bakıya özü ilə gəzdirdiyi mükafatları həmyerlisinə verirmiş ki, sərxoş olanda itirməsin.

“Həmzətov bir az da coşdu: - Sizi, Azərbaycan şairlərini  kim tərcümə edir? Ancaq ikinci dərəcəli şairlər. Bu yerdə səbrim tükəndi.

-Bizim şairləri təkcə Qrebnyov, Kozlovski yox, Pasternak, Axmatova, Selvinski, Luqanski, Simonov da tərcümə edib - dedim və rusca Pasternakdan bir şeir oxudum. Məclisdəkilərin hamısı oxuduğum şeiri Həmzətova atmaca olduğunu bildilər. O, ədəbiyyatımız haqqında daha təhqiramiz danışanda, Ənvər Məmmədxanlı dözmədi, ona aid biabırçı bir faktı yada saldı.

Şeyx Şamil türk cəsusu elan edildiyi illərdə Həmzətov onun əleyhinə şeir yazmışdı. Dağlıların qəhrəmanını çeçen canavarı, inquş bayquşu adlandırmışdı. Əlbəttə, bu çeçen və inquşların sürgünü zamanı ikiqat namərdlik idi. Həm də məlumdur ki, Şamil nə çeçen idi, nə inquş, Rəsul Həmzətov kimi avar idi.

Bu, əlbəttə qurşaqdan aşağı zərbə idi. Amma Ənvər Məmmədxanlı Rəsul Həmzətovun hərəkətlərinə dözmədiyi üçün dedi bunu. Həmzətov deyilənlərdən qəzəblənib Ənvəri kobud şəkildə təhqir edəndə Ənvər onu vurmaq istədi. Yaxşı ki, Yusif cəld reaksiya verib, Ənvərin əlindən tutdu, şillə Həmzətova dəymədi.

-Rəsul, sənin evində məni təhqir edirlər-,deyə, Həmzətov atama şikayət etdi.

-Özünü ləyaqətli aparsan, heç kim səni təhqir etməz.


Şərait gərginləşdi. Amma birdən gözlənilmədən Həmzətov: - olar, mən mahaçqalanı sifariş edim? Patimatla danışmaq istəyirəm,- dedi.

-Əlbəttə.-Patimat, mən Rəsulgildəyəm. Hamı sənə salam göndərir”.

Davanın son akkordu

“Səhərisi gün artıq sərxoşluqdan ayılmış Rəsul Həmzətov qurultayda çıxış edib - Azərbaycanda Səməd Vurğundan sonra şair qalmayıb- dedi.

Maraqlıdır ki, bu sözlərdən sonra onu xeyli alqışladılar. Mirzə İbrahimov, Qılman Musayev, Məmməd Rahim ona sərt cavab verdi və salon onları da alqışladı. Kütlə psixologiyasını anlamaq çətindir”.


Atamın yaxın dostu

Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev atasının yaxın dostu olmuş Rəsul Həmzətov barəsində maraqlı xatirələri yada salır. Əvvəlcə, bu dostluğun tarixçəsinə nəzər salaq:

“Atam 1949-52-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyanda Rəsul Həmzətovla tanış olub və sonradan möhkəm dostlaşıblar. Rəsul Həmzətov atamdan bir kurs yuxarı oxusa da, bu, onların yaxın dost münasibətlərinə təsir etməyib. Xasiyyətləri, xarakterləri çox yaxşı tuturmuş. Hətta Səməd Vurğun da bu dostluğa öz xeyir-duasını verib. Demək, Səməd Vurğun Moskvaya gələndə Həmzətov atamla birlikdə onu ziyarət ediblər. Onda Səməd Vurğun Həmzətova deyib ki, sən çox yaxşı insanlar dostluq edirsən, Allah bu dostluğu mehriban etsin.

Rəsul Həmzətovun Azərbaycanda ən yaxın üç dost olub: Nəbi Xəzri, şair Tofiq Bayram və yazıçı Vilayət Rüstəmzadə. Həmzətov hər dəfə  Bakıya səfər edəndə əlbəttə ki, bizə gələrdi. Atam ona deyirdi ki, “Rəsul hökmən birinci bizim evdə qonaq olmalısan”. Rəsul da elə edərdi və o zaman Tofiq Bayram, Vilayət Rüstəmzadə və başqaları bizə gələrdilər. Onun ailəsi və uşaqlarını da tanıyıram, bizim evdə dəfələrlə olublar. Biz də onlara qonaq olmuşuq. Bir sözlə, uşaqlıq xatirələri çoxdur. Həyat yoldaşı Patimat çox yaxşı qadın idi. Rəsul Həmzətov bizə gələndə  atamla necə görüşdüklərini görmək lazım idi. Uzun müddət bir-birindən ayrı qalan doğma qardaş kimi görüşür, qucaqlaşırdılar.

İndi də xatırlayıram, demək, atam 1973-cü ildə “Dəniz zirvədən başlayır” kitabına görə SSRİ Dövlət Mükafatına layiq görüləndə Rəsul Həmzətov onu təbrik etdi, amma Moskvadakı təqdimatda iştirak edə bilməyəcəyini deyib, üzr istədi. Həm də xahiş etdi ki, Moskva-Bakı qatarı Mahaçqaladan keçəndə qısa müddətdə saxlayacaq və onda atamla mütləq görüşmək istəyir.
O vaxt 12 yaşım vardı. Mən də atamla birgə gedirdim. Qatar Mahaçqala stansiyasında saxlayanda, bir də gördük ki, vağzalda başına müsəlman papağı qoymuş Həmzətov oradadır. Atam cəld vaqondan düşdü, bir-birinə möhkəm sarıldılar. Həmzətov atamı bir daha təbrik etdi və Moskvaya gələ bilmədiyi üçün üzr istədi. Qatar cəmi 5 dəqiqəliyinə saxladı. Amma bu beş dəqiqədə onlar o qədər mehribancasına o qədər şeylərdən danışdılar ki... Mən də qatarın pəncərəsindən onlara baxırdım.  Qatar fit çaldı, atam son anda qatara mindi. Onlar bu cür dost olublar”.


Araya düşən inciklik

 

“1988-ci ilin məlum hadisələrindən sonra Həmzətovun neytral mövqe sərgiləməsi, Azərbaycanın haqq səsini müdafiə etməməsi buradakı dostlarını ondan küsdürdü. Atam da ona beş-altı cümləlik, qısa  və kəskin məktub yazdı. Azərbaycanın mövqeyini müdafiə etmədiyi üçün ondan incidiyini, bu hərəkəti yaxın dostundan gözləmədiyini bildirdi. Üstündən iki həftə keçmiş “Literaturnaya qazeta”nın böyük bir səhifəsində Həmzətovun atama açıq məktubunu gördük. Qəzetin bütöv səhifəsi “Dostum Nəbi Xəzriyə açıq məktub” başlıqlı yazı ilə başlanırdı. Səhifənin az qala, hər sətrində atama müraciətlə barışdırıcı mövqe sərgiləmək istədiyini bildirmişdi. Atam onu oxuyub başını buladı... Dostundan bərk incimişdi”.



Amma bir gün və ya “Bir etirafın tarixçəsi”

“1989-cu ildə anam Gülarə xanım yenicə rəhmətə getmişdi. Həmzətov bununla bağlı atama başsağlığı göndərdi və xanımı Patimatın özünə əziz bacı hesab etdiyi Gülarə xanımın vəfatından pis olduğunu söylədi.

Həmin ərəfələrdə Səməd Vurğunun 90 illik yubileyi keçirilirdi. Dəvət olunanlar arasında Həmzətov da var idi. O, Bakıya gəlməsi üçün şərt qoydu. Dedi, “bir şərtlə ora gəlirəm ki, əvvəlcə yaxın dostum Nəbi Xəzrinin evinə baş çəkim”.  Elə də etdi. Dağıstandan Bakıya maşınla gəldi. Təsəvvür edin, sərhəd məntəqəsindən bura kimi  onu yol polisləri müşayiət edirdi. Həmzətov Dağıstandan birbaşa bizim  evə gəldi. Sözsüz ki, atamın yaxın dostunun gəlişi şərəfinə süfrə də hazırlamışdıq. Evə daxil olanda əvvəlcə atamla diqqətlə bir-birinə baxdılar. Sonra hər ikisi eyni anda kövrəlib, bir-birini qucaqladılar. Rəsul da, xanımı Patimat da dedi ki, “bu evdə Gülarə xanımsız qonaq olmaq, onu görməmək bizə çox ağırdı”.
Süfrə başında oturdular, soyuqluq aradan qalxandan sonra atam köhnə hadisələrə yenidən qayıtdı və ona dedi ki, “1988-ci ildən sonra buradakıların sənə olan münasibəti yaxşı deyil. Erməni-Azərbaycan münasibətlərində sənin neytral mövqe tutmağın hamının xətrinə deyib. Səndən onsuz da böyük müsahibə alacaqlar və sən orada həqiqət nədirsə, onu de”.

Belə də oldu. Həmzətov çıxışında Azərbaycana olan haqsızlıqları pislədi, mövqe nümayiş etdirdi, amma yenə də ən sonra sülh tərəfdarı olduğunu dedi. Onun həmin etiraf çıxışından sonra atamın çiynindən sanki ağır yük götürüldü. O, dünyasını dəyişəndə atam dəfninə gedə bilmədi. Çünki həmin ərəfədə özü də əsanın köməkliyi ilə yeriyirdi. Pilləkənləri çətinliklə düşürdü...”.

 

Zarafatcıl Rəsul


“Rəsul Həmzətovu bu gün həm də zarafatları ilə xatırlayıram. Çox güclü yumor hissinə sahib idi. Bizdə qonaq olanda gecə yarısına qədər onun məzəli söhbətlərinə qulaq asardıq. Bir xasiyyətli var idi: lətifə, yaxud, məzəli hadisəni danışanda özü qətiyyən gülməzdi. Ətrafındakı adamlar gülməyə başlayandan sonra, qəflətən bərkdən o da gülərdi.

Yay vaxtı biz bağ evimizdə olardıq. Atam da oradan işə gəlib-gedərdi. Bir gün Rəsul Həmzətov atamla əlaqə saxlayıb dedi ki, “Nəbi, buralara gəl, sənin üçün darıxmışıq”.
“Buralara” deyərkən, Həmzətovun Dağıstanda düz dənizin kənarında yaxşı bağ evi var idi. Həmin ərazidə Dağıstanın yüksək çinli şəxslərinin yay istirahəti üçün bina yerləşirdi. Yalnız Həmzətovun orada şəxsi bağ evi olub. Mən, atam, anam və bir də bibim oğlu atamın maşını ilə ora yollandıq. Hətta həmin əraziyə çatanda məsul şəxslər bizi saxladılar, kim olduğumuzla maraqlandılar. Yəqin ki, təhlükəsizlik orqanlarının işçiləri idi. Atam onlara dedi ki, “Bakıdan şair Nəbi Xəzri gəlib”. Elə nəzarətçilərdən atamı tanıyan oldu, dedilər, “xoş gəlmisiniz, haqqınızda eşitmişik”. Beləcə, Rəsul əminin bağ evinə yollandıq, bir həftə orada dincəldik”.

 


Xırdalanda görüş

 

 “1985-ci ildə atamın 60 illik yubileyi keçirildi. Rəsul Həmzətov da məhz yubiley münasibətilə Bakıya təşrif buyurmuşdu. Akademik Milli Dram Teatrında çox gözəl çıxış etdi. Atam sonradan təşəkkürünü bildirəndə, dedi ki, bu, mənim borcum idi. Yubileydən sonra atamın ata yurdu olan Xırdalandakı evə getdik, orada böyük qonaqlıq düzənlədik. Sizə təqdim etdiyim fotolardan biri də orada çəkilib. Həmin ərəfədə atamla bağlı sənədli film hazırlayırdılar, rejissorla, operator da bizdə idi. Fürsətdən yararlanıb Həmzətovdan atamla bağlı müsahibə aldılar. O, da həmişəki kimi Nəbi Xəzri yaradıcılığından çox geniş və ürəklə danışdı...


1997-ci ildә Sәmәd Vurğunun 90 illik yubileyinә ulu öndәr Heydәr Әliyev şәxsәn özü dәvәt etdi Rәsul Hәmzәtovu.O da dedi ki mәn Azәrbaycana gәlәn kimi birinci olaraq dostum Nәbini ziyarәt etmәliyәm. O, hәyat yoldaşı vә Hidayәt Orucovla birlikdә bizə gәldi…".


E.Nazimoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...