Modern.az

Şuşa Şəhər Kitabxanasının 120 illiyi qeyd olundu

Şuşa Şəhər Kitabxanasının 120 illiyi qeyd olundu

27 Fevral 2017, 17:33

Fevralın 27-də Milli Kitabxanada Şuşa Şəhər Kitabxanasının yaranmasının 120 illiyinə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçıları ilk olaraq Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə dair foto və kitab sərgisi ilə tanış oldular.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanda kitabxanaların yaranması ilə bağlı məlumat verdikdən sonra tədbir iştirakçıları Şuşa şəhərinin tarixini və mədəniyyətini özündə əks etdirən video-çarxı izlədilər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Şuşa şəhəri Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla bərabər, həm də mədəni qüdrətini yaşadan torpaqdır. Şuşa şəhəri hazırda ermənilərin işğalı altında olsa da, onun mənəvi və mədəni dəyərləri yaşayır, unudulmur: “Şuşa Azərbaycan tarixinin ləyaqətli və şərəfli bir səhifəsidir. Qarabağın tarixi və mədəniyyəti Azərbaycan xalqının yaddaşından silinməyəcək. Əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət sayəsində işğal altında olan ərazilərimizi geri qaytaracağıq. Bu bizim mənəvi və vətəndaşlıq borcumuzdur”.

Nazir vurğuladı ki, bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində böyük layihələr həyata keçirir. Aparılan işlər nəticəsində işğal altında olan Qarabağ mövzusu beynəlxalq arenada həmişə aktualdır.

Əbülfəs Qarayev əlavə etdi ki, bu gün Şuşa Şəhər Kitabxanasının 120 illiyinin qeyd edilməsi sübut edir ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ hər zaman öz tarixi mədəniyyəti ilə öndə olub: “Bədnam ermənilərin məkrli siyasəti nəticəsində Şuşa Şəhər Kitabxanasının fondu dağıdılaraq 150 min nüsxədən artıq mənbə məhv edilib. Bu rəqəm sadəcə bir kitabxanaya vurulan zərbə kimi yox, ümumilikdə Azərbaycan tarixinə qarşı törədilən zorakılıq və tariximizin mənimsənilməsi yolunda atılan addım kimi qiymətləndirilməlidir. Bu gün biz hər an, hər dəqiqə Azərbaycan mədəniyyətinə qarşı erməni təcavüzünün şahidi oluruq və mübarizəmizi davam etdiririk. Hər bir Azərbaycan vətəndaşı, Qarabağ sakini bu təbliğatda fəal olmalı. Milli mədəni sərvətlərin mənimsənilməsinə qarşı, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz bilik və bacarığını əsirgəməməlidir”.

Qeyd olundu ki, bu gün itirilmiş Şuşa Şəhər Kitabxanasının zəngin xəzinəsi əlimizdə olmasa da, Bakıda fəaliyyətini davam etdirən filiallar daim öz fondlarını zənginləşdirir və möhtəşəm qayıdış gününə zəngin bir kitabxana ilə qayıtmaq ümidi ilə yaşayır: “Müharibədə düşmənə qalib gəlmək üçün biz gənc nəsli maarifləndirməli və kitaba marağı daha da artırmalıyıq. Çünki kitabxanalar informasiya mənbəyi olaraq çox güclü bir silahdır. Bəzən kitablarda olan dəyərli bilgi hər hansı hərbi silahdan da güclü ola bilər”.

Sonda nazir Şuşa Şəhər Kitabxanasının 120 illiyi münasibətilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) bir sıra əməkdaşlarını nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlarla təltif etdi.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin üzvü Elman Məmmədov, İcra hakiminin müavini Vüsalə Fətəliyeva, Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova çıxış edərək Şuşanın tarixi və görkəmli şəxsiyyətləri haqqında söz açdılar. Bildirildi ki,  Azərbaycanda ilk kütləvi kitabxana 1894-cü ildə Nəriman Nərimanov tərəfindən yaradılandan sonra ikinci belə böyük kitabxana məhz Şuşada yaradılmışdır. Şuşada ilk qiraətxana Pənah xan tərəfindən yaradılmış , Mir Mövsüm Nəvvab tərəfindən ilk daş basma üsulu ilə kitab çapı da məhz Şuşada həyata keçirilmişdir. Müasir dövrdə Şuşa MKS nəzdində fəaliyyət göstərən kitabxanaların durumu və vəziyyəti barədə nazirə məlumat verilərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Şuşanın mədəni mühiti, tarixi məkan və turizm imkanları ilə bağlı fikirlərini bölüşən natiqlər gec-tez doğma yurda qayıdacaqları günün uzaqda olmadığına inandıqlarını vurğuladılar.

Tədbir Şuşa Şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin ifası ilə sona çatdı.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır