Modern.az

Məhəmməd Füzulidə Çərşənbə şifrəsi                                       

Məhəmməd Füzulidə Çərşənbə şifrəsi                                       

Ədəbi̇yyat

28 Fevral 2017, 14:28

Baharın gəlişi dörd çərşənbənin qeyd olunması ilə müşaiət olunur. Bu çərşənbələr su, od, hava, torpaq olmaqla bütün yaranışın tərkibini təşkil edən dörd ünsür əsasında götürülən və bu adla adlanan çərşənbələrdir. Çərşənbələrin sıra ardıcıllığı konkret olaraq bu gün də müəyyən olunmamışdır. Folklorda və yazılı ədəbiyyatda bu sıralama müxtəlif şəkillərdə özünü göstərir. Ancaq bir çox hallarda öncə su çərşənbəsi, sonra od, sonra hava, axırda isə torpaq çərşənbəsi gəlir. M.Füzulinin bir rübaisində şifrələnmiş çərşənbələr sırasında isə biz bu sıralamanı fərqli şəkildə görürük:

                              Məcnun oda yandı, şöleyi-ah ilə pak,

                              Vamiq suya batdı əşkdən oldu həlak.

                               Fərhad həvəs ilə yelə verdi ömrün,

                              Xak oldular onlar, mənəm imdi ol xak.

Böyük şair dörd misrada məzmun səviyyəsində İlahi eşqi ürfani baxışlarına uyğun şəkildə ifadə etməklə bərabər, burada kodlaşdırdığı fikirləri müəmma janrına uyğun olaraq şeirin içində məhz Füzuliyə layiq şəkildə gizləmişdir. Biz rübaini oxuyarkən şerin bədii gözəlliyini və məna dərinliyini, eşq yolçularının şöhrət tapmış adlarını izləyərək bu gizli şifrələrin üzərindən keçib gedirik. Əlbəttə, şeirin mənasını izah etməli olsaq çox geniş təhlilə ehtiyac olar. Ancaq bu, başqa bir yazının mövzusudur. Diqqət çəkdiyimiz kontekstdə isə bizə məqsədimizə uyğun gizli nüansları açmaq gərəkdir. Bu baxımdan rübainin bu istiqamətdə araşdırılmasına ehtiyac duyuruq. Necə olur ki, M.Füzuli bu rübaidə çərşənbə şifrələri qurur? Əgər qurursa şair burada çərşənbələri hansı ardıcıllıqla götürür.

Bizə məlumdur ki, Füzuli yalnız şair deyil, həmçinin dövrünün böyük alimidir. Bu fəaliyyət sahəsində M.Füzulinin müxtəlif dillərdə yazdığı fərqli mövzularda elmi əsərləri də vardır. Eyni zamanda Füzuli şeirləri yalnız şeir deyil, həmçinin elmdir. Elə buna görə də müxtəlif qatlarda fuksional mənalar Füzuli yaradıcılığında üzə çıxır. Bundan əlavə şair özü üçün poeziya devizi kimi açıq-aşkar elmi deviz götürdüyünü elan etmişdir:

                                Elmsiz şeir əsası yox divar olur,

                                Və əsassız divar ğayətdə bietibar olur.

               ( Elmsiz şeir əsassız divar kimidir, əsassız divara isə etibar yoxdur)

Elə buna görə də M.Füzulinin bu rübaisində şifrələdiyi çərşənbələrlə bağlı fikirlərə təsadüfi yanaşmaq olmaz. Aydın olur ki, bu şeirdə şair çərşənbələrin sıralanmasına bu şəkildə qəbul etmişdir.

İlk dəfə atam İslam İslamzadənin arxivində bu şeirin təhlilinə aid bu kimi şifrə açımına rast oldum. Daha sonra füzulişünaslıqda da bu semantik laylara diqqət verilməsini də oxudum.

                        Məcnun oda yandı, şöleyi-ah ilə pak (od)                            

                        Vamiq suya batdı əşkdən oldu həlak ( su)                            

                         Fərhad həvəs ilə yelə verdi ömrün ( yel, hava)

                        Xak oldular onlar, mənəm imdi ol xak ( xak-torpaq deməkdir)

 Tədqiqatçılar bu kimi şifrələrin Füzuli tərəfindən bilərək şeirə salındığını müddəa olaraq irəli sürür. Əlbəttə, öncə burada ürfani bilgilər özünü göstərir. Bütün yaranmış mövcudatın tərkibinin vahid eşq olduğu kimi  İlahi eşq fəlsəfəsi şeirdə işarələnir. Ancaq eyni zamanda bu tərkibin məhz təbiətin yenidən dirilməsində sıralandığı da Füzuli qələminə məxsus çoxlaylı anlamlarda özünü göstərir. Uşaqlıqdan oxuduğum bu kimi misralar mənim yaddaşımda bu günə kimi qalmış və görkəmli şairin bu misralarda eyni zamanda çərşənbə şifrəsi yaratdığı qənaətinə gəlmişəm. Demək M.Füzuliyə görə çərşənbələr aşağıdakı kimi sıralanmalıdır:

                              Məcnun oda yandı- od çərşənbəsi;

                              Vamiq suya batdı- su çərşənbəsi;

                              Fərhad yelə verdi ömrün- yel çərşənbəsi;

                              Mənəm imdi ol xak- torpaq çərşənbəsi.

Eyni zamanda bu ünsürlər və yaxud üqnumlar qeyd etdiyimiz kimi bütün mövcudatın əsasını ifadə edir. Əlbəttə, çərşənbələrin sıralanmasına aid müxtəlif fikirlər diqqət yetirdiyimiz kimi təqdim olunmuşdur, ancaq biz bir rübaidə bu sıralanmanın fərqli şəkillərinə diqqət çəkməyə ehtiyac hiss etdik.


ATİF İslam oğlu İSLAMZADƏ
AMEA Folklor İnstitutunun böyük elmi işçisi                                                                 
Filologiya üzrə fəlsəfə doktoru                                            

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar