Modern.az

“İnformasiya məkanımızı ermənilərin diversiya platformasına çevirməyək”

“İnformasiya məkanımızı ermənilərin diversiya platformasına çevirməyək”

28 Fevral 2017, 15:17

“Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədərək aprel döyüşlərində itirdikləri mövqeləri qaytarmağa cəhd ediblər. Lakin düşmən ordusu Azərbaycan Ordusunun şücaəti və qətiyyəti qarşısında geri çəkilməyə məcbur olub”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Ordumuzun hərbi qulluqçularının düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduqlarını diqqətə çatdıran millət vəkili əlavə edib ki, təəssüflər olsun ki, erməni mənbələrinin Azərbaycan informasiya məkanına düşünülmüş şəkildə ötürdüyü informasiyalar mediada və sosial şəbəkələrdə məhz ermənilərin maraqlarına cavab verən şəkillər və videoroliklər üzərindən şərh edilir: “Bu, əlbəttə ki, yolverilməzdir. Media nümayəndələri, sosial şəbəkə istifadəçiləri və bütövlükdə, hər bir Azərbaycan vətəndaşı bunun məsuliyyətini dərk etməlidir. Unutmaq olmaz ki, müharibə təkcə təmas xəttində, sərhəd bölgəsində deyil, həm də informasiya məkanında aparılır. Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlərin informasiya məkanında təhrif olunmuş şəkildə - ölkəmizin milli mənafeyinə uyğun olmayan formada öz əksini tapması arzuolunmaz haldır”.

 

“Sosial şəbəkələrdə əksini tapan bu tipli müxtəlif xarakterli şəkillərin, yaxud “əl-ələ verdilər, şəhid oldular” kimi informasiyalarin yayılması ermənilər tərəfindən Azərbaycan informasiya məkanına qarşı edilmiş informasiya diversiyasının tərkib hissəsidir. Buna görə də bütün media mənsubları, sosial şəbəkə istifadəçiləri və hər bir Azərbaycan vətəndaşı bu məsələdə soyuqqanlılıq və professionallıq nümayiş etdirməlidir. Hərbi sahədə əldə etdiyimiz nailiyyətləri informasiya müstəvisində gözdən salmağa mənəvi haqqımız yoxdur. Unutmaq olmaz ki, hər bir media mənsubu da, sosial şəbəkə istifadəçisi də hər şeydən öncə Azərbaycan vətəndaşıdır və üzərində vətəndaşlıq məsuliyyəti və vəzifəsi vardır. Bunu unutmamalı, informasiya məkanımızı ermənilərin hərbi-psixoloji diversiya platformasına çevirməməliyik”,-deyə Hikmət Babaoğlu vurğulayıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir