18 noyabr 2017, Şənbə
Ana Səhifə - ÖLKƏ - Sumqayıt hadisələrində erməni-daşnak təxribatları - Qanlı hadisələrin canlı şahidi YAZIR
Sumqayıt hadisələrində erməni-daşnak təxribatları - Qanlı hadisələrin canlı şahidi YAZIR
28.02.2017, 22:16

B.Kevorkovun “siqnal”ına Kremlin laqeydliyi və Sumqayıtda 1988-ci ildə baş verənlər...

Dekabr, 1987-ci il.  Dağlıq Qarabağ səmasından başlanan ideoloji müharibə

 

- Bax, görürsünüz, bu vərəqələri? – deyə Dağlıq Qarabağ Muxtar Vilayətinin o zamankı partiya rəhbəri Boris Kevorkov Stepanakertdən Bakıya, əməkdaşı olduğum “Vışka” qəzetinə göndərilmiş bir təxribat xarakterli məktubu ona təqdim etməyimə əsəbi reaksiya verərək, iş stolunun altındakı dəmir seyfdən çıxartdığı bir top vərəqəni hirslə masasının üstünə atdı.

– Sizin redaktor elə bilir ki, mənim heç nədən xəbərim yoxdur? O heç bilirmi ki, xaricdən, daha çox Livandan və Suriyadan gələrək, Yerevanda cəmləşən daşnaklar artıq neçə müddətdir ki, vertolyotla Dağlıq Qarabağ üzərində uçaraq, Stepanakertə və bütün erməni kəndlərinə bu cür təxribatçılıq vərəqələri yayırlar? Özü də ayda bir-neçə dəfə! Məqsədləri vilayətin Azərbaycan­dan ayrılıb Ermənistana verilməsi üçün erməni əhalini ayağa qaldırmaqdır. Vilayətə gələn təxribatçı emissarları qovub çıxarda bilsək də, birbaşa Yerevandan uçub gələrək, göydən yerə minlərlə, on minlərlə vərəqələr yağdıran vertolyotlarla bacara bilmirik, buna imkanımız yoxdur. Onlar – göydə, biz isə – yerdə. Bunun qarşısını almaq üçün nə Bakı, nə də Moskva heç bir tədbir görmək istəmir (söhbət  respublikanın o zamankı qətiyyətsiz, inert başçısı K.Bağırovun dövründən gedir – R.O.). Bu vərəqələrdə hətta məni erməni xalqının düşməni elan edərək, öldürəcəkləri ilə də hədələyirlər.


Vərəqələrə göz gəzdirdim: "Kevorkov, rədd ol Dağlıq Qarabağdan! Sən erməni deyilsən, satqınsan!", "Boris, sən ermənilərin düşmənisən. Səni dar ağacından asacağıq", "Kevorkov, sənin arvad-uşağını..." və s. hədə-qorxu, təhqir dolu vərəqələr...


…Redaksiyanın tapşırığı ilə qəzetin Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri kimi 1987-ci ilin dekabrında növbəti  ezamiyyətim zamanı vilayətin rəhbəri B.Kevorkova təqdim etdiyim, guya erməninin yox, bir azərbaycanlının yazdığı məktub (rusca yazılmışdı!..) cəmi bir cümlədən ibarət idi: “Biz perestroykaya yalnız o zaman inanarıq ki, Dağlıq Qarabağ Sovet Ermənistanına verilmiş olsun”.


Düşünülmüş hiyləgərliyə bir bax: sadəcə Ermənistana yox, “Sovet Ermənistanına”! Çox zaman qəbul etmək istəmədikləri “Sovet” sözünü məhz bu məqamda kara gələn hesab edib, “yerində” işlətməklə daşnaklar özlərinin guya Sovet sisteminə böyük rəğbət, məhəbbət bəslədiklərini, sadiqliklərini, Moskvanın, sosializm quruluşunun qızğın tərəfdarı olduqlarını, Dağlıq Qarabağın isə “sadəcə”Sovet Ermənistanının tərkibində olmasını “qəlbən” istədiklərini diqqətə çatdırmağa çalışırdılar. Özü də guya bunu daha çox "arzulayan" azərbaycanlı idi...



Haşiyə çıxaraq, həqiqət naminə etiraf etməliyəm ki, o zaman Azərbaycan KP MK-nın büro üzvü olan B.Kevorkov “Vışka”nın xüsusi müxbirinin fəaliyyətinə nəinki heç bir maneə törətmir, hansısa bir təsir göstərmirdi, əksinə - formal da olsa, köməklik göstərməyə çalışırdı. Hətta bir müddət əvvəl özünün ikinci katibini, ideoloji şöbə müdirini və diğərlərini yanına çağırıb, məni təqdim edərək, tapşırmışdı ki, “obkom”un yaxınlığında, Bakının o vaxtkı Lenin sarayı stilində yeni tikilmiş siyasi-maarif evində “Vışka” qəzetinin müxbir məntəqəsi üçün bütün şəraiti təmin edilmiş kabinet ayrılsın. Ciddi görkəmli, bir qədər də zəhmli olmasına baxmayaraq, lazım olduğu hallarda qəzetin müxbirini qəbul edib, diqqətlə dinləyir və müzakirə olunan məsələlərlə bağlı “qulbeçələr”inə müvafiq tapşırıqlar verirdi. Şuşaya və digər rayonlara gedərkən isə mənə işçilərindən birini də qoşaraq, xüsusi göstərişlə “QAZ-31” maşını da ayırırdı. 


…Növbəti görüşdə redaksiyaya vilayətlə bağlı daxil olmuş bir-neçə sosial-məişət məzmunlu şikayət məktubuna digər iki katib və şöbə müdirləri ilə baxdıqdan sonra, kəskin reaksiya doğura biləcək, “ağrılı yer”ə toxunan məktubu redaktorumuzun tapşırığı ilə şəxsən B.Kevorkovun özünün tanış olması üçün həmin gün ona sonda, "bu məktuba da baxmağınız xahiş olunur" deyə təqdim etmişdim. Vilayətdən belə məzmunda bir məktub göndərildiyinə inanmayacağını, bunu qətiyyətlə inkar edəcəyini düşündüyüm halda, onun bu cür ideoloji təxribatın təsdiqi olaraq, yaranmış vəziyyət barədə gözləmədiyim faktları açması mənə məsələnin nə dərəcədə ciddi olduğunu anlatmış və Qarabağla, Şuşa ilə bağlı narahatlığımı artırmışdı.


B.Kevorkov, bir cümləlik o məktubu oxuyan kimi yanına çağırdıqlarının hamısını əsəbi halda kabinetdən çıxardaraq, ikilikdə qalanda bunu gizlətməyərək, dedi ki, Ermənistanda Qarabağla əlaqədar fitnəkar iddia və hərəkatlar hələ əvvəlki illərdə də  müşahidə edilirdi.


- Bu barədə mən vaxtilə L.Brejnevə də ətraflı məlumat vermiş və narahatçılığımı catdırmışdım. O isə halını pozmadan, gülümsünərək bildirmişdi ki, “bizim Sovetlər ölkəmizdə qardaşlıq hökm sürür, bu sarsılmaz dostluğu, qardaşlığı pozmağa heç kəs cəsarət etməz”. Eyni fikirləri mənə indi Kamran Bağırov da söyləyir, ancaq situasiya getdikcə ciddi xarakter alır və belə getsə, hər şey nəzarətdən çıxacaq, qarşısı alınmaz olacaq.


B.Kevorkov bunu 1987-ci ilin dekabrının ortalarında mənim Mardakertə (indiki Ağdərəyə), rayon partiya komitəsinin hesabat-seçki konfransına gedəcəyim ərəfədə demişdi. Təbii ki, yaxın müddətdə hadisələrin necə cərəyan edəcəyini həmin vaxt nə mən təsəvvür edə bilərdim, nə də - yəqin ki o. Lakin zamanın nikbinlik vəd etmədiyini hər halda az-çox başa düşür, hiss edirdik. Və heç iki ay ötmədi ki, Stepanakertdə (indiki Xankəndi) daşnak separatizmi baş qaldırdı və onun davamı olaraq Sumqayıtda qabaqcadan hazırlanılmış erməni-daşnak ssenarisi üzrə təxribatlar törədildi.


B.Kevorkovun daşnaklarla nəinki əlbir, heç həmfikir də olmadığını vilayətdə etirazların başlandığı ilk günlərdəcə onun vəzifədən qovularaq, yerinə qatı daşnak olan Qenrix Poqosyanın təyin edilməsi, eləcə də bir-çox erməni mənbələri birmənalı şəkildə təsdiq edir. Erməni fotobloqeri Albert  Voskanyan isə öz "xatirələrində" daha uzağa gedərək yazır ki, vaxtilə Bakıda guya əsirlikdə olan B.Kevorkovun (əslində o özü könüllü olaraq Azərbaycan tərəfinə keçmiş, Bakıya gəlmişdi) dəyişdirilərək, Ermənistana qaytarılmasına Yerevan rəsmi razılıq verməmiş, etiraz etmişdi. Və bu heç də təəccüb doğurmurdu, çünki daşnak ideologiyasını qəbul etmək istəməyən bir erməni Yerevana heç vaxt və qətiyyən lazım deyildi...

 

Mən – DTK əməkdaşı rolunda, DTK zabiti isə... 


Yadımdadır, tanışlıq xarakteri daşıyan ilk görüşümüz zamanı B.Kevorkov vilayət mərkəzi haqqında daha geniş məlumat almaq üçün mənə Stepanakert şəhər partiya komitəsinin 1-ci katibi ilə də gürüşməyi məsləhət görmüş və elə mənim yanımda ona zəng edib, “Vışka” qəzeti tərəfindən Dağlıq Qarabağ üzrə xüsusi müxbir təyin edildiyini bildirərək, məni qəbul etməsini tapşırmışdı. Vilayətin “ağası”nın şəxsi tapşırığına baxmayaraq, Zaven Movsesyan öz “boss”undan fərqli olaraq məni açıq-aşkar könülsüz, əsl daşnak, qatı erməni kimi şübhə dolu nəzərlərlə qarşıladı.


Həmin anda yadıma düşdü ki, Azərbaycanın ab-havasının qətiyyən duyulmadığı, nəinki ticarət obyektlərinin, hətta rəsmi dövlət idarələrinin giriş lövhələrinin və bütün digər tərtibatlarının ermənicə yazıldığı Stepanakertə ((çox acı və ağrılı səslənsə də, nə qədər ki Dağlıq Qarabağa sahib ola bilməmişik, o şəhər hələ Xankəndi deyil. Bayrağımızı orada dalğalandıranda - bax, onda Xankəndi olacaq!!.) həmin ilk gəlişim zamanı vilayət partiya komitəsində cəmi iki azərbaycanlıdan biri olan, o zaman oranın inzibati orqanlar şöbəsinin müdiri vəzifəsində çalışan, xalqımızın vətənpərvər, igid oğlu Vaqif Cəfərov tanışlığımızın elə ilk günündəcə mənə ermənilərlə münasibətdə ehtiyatlı, ayıq-sayıq olmağı məsləhət görmüşdü. “Burdakıların çoxu bizə düşmən olan daşnaklardır, bizi hər addımda izləyirlər”, - demişdi. (Sonralar Şuşanın 1-ci katibi, SSRİ Ali Sovetinin deputatı olmuş o igid Vətən oğlu 20 noyabr 1991-ci ildə Azərbaycanın say-seçmə öğulları İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev, Vəli Məmmədov, Alı Mustafayev və digərləri ilə birgə ermənilər tərəfindən yandırılan Qaradağlı kəndi camaatının harayına, imdadına tələsərkən düşmənin xaincəsinə Qarabağ səmasında vuraraq partlatdığı vertolyotda həlak olmuşdu).


Həmin daşnaklardan biri olduğu dərhal duyulan Z.Movsesyanla etika xatirinə rəsmi, lakin soyuqluğu açıq-aşkar hiss olunan tanışlıqdan sonra onun verdiyi ilk sual bu oldu:


- Maraqlıdır, nəyə görə 50 il idi ki “Vışka”nın Dağlıq Qarabağ üzrə heç bir əməkdaşı yox idi və birdən 1987-ci ildə redaksiya bura xüsusi müxbir təyin etmək qərarına gəldi?


Təbii ki, mən o dövrün ruhuna uyğun olaraq cavab verdim ki, "qəzetimiz burda özünün müxbir postunu vilayətin ictimai və sosial-iqtisadi həyatını daha dolğun və operativ işıqlandırmaq məqsədi ilə yaradır. Bu niyə sual doğurmalıdır  ki?".


Ancaq bu cavabdan sonra da o "qırışmal"ın qırışığı açılmadı, bədbəxt bir hadisə baş veribmiş kimi yenə də qaşqabaqlı idi və məni elə həmin əhvalla da, fikirli halda üçüncü katibin, gözəl bir xanım olan Asmik Mikaelyanın yanına yola saldı (bir-neşə ay sonra vilayətdə başlamış antiazərbaycan ixtişaşları zamanı meydanda “miatsum” deyə hürən-bağırışan ermənilərin tək olan bir azərbaycanlı, üstəlik - sumqayıtlı üçün faciə ilə bitə biləcək vəhşi, azğın hücumundan "obkom"un girişində son, həlledici anda məni məhz o xanım və rus hərbçiləri qurtara bilmişdi). Qatı daşnak xarakteri nümayiş etdirən Zavendən fərqli olaraq Asmik Mamikonovna məni gülərüzlə və səmimiyyətlə qarşıladı, hətta nahar fasiləsində öz evinə, dolma-bozbaş qonaqlığına da dəvət etdi ("təvazökarlıq" edib, nəzakətlə dəvətdən imtina etdiyimə görə sonralar özümü çox qınamalı oldum. Getsəydim, heç olmasa görərdim ki, şəhərin partiya komitəsinin gözəl erməni katibi hansı şəraitdə, necə yaşayır - təmtəraqlı, yoxsa təmtəraqsız? Ermənilər belə yerdə deyiblər də: "müsəlmanın sonrakı ağlı mənim olaydı". Ancaq son illərin hadisələri göstərir ki, müsəlmanın heç sonrakı ağlı da bir şey deyilmiş...).


Yalnız iki ay ötdükdən – Stepanakert ixtişaşları başlandıqdan sonra 1-ci katib Zavenin məni soyuq qarşılamasının əsl səbəbini anladım. Sən demə, o düşünürmüş ki, Bakı Daglıq Qarabağda onların – daşnakların hazırladıqları planlardan duyuq düşüb və guya orada vəziyyətə gizli nəzarət etmək məqsədi ilə məni “50 ildən sonra” vilayətə məhz xüsusi müxbir adı altında DTK-nın əməkdaşı kimi göndərib... Ancaq kaş ki, Azərbaycanın o zamankı DTK-sı həqiqətən ora öz peşəkar agentlərini, əməkdaşlarını vaxtında göndərəydi və onlar xalqımızın mənafeyi naminə nə isə eləyə biləydilər.


Bu gün də fikrən o günlərə qayıdarkən heç cür başa düşmək olmur ki, əsas və başlıca vəzifəsi Dövlət təhlükəsizliyini təmin etmək olan, böyük və güclü saydığımız o zamankı Komitə - Azərbaycan DTK-sı niyə respublikamızın, Qarabağımızın təhlükəsizliyini təmin edə bilmədi? Axı, həmin Komitə heç yerli-köklü olmasaydı belə, Qarabağda vəziyyət elə həmin şəkildə də davam edəcəkdi. Əgər belə olacaqdısa, onda o zamankı DTK həmin kritik, çaxnaşıqlı dövrdə bizə hansı xidməti ilə lazım idi?.. 


Heç Qarabağda demirəm, “Vışka” qəzetinin özündə belə ermənilər Bakıdan rədd olub gedəndən xeyli sonra da keçmiş ərinin Stadnik familiyası altında gizlənən, tipik erməni olduğu həyasız sifətindən də açıq-aydın görünən Vera adlı hiyləgər bir qadın jurnalist Bakıda qalmaqda davam edirdi və bu barədə şəxsən mənim DTK-ya “siqnal” verməyimə baxmayaq, bizim o vaxtkı kəşfiyyat orqanımız heç bir “kəşfiyyat” aparmamışdı. Erməni V.Stadnikin respublikadakı ictimai-siyasi vəziyyət barədə informasiyaların cəmləşdiyi redaksiyada gizli agent kimi qalması barədə yüksək rütbəli DTK zabitinə məlumat verib, onun barəsində tədbir görülməsi üçün bir-neçə dəfə şəxsən müraciət etsəm də, həmin zabit məsələni həftələrlə, aylarla uzadır, mənim telefon zənglərimi isə hərdən cavabsız qoyur, ya da “narahat olmayın, izləyirik, məşğuluq...” deyə tələm-tələsik cavab verməklə kifayətlənirdi. Əslində az-çox hörmət bəslədiyim və etibar edib, güvəndiyim həmin DTK zabiti özünün dediyi kimi, vəziyyəti “izuçat” eləyənə (öyrənənə) qədər günlər, aylar ötdü və həmin qadın agent yəqin ki o dövrdə ermənilər üçün lazım olan əsas materialları (Azərbaycanda Qarabağla əlaqədar görüləcək tədbirlər, xalqın ümumi ovqatı - nikbin və ya bədbin olması, mübariz və ya laqeyd, passiv olması və s. barədə) Yerevana və Stepanakertə ötürərək, bir-neçə vaxtdan sonra Bakıdan sakitcə, heç bir maneəsiz köçüb gedə bildi... 


Erməni təxribatlarının Sumqayıt ssenarisinin “səhnələşdirilməsi”  

 

27-28 fevral 1988-ci il.  Fevralın əvvəllərindən etibarən Ermənista­nın Göyçə və Zəngəzur mahallarında malı-mülkü talanıb-yandırılan, dədə-baba yurdlarından qovularaq, güclə qaçıb canını qurtaran həmvətənlərimizin Azərbaycana, xüsusilə də Sumqayıta axını güclənmişdi. Əslində bu axın hələ xeyli əvvəl başlamışdı. Şəhər miqyasında bu bütünlükdə aydın hiss olunmasa da, 4 N-li mənzil-istismar idarəsinin o zamankı rəisi, milliyyətcə osetin olan, “jek” müdirləri içərisində özünün prinsipiallığı, az-çox obyektivliyi, düzlüyü və savadlı olması ilə seçilən Mədinə xanım Meyburaşvili narahatlığını gizlətməyərək bir dəfə demişdi ki, “Qafan və Qacarandan Sumqayıta gəlib, ev alanlar çoxalıb. Deyəsən, ermənilər orada onları dinc yaşamağa qoymurlar.” Osetin qadın bundan narahatlıq keçirsə də, məsələdən xəbərdar olan bir-çox vəzifəli azərbaycanlılarımız bunun elə də fərqinə varmırdılar. Açığını deyim ki, Qacaranın adını da mən ilk dəfə o qadından eşitmişdim.


Bir vaxtlar xarici qüvvələrin və bolşevik Rusiyasının təzyiqi ilə bugünü düşünmədən “səxavətlə” ermənilərə pay verdiyimiz qədim yurd yerlərimiz olan Göyçə və Zəngəzurdan Sumqayıta pənah gətirən həmvətənlərimizlə gəlib çatan sarsıdıcı, müdhiş  xəbərlər, Əsgərana etiraz nümayişi zamanı ermənilərin silahsız ağdamlılara atəş açaraq, iki gənci qətlə yetirməsi zamanın ədalətsizliklərinə və haqsızlıqlarına qarşı heç zaman laqeyd olmayan sumqayıtlıların üsyankar ruhunu daha da coşdurmuş, alovlandırmışdı.


...Fevralın 27-də "Vışka" qəzetinin Sumqayıtın Mərkəzi poçt binasında yerləşən müxbir məntəqəsində qəzet üçün yazı hazırlayarkən qarşı tərəfdəki küçədən adamların hay-küylü səslərini eşidib, əsəbiləşdim ki, camaatımız yenə də kartof-soğan növbəsində bir-birini didib-qırır. Səs-küyün azalmaq əvəzinə getdikcə artdığını görüb, növbə davası döyən “alıcılar”in ünvanına deyinərək, ayağa qalxıb, pəncərəyə yaxınlaşarkən tamam başqa bir mənzərə ilə üzləşdim: gənclərdən ibarət böyük, izdihamlı bir dəstə “Qarabağ bizimdir!”, “Ermənilərə ar olsun!”, “Ermənilər, Qarabağdan rədd olun!” kimi şüarlar səsləndirərək, əllərində irili-kiçikli bayraqlarla küçə boyu sürətlə qaçışırdılar.  Gənclərimizin öz coşqunluğu ilə ürəkləri riqqətə gətirən vətənpərvərlik, qeyrət hissinin təsirindən həmin anda yazacağım yazını, bütün hər şeyi unudub, arxa plana ataraq, cəld küçəyə qaçdım. Döyüşə hazır imiş kimi inqilabi ruhla, əzmlə, vüqarla addımlayan cavanlar maşın yolu ilə sürətlə, qışqıra-qışqıra irəliləyir, mən isə səki ilə onların yanınca gedərək, fəxrlə, qürur hissi ilə onlara baxırdım. Gənc “üsyançılar” heç kəsə və heç nəyə məhəl qoymadan və toxunmadan küçə boyu qaçışırdı və mən onlarla güclə ayaqlaşa bilirdim. İlk anlarda elə düşünürdüm ki, onlar bu yürüşləri ilə bütün sumqayıtlıların diqqətini ermənilərin Qarabağa iddialarına yönəltmək, buna qarşı barışmazlıq nümayiş etdirməyə çagırış məqsədi güdürlər. Təbii ki, bu, başa düşülən, bütünlüklə qəbul ediləcək bir niyyət kimi mühüm, vacib idi.


Çox da böyük olmayan bir şəhərdə yaşasaq da, “üsyançı” gənclərin çoxunu üzdən tanıya bilmədiyimdən “papaq altda oğullar varmış” düşünərək, onların yanınca, üsyançı cərgələrinə qoşulmadan, yalnız kənardan seyr etməklə getməkdə davam edirdim. Küçə boyunca orda-burda səsə-haraya yığışanlar gənclərin yürüşünü alqışlayaraq, onları salamlayırdı. Getdikcə dəstəyə qoşulanların da sayı artırdı.


Nümayişçilər “Dostluq” (?..) küçəsindən “Sülh” küçəsinə kimi sülh şəraitində yürüsələr də, məhz  bu küçədən başlayaraq “sülh” pozulmağa başladı. Həmin küçələrin kəsişməsində qarşı tərəfdən qəfildən peyda olmuş 10-12 nəfərlik dəstədən bir-neçəsi işıqforun qırmızı işığında dayanmış avtobusların qapı-pəncərəsini döyəcləyərək, sürücülərdən qapıları açmağı, sərnişinlərdən isə onlara qoşulmağı tələb etməyə başladılar. Əksəriyyəti qadın və uşaqlar olan sərnişinlər nə baş verdiyini anlamayaraq, qorxu içərisində avtobuslardan düşüb qaçsalar da, bəziləri maşınları tərk etmək istəmir, Sumqayıtda əvvəllər heç zaman üzləşmədikləri belə bir zorakılığa dözməyərək etiraz edirdilər. Belə olduqda “nümayişçilər” avtobuslardan birinə doluşaraq (digər bir avtobus qapıları açmadı və yaşıl işıq yanan kimi sürətlə yerindən qopub, yoluna davam etdi), içəridəkilərə güc tətbiq etməyə başladılar. Vəziyyətin kəskinləşdiyini görüb, sərnişinlərin qabaq qapıdan düşmələrinə mane olmamaq üçün bir nəfər yaşlı adamla birgə arxa qapıdan salona daxil olub, aranı sakitləşdirməyə, dəliqanlılıq edən “üsyançıları” maşından düşürtməyə çalışdıq. Bir-neçəsi maşını tərk etsə də, onlardan sumqayıtlı olduğu hiss olunmayan, qara geyimli birisi fikrindən dönmək istəmir, qətiyyətlə sonuncu sərnişinləri də düşürtməyə çalışırdı. Onun qolundan yapışıb, qadınlarla işi olmamasını tələb etdikdə onun bulanıq baxışlarından sərxoş olduğunu, ayaq üstə güclə dayandığını gördüm. Bizə qarşı da kobudluq edəcəyini, əlbəyaxa olacağımızı gözlədiyim halda o, qeyri-müəyyənlik ifadə edən dumanlı, süzgün baxışları ilə mənə baxıb, müqavimət göstərmədən “hamı düşsün” deyərək, əlini yelləyib, salonu tərk etməkdə olan sonuncu sərnişinlərin ardınca avtobusdan düşərək, ləngər vura-vura qaçıb dəstəyə qoşuldu. Yalnız çox sonralar onun bulanıq, aydınlığını itirmiş baxışı gözlərim önündə yenidən canlanarkən mənə bəlli oldu ki, həmin oğlan Azərbaycan dilində tərtəmiz danışan erməni “təlimçilər” tərəfindən məqsədli şəkildə qabaqcadan, qəsdən içirdilmiş, nəşələndirilmiş gənclərdən, bəlkə də elə erməni emissarlardan  biri imiş və spirtli içkinin təsirindən daha çox tiryəkin gücündən o hala düşübmüş.


Avtobusdakı münaqişə davam etdiyi müddətdə nümayiş dəstəsinin bir qrupu 20 ildən artıq “zavmaq” işləyən Səməd kişinin “Sputnik” kimi tanınan ərzaq mağazasına doluşmuşdular. Onun başına yığdığı, əksəriyyəti erməni olan satıcı qadınlar uzun illər idi ki alıcılara çəkidə və qiymətdə həyasızcasına, “məharətlə” kəf gəlməyi bacardığından mağazanın işi “xod” gedirdi (1985-ci ildə qəzetimizin xətti iə keçirilən “fəhlə reydi” zamanı Səmədin “sağ əli” olan erməni qadının məsuliyyətə cəlb olunmasına, 5 il azadlıqdan məhrum edilməsinə nail olsam da, heç 6 ay keçməmiş mağaza müdiri xeyli “maya qoyaraq”, həmin “əvəzedilməz” işçisini həbsdən azad etdirib, yenidən “iş başına” qaytara bilmışdı). Təbii ki, həmin dəqiqələrdə “Sputnik”in içərisində nələr baş verdyindən xəbərim olmadı (düzü, bunu sonralar da öyrənə bilmədim, nədənsə maraqlanmadım).


Bir qədər sonra dəstə mağazadan hay-küylə çıxaraq, “Qarabağ!-Qarabağ!” qışqıra-qışqıra “Sülh” küçəsi ilə mərkəzi bazara tərəf qaçmağa başladı... Tramvay yolu ilə irəliləyib, Nizami küçəsi ilə üzüyuxarı gedərkən qarşılarına çıxan qəzet köşklərinin ermənilərin olduğunu düşünərək, daş-kəsəklə vurub dağıtmaq istəsələr də, ətrafdakı adamlar “ermənilərin deyil” deyə buna imkan vermədilər. Şəhər partiya komitəsinin yaxınlığındakı qəzet köşkünə çatarkən də onların ora hücumunun qarşısını çox çətinliklə almaq mümkün oldu. Köşkdə həqiqətən erməni qadın işləyirdi və yəqin ki dəstə bunu dəqiqliyi ilə bilirdi. Satıcı içəridə deyildi, yoxsa vəziyyət başqa cür olacaqdı. Köşkün pəncərələrini daşa basaraq, bir-neçə yerdən sındırdıqdan sonra hay-harayla partiya komitəsinin qarşısındakı keçmiş Lenin meydanına toplaşdılar, sanki kimisə gözləyirdilər – yəqin ki, şəhər rəhbərliyini. Kiminsə onların qarşısına çıxaraq, nəsə bir söz deməsini, daha çox Dağlıq Qarabağ məsələsinə aydınlıq gətirilməsini istəyirdilər. Ətrafda isə heç kəs, hətta hər səsə-küyə, dava-dalaşa müntəzir olan milis işçiləri də gözə dəymirdi. Vəziyyəti belə görüb, partiya komitəsinin binasına yaxınlaşaraq, içəri keçib, ordakılardan heç olmasa bir-iki nəfərin izdiham qarşısına çıxıb, hissləri qaynayıb-coşan gənclərə müraciətlə bir-iki söz deməsini xahiş etmək istədim. Bütün qapılar bağlı idi. İçəridə olan erməni polis işçisi (o, neçə illər idi orda işləyirdi. Guya ora "yarayan" bir nəfər azərbaycanlı yox idi) əllərinin çarpaz işarəsi ilə “olmaz!” işarəsi verdi və daha bir işarə ilə bunun “yuxarıdakıların” tapşırığı olduğunu bildirdi. Nə qədər təkid etsəm də, nəinki qapını açmadı, hətta durduğu yerdə - gendə dayanaraq, heç qapıya yaxın da gəlmədi.

 
Edik  Qriqoryan və “qara plaşlılar” – təlimatçı emissarlar...


Belə olduqda “Qarabağ!, Qarabağ!” deyə gur-gur guruldayan meydanı sakitləşdirmək üçün geriyə qayıdaraq, yanında Leninin böyük heykəlinin ucaldığı tribunaya qalxmaqdan başqa çarəm qalmadı – gənclərin Göyçə, Zəngəzur, Qarabağ nigarançılıqlarına biganə qalmaq olmazdı. “Əziz həmvətənlərimiz” müraciəti ilə meydana toplaşanları salamladım və özümü təqdim etdim. Biləndə ki, qarşılarındakı respublika qəzetlərindən birinin müxbiridir və deyəndə ki, “mən də sizinləyəm!”, hay-küy dolu sevinclə qışqırışaraq, əl çaldılar. Meydanda 300-400 adam olardı. Nədənsə diqqətimi izdihamın sağ tərəfində bir-neçə yerdə qara plaşlı, gödəkçəli 4-5 nəfər cəlb etdi (bunu sonralar dəqiqliklə xatırladım). Onlar izdihamın gur yerində dayansalar da, meydana toplaşanlardan, qışqırıb fəallıq göstərənlərdən fərqli olaraq sakitcə ora-bura baxır, izdihama qoşulub qışqırmır, əl-qol atmır, əl çalmırdılar. Onların kim olduqları sonrada məlum olmuşdu – sən demə, onlar daşnak emissarları, Sumqayıt təxribatlarının təşkilatçıları imişlər...    


Meydana müraciətlə Qarabağın əzəli və müqəddəs Azərbaycan torpağı olduğu, o yerlərin Azərbaycana M.P.Vaqif, X.Natəvan, Üzeyir Hacıbəyov, Bülbül kimi görkəmli şairlər, bəstəkarlar, müğənnilər və digər sənətkarlar bəxş etdiyi, Şuşanın, Xankəndinin qədim, şanlı tarixi haqda və s. az-çox bildiklərim barədə pafosla danışaraq, eyni zamanda onlara vətənpərvər duyğularına görə təşəkkür edərək, müəyyən ünsiyyət qura bilsəm də, təmkinli olmağa çağırdıqda, “Sumqayıt bizim hər birimizin doğma şəhəridir, gəlin heç nəyi qırmayaq, dağıtmayaq, ağılla, düşüncə ilə hərəkət edək” kimi fikirlər səsləndirdikdə izdiham qışqırışaraq, məni “hoydu-hoydu”ya götürürdü. Belə olanda yenə “valı onlar istəyən tərəfə” çevirməli olurdum. Nə partiya, nə də İcraiyyə komitəsindən bir nəfər də olsa, çıxaraq toplaşanlara müəyyən məsləhət, istiqamət vermək istəyində olan yox idi. Bilirdim ki, bacarıqlı təşkilatçı, qeyri-standart düşüncəli, olduqca tədbirli olan, qayğıkeşliyi və səmimiliyi ilə az bir zamanda şəhər sakinlərinin böyük hörmət-nüfuzunu qazanmış birinci katib Cahangir Müslümzadə həmin günlər məzuniyyətdə, respublikadan kənarda idi. O, şəhərdə olmadığı üçün isə kimsə məsuliyyəti öz üzərinə götürüb, coşub-daşan meydan qarşısına çıxmaq istəmirdi. Qəribə idi ki, toplaşanlardan da kimsə tribunaya qalxıb söz demək fikrində deyildi. Bu, həm “üsyançılar” arasında ziyalıların, həm də hərəkata liderlik edə biləcək bir kəsin olmadığını, prosesin kortəbii xarakter daşıdığını göstərirdi. Axı, onları Vətən sevgisi, millət, xalq qeyrəti ayağa qaldırmışdısa, onda gərək onlar öz daxili yanğılarını söndürmək üçün tribunanı çıxışları ilə “dağıdaydılar”, öz fikirlərini söyləmək üçün bir-birinə aman verməyəydilər. Ancaq belə olmadı. Bu isə indiki halda “kütlə”yə başqa niyyətli bir “dirijorun” rəhbərlik etməsindən, onun ssenari və proqramında kiminsə çıxış etməsinin, söz deməsinin nəzərdə tutulmamasından xəbər verirdi.  


Meydandan hərdən “Paşa” sözünü eşıdir, lakin bu adın sahibinin hansısa bir azərbaycanlı olduğunu zənn edərək, yüzlərlə adamın içərisində niyə məhz bu adın səslənməsinə əhəmiyyət vermirdim. Həm də ki, həmin anlarda diqqət kiməsə yox, bütün meydana yönəlməliydi. Ancaq, sən demə, “dirijor” elə həmin Paşa imiş - əsl adı sonralar bəlli olan Eduard Qriqoryan. Bəs niyə onu ermənilərin bu adı adətən qısaldımış şəkildə deməyi xoşladığı Edik kimi yox, Paşa deyə çağırırdılar?  Yəqin ona görə ki, Sumqayıtda böyüyüb, Azərbaycan dilini mükəmməl bilən Edik üçün başına yığdığı dəstəni özünün azərbaycanlı olduğuna inandırmaq istəyi ilə Paşa daha münasib, başaldadıcı bir ad idi. Türkcə “general” mənasında olan bu təxəllüsü isə Edik, şübhəsiz ki, özü üçün heç də təsadüfi seçməmişdi - əvvəla, şəhərin cavanları onu azərbaycanlı kimi qəbul edəcəkdi, digər tərəfdən isə o özünü “general” kimi hiss edərək, ətrafına daha çox “əsgərlər” toplamağa həvəsli olacaqdı.


Düzdür, bu fikirləri uzun illər ötdükdən sonra, az-çox analiz əsasında söyləmək mümkün idi, ancaq o zaman - tribunada olarkən əsas məqsəd meydanda qaynayıb-coşan cavanların vətən sevgisini alqışlamaqla yanaşı, onların təhlükəli, bəd əməllərdən çəkinmələrinə nail olmaq idi. Meydandakılar isə uzun-uzadı çıxışlara qulaq asmaq ovqatında deyildi. Odur ki, 10-12 dəqiqə də meydanda dayanıb, mənim “moizələrimə” qulaq asdıqdan sonra da şəhər rəhbərlərindən heç kəsin onların qarşısına çıxmaq niyyətində olmadığını yəqin edərək, yenidən burulub mərkəzi poçta tərəf yürüş etməyə başladılar.  


Artıq dəstədən çox “kütlə”yə çevrilməkdə olanların yenidən eyni marşrutla hərəkətə başlaması narahatlıq doğurduğundan dərhal tribunadan enərək, onların ardınca düşdüm. Mərkəzi  poçta çatarkən dəstədən bir qrup ayrılaraq,  “burda ermənilər var!” – deyib, girişə tərəfə yönələndə özümü yetirərək, nəyəsə nail ola biləcəyimə o qədər də inanmadan qarşılarını kəsib, az qala bağıra-bağıra yalandan dedim: “Uşaqlar, burda erməni yoxdur, inanın, yoxdur!”. Onlar qışqırışaraq içəri keçməyə can atsalar da, qarşılarındakının bir qədər əvvəl tribunadan tanıdıqları adamın olduğunu görüb, yəqin ki inanaraq, ani olaraq duruxub dayandılar və birdən kiminsə “getdik!” komandası ilə qəfildən burulub yollarına davam etdilər. Keçirdiyim həyəcan və gərginliyin təsirindən yorğunluq, taqətsizlik hiss etdiyimdən daha onların ardınca getmək istəmədim. Şükr elədim ki, nə yaxşı, onlar mənə inanıb, poçta girmədilər, yoxsa daşnaklar üçün  mühüm dəlil ola biləcək böyük bir faciə baş verəcəkdi – orda ən azı 10-12 nəfər erməni rabitəçi qadın çalışırdı. Hər halda mənə inanan o vaxtkı uşaqlar sağ olsunlar. Xüsusilə də gözləmədiyim halda, ən həlledici, dramatik bir məqamda “getdik!” komandasını verən oğlan. Axı, tribunada görməsəydilər və  mənə inanmasaydılar, baş verə biləcək hücumun qarşısını necə ala bilərdim ki?..


Təxminən 30-40 dəqiqədən sonra yürüşçülər şəhərin küçələrində növbəti dövrəni başa vurub, yenə də mərkəzi meydana toplaşmışdılar və hər yerdən “Qarabağ!” nidaları yüksəlirdi. Ətrafa xeyli adam toplaşmaqda idi. “Yaşıl bina” yenə də meydanın üzünə bağlı idi. Sağa-sola göz gəzdirib, şəhər rəhbərliyindən heç kəsi görmədikdə yenə izdihamın önünə çıxmalı oldum. Xalqımızın igid, mərd oğulları Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin, Cavad xanın torpaq, Vətən uğrunda mübarizələrindən, qəhrəmanlıq və rəşadətlərindən söhbət açaraq, sıraları anbaan genişlənməkdə olan mitinq iştirakçılarını Qarabağ uğrunda, Vətənin hər qarış torpağı uğrunda mübarizədə sonadək dönməz, mətanətli olmağa səsləməklə yanaşı onları erməni vəhşiliklərinə dözməyərək, Sumqayıta pənah gətirmiş həmvətənlərimizə dayaq durmağa, təmkinli olmağa, mümkün ola biləcək təxribatlara uymamağa çağıraraq, sakitləşdirməyə çalışdım. Məndən sonra bu dəfə izdihamın içərisindən kimsə söz alıb danışmağa başladı. Mikrofon-zad olmadığından hərdən onun səsi izdihamın əks-sədasına qarışaraq, eşidilməz olurdu... 



N.Gəncəvinin Gəncədən "göndərdiyi" halallıq sevən, “kərpic kəsən kişinin” - 
Həsən kişinin nəvəsi Həsən Həsənovun meydana gəlişi   


Birdən meydanın sol tərəfində qara rəngli bir “QAZ-31” peyda olaraq, partiya komitəsinin binası qarşısına dönüb dayandı. Hamının diqqəti ora tərəf yönəldi. Maşından düşən şəxsin böyük hörmət bəslədiyim Mərkəzi Komitə katibi Həsən Həsənovun olduğunu görüb, onu qarşılamaq üçün cəld tribunadan düşdüm. Onunla ilk dəfə idi ki, şəxsən görüşürdüm. Azərbaycanın tanınmış, xalq tərəfindən xüsusi rəğbət bəslənilən bu nüfuzlu dövlət xadiminin gəlişinə sevinərək, onu hörmətlə salamlayıb, özümü təqdim etdim. İlk sualı bu oldu: “Bəs rəhbərlik hanı?”. Binanı göstərib dedim: “İçəridədirlər, qapı isə bağlıdır”.


Onun böyük dünya görüşünə, yüksək erudisiyaya, həm də gözəl natiqlik məharətinə malik müdrik bir adam olduğunu bildiyimdən, xahiş etdim ki, tribunaya qalxıb meydandakılara müraciət edərək, öz sözünü desin, onları sakitliyə çağırsın. O, bir anlığa ayaq saxlayıb, partiya komitəsinin binasına tərəf nəzər yetirdi, sonra nə isə fikirləşərək, tribunaya tərəf addımladı.  Onu “üsyançılara” illərlə tanıdığım kimi – xalqını, yurdunu sevən vətənpərvər bir insan olaraq təqdim edərək bildirdim ki, Həsən müəllim bir vaxtlar Sumqayıtın, daha sonra isə Gəncənin (o zaman hələ Kirovabad adlanırdı) rəhbəri olub, ancaq bir çox katiblərdən fərqli olaraq həmişə təmiz adı ilə seçilib, elin-obanın dərin hörmət-nüfuzunu qazanıb, hətta Gəncənin milli memarlıq üslubu ilə abadlaşdırılması işində qırmızı kərpicə üstünlük verdiyindən xalq arasında ona “kərpic Həsən” ləqəbi də verilib. Bunu dediyimlə meydanda ucadan alqış sədaları qopdu. Həsən müəllimin odlu-alovlu, məzmunlu və maraqlı çıxışı meydan tərəfindən sükutla, diqqətlə dinlənildi, dəfələrlə alqışlarla qarşılandı. O, gəncləri və meydana axışan digər şəhər sakinlərini əsası olmayan, yersiz şayiələrə, təxribatlara uymamağa, səbrli, təmkinli olmağa çağıraraq bildirdi ki, respublika rəhbərliyi xalqla birdir, həmrəydir, Ermənistanda və Dağlıq Qarabağda baş verən separatçı, xəyanətkar hərəkətlərlə bağlı müvafiq tədbirlər görülür. O, mitinq iştirakçılarına heç bir təxribata yol verməməyi, şəhərdə sakitliyi və dincliyi qorumağı tövsiyə edərək, onların alqışları altında tribunadan endi.


Mərkəzi Komitə katibinin gəlməsindən xəbər tutan şəhər rəhbərləri də artıq tribunanın yanında dayanmışdılar. Onlar Həsən müəllimlə görüşüb, vəziyyəti birlikdə müzakirə etmək və məsləhətlərini, tapşırıqlarını öyrənib-bilmək üçün onu partiya komitəsinin binasına dəvət etdilər (bütün bu deyilənləri, heç şübhəsiz ki, Həsən müəllim özü də təsdiq edə bilər).


Meydanda mitinqə toplaşanlar arasında isə şəhərin idarə və müəssisə rəhbərlərinin, ziyalıların, o cümlədən müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və s. sıraları get-gedə genişlənməkdə idi. Şəhərin adlı-sanlı həkimi kimi sumqayıtlılar arasında böyük nüfuz qazanmış Cəfər Quliyevin, o zaman Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası olan, bu gün isə Xalq artisti kimi tanıdığımız Afaq Bəşirqızının, təhsil nümayəndələrinin və digərlərinin bir-birinin ardınca davam edən çıxışları diqqətlə qarşılanırdı. Ancaq hərdən nəsə xoşa gəlmədikdə meydanda narazılıq ifadə edən səslər ucalırdı... 


Məktəbdən gələn bəd xəbər: meydanda 5 yaşlı uşağı erməni hesab edib... öldürmüşlər  
 


Sabahısı gün də şəhərdə mitinq və yürüşlər davam edirdi. Ermənilərin Qarabağda, Göyçədə, Zəngəzurda həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərə, qəddarcasına tutduqları divanlara görə bütün şəhər narahatlıq və gərginlik içərisində idi. Həmin gün mitinqdən evə xeyli gec qayıtdım. Təzəcə yemək stolu arxasına keçmişdim ki, oğlumun məktəbdə eşitdiyi xəbər ovqatımı pozdu. O, uşaq həyəcanı ilə bildirdi ki, dünən meydanda 5 yaşlı bir uşaq da olub, camaat görüb ki, o, ermənidir, döyə-döyə öldürüblər...


Bütün günü meydanda olduğumdan belə bir şeyin baş vermədiyinə qəti əmin olsam da, məktəbdə belə bir şayiənin yayılmasına görə əsəbiləşərək, nədənsə narahat olmağa başladım. Soruşdum ki, bunu hardan, kimdən eşitmisən? Dedi ki, məktəbdə uşaqlar da, müəllimlər də bundan danışırdılar. Birdən yadıma düşdü ki, şayiəyə əsas varmış, ancaq bu “əsas” məktəbə çatana kimi həddən artıq şişirdilmişdi. Belə ki...



Bir gün əvvəl axşama yaxın Həsən Həsənov Bakıya döndükdən sonra “qorkom”un nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər asayiş keşikçiləri də artıq tribunanın ətrafına yığışmışdılar və tramvayla, avtobusla işdən qayıdaraq yaxından keçənlər də meydana axışmağa başlamışdı. Meydan başdan-başa adamlarla dolu idi. Şəhərin adlı-sanlı, nüfuzlu adamları bir-bir söz alıb, bir qədər əvvəl quraşdırılmış “şnurlu” mikrofona (onun tribunaya qoyulub-qoyulmaması məsələsi “sonrası, nəticəsi necə ola bilər?” tərəddüdü doğuraraq, ciddi müzakirədən keçmişdi) yaxınlaşaraq, meydandakılara müraciətlə Dağlıq Qarabağla, erməni xəyanətkarlığı ilə bağlı öz fikirlərini bölüşürdülər. Birdən diqqətimi izdihamın içində o yan - bu yana vurnuxan 5-6 yaşlarında bir oğlan uşağı cəlb elədi. O, gah birinə, gah da digərinə yaxınlaşıb, diqqətlə baxır, sonra nigarançılıqla aralanıb başqa birisindən yapışırdı. Tribunadan “o uşaq kimindir?” deyə soruşsam da, görünür, səsimi mikrofonla danışanın səsi eşitməz etdiyindən sualıma reaksiya verən olmadı. Odur ki, cəld aşağı düşərək, uşağı böyüklərin arasından tapıb, qucağıma aldım. Soruşdum ki, atan hanı? Ağlaya-ağlaya uşaq səsi ilə dedi ki, “bilmiyəm, atamı tapmıyam”. Yaxınlıqda kimdən soruşdumsa, uşağa sahib çıxan olmadı. Fikirləşdim ki, görəsən, qarışıqlıqdan istıfadə edib, bəlkə uşağı qəsdən “itirmək”, “azdırmaq” istəyiblər? Ancaq nə üçün, nə məqsədlə? Belə gərgin bir vaxtda bu da şübhələrimə səbəb olduğundan, onu tribunaya apardım və şəhərin İcraiyyə Komitəsinin sədri, boyca uca olan Təvəkkül Məmmədovdan uşağı başı üzərinə qaldıraraq, atasının tapılması üçün onu meydandakılara göstərməsini xahiş etdim. Təvəkkül müəllim razılaşaraq, belə də etdi və mikrofonla uşağın kimin olduğunu soruşdu. Bir də gördük ki, bir nəfər izdihamın içərisindən əllərini başı üstündə yellədərək, işarə ilə “mənim oğlumdur” deyib, qaça-qaça gəldi. Uşağı dərhal sevinclə qucağına almaq istədi, ancaq adətən tədbirli və düşünülmüş hərəkət edən Təvəkkül müəllim əvvəlcə ondan, sonra da uşaqdan adını, həm də “sənin atandırmı?” soruşub, əminlik hasil etdikdən və atasını səhlənkarlığına görə ciddi danladıqdan, “dərsini” verdikdən sonra uşağı qaytardı.  


Yəni, məsələ bu cür olmuşdu və uşağın atası da, təbii ki - özü də erməni yox, azərbaycanlı idilər. O balaca oğlanı nəinki döyən, heç çırtma vuran da olmamışdı. Sadəcə hamının diqqəti çıxış edənlərdə olduğundan, ətrafdakılar atasının nəzarətsiz buraxdığı uşağa fikir verməmişdilər.  


Belə olduğu halda, yəni hamının gözü qarşısında baş vermiş bir fakt öz şəhərimizdə, cəmi 200-300 m məsafədəki bir məktəbdə elə özümüz tərəfindən artıq real, müdhiş bir faciə kimi təqdim edilirdisə, onda Sumqayıtın doğum evlərində yeni doğulan erməni uşaqları ilə bağlı daşnakların bütün dünyaya yaydıqları ağlasığmaz, tükürpədici xəbərlərin də necə əsassız olaraq uydurulduğu aydın olur.  


Mədəniyyət sarayının damından Lenin meydanındakı hərəkatı “elə-belə” çəkən erməni fotoqrafı və 50 milyonluq bir xalqa vurulmuş ağır zərbə... 

xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR
18.11.2017, 16:20

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi
18.11.2017, 16:14

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

İki nəfərə “Əməkdar jurnalist” adı verildi
18.11.2017, 16:09

İki nəfərə “Əməkdar jurnalist” adı verildi

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI
18.11.2017, 16:05

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi  
18.11.2017, 15:02

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi  

Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır
18.11.2017, 14:33

Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır

Zakir Həsənov döyüş atışlarını izlədi   
18.11.2017, 13:48

Zakir Həsənov döyüş atışlarını izlədi  

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı
18.11.2017, 13:42

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI   
18.11.2017, 13:40

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI  

Sumqayıtda qadını qətlə yetirən şəxs tapıldı
18.11.2017, 13:33

Sumqayıtda qadını qətlə yetirən şəxs tapıldı

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
18.11.2017, 13:16

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb
18.11.2017, 13:08

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb

Bəzi İcra hakimiyyətləri bələdiyyələri saymır - Deputatdan NARAZILIQ  
18.11.2017, 12:57

Bəzi İcra hakimiyyətləri bələdiyyələri saymır - Deputatdan NARAZILIQ  

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR   
18.11.2017, 12:42

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR  

Sabahın hava PROQNOZU
18.11.2017, 12:21

Sabahın hava PROQNOZU

Hövsanda maşınlardan oğurluq edənlər saxlanılıb - FOTOLAR
18.11.2017, 11:57

Hövsanda maşınlardan oğurluq edənlər saxlanılıb - FOTOLAR

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək
18.11.2017, 11:53

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA   
18.11.2017, 11:48

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA  

Ermənistanı etiraz aksiyaları bürüyür - Orduda baş verənlər cavabsız qalır...   
18.11.2017, 11:43

Ermənistanı etiraz aksiyaları bürüyür - Orduda baş verənlər cavabsız qalır...  

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər
18.11.2017, 11:32

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər

Tanınmış araşdırmaçı Gəncənin icra başçısından kömək istədi   
18.11.2017, 11:23

Tanınmış araşdırmaçı Gəncənin icra başçısından kömək istədi  

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ   
18.11.2017, 10:48

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ  

Azərbaycanda mənasız adətlər niyə artır...   
18.11.2017, 10:29

Azərbaycanda mənasız adətlər niyə artır...  

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng   
18.11.2017, 10:17

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng  

ARXİV