Modern.az

Yazıçılar Birliyi: “Nə yaxşı ki, abidənin sökülməsi ictimailəşdi, yoxsa...”

Yazıçılar Birliyi: “Nə yaxşı ki, abidənin sökülməsi ictimailəşdi, yoxsa...”

Ədəbi̇yyat

1 Mart 2017, 10:20

“Mikayıl Müşfiq komissiyasının da, bütövlükdə Azərbaycan Yazıçılar Birliyinin də bu məsələyə münasibəti sərtdir. Müşfiq Azərbaycanın dəyəridir, dəyərlərə isə toxunmaq olmaz. Məsələ burasındadır ki, mövzu ictimailəşəndən sonra aidiyyati qurum açıqlama verdi ki, onlar bunu pis niyyətlə etməyiblər, guya, orada daha böyük park salınır və Müşfiqin heykəli də həmin parkda olacaq. İstənilən halda, qeyd etmək lazımdır ki, sözügedən heykəlin götürülməsindən Mədəniyyət və Turizm Nazirliyinin də xəbəri yoxdursa, onlara deyilməmiş addım atılıbsa, bu, artıq birmənalı şəkildə özbaşınalıqdır”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar birliyinin Mikayıl Müşfiq komissiyasının rəhbəri, həmçinin, qurumun mətbuat katibi Xəyal Rza bildirib. Onun sözlərinə görə, məsələnin ictimailəşməsi məsələnin daha da kəskinləşməsinin qarşısını alıb:

“Müxtəlif sahələri təmsil edən qurumlar var, əgər bir qurum digərinin sahəsinə müdaxilə edirsə, ondan icazə almalı, rəsmi şəkildə yazışmalar olmalıdır. Danışıqların nəticəsindən sonra ictimaiyyətə də məlumat verilməlidir. Mədəniyyət və Turizm Nazirliyindən icazə almış olsaydılar, işləri daha rahat olardı. Nazirliyin yetkililəri də ictimaiyyəti məlumatlandırar və onlar da bundan narahat olmazdılar. Yaxşı ki, ictimaiyyət var, yaxşı ki bu məsələ ictimailəşdi. Yaxşı ki, yuxarı instansiyalarda buna sərt reaksiya verdilər və bizə məlum oldu ki, Müşfiqin heykəli haradadır. Yoxsa bəlkə də doğrudan da dağıdardılar. Son açıqlamalardan sonra ümidliyik ki, Müşfiqin heykəli layiqli yerinə yenidən qoyulacaq”.

 

Xatırladaq ki, Mikayıl Müşfiqin Bakıda Dövlət Statistika Komitəsinin binası ilə üzbəüz ərazidəki abidəsi “Azəravtoyol” ASC tərəfindən sökülüb.  Adı çəkilən qurum bəyan etmişdi ki, "Sovetski" ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır. Rekonstruksiya işləri yekunlaşdıqdan sonra heykəl əvvəlki yerinə qoyulacaq. Abadlıq işlərindən sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq.

Mədəniyyət və Turizm Nazirliyi isə bəyan edib ki, “Azəravtoyol” ASC Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli şairin Mikayıl abidəsini dağıdıb. 

E.Nazimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir