Modern.az

“Türk Xanədanının İslamı qəbul etməsində Çin faktorunun rolu olub” - MÜSAHİBƏ

“Türk Xanədanının İslamı qəbul etməsində Çin faktorunun rolu olub” - MÜSAHİBƏ

2 Mart 2017, 09:23

Modern.az saytının müsahibi tanınmış şair-publisist, Dünya Gənc Türk Yazarları Birliyi Məsləhət Şurasının başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalıdır.

 

-Əkbər bəy, formalaşma və inkişafında böyük rolunuz olan Dünya Gənc Türk Yazarları Birliyinin ötənilki fəaliyyətini qısaca, necə dəyərləndirərsiz?

-İl şərti bölgüdür, il ilə, gün də günə sığmır bəzən... Bəzən, üzərimizdə olan vəzifələr və özümüzə müəyyən etdiyimiz məsuliyyət, mahiyyət etibarilə ili-günü aşır... 2016-cı təqvim ilindən danışarkən, göz önünə ilk növbədə işıq üzü görən üç kitabımız gəlir. Bu kitablardan birincisi,  “Yeni tatar şeiri antologiyası”dır. Burada  23 istedadlı gənc tatar şairinin şeirlərini azərbaycanlı oxuculara təqdim etmişik. Həmin şeirləri məhz yeni nəsil yazarlarımız bizim dilə çevirib, daha sonra onları   kitab halında çap etmişik. Kitab həm Azərbaycan, həm də Tatarıstanda böyük rezonans doğurdu. Tatarıstanın və bizim az qala, bütün önəmli xəbər portallarında bu barədə informasiya yayımlandı. Antologiya həmçinin, oradakı mədəni qurumlara, Yazıçılar Birliyinə, mədəniyyətlə ilgili təşkilat və idarələrə də  çatdırıldı.

İkinci kitablı layihəmiz isə təkcə Tatarıstan deyil, bütün türk ölkə və topluluqlarına mənsub olan gənclərin şeirlərindən ibarət antologiyadır. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəfis tərtibatda çap edilib.

Üçüncü işimiz isə isə, deyərdim, bəlkə, bunların ikisindən də daha vacib olan “Qəlbdəki və qələmdəki Qarabağ” adlı kitablı layihəmiz oldu. Bunun əsas özəlliyi, soy qardaşlarımızın Qarabağ adı ilə kodlaşan və uzun sürən üzüntümüzə öz ölkələrində hansı müstəvidən, hansı bucaqdan baxmalarına güzgü tutmaqlarını görmək baxımından dəyərləndirilə bilər. Bu üzüntünü bir turist, sıradan insan da  deyə bilər, amma qələm adamlarının – yazarların acımızı dilə gətirməsi bir ayrı anlam daşımaqdadır. Çünki onlar ictimai fikri qidalandıran insanlardı, yazdıqları hər zaman qalır. Həmin adamların oxucuları gələcəkdə də - zaman-zaman onların irsinə müraciət etdikdə, orada “Qarabağ”, “Xocalı”, “Azərbaycan” sözləri keçəcək ki, bu da bizim mənəvi qazancımız, təsəllimizdir...

Adlarını çəkdiyimiz üç kitab müəyyən layihələr çərçivəsində işıq üzü görüb. Hər üç kitab Azərbaycanın sayğılı aydınlarının iştirak və tövsiyəsi ilə ərsəyə gəlib. Bu da Birliyimiz üçün çox qiymətlidir. – Demək ki, bizim layihələrə yalnız Birlik üzvlər deyil, dəyərli aydınlar da diqqət göstərir, öz töhfələrini verir. – bu məqamda, millət vəkili dr. Cavanşir Feyziyevin adını çəkmək istərdim. – Türk dünyası ünvanlı hər üç antologiyamızın “Önsöz” müəllifi Cavanşir müəllimdir. “Türk dövlətləri birliyi” kimi sanballı kitabın müəllifi olan, tanınmış millət vəkilinin ard-arda üç kitabımıza “Önsöz” yazması diqqətəlayiq hadisədir.

 

- DGYTB kitablardan başqa, nə kimi işlər görür? Həmin işlərin faydalılıq əmsalını necə qiymətləndirərdiz?

-Bu layihələrdən başqa ötən il bir çox xarici ölkələrə səfər etmiş, müxtəlif konfrans, festival və simpoziumların iştirakçısı, təşkilatçısı olmuşuq. O cümlədən, ötən il Türk dünyasının mədəniyyət paytaxtı olmuş Şəkidə maraqlı görüş, konfranslarımız olub. Müxtəlif türk topluluqlarından maraqlı qonaqlarımız ölkəmizə təşrif buyurub. Özümüz də  DGYTB olaraq, bəlli ortaq problemləri  müzakirəyə çıxarmışıq. Əlbəttə, müəyyən təkliflər almışıq və bu gün onları dəyərləndirməkdə davam edirik. Onlardan biri də artıq ötən ildən üzərində işləməyə başladığımız “Arxagelsk antologiyası”dır. İnşallah, bu ilin martında antologiyanı yekunlaşdırmağa çalışırıq. Bələ də, bu sizə qəribə gələ bilər: Arxangelsk hara, Bakı hara, DGYTB hara? –  Ədəbiyyatın üfüqü genişdir, söz sənəti çərçivə tanımır. Ümumiyyətlə, biz Azərbaycan yazarı olaraq, öz üfüqi genişliyimizi ədəbiyyatın bütün janr və ünvanlarında tətbiq etmək istəyirik. Ona görə də “Quzey Rusiya şeiri antologiyası” deyə biləcəyimiz bir antologiyanı Azərbaycan oxucularına tanıtmaqla soyuq ellərdə yaşayan insanların isti ürəklərini göstərmək istəyirik. İnşallah, bu kitab işıq üzü görəndən sonra şahidi olacaqsınız ki, uzaq Arxangelskdə bizə nə qədər doğma, yaxın olan insanlar var və onların şeirlərində də bu doğmalıq ifadə olunur. Həmin şeirlərdə, ilk növbədə, sənətin özü və insanlıq  var...

 

-Bugünlərdə mətbuatda yayımlanmış bir müsahibənizdə Azərbaycan oxucusu üçün maraqlı ola biləcək xarici müəllifə məxsus kitabın adını çəkmişdiniz: “Ey insanlar, hamınız türksünüz!” – Həqiqətənmi, bu müraciət doğrudur?

- Amerikada yaşayan Meksika əsilli Gene Matlokun “Ey insanlar, hamınız türksünüz” əsəri 2015-ci ildə dilimizə çevrilərək, Bakıda nəşr edilib. Fürsətdən istifadə edib, əsəri dilimizə çevirən və onu nəşr edən dos.dr. Şəmil Sadıqa təşəkkürümü bildirirəm. Gene Matlokun “Ey insanlar, hamınız türksünüz!” əsərində türklərin, meksikalıların, hind xalqlarının ortaq mədəniyyəti, dili və dini olduğu tutarlı faktlarla sübuta yetirilib; bu üç xalqın (soyun) qədim dilindəki sözlərin qaynağından yola çıxaraq, Tanrının yerə göndərdiyi ən saf millətin türklər olduğunu, onlara verilən ilahi güc və işıq vasitəsilə dünyanın saflaşdırıldığını ilginc şəkildə təqdim edib.

Gəlin etiraf edək ki, bizdən olmayanların – bizimlə eyni dili, dini, düşüncəni paylaşmayanların dedikləri bir başqa məzmun daşıyır, bizdən olanların dedikləri isə tamam fərqli mahiyyət daşıyır. Bizdən olmayanların söylədikləri, dünyada qəbul görməsi baxımından, bəlkə, dərin məzmuna malikdir... Bir var, özün ingilis, fransız və qeyri millətin nümayəndələrinə öz həqiqətini deyəsən, bir də var, bunu hansısa meksikalı həyata keçirə... Bu elə bir böyüklük, gözəllikdir ki, həmin müəllifin qarşısında söz demək üçün, elə onun yazdığı əsər siqlətində nəsə yazmaq lazımdır. Ancaq necə deyərlər, bizim kainatda Günəşdən başqa Günəş yoxdur, kainatın bir Günəşi olar. – Həqiqət də birdir, o enində-sonunda hamının qəbul etməyə borclu qaldığı bir hadisədir. Mən bu səbəbdən meksikalı müəllifin əsərini qeyri-adi hadisə hesab edirəm. Müəllif burada bədii təxəyyülün yox, faktların diliylə danışıb, əsaslandırmalar aparıb. Elə əsaslandırmalar aparıb ki, artıq qarşındakı insanın – oxucunun bu fikirlərə inanmaqdan başqa “çıxış yolu” qalmır... Yenə deyirəm, həqiqət həqiqətdir və həqiqətin Günəşi bir gün mütləq bəşəriyyəti aydınladacaqdır!

 

-Bəs, sizcə, bu gün ən çox diqqət göstərilməli türkoloji problemlər hansıdır?

- Problemlər çözülmək üçün mövcuddur. Onun başqa bir tərifi isə “problem – həlli vacib məsələdir” şəklindədir. Əlbəttə, türkologiya elmi yeni üfüqlər qazanmalıdır. Türk Xanədanının İslam dinini qəbul etməsində Çin faktoru, Osmanlı sarayında, osmanlıcada farscanın gərək olduğundan daha yüksək mövqe qazanmasının qeyri-obyektiv səbəbləri; ərəb və fars dillərinə keçmiş türk sözləri (başqa sözlə, ərəbləşdikdən, farslaşdıqdan sonra yad söz kimi yenidən dilimizə qayıdan doğma sözlərimiz), Çin və Vatikan qaynaqlarında türkcə yazılı abidələrimiz, Çindəki türk piramidaları, İslamın Qafqaza gəlişindən sonra yeni dini qəbul etməmiş türk mənşəli əhalinin aqibəti və s. yeni yanaşmalarla tədqiq edilməlidir.

Bütün bu mövzular nə dərəcədə işlənib? – Əlbəttə, hansısa alimimizin qısa yazısında, məqaləsində bu mövzuya toxunulduğunu deyə bilərik... amma mən daha məzmunlu, iri həcmli tədqiqat əsərinə ehtiyacdan danışıram...

 

-Osmanlıda farscanın önə çıxmasını nə üçün bir problem kimi qabardırsınız?

-Azərbaycan dilinin tərkibində fars sözlərinin gərək olduğundan artıqlığının izahını haradasa tapmaq olar... – Çünki farslarla uzun müddət iç-içə yaşamışıq. Bu da dilimizə, gələnəyimizə, düşüncəmizə  təsirsiz ötüşməyib. Osmanlıda, hələ-hələ İstanbulda, Balkanlarda isə belə bir ortaqlıq və “zərurət” olmayıb...

 

-Aydındır... Amma Azərbaycan dili də həddindən artıq ərəb-fars sözləri ilə mühasirə olunub...

 

-Bizdə ərəb-fars sözlərinin işlənmə intensivliyi milli düşüncəli gənclərimizi xəyal qırıqlığına uğradır. Düşünürlər ki, “dilimizin imkanları bu qədərmi məhdud olub ki başqa dillərdən bunca çox söz almışıq?”. Elə vaxt olub, lüğət fondumuzun az qala, 60-70 faizi ərəb-fars mənşəli sözlərdən ibarət olub. Doğrudur, dəqiq göstərici deyil və bəzilərində şişirdilmiş rəqəm təsiri bağışlayar. Deyək ki, lap 50 faizdir. Bunun özü də həyəcan siqnalına əsas verir! Qeyd etməliyik ki, bütün bunların qeyri-obyektiv, siyasi-ideoloji səbəbləri olub. Bizim iradəmizdən qıraq hadisə olub bu...

Xalqın dövlət müstəqilliyi olmayanda, yaxud milli dövləti olmayanda dil müstəqilliyi də zədələnir və XXI yüzildə biz belə üzüntülərdən danışmaq, yüzillərin üzüntülərini aradan qaldırmaq zorunda qalırıq...

 

-Ötən gün  Od çərşənbəsini qeyd etdik. Bayram ərəfəsində çərşənbələrin türk tarixinə, türklərə heç bir aiddiyyatının olmaması barədə fikirlər səslənir. Bununla nə dərəcədə razısınız?

-Hörmətli alimimiz Güllü Yoloğlu “çərşənbələrin türklərə aidiyyatı yoxdur” tezisini yenidən gündəmə gətirib. Əlbəttə, Gülü xanım sıradan alim deyil, onun türkoloq kimi çalışmalarını təqdir edirik. Bununla belə, başqa dəyər verdiyimiz alimlərin buna qarşı fikirləri də mətbuatda yenidən güncəllik qazanıb. Biz fevralın son iki həftəsində ardıcıl olaraq, “Su çərşənbəsi” və “Od çərşənbəsi”ni qeyd etdik. Yaz girənə qədər sonuncu iki çərşənbə də qeyd olunacaq. Baxın, biz zaman-zaman həm Zərdüştlük – atəşpərəstlik görmüş, həm musəviliklə tanışmış, ardınca, xristi­anlıqdan keçmiş, nəhayət İslam dinini qəbul etmiş, fars, ərəb və rusla iç-içə yaşamış bir xalqıq. Hər fərqli xalqla, gələnəklərlə tanışlıq xalqın yaddaşında iz açıb, yol alıb... Ana bünövrə yerində olsa da, yad təsirlər xalqın şüuruna təsirsiz ötüşməyib. İstər-istəməz fərqli mədəniyyətlər, xalqlar bir-biriylə ünsiyyətdə, qarşılıqlı fikir mübadiləsinə olur. Uzun sözün qısası, şəxsim adına deyim, burda pis bir əlamət görmürəm. Mən də, ev-eşiyimizlə birgə ta uşaqlıqdan çərşənbələri qeyd etmişik. Yaxşı olan nə varsa, o bütün xalqlara aiddir. Hələ elmdə bir şey olmayıb ki, o yalnız bir xalqa qalsın. Hətta, Çinlilər ipəyin sirlərini 2 min ildən artıq gizlətsələr də, sonra o da başqa xalqlara bəlli oldu... İbn Sinanın kəşfləri, Əl Fərabinin fikirləri, Nyutonun qanunları yaşadıqları ölkələr üçün deyil, bütün dünya üçündür. Eləcə də Yeni Gün – Novruz və onun rəmzləri ilə bağlı bütün fərqli fikirlərə baxmayaraq, bir nöqtədə ortaq ola bilərik: əgər xalq bunu könüllü edirsə, xalq buna könlündə yer verirsə, demək, bunun bir “niyə”si var. Çünki xalq ona qarşı olanı bir il, iki il... yaşadar, qeyd edər, amma sonrakı dövrlərdə o tarixin süzgəcindən keçməz. Burada ya İlahi qaynaq, ruh bağı – mistik güc, ya da xalqın öz içindən gələn səs olmalıdır. Bəzən, xalq bayramı, bəzən isə bayram xalqı yaşadır. Mən bunu da qeyd etmək istərdim. Çərşənbələrə münasibətdə daxil olmaqla, fikir müxtəlifliyini təbii qəbul edirəmsə də, deyim, çərşənbələri qeyd etməklə hansısa nöqsana yol vermiş olmuruq...

- Milli bayramdan danışırıq. Amma heç “çərşənbə” sözü də bizim deyil...

-Bununla razıyam. Amma “su”, “od”,  “torpaq” və “yel” sözləri  bizimdir. Onları biz adlandırmış və yaşatmışıq. Həftənin günləri də, aylar da zamanında öz dilimizdə işlənib. 11 il bundan öncə “Altun bitik” adlı kitabımda bu məsələyə toxunmuşam. Amma dediyimiz kimi, fərqli siyasi quruluşlardan keçən, yazısı başqa qələmlərlə yazılan bir xalqa fərqli adlar da keçə bilir. Bu da bizim yaşadığımız gerçəklikdir. Zaman-zaman sular durulacaq...

 

-Folklor və etnoqrafiyamızın təhriflərə məruz qalması bizə nə kimi zərbələr vurdu?

-Folklorumzuda yad elementlər mövcuddur. Bunu etiraf etmək lazımdır. Folklorda variantlılıq var. – Amma bunlar bəzən, yanlışlıqla kitablarımıza daxil olub, aşıqlarımızın dilinə düşüb. Təsadüfü deyil, humanitar elmi fikirdə “Fakelor” anlayışı meydana çıxmışdır – bu folklor mətnlərinə yad elementlərin doldurul­masını, ictimai-siyasi quruluşların öz ideoloji çıxarlarını folklor mətnlərinə daxil etməsi ilə bağlı bir sahədir. Nənəmizin, babamızın danışdığı dastan, qoşma, gəraylı bir qıraqda qalıb, yazıya alınma zamanı oxucuya başqa material təqdim edilib. Bunların bir çoxu məqsədyönlü, bir çoxu isə qayəsizlikdən irəli gəlib. Bütövlükdə götürsək, folklor və etnoqrafiyamızı böyük təhlükə qarşısında görmürəm, yetər ki, fakelorla folkloru fərqləndirə bilək....



E.Nazimoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu