Modern.az

Xəzan vaxtı bahar bilin Ənvəri...

Xəzan vaxtı bahar bilin Ənvəri...

Ədəbi̇yyat

2 Mart 2017, 11:15

Saflaşmaq, durulaşmaq, özümüzə, kökümüzə  - saflığımıza qayıtmaq istəyəndə Ənvər Rzanın şeirlərinə üz tuturam

 


Qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc  belə çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.


Kəlbəcər kimi cənnət-məkan bir diyarda yaşayanların da haqqı yox idi ki, o ecazkar mənzərəli təbiətdən ilham almasın, şeir yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov Tərtər, Tutqu, Qamışlı kimi çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misraları idi: şiş qayalar bu şeirlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»...


Belə bir ilhamverici diyarda doğulub boya-başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də davam edən həmin ənənə sənətkarlıqla davam etdirilir.


Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala, həm də sərvətlər yatağı olduğuna görə ora göz dikmişdi.


Kəlbəcərdə min nəfərdən çox şeir yazmağı bacaran el şairi vardı. Kəlbəcərin 1993-cü ildə erməni daşnaqları tərəfindən işğalı nəticəsində kəlbəcərlilərin məcburi köçkün düşməsi şairlik iddiasında olmayan bir çox yurddaşlarımızı da söz adamına çevirdi. Onların şeirləri mənfur düşmənlərə qarşı sovlu xəncəri, kəsərli söz qılıncıdır.


Kəlbəcərin sazlı-söz diyar olması dəfələrlə təsdiqlənib. Ağdabanlı şair Qurbandan başlayan bu ədəbi  dağlarımız silsilədir: Dədə Şəmşir, Kor Bəsti, Bimar Əli, Ənvər Rza, Firudin, Qəmkeş, Şamil Dəlidağ, Bəhmən Vətənoğlu, Sücayət, Moskvada  bizi, xalqımızın ədəbiyyatını layiqincə təbliğ edən şair Nəsib Nəbioğlu, Yisif  Hüseyn,  Zahid Muxtar, Əlövsət saldaş, Elşən Əzim, nəhayət,  23 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilən, BDU-nun gənc müəllimlərindən biri, şair Ələmdar Cabbarlı (adlarını sadalaya nbilmədiyim el şairlərimiz məni bağışlasın)... kimi şeirdillilərimiz az deyil.


Məqsədim heç də onların ümumilikdə haqqında söz açmaq deyil. Azərbaycan ədəbiyyatı tarixinə adları yazılanlardan biri, könlündəki  silsilə dağlara söykənib, hələ  sovetlər dönəmində  Bakıda gözlərini Kəlbəcərə gedən yollara dikən, ulu yurdu üçün qəribsəyən Ənvər Rza ədəbi simalar arasında özünəməxsusluğu ilə sayılıb-seçildi desək, biz də haqqa tapınmış olarıq.


Şairin  ədəbi bioqrafiyasına qısa nəzər salmaqla fikrimizə, məram və məqsədimizə körpü salmaq pis olmazdı: Ənvər İsmayil oglu Rzayev 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dovlət Pedaqoji  Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişdir. "Goz işığı" adlı ilk şeiri 1962-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilmişdir.1967-ci ildə məzunu oldugu həmin fakültədə müəllim, 1972-ci ildə kafedra müdiri, 1979-ci ildən isə dosent kimi fəaliyyət gostərmisdir.1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuş şairin ömrü də yolları kimi qısa oldu: 1987-ci il iyunun 8-də Moskvada vəfat edən şair-alim vəsiyyətinə əsasən, öz doğma kəndlərində dəfn edilmişdir.


"Göz işığı" adlı ilk şeiri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra o, bədii yaradıcılığa başlamışdır. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edən şair Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarını tərcümə etmiş, "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.


Ənvər Rza  qəlbi poetik duyğularla cilalanmış şair və bacarıqlı tərcüməçi-alim idi. V.Şeksprin, G.Bayronun poemalarını ingiliscədən Azərbaycan dilinə tərcümə etmişdir. Bunlardan başqa, o, S.Vurğunun "Vaqif" dramını ingilis dilinə, G.Bayronun "Çayıld Haroldun Səyahəti" poemasını Azərbaycan dilinə tərcümə etmiş, vaxtsız ölüm imkan verməmişdir ki, onları tamamlasın.


Bəri başdan deyək ki, şair o bəxtəvərlərdən deyildi ki,  “Seçilmiş əsərləri” cild-cild nəşr edilib kitabxanalarda oxucu gözləsin.

 


Kitablarının sayına yox, şeirlərinin sanbalına görə sevilən şair

 

Ənvər Rzanın cəmi 4-5 kitabı (“Sənsiz” (1969), “Könlümə bahar düşüb”(1970), “Nə yaxşı görüşdük”(1985), “Bəxtəvər dustaq”(şeirlər və poemalar,1994) və “Kəlbəcərə gedən yollar”(2010)) nəşr edildi ki, onun da ikisini özü  görmədi.


Şairin sonuncu “Kəlbəcərə gedən yollar”ında demək olar ki, şairin külliyyatı toplanmışdır. Sağlığında o qədər də səxavətlə nəşr edilməyən bütün şeiri, poemaları, həmçinin ingilis dilindən birbaşa tərcümələri də bu kitabdadır. Canlı xalq yaradıcılığının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şairin əsərləri əbədiyaşar ədəbi bir irsdir.


... Ənvər Rza yaradıcılığına ilk dəfə ayna tutduğum günlərə indi əlim yetmir, çünki həm dünənimizdə, həm də Kəlbəcərimizdə qalıb. Şairin yaradıcılığı ilə tanışlıqdan sonra onun poetik dünyasına bağlılığımın müəyyən səbəbləri var ki, onlardan biri daha məhrəm və mənim üçün müqqəddəsdir. Mətbuata yeni gəlişimin sınaqlarından biri ilə “imtahan” verəsi oldum. Redaktor tapşırığı idi: “Ənvər Rzanın mart ayında doğum günüdür, qələmini və sözünü sınamağa, özünü  və imzanı təqdim etməyə fürsətdir”. Bu tapşırığı Kəlbəcərdə çıxan “Yenilik” qəzetinin redaktoru Zimistan Həsənovdan alanda həm sevinmiş, həm də bir az çəkinmişdim. İlk dəfə belə bir sevimli, dünya şöhrətli alim-şairin yaradıcılığından həm də ruhi, duyğulu, lirik lövhəli məqalə yazmalı idim. Şeirlərini əzbərdən bilirdim, ruhoxşayan duyğuları ilə baş-başa qalan gecə yuxularıma gəldi şair. Amma özü yox idi, yazı masası, ailə-uşaqları və son beyti yarımçıq qalmış bir şeiri ağ kağızda qaralırdı. Amma sonuncu dəfə  acı tüstüsünü təşnə sinəsinə çəkdiyi siqareti külqabında tüstülənirdi.  Ömür-gün yoldaşı Filyar xala şairin gödəkcəsini çiynimə atıb, qələmi mənə verib deyirdi: “Bax, sonuncu  şeirinin son beytidir, yarımçıq qalıb, ömür-günü kimi…”.


Könlümə-gözümə, sözümə yazılan Ənvər Rza haqqında ustad Aşıq Qəmkeş Allahverdidən, şair müəllimim İdris Verdiyevdən, Ənvər Rzanın bacısı oğlu Bahadur Sadıq oğlundan (sonralar isə  Azərbaycan Dillər Universitetinin müəllimi Səfər İsgəndərlidən, daim yana-yana danışan “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdan, şair-alim Adil Cəmildən,  filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlidən, Yusif  Hüsyndən, mətbuat kapitanlarımızdan biri, Parlament Jurnalistlər Liqasının prezidenti, “Modern.az” saytının qurucusu və rəhbəri, Rəlbəcər təəssübkeşli həmkarım Elşad Eyvazlıdan,  alim-şair, Ənvər Rzamızın doğması olan Mirvari Verdiyevadan, aşıq Ədalət Dəlidağlıdan, Balabançı Nəcəfdən…) eşitdiklərim şairi mənə  bir az da sevdirdi. Hələ dərs dediyi, Gədəbəydən bir kasıb tələbəyə necə atalıq qayğısı göstərdiyini demirəm. Bir sözlə, şair, alim, müəllim, nəhayət, əsl vətəndaş, Kəlbəcər vurğunu, təbiətin bir parçası olan Ənvər Rzaya Dəlidağ kimi baxdım. Onu Tərtər kimi gahdan kükrəyən, gahdan da dərin dərələrə nəğməsiylə layla çalan gördüm. Obrazını sözlə cızmaq hər qələm sahibinin gücündə deyil axı.


Ona görə də istəyirəm ki, Əlövsət müəllimin fikirlərinə söykənim. Deyir ki, “Ənvəri yadına salırsanmı heç”?  Bu  sərlövhə ilə yazısını oxumaq olmur Əlövsət müəllimin. Açığı, göz yaşlarıma hakim kəsilə bilməyib sona kimi oxuyuram. Öz yazımı yarımçıq saxlamaq istəyirəm, Ənvər Rzanın qısadan-qısa, lakin dərin mənalı, nakam ömrü kimi. Nə yaxşı ki, qədirbilənlərimiz az  deyil. Əlövsət müəllim deyir ki, cəmi üç dəfə görüşü olub şairlə. Hər üçü də qəlbinə ən əziz  və unudulmayacaq xatirə kimi yazılıb: “Azərnəşr”də, evlərinin yanında və… Moskvada, ömrünün son günlərini saydığı, amansız və zamansız ölümlə pəncə-pəncəyə gələndə. Yaza bilmirəm həmin anları. Əlövsət müəllimin  oxuduğum yazısında “Ənvəri yadına salırsanmı heç?” sualına rast gəldim. Həmin cümlə şairin şeirlərindən birinin misrası olsa da, onu xalqımızı və dövlətimizi uzaq ellərdə, Buxarestdə diplomat kimi layiqli təmsil edən, Ənvər Rza poeziyasının (həm də yalnız onun yox, ümumiyyətlə, Kəlbəcərin sanballı söz sərraflarının) vurğunu olan Eldar Həsənov Ənvərsizləşəndə və kəlbəcərsizləşəndə Əlövsət müəllimə telefonla deyib. O isə  bir kövrək yazını qələmə alarkən xəyalında Kəlbəcəri dolaşıb gəlib: “…1959-cu ildə institutun 3-cü kursunda oxuyan zaman yazdığı şeirdəndi bu başlıq.Təsadüfü seçmədim. Nə çoxdu başlığa şıxarmağa misraları... Yuxusuz gecələrimizin (onsuz da Kəlbəcərin işğalından sonra bütün kəlbəcərlilərin, demək olar ki, heç yuxulu gecələri olmur ) birində uzaq Buxarest şəhərindən zəng gəldi. Eldar müəllimin zəngi idi. Rumıniyadakı səfrimizi deyirəm.


…Bir dəfə Bakıya gələndə möhkəmcə utandırdı məni. Təkcə mənimi? “Haqsız” deməyə də dilim gəlmir. Haqlı idi. İş yerimə gəlmişdi. Otağımdakı kitablara baxanda soruşdu ki,

 

 

Ənvər Rzanın təzə kitabı gözümə dəymədi”

 

Ani olaraq özümü itrən kimi oldum, bir müddət üzümü yana çevrib nə cavab verəcəyimi düşünməyə də macal vermədi: “Başa düşdüm, təzə kitabı yoxdur. Üzünüz ağ olsun. Nəyi var yığın bir kitaba. Mən səfir maaşımla çap etdirərəm”.


Heç bir cavab verə bilmədim, tapşırığına əməl eləməməyə haqqım yox idi.


Bəli, bu  “qınaq”dan hər bir kəlbəcərliyə pay düşürdü. Lakin Əlövsət müəllim bu dəfə də Ənvər Rza poeziyasına vurğunluğunu hamımızdan öncə təsdiqləmiş oldu: “Kəlbəcərə gedən yollar” kitabı “Azərnəşr”də çapdan buraxıldı.


Şairimizin adlarını yuxarıda çəkdiyim kitablarının hər birini, sadəcə, vərəqləməmişəm. Ənvər Rza şeirlərinin dillər əzbər olmasına kimsənin şübhəsi varsa,  ən azı, kəlbəcərliləri dilləndirsin! Lakin bu yazını qələmə almaq üçün şairin 1994-cü ildə “Azərnəşr”də   oğlu Pərvizin tərtibçiliyi, Əlövsət Ağalarovun redaktorluğu ilə işıq üzü görmüş “Bəxtəvər dustaq” kitabını yenidən vərəqləməli oldum, kifayət edirdi. Kəlbəcərdən didirgin düşdüyümüz 24 il ərzində bəlkə də şair bu qədər mənə doğma olmamışdı. Göz yaşlarımla suladığım hər səhifədən dağçiçəyi, novruzgülü, nərgiz, bənövşə cücərirdi, inanın... Kəlbəcərin bu məsum baxışlı çiçəkləri də Ənvərsizləşib elə bil, solğun idilər. Amma şeirləri elə təzətərdir ki:

Yaddışımı xatirələr kötüklər,

Yaddaşımda pöhrələnər kötüklər.

Qayıdanda yol verməyə gədiklər,

Bir bəxtəvər dustaq olam dağlara.

Aman Allah! Bakıdan Kəlbəcərə - ata yurduna dönəndə imana-dinə gələn şair geri qayıtmamaq üçün özünə ölüm diləyirmiş.  Hələ bir siz şair fəhminə, duyumuna baxın: dağların yağı əlinə keçəcəyini o  zamanlardan hiss edirmiş:

Dağlar oğlu, dağa qoyma yağını,

Aldatdılar, uzaq sandıq yaxını.

Əritmişəm ürəyimin yağını,

Ay batanda çıraq olam dağlara.


Əlövsət müəllim düz yazıb ki, Ənvər Rza Azərbaycan və ümumən bütün türk dünyasının böyük şairidir. Həmin kitabın ön sözüni şirin söhbətləri, şeiriyyəti, söz xəzinəsi incilərindən ərmağanları qalmış Məmməd Aslan yazıb: “Quzeydə qar sulandı”. Yenə də orijinal deyim, yenə də tapıntıı, yenə də Məmməd Aslan özünəməxsusluğu. Xatırlayıram ki, şair Yusif Hüseynin kitabının ön sözünə də qeyri-adi bir sərlövhə seçmişdi: “Qarəməngül”. Amma açmasında yazmışşdı ki,  mart ayında qarı deşib boylanan həmin gülə  Kəlbəcərdə peşəməngül də deyilirdi. Yusifi isə həmin gülə bənzədir, lakin onun dərdi eləcə əmib boylanan, böyüyən kimi təqdim edirdi:

Quzeydə qar sulandı,

Ürəyim qarsılandı.

Yaz gəlməyib, yalandı,

Anamsız da yaz olar?!


Ənvər Rza ruhunu hiss etdinizmi? Təbiəti də doğma anası kimi sevən şair anasızlığın ağrı-acısını şeirə görün necə gətirib?

 


Nə yaxşı görüşdük, nə yaxşı yenə!

 


Dağlar mövzusu  Ənvər Rza poeziyasının ana xətti olub. Şəhərdə kənd üçün qəribsəyən Ənvər müəllimin burnunun ucu bilirsiz nələrdən ötrü göynəyirmiş? Doğulduğu el-oba, uşaqlığı, sadə insanlar, qohumlar-dostlar, ana təbiətin füsunkar guşələri...

Bu da yəhərləyib mindiyim boz daş,

Kövrəlmə, ürəyim, tab gətir, tablaş.

Ömrümün ləzzəti a köhnə dam-daş,

Nə yaxşı görüşdük, nə yaxşı yenə!



Nəyə vurğun olubsa onun poetic ifadəsini  elə verib ki, qəlbimizə, köksümüzə bulaq suyu kimi süzülüb:

Vurğundur buy ala, yamaca Ənvər,

Meyl edər yarpıza, umaca Ənvər.

Ay quzu otaran balaca Ənvər,

Nə yaxşı görüşdük, nə yaxşı yenə!


Əlövsət müəllimin fikirləri bu şeirin ən gözəl təhlilidir: “Doğulduğu kəndin saf havasını udub, təmiz suyunu içib, aydın səmasını seyr edib, səmimi ata-ana tərbiyəsi alıb. Halallığı, düzlüyü Kəlbəcərin sıldırım qayalarından, möhtəşəm dağlarından, zəngin insanlarından öyrənib. Məkan və zaman baxımından işlədiyi dövrdə ətrafdakıların çoxu minbir oyundan çıxır, tələbənin valideyini ilə, “dil tapıb” qəbul pulu, semestr haqqı yığır, Ənvər isə bunlara maaşına rəğmən alın təri ilə qazandığı halal pulla balalarını birtəhər dolandırırdı. Ayrı cür olsaydı, müalicəyə getməzdən bir-iki gün qabaq nəşriyyata təqdim etdiyi əlyazmasını dostlarına verəndə “bundan başqa bu yazıqlara heç nə qoyub getmirəm. Nəşr etsəniz yenə bir-iki ay güzəranları babat keçər. Atamız bizi yetim qoyub getdi, mən də bu coluq-cocuğu. Özü də gündəlik ruzi qazandım onlara, ayrı heç nə artıra bilmədim. Eləcə qursaqlarını halallığa öyrətdim”, -deməzdi”.


Məhz elə buna görə də ailəsi – sədaqətli ömür-gün yoldaşı Filyar xala da, qızı Sevinc də, oğlanları Pərviz, Araz, Ceyhun da Ənvər Rza kimi halal yaşamağa vərdiş edib, Ənvər adına layiqdirlər. Hələ istəkli qaynı - dayısı oğlu, gözəl cərrah, kəlbəcərlilərin o ağır günlərində çıraq işığına neçə-neçə əsgərimizi, komandir oğullarımızı amansız  və vaxtsız ölümün pəncəsindən xilas edən Əli Müseyib oğlunu demirik...


Ənvər Rza poetikasının özünəməxsusluğu bir də ondadır ki, şairin şeirlərinə bəstələnən mahnılar zaman keçdikcə  sanki müasirləşir, gənc nəslin ruhunu oxşayır və dillər əzbərinə çevrilir. Mərhum müğənnimiz Nəzakət Məmmədovanın ifasında “Elə baxma…” mahnısı isə özgə bir ovqat yaradır insanda. Baxışların söhbəti, sevginin, lal məhəbbətin tərənnümü dinləyicidə bax elə həmin müqəddəs anları yaşadır.


Nəhayət, onu da deməyi borc bilirəm ki, bu sətirləri ağ kağıza köçürməmişdən bir gün öncə Nazirlər Kabinetindən  gələn zəng məni həm diksindirdi, həm də kövrəltdi. Ənvər Rza poeziyasını sevən, Kəlbəcərin ədəbi mühitinin təbliğində yorulmayan, kəlbəcərlilərin didərginlik illərində daim yanlarında olan, dərdlərini bölüşən Qurban Sadıqov idi bu dəfə zəng edib şairin doğum gününü unudub-unutmadığımızı soruşan. Sağ olsun. Amma bilmirdi ki, şairin “Kəlbəcərə gedən yollar” şeiri ilə mən onsuz da bir mənəvi yol başlamışdım, üzü dağlara.


Kəlbəcərin həsrətindən qovurulan şair onun yollarını elə incə notlarla təsvir edir ki, sanki qoşulub onunla o dağlara gedirsən. Amma birdən fikrin dolaşır, dumana düşüb azırsan. Haralardan keçib getmir ki, bu yollar:

Min bulaqdan içib gedir,

Qayaları biçib gedir.

Ürəyimdən keçib gedir,

Kəlbəcərə gedən yollar.


“Qala dərdim” kitabımda şairin bu şeirinə üz tutub yazdığım “Kəlbəcərə gedən yollar” rədifli gəraylı ilə fikrimə nöqtə qoyur və Ənvər Rzaya bir daha əbədilik, ölməzlik, kəlbəcərsizliyə dözməyənlərə isə həsrətlərinə son qoyulmasını arzulayıram.

Yazda əriş-arğac olur

Kəlbəcərə gedən yollar.

Yayda örüş-arxac olur,

Kəlbəcərə gedən yollar.

(Ənvər Rza)

 


Gör neçə ildi bağlıdır,

Kəlbəcərə gedən yollar?!

Sinəmiz kimi dağlıdır

Kəlbəcərə gedən yollar.

 

Haçalanmır neçə kəndə,

Yolçusu yox bircə bəndə.

Bir yaxşı bax, gör nə gündə,

Kəlbəcərə gedən yollar.

 

Düşməni azdıra bilmir,

Qəbrini qazdıra bilmir,

Yazısın yozdura bilmir

Kəlbəcərə gedən yollar.

 

Ot basıbdı, yoxdu izim,

Qırılıb taqətim, dizim,

Qurban olum sizə özüm,

Kəlbəcərə gedən yollar.

 

Sizdən keçib atam, anam,

Sizdən keçib, bacım, sonam,

Sizdən ötrü xəstə canam,

Kəlbəcərə gedən yollar.

 

Yox, deyəsən belə olarsa dağların bəxtəvər dustağının ruhu bizdən inciyər. Elə ilk və son söz də Ənvər Rzamızınkı olsun:

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,

Mən bu dərdi oxlamağa gəlmişəm.

Yazda nə var, yaylaqların payızda,

Vəfasını yoxlamağa gəlmişəm.

 

Susuzyurdum tək məcməyi, tək sini,

Şair kimi sözlə hörüb köksünü.

Gözlə çəkib bu dağların əksini,

Ürəyimdə saxlamağa gəlmişəm.

 

Göy təpələr sarı örpək bürünür,

Duman, çiskin ayağıma sürünür.

Ata yurdu, qardaş yeri görünür,-

Bir doyunca ağlamağa gəlmişəm.

 

Naxış olur biçinçinin hər vəri,

Qızıl payız ilhamımın sərvəri.

Xəzan vaxtı bahar bilin Ənvəri,-

Dağ çayıyam, çağlamağa gəlmişəm.

 

Məhəmməd NƏRİMANOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?