Modern.az

Ramil Usubov: "Azərbaycanda xaos və anarxiyaya imkan verilməyəcək"

Ramil Usubov: "Azərbaycanda xaos və anarxiyaya imkan verilməyəcək"

5 Aprel 2011, 19:45

Aprelin 5-də Daxili İşlər Nazirliyində «Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili»nin və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə Modern.az saytına DİN mətbuat xidmətindən məlumat verilib.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. O, əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rolunu nəzərə çatdıraraq bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, insanların hüquq və azadlıqlarının, həyat və sağlamlığının, milli genofondun qorunmasında, eləcə də ağır cinayətlərin və əməliyyat şəraitinə neqativ təsirin qarşısının alınmasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ixtisaslı mübarizənin başlıca şərtlərdən olmasını qeyd edən nazir bu sahədə qarşıda mühüm vəzifələrin durduğunu, son illər işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin mövcud reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu vurğulayıb.

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov məruzə ilə çıxış ediblər.                

Məruzələrdə və məruzəətrafı çıxışlarda görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr qeyd olunub.

İclasa yekun vuran nazir məruzə olunun məsələlərlə bağlı Kollegiya iştirakçılarının diqqətini qarşıda duran vəzifələrə yönəldib.

Bununla bərabər, general-polkovnik Ramil Usubov cinayət hadisələrindən zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanın ibtidai istintaq prosesində ödətdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün tədbirlərin görülməsinin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yol verən əməkdaşlar barədə ən ciddi ölçülərin götürülməsinin vacibliyinə toxunaraq bu istiqamətdə fəaliyyətin davamlı şəkildə həyata keçiriləcəyini nəzərə çatdırıb.

Həmçinin, son günlər şəhər İcra hakimiyyətilə razılaşdırmadan paytaxtın mərkəzi küçə və meydanlarında qanunsuz aksiya keçirməklə və polis əməkdaşları ilə bilərəkdən qarşıdurmaya getməklə ictimai asayişi, sabitliyi pozmaq niyyəti güdən bəzi radikal müxalifət partiyalarının və ayrı-ayrı təşkilatların pozuculuq fəaliyyətinə toxunan Ramil Usubov bu  qəbildən olan sonuncu mitinqə cəhdin təşkilatçılarının cəmiyyətdə heç bir sosial bazaya malik olmadığını, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin prezidentin ətrafında sıx birləşdiklərini, onun məqsədyönlü, uğurlu daxili və xarici siyasət kursunu tam dəstəklədiklərinin bir daha təsdiqləndiyini vurğulayıb.

Nazir müstəqil  Azərbaycanı kimlərinsə xaos və anarxiya girdabına yuvarlamasına, respublikamızda qarşıdurma yaratmasına imkan verilməyəcəyini, bunun üçün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının bütün zəruri tədbirləri görəcəyini bir daha bəyan edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi