Modern.az

Misir Mərdanov Merdan Tufanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Misir Mərdanov Merdan Tufanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

6 Aprel 2011, 11:23

Təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan Tufanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə nazirliyin mətbuat xidmətindən Modern.az saytına məlumat verilib.

Tədbirdə çıxış edən M.Mərdanov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluq, qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkən nazir yaradılmış əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra təhsil naziri bu günlərdə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim və Tərbiyə Kuruluna ezam olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin uğurlu səfəri və onların səmərəli təcrübə mübadiləsi apardıqları barədə danışıb. Səfərin dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi məqsədi daşıdığını qeyd edən nazir nümayəndə heyətinin keçirdiyi görüşlərin gələcəkdə bu istiqamətdə aparılacaq işlərdə mühüm rolu olacağını bildirib. Təhsil naziri, həmçinin Azərbaycan və Türkiyə Təhsil Nazirliyi müvafiq qurumlarının dərsliklərin hazırlanması proseduru və onların qiymətləndirilməsi ilə bağlı son 3 il ərzindəki əməkdaşlığından razı qaldığını vurğulayıb.

Türkiyənin Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan Tufan səmimi qəbula və münasibətə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərində təhsil sahəsinin xüsusi yeri olduğunu qeyd edən qonaq bu görüşün qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini inamla vurğulayıb.

Rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri, burada çalışan əməkdaşların vəzifələri, müxtəlif fənlər üzrə komissiyalar barədə məlumat verən Merdan Tufan, eyni zamanda birgə işlərin davam etdirilməsi istiqamətində bundan sonra da lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə o da qeyd olunub ki, Türkiyə Respublikası nümayəndə heyəti ilə dərslik komplektlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi və bu kimi digər məsələlərlə bağlı müvafiq iş aparılacaq.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir