Modern.az

Dəlidağın nəğməkar şairi

Dəlidağın nəğməkar şairi

Ədəbi̇yyat

5 Mart 2017, 11:12

 

Cabbarov Əyyub İmran oğlu ( Dəlidağın nəğməkar şairi) 1937-ci il mart ayının 5-də Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Hələ gənc yaşlarından lirik şeirlər müəllifi kimi məhşurlaşmışdır. Məhşur "Əyyub və Sənəm" dastanı hələ sağlığından aşıqların dillərinin əzbəri olub. AYB-nin üzvüdür. "Ayrılıq günahdan qabağa düşdü", "Günahlı dünya", "Ay arxadan baxan illər", "Duz yüklü ömür karvanı" kitablarının müəllifidir.
Halhazırda Gəncə şəhərində yaşayır.

 

 

MƏHƏBBƏTİMDİ

Buludsuz səmada səhər doğan gün,
Mənim sənə olan məhəbbətimdi.
Asimandan baxıb bədirlənən ay,
Mənim sənə olan məhəbbətimdi.

Şirin-şirin yatan körpə yuxusu,
Budağında qızılgülün qoxusu,
Sənin öz gülüşün ürək dolusu,
Mənim sənə olan məhəbbətimdi.

Dolu buludlardan bahar yağışı,
Çəmənlikdə çiçəklərin naxışı,
Bulaq səsi, bənövşənin baxışı,
Mənim sənə olan məhəbbətimdi.

Əyyuba şahiddi bu oba, bu el,
Yönüm hara düşsə qarşıma sən gəl.
Kamançada "Segah", sazda "Sarıtel",
Mənim sənə olan məhəbbətimdi.

Sən

Deyirsən ki, həmən mənəm, yaxın gəl,
Bu gün sən deyilsən, o dünənki sən.
Məni dəyişəndən dünya varına,
Silindin qəlbimdən o gündən ki sən.

Dövlət əl çirkidi, bir zaman gələr,
Bir xalnan yox olar, bir xalnan gələr,
Xoşbəxtlik ağılnan, kamalnan gələr,
Onu itirmisən əlinnən ki, sən.

Gəl səni qaytarım bir ötən günə,
O gün ki, səni də saldı düyünə,
Tutdum əllərindən, yalvardım sənə,
Ayrılaq söylədin dilinnən ki, sən.

Gördüyün halıma yanarsan dedim,
Gəzdiyimi xilqətində görmədim,
Endim ayağına, kömək istədim,
Zövq aldın gözümün selinnən ki, sən.

Yadındamı o solğun ay, o bahar,
Yadındamı Əyyub çəkən ağrılar,
Yadındamı Qəmli bulaq, Xan çinar,
Şahid həmən şahid, sən o deyilsən.

Qovağın

Bir gözəlin adın yazdım bıçaqla,
Dayanmadı zümzüməsi qovağın.
Bir gün dedim:"O qız əhdin itirdi",
Batdı o zamandan səsi qovağın.

Yarpaq saldı, köklərindən laxladı,
Günahkar tək yarasını yoxladı,
Qabar tutdu, qızın adın saxladı,
Dilə düşdü şikəstəsi qovağın.

Bar vermədi o zamandan qovaqlar,
Əsirgədi bəhrəsini qovaqlar,
Bir-birinə pıçıldadı, yarpaqlar,
Sərin çəkdi öz kölgəsi qovağın.

Bir gün gedib kölgəsində dayandım,
Əyyub vuran yarasından utandım,
Vidalaşıb, dörd yanına dolandım,
"Getmə" dedi hənirtisi qovağın.

Sənəmi 50 yaşında görəndə

Məni körpəlikdən, ay zalım Sənəm,
Ovsunlamış göz könlümdə qalıbdı.
Hələ deyirsən ki, nədən tanıdın,
Nə vardısa düz könlümdə qalıbdı.

Deyirsən ki, yenə mənə şer yaz,
İndi hər nə yazsam, o Sənəm olmaz,
O vaxt "əmi" dedin, bu vaxt "utanmaz",
İncidiyim söz könlümdə qalıbdı.

Nə qalıbdı sənə qurban olmalım,
Əgər gülsən, gülməlidi bu halım,
Sənin saçın ağdı, mənim saqqalım,
Gizlədiyin köz könlümdə qalıbdı.

Elə baxdın, sanki bir sabahdı o,
Yaman gəldi ömrümüzə bivaxt o,
Nə sən Sənəm, nə mən Əyyub, nə vaxt o,
Hər nə qalıb-öz könlümdə qalıbdı.

Sənəmi

Əziz qardaş adım çıxdı yadımdan,
Dəlidağda elə gördüm Sənəmi.
Bir göz atdım toxunmadı nişana,
Dedi yeri qocalmısan sən, əmi.

Dedim ay qız hardan belə gözəlsən?
Bəlkə enib səmalardan gəlmisən?
Göz tikib üzünə dedim gözəlsən,
Gülüb dedi dərdi qalıb sənəmi?

Dedim: A mürvətsiz umacağım var,
Dedi: Kəsə danış sözünü qurtar,
Dedim: Göz vurmuşam özümə qaytar,
Dedi: Əyyub gəl aldatma Sənəmi.

Ana

Ölmə! torpaqlara vermərəm səni,
Yerin qollarımın arasındadı.
Təbii sularla yumaram səni,
Suyun gözlərimin qarasındadı.

Atamın məzarın əlimlə yardım,
Torpağında sənə çarə axtardım.
Dolanardım, dərmanını tapardım,
Bilsəydim dünyanın harasındadı.

Boğazımda qəhər, qəlbimdə kədər,
Sənsiz bu dünyadan dilim dərd əmər.
Əyyuba kim yanar sən yanan qədər?
Ananın ürəyi balasındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!