Modern.az

Salyan deyəndə ilk yada düşən nə olur...

Salyan deyəndə ilk yada düşən nə olur...

6 Aprel 2011, 13:00


Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar. 
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. 
Bu dəfə də müsahiblərimizdən Salyan rayonu ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Jurnalist, millət vəkili, siyasətci, yazıcı, QHT nümayəndəsi Salyanı hansı xüsusiyyətinə görə tanıyır? Onların cavabları...

“İfrat dərəcədə qonaqpərvərdir”

“Milli.az” portalının redaktoru Elçin Alıoğlu ilk müsahibimiz oldu. Deyir ki, o, Salyanda çox olub: “Bir çox insanlarda yalnış olaraq belə bir fikir var ki, Salyanda istirahət etməli, gəzməli yer yoxdur. Amma mən belə deməzdim. Salyan rayonu gözəldir, xüsusilə insanları”.

E.Alıoğlunun sözlərinə görə, rayonda olan Kür qovşağı bu rayondakı gözəl yerlərdəndir.

“Salyan rayonunun insanlarını fərqləndirən xüsusiyyət varmı” sualına E.Alıoğlu “insanları həddindən artıq qonaqpərvədir. Qonaqpərvərlik isə gözəl xüsusiyyətdir deyə cavab verdi. Daha sonra əlavə etdi: 
“Düzdür, qonaqpərvərlik gözəl şeydir. Amma bu Salyanda ifrat dərəcədə özünü göstərir. Məsələn, kiminsə qolundan tutub “bizə getməsən inciyərəm” deməsi bir o qədər də yaxşı hal deyil”.

“Maraqlı ləhcələri var”

"Salyan rayonu deyəndə ağlınıza nə gəlir" sualına “Azad İqtisadiyyata Yardım" İctimai Birliyinin rəhbəri Zöhrab İsmayılov heç fikirləşmədən "balıq" deyə cavab verdi. Onun sözlərinə görə, bu rayon olduqca maraqlıdır: “Çox maraqlı rayondur. Buranın çox gözəl narı olur”.

Müsahibimiz hesab edir ki, balıq və nardan əlavə "Salyan" deyəndə cənub rayonlarımız da onun yadına düşür:  “Çünki cənub rayonlarına məhz bu rayondan keçən yol vasitəsilə gedirik”.

Həmsöhbətimizin sözlərinə görə, Salyan camaatının maraqlı ləhcəsi var: “Onların danışığına fikir verəndə görürük ki, təmiz türk ləhcəsində danışırlar. Əhalinin tərkibinə fikir verəndə də bunu aydın şəkildə görmək olur. Belə ki, buradakı insanların tərkibi 100% türklərdir”.

Z.İsmayılov ”imkanım olsaydı Salyana gedib balıq yeyərdim. Çünki buranın ən maraqlı yeməyi məhz budur”-deyə, əlavə etdi.

“Salyanlılar mərd olur...”

Şair İlham Qəhrəmanın sözlərinə görə, Salyan daha çox kəhrəba üzümü və balığı ilə məşhurdur: “Bu iki amilinə görə də Salyan yaddaşımda qalıb. "Salyan" deyəndə ilk bu iki şey yadıma düşür”.

Digər tərəfdən, Salyan görkəmli insanları ilə də İlham Qəhrəmanlının yaddaşına həkk olub. Xəlil Rza Ulutük də onların sırasındadır: “Salyanda xeyli sayda görkəmli insanlar olub. Onları da xatırlayıram. Adı indi yadımdan çıxıb, çox görkəmli insan idi, Salyanın şeyxülislamı olub, onu xatırlayıram. Xəlil Rza Ulutürkü xatırlayıram”.

Salyan sakinlərini fərqləndirən xüsusiyyətə gəlincə, müsahibimiz hesab edir ki, salyanlılar daha çox mərd olur: “Salyanlıların xüsusi bir keyfiyyətinin olub-olmadığını deyə bilmərəm, ancaq bu rayondan çoxlu dostlarım olub, onlarda bir keyfiyyət müşahidə etmişəm, mərd olurlar”.

“Balıq, üzüm, pambıq xatırlayıram”

Millət vəkili Musa Qasımlı isə hesab edir ki, Salyan rayonun adı çəkiləndə öncə balıqçılıq, üzümçülük və pambıq yada düşür: “Bu rayonun zəhmətkeş insanları da Salyan rayonunu mənə xatırladır”.

"Salyan rayonunun insanları hansısa xüsusiyyətinə görə digər rayonların insanlarından fərqlənirmi" sualına isə müsahibimizin cavabı belə oldu: “Hamı Azərbaycan insanıdır”.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı