Modern.az

Ermənistanda siyasi vəziyyət GƏRGİNLƏŞDİ - Müxalifət seçki kampaniyasına ittihamlarla başladı  

Ermənistanda siyasi vəziyyət GƏRGİNLƏŞDİ - Müxalifət seçki kampaniyasına ittihamlarla başladı   

5 Mart 2017, 21:47

Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, martın 5-də işğalçı ölkədə seçkiqabağı təşviqat kampaniyasına  start verilib.

Kampaniyada iştirak edən siyasi qurumlar martın 5-də həm də Mərkəzi Bankda parlament seçkilərində iştirak üçün qeydə alınmış seçkiqabağı fondlarını açıblar.

 

Ermənistan Mərkəzi Seçki Komissiyası bildirib ki, qeydiyyata alınmış bütün 5 partiya və 4 seçki bloku Mərkəzi Bankda seçkiqabağı fond açıblar.

Bunlar hakim Respublikaçılar Partiyası, "Daşnaksütyun", "Azad demokratlar", "Erməni dirçəlişi" və Ermənistan Kommunist partiyalarıdır.

Ermənistan parlamentinə düşmək uğrunda mübarizə aparan bloklar isə bunlardır: "Çıxış Yolu" bloku (təsisçi – "İşıqlı Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan), "Tsarukyan" bloku ("Çiçəklənən Ermənistan" partiyasının sədri Gagik Tsarukyan), "Оhаnyan-Raffi-Oskanyan" bloku (keçmiş müdafiə naziri Seyran Ohanyan, eks-xarici işlər naziri Vardan Oskanyan və "İrs" Partiyasının lidei Raffi Ovanisyan) və "Erməni Milli Konqresi"-Ermənistan Xalq Partiyasının bloku (keçmiş prezident Levon Ter-Petrosyan).

Partiyalar və seçki blokları deputatlığa namizədlərin siyahısını proporsional sistem üzrə təqdim ediblər.

Ermənistan mətbuatı və sosial şəbəkələrdə verilən məlumatlardan aydın olur ki, ölkədə seçkiqabağı təşviqat kampaniyası ciddi rəqabət şəraitində keçəcək.

Müxalifət hərbçiləri, pensiyaçıları və erməni anaları ələ alır

Martın 5-də təşviqat kampaniyasına start verən müxalif "Ohanyan - Raffi - Oskanyan" bloku öz seçkiqabağı proqramını təqdim edib. Yerevandakı "Moskva" kinoteatrında keçirilən toplantıda blokun proqramını adı qurumun namizədlər siyahısında 7-ci pillədə qərarlaşan Stepan Marqaryan təqdim edib.
 

Mərasimdə "Ohanyan - Raffi - Oskanyan" bloku hakim Respublikaçılar Partiyasına yönəlik bir sıra ittihamlar da səsləndirib, Sarkisyan iqtidarının xalqın rifahı naminə ciddi addımlar atmadığı  virulanıb.


Keçmiş müdafiə naziri Seyran Ohanyan, eks-xarici işlər naziri Vardan Oskanyan və "İrs" Partiyasının lidei Raffi Ovanisyan tərəfdarlarını birləşdirən seçki blokunun təqdim etdiyi proqramın əsas müddəalarını maaş və pensiyaların, hərbçi məvaciblərinin qaldırılımasını nəzərdə tutan maddələr təşkil edir.

Bu seçki bloku bəyan edib ki, Ermənistan ordusunda müqavilə ilə xidmət keçən hərbi qulluqçuların məvacibinin 240 min drama qədər, zabit və praporşiklərin maaşını isə 320 min dramdan 480 minə qaldırmağı təmin etməyə çalışacaq.

"Bu dəyişikliklər büdcəyə maksimum 50 milyard drama başa gələcək. Nəticədə müqaviləli hərbçilərin sayını artırmaq, 18 yaşlı çağırışçıları isə tədricən azaltmaq olar”,-deyə seçki bloku bəyan edib.

 

Müxalifət bloku əhaliyə müraciətlə bəzi həssas nöqtələrə də toxunub: bəyan edib ki, Ermənistanda analıq kapitalı tətbiq etmək lazımdır – bu, analara kömək etmək məqsədi daşıyacaq. Belə ki, 1-ci uşağın doğulmasına görə analara 100 min, 2-ci uşaq üçün 500 min, 3-cü üçün 1 milyon, 4-ci üçün isə 2 milyon dram verilməlidir. 4-cü uşaqdan sonra ana kapitalının 3 milyon dram məbləğində şəxsi fondu formalaşdırılmalıdır.
“Analara övladı doğulduqdan sonra verilən aylıq ödənişlər 18 min dramdan 30 min drama qədər qaldırılmalı və bu vəsaitin ödənilməsi 3 ilədək uzadılmalıdır ", - "Ohanyan - Raffi - Oskanyan" bloku bildirib.

 

Blok Ermənistanda biznesin dəstəklənməsi, 60 milyard drama qədər dövriyyəsi olan müəssisələrin bütün vergilərdən azad edilməsi, ƏDV-ni 20% -dən 18%-dək azaldılması, yeni müəssisələr üçün yeni metodlarla dəstək verilməsi, Azərbaycanla sərhədyanı kəndlər üçün ciddi inkişaf proqramının hazırlanması və digər təkliflərlə də çıxış edib.

Eyni zamanda büdcə işçilərinin əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin illik inflyasiya üzrə indeksasiya edilməsi də müxalifət blokunun proqramında öz əksini tapıb.


Sarkisyan yenə vədlər verdi...

Ermənistanın hakim Respublikaçılar Partiyası da martın 5-də seçkiqabağı kampaniyaya start verərək, müxalifəti qeydi-ciddi təkliflər səsləndirməkdə ittiham edib və bildirib ki, aprelin 2-də xalqın əsas dəstəyini qazanmaq hazırki iqtidar komandasına nəsib olacaq.

Ermənistan prezidenti Serj Sarkisyan kampaniyanın ilk günündə nitqlə çıxış edib. Sarkisyan çıxışı zamanı Ermənistan əhalisinə müraciət edərək, bütün ölkə ictimaiyyəti üçün mühüm tarixi mərhələ başladığını bəyan edib. O, seçiciləri Ermənistanın təhlükəsizliyi və tərəqqisi naminə müxalifətə deyil, hazırki iqtidar komandasına səs verməyə çağırıb.

“Bu seçkilər Ermənistan üçün, hakim partiyanın rəhbəri kimi mənim üçün müstəsna əhəmiyyətə malikdir. Biz elə seçkiləri keçirməliyik ki, heç kəsdə şübhə yaranmasın ki, seçkilər azad, şəffaf və ədalətli keçirilməyib. İnanıram ki, seçkilərdə ümumi qələbə bizim olacaq. Bu qələbə millətin, dövlətin və cəmiyyətin olacaq. Əminəm ki, biz -Ermənistan vətəndaşları, buna hazırıq”,- Sarkisyan deyib. 

Serj Sarkisyan hakim partiyanın şüarının seçkiqabağı kampaniyada "Təhlükəsizlik və tərəqqi" olduğunu da bəyan etməklə dolayısı ilə ölkənin stabilliyinin onun komandasına bağlı olduğunu bildirib.

 
İşğalçı prezident Qarabağ məsələsinə də toxunaraq, yenə yalançı vədlər verib. Deyib ki, Dağlıq Qarabağın, bütün Ermənistanın təhlükəsizliyini tam təmin edəcək. O, gənclərə səslənərək, ölkədə böyük irəliləyiş olacağına söz verib.

Sabiq baş nazir: “Ermənistan uçuruma gedir...”

"Azad demokratlar" Partiyasının proqramının təqdimat mərasimində Ermənistanın sabiq baş naziri Qrant Baqratyan hökuməti sərt tənqid edib.

“Bu gün Ermənistanın dövlət borcu 5, 2 milyard dollar təşkil edir, amma ümumi xarici borc – 8 milyard dollardır. Ermənistanın xarici borcları artır və bu ölkəni uçuruma gətirib çıxara bilər”,-deyə Baqratyanbildirib.



"Biz yalnız pis yaşamırıq, həm də borca yaşayırıq", - deyə o vurğulayıb.

Sabiq baş nazir həmçinin əlavə edib ki, son 10 ildə ölkədə yoxsulluğun göstəricisi 23%-dən 30%-ə qalxıb və bu yalnız rəsmi məlumatlara görə belədir. Baqratyanın öz məlumatlarına görə isə indi Ermənistanda yoxsulluğun səviyyəsi 38% təşkil edir.

Sabiq baş nazir Sarkisyan rejiminin ünvanına digər bəzi ittihamlar da səsləndirib.

Qeyd edək ki, 2015-ci ildə Ermənistan Konstitusiyasına edilən dəyşikliklərdən sonra Ermənistan yarımprezident idarəçiliyindən parlamentli siyasi sistemə keçib. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Aprelin 2-də keçiriləcək parlament seçkisi Konstitusiyaya dəyişikliklərdən sonra keçirilən ilk seçkidir.
Konstitusiyaya dəyişikliklərə görə, parlamentdə 101 deputat təmsil olunacaq. 

Ermənistanda 2 milyon 564 min 334 seçicinin səsvermə hüququ var. 


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi