Modern.az

Pərvin: ““Sevdim səni” mənə uğur gətirdi” - MÜSAHİBƏ

Pərvin: ““Sevdim səni” mənə uğur gətirdi” - MÜSAHİBƏ

6 Mart 2017, 13:49

Modern.az saytının müsahibi gənc nasir Pərvindir. Onunla yenicə çapdan çıxmış “Sevdim səni” kitabı və çağdaş ədəbi prosesdəki bəzi məsələlərdən danışdıq:

-Sonuncu kitabınız “Sevdim səni” toplusuna böyük qüvvə sərf etdiniz. Ondan sonra yaradıcılığa yenidən adaptasiya olunmaq və ayrı mövzularda yazmaq nə dərəcədə çətindir?

 

 -Yaradıcılıq  kənar faktorlardan az asılı olan prosesdir. Yaradıcı insansansa, demək, özünü bəzən, müxtəlif hislərə, ovqata kökləyə bilirsən. Məsələn, elə “Sevdim səni” kitabındakı esseləri yazarkən, həm dissertasiya üzərində işləyir, həm uşaqlar üçün pyes yazır, həm də digər yaradıcı məsələlərə vaxt ayırırdım.

 Həm də məncə, bütün bu fərqli işlər bir-birinə “qida”, mövzu verir, bir-birinə təkan olur. Məsələn, qadınlarla bağlı  “Qadın olmaq” layihəsini bitirsəm də, ondan ilhamlanaraq hazırda dörd fərqli qadının taleyindən bəhs edən pyes üzərində çalışıram. Artıq demək olar ki, bitirmişəm pyesi. Doğrudur, bəzən beyin köklənir və mövzudan mövzuya keçid, yaxud eyni vaxtda müxtəlif janrlarda işləmək o qədər asan olmur. Amma yenə də zamanla, təcrübə artdıqca, həm də ən əsası tənbəlliyə qalib gəlməyin yeni-yeni yollarını öyrəndikcə, çox şey asanlaşır.

-“Sevdim səni” müxtəlif dövrlərdə fərqli müəlliflər tərəfindən qələmə alınan sevgi şeirləri və onlara olan nasir yanaşmasından ibarət topludur.  Çox böyük maraqla qarşılanan bu kitabın ideyası necə yarandı?

-Bir dəfə jurnalist həmkarlarımızla Türkiyədən qayıdırdıq. Hava limanındakı böyük kitab dükanında türkcə sevgi şeirlərindən ibarət müxtəlif antologiyalar gördük. Maraqlı gəldi, bəzilərini aldıq. Elə o zaman bizdə bu cür antologiyaların niyə olmaması barəsində müzakirə apardıq. Müzakirədən belə çıxdı ki, bu cür eşq antologiyaları şeirlər  onlarla bağlı nasir yozumu, esseist yanaşması ilə birgə çap edilsə, daha effektiv olar. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mənə dedi ki, bu işi elə mən özüm görüm. Bəzi dostlar vətənə, təbiətə, anaya, dosta və s. olan sevgi şeirlərinin də layihədə əksini tapmasını istədilər. Amma mən sevgi deyiləndə ilk əvvəl ağıla gələn hissdən, insanın insana məhəbbətindən, qadın-kişi arasında  olan eşqdən yazmağa üstünlük verdim. Yəni mənim üçün eyni hissin fərqli şairlərin yaradıcılığında necə görünməsi, necə ifadə olunması və bütün bunların mənim özümdə hansı düşüncələri oyadacağı maraqlı idi. Təzə başlayanda ümidsiz idim, hara kimi apara biləcəyimi düşünürdüm. Eyni hisdən yazmaq həm də  qəliz görünürdü mənə. Amma üslubu qoruyaraq, sona qədər bu layihəni apara bildim. “Sevdim səni” mənə çox böyük uğur gətirdi.

 

-Kitabın düzümündəki ardıcıllıq nəyə əsaslanıb? Oradakı şeir və esselər hansı məntiqi zəncir əsasında düzülüb?

-Layihəni qəzet üçün işlərkən, həmçinin, onun əsasında formalaşan kitabı tərtib edərkən anladım ki, burada xronoloji ardıcıllıq gözləmək düzgün deyil. Buradakı şeirləri bir-birinə bağlayan  zəncir hislərimin zənciridir. Həmçinin, bu, ovqatıma bağlı layihə olub. Həm də bəzən, gündəlik hadisələrlə, hətta sosial həyatda baş verənlərlə bağlı olub. Məsələn, yadımdadır, sentyabr ayı idi, dərslər başlanan ərəfədə yadıma Hüseyn Arifin “Sən dərsə gəlməyəndə” şeiri düşdü. Yaxud, 20 yanvar faciəsinin ildönümü ərəfəsində Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından İlham və Fərizəyə həsr olunan şeiri xatırladım.  Beləcə, ovqatın özü ardıcıllığı müəyyən edirdi. Məqsədimiz həm də  oxucunu ovqatdan-ovqata salmaq idi. Biz kitabı konkret mövzular, yaxud, xronologiya üzrə də qruplaşdıra bilərdik. Amma oxucunu eşqin müxtəlif halları ilə tanış etmək, ona uyğun ovqata salmaq istədik. Bir faktı deyim: Kitab tərtibi zamanı ayrılıq mövzusunda olan bir neçə esse ard-arda düşmüşdü. Amma onları müxtəlif yerlərə saldım ki, oxucu fərqli  mövzuları oxuduqca,  müxtəlif ovqatlara köklənsin, sevginin hər çalarını, rəngini gözdən keçirsin.

 

-Kitabla bağlı sonradan nə kimi təklif və tövsiyələr edildi?

 

-Kitabın AYB-nin Natəvan klubundakı təqdimat mərasimində müxtəlif təklif və tövsiyələr oldu. Hələ kitab çıxmazdan əvvəl də belə təkliflər olub. Yaxınlar, tanışlar, müəllimlərim deyirdilər ki, filan məşhur sevgi şeirləri var, bəlkə, onlardan da yazasan. Amma  səmimi deyim, heç bir şeiri yazmağa, onu təbliğ etməyə özümü məcbur etməmişəm. Oxuduğum müddətdə hansısa şeir mənə mövzu veribsə, hislərimi oyadıbsa, məndə hansısa yeni-yeni fikirlər yaradıbsa, yalnız onun haqqında yazmışam.

Təqdimatda iştirak edən ziyalılarımızdan bir neçəsi kitabda olmayan şeirləri orada görmək istədiklərini bildirdilər. Başqa dostlar isə bəzi şeirləri gələcəkdə kitaba əlavə etməmi istədilər. Görünür, bu layihə hələ bitməyib, ardı yazılmalıdı. Hazırda “Qadın olmaq” kitabının arıdını yazmağa başlamışam.  Ola bilsin, “100 gözəl sevgi şeiri”ni də gələcəkdə davam etdirəcəyəm.

 

-Başqalarının fikirləri, təklifləri ilə razılaşmaq o qədərmi vacibdi? Axı bayaq özünüz dediniz ki,  bu sizin ruhi seçiminizdir...

-Hər bir yaradıcı insan zövqünə inandığı adamın təklif–tövsiyəsinə ehtiyac duyur. İnandığın adam sənə düzgün yolla getdiyini deyirsə, bir az da güvənli olursan. Bu baxımdan, əlbəttə, başqalarının da təkliflərinin əhəmiyyəti  böyükdür. Amma bununla bərabər, başqa bir məqam da var: hərdən dostlarım deyirdi ki, 10-15 gözəl şeir göndərək, onlar mütləq sənə təsir edəcək. Yolladıqlarını oxuyurdum, amma məndə heç bir təəssürat oyatmırdı bu şeirlər. Söhbət, mənim ovqatımdan, zövqümdən, hislərimdən, yaradıcılıq laboratoriyamdan gedirsə, başqa bir adamın ora müdaxilə etməsi effektli olmayacaq. Amma zövqünə inandığım insanların fikrilərinə hər zaman önəm verirəm.

 

-Eşq həm də bir irfan məsələsidir. Kitabınızda Yunus Əmrə, Füzuli, Nəsimi kimi irfan ariflərinin İlahi eşqi tərənnüm edən şeirləri verilib. Lakin onlar da real insan hislərinə ünvanlanan şeirlər kimi təqdim edilib. Gələcəkdə real yox, İlahi, irfani eşqi tərənnüm edən şeirlərin toplusunu hazırlamaq fikriniz var?

- Çox dəqiq, haqlı müşahidədir. Nəsiminin “Neylərəm” qəzəlindən, Füzulinin “Canım, gözüm, əfəndim” mürəbbesindən yazarkən düşündüm ki, bir az  ayrı tərəfdən yanaşım bu şeirlərə. Öz fərqli yanaşmamı ortaya qoymaq istədim. Hesab edirəm ki, hər bir İlahi eşqin kökündə yenə insan dayanır. Füzulinin, Nəsiminin Allaha olan eşqi də yenə insandan keçərək, Allaha ucalır. Füzuli mürəbbesində İlahi eşqdən danışırsa, burada yenə də qadına sevgi olmamış deyil. Yəni, İlahi eşqin özü də bir qadının cismindən, simasından, varlığından keçir. Əlbəttə, bu, çox geniş və mübahisəli mövzudu. Ancaq hər halda mən bu şeirlərə daha real baxmağa çalışmışam. 
  

- Bəs, sadə oxucuların fikri necədir kitab haqqında? Yəni peşəkar tənqidçilərin, təqdimatınızda iştirak edən qələm adamlarının marağı gözləniləndir. Amma bildiyimə görə kitabın imza günləri də keçirilir, yəni sıradan oxucularla görüşmək imkanınız da olur. Sizcə ideyanızı, nə demək istədiyinizi anlaya bilirmi oxucu?

Ramiz Rövşənin bəyəndiyim bir fikri var. Təxminən belə deyir ki,  şairin yazdığı şeirlə, oxucunun qəbul etdiyi, qavradığı şeir fərqlənir. Məncə, bu fikri bir çox yazılara aid etmək olar. Əgər mən öz duyğularımı, anladığımı yazmışamsa, oxucu da öz içindən, hislərindən keçirib qəbul edəcək yazını. Və ola da bilsin ki, tamam ayrı yozum görəcək orda. Bu çox təbiidir. Bir də mənim oxucunu “tərbiyələndirmək” kimi böyük iddiam yoxdur. Sevgini, sevgi şeirlərini bir az aktuallaşdırmaq, fərqli tərəfdən təqdim etmək istəmişəm, vəssalam. Amma bununla belə istər Kitabevim.az mağazasında keçirilən imza günümdə, istərsə də bu yaxınlarda Şabranda baş tutan görüşdə məni təəccübləndirən oxucular oldu...

- Əyalətlərdə insanların qələm adamına münasibətində sehr qalır hələ...

-  Bəli, paytaxtdakı dinamik, sürətli həyat insanları bir az da ruhsuzlaşdırıb, bəlkə. Ona görə ola bilsin, ədəbiyyata o dərəcədə ilahi bir hadisə kimi baxmırlar. Şabranda beş il öncə ilk kitabımın, “Qar yağacaq ”ın imza günü keçirilmişdi. Bu dəfə “Sevdim səni” kitabımın imza gününə gələn oxuculardan bəziləri beş il öncəki avtoqrafımı gətirib göstərirdilər mənə, həm də kitabda etdikləri qeydləri, altını cızdıqları cümlələri göstərirdilər. Bu, o qədər təsirli idi ki... Həm də əlbəttə mənə xeyli  stimul verdi.

 -Kitabdakı şeirlərin bir özəlliyi də hamısının fərqli, orijinal şair nəfəsinin məhsulu olmasıdır. Hətta, eyni müəllifin bir neçə şeiri də fərqli nəfəsdən, fərqli ruhdan qidalanır. Amma indiki gənc şairlərin şeirlərinin demək olar, hamısı eyni nəfəsdən törəyir, bu səbəbdən, bir-birini təkrar edir. Gənc şairlərin şeirlərindən danışaq:

-Bir neçə il bundan əvvəl gənc ədiblərin “Ulduz” jurnalında hekayə və şeirləri çap olunmuşdu. Həmin yazıları və ondan sonra da gənc yazarların yazdığı bir çox şeirləri oxuyarkən gördüm ki, nə qədər qəribə olsa da, bu şeirlərdə gənclik ruhu çatışmır. Dərs dediyim ali məktəbdə tələbələr yazar olduğumu bilirlər, bu səbəbdən, bəzən, öz yazdıqları şeiri mənə verib, fikirlərimi öyrənmək istəyirlər. Onlara da həmçinin deyirəm ki, sizin yazılarınızda gənclik ruhu yoxdu. Oxuyanda şeirin müəllifini, yəni gələcəyi qarşıda olan, sabahına ümidlə baxan, duyğuları təzə-tər olan adamı görə bilmirsən. Yəni, hiss eləmirsən ki, bunu cavan adam yazıb. Sanki hər şeydən bezmiş bir insanın duyğularını oxuyursan. Elə bil müəllifin 18-20, 25 yox, 90 yaşı var. Həyatda hər şeyi görüb, yaşayıb, doyub və daha heç nə istəmir.

-Gənc nasirlərin dil xətalarına həddindən artıq yol vermələri onlara ünvanlanan əsas iraddır. Bir filoloq olaraq, onların yazdıqlarında nə kimi dil xətalarına rast gəlmisiniz?

 

-Dili hiss eləmək məsələsi var. Üstəgəl, təcrübə də, hər gün yazıb bu işi vərdişə çevirmək də rol oynayır. Amma daha mühüm olan çoxlu oxumaqdı. Həm də sadə bir oxucu marağı ilə oxumaq yox, mətnə peşəkar yanaşmaq, dili araşdıraraq oxumaq. Mən özüm də yazmağa yeni başlayanda dil xətalarına yol verməmək üçün xeyli dərəcədə öz üzərimdə işləyirdim. Elə indi də davam etdirirəm bu işi... Həm də qəzetimizin redaktorları ilə söhbətlər edirdim, təcrübələrini öyrənirdim. Yadıma gəlir, Yusif Səmədoğlunun “Qətl günü” romanını necə qarşıma qoyub cümlə-cümlə analiz edirdim, dili, strukturu anlamağa çalışırdım. Bu  çox böyük məsuliyyət və zaman tələb edən məsələdir. Dili əsərin süjetinə uyğunlaşdırmaq, hadisələri aid olduğu dövrlə səsləşən təhkiyədə yazmaq üçün böyük zəhmət və zaman lazımdır. İndi təəssüflər olsun ki, gənc nasirlərdə çox tələskənlik var. Dilə münasibət həm də yazarın xarakterindən asılı olan bir məsələdir. Bu yaxınlarda sosial şəbəkələrdə bir hekayə çox paylaşılırdı. Özüm feysbuk istifadə etməsəm də,  tələbələrim dedilər, baxdım. İnanın, adicə orfoqrafik səhvlər belə düzəldilməmişdi, hələ dilin pintiliyindən danışmıram. Gənc müəllifdi, yazır və dərhal sosial şəbəkədə yayımlayır cızmaqarasını. Ondan sonra da  təcrübəsiz, qeyri-peşəkar oxucu onu oxuyur, zövqünə uyğun şəkildə qiymətləndirir. Bilirsiz, oxucuların da peşəkarı və qeyri-peşəkarları olur. Sosial şəbəkələrdə isə əksəriyyət, ikincilərdi. Odur ki, müəllif özünü çox da əziyyətə salmaq istəmir. Amma məncə, yazarın mətninə münasibəti, elə özünə münasibətinin, hörmətinin göstəricisidir.

-Gənclər yazı dilini cilalamaq, səlisləşdirmək üçün kimləri mütləq oxumalıdırlar?

-Əlbəttə, birinci folklordan başlamaq, “Kitabi Dədə Qorqud”dan və  ümumiyyətlə, dastanlarımızdan yararlanmaq lazımdır. Bayatılarda, kiçik həcmli laylalarda, nağıllarda, əfsanələrdə xalqın kirlənməmiş, qatqısız, saf dili qalır. Klassiklərimizin də hər birinin özünəməxsus dil, üslub xüsusiyyətləri var ki, hərəsindən nəyisə öyrənmək olar. Nəyi öyrənmək isə təbii ki, yanaşmadan asılıdır. Əslində ən gözəli budur ki, təcrübədən yararlanıb, dili öyrənib, üslubları mənimsəyib öz fərdi üslubunu, “dilini” yaradasan. Bu isə bir ilin, beş ilin işi deyil. Buna ardıcıl, fasiləsiz zəhmət, enerji sərf etməlisən.

-Azərbaycan dilinin imkanları dünya ədəbiyyatının şedevrlərini öz dilimizə çevirməyə imkan verir?

-Məncə, verir. Sadəcə, ayrı-ayrı yazıçılar var ki, onları tərcümə etmək üçün təkcə dili bilmək kifayət deyil, bir nasir, yazıçı peşəkarlığı da lazımdı. Tərcüməçidə nasir qabiliyyəti mütləq olmalıdır. Tərcümə etdiyi mətnin struktunu hiss etməlidi tərcüməçi, təkcə dili yox, intonasiyanı da tutmalıdı, “çevirməlidi”. Müqayisə etsəniz, görərsiniz ki, peşəkar yazıçıların çevirdikləri əsərlər digərlərindən xeyli fərqlənir. İndi isə təəssüflər olsun ki, sadəcə lüğəti qarşısına qoyub dünya ədəbiyyatından sevilən əsərləri dilimizə çevirən adamlar var. Nəşriyyatlar da həvəs göstərib yayımlayırlar bu kitabları. Bir neçə bu cür kitab aldım, sadəcə müqayisə üçün oxudum. Daha doğrusu 3-5 səhifədən artıq oxuya bilmədim... Dil adamın beynini yorur oxuduqca. 

-İstərdim, təsis etdiyiniz “Ədəbiyyatın dostları” klubunun fəaliyyətindən danışaq:

-Ədəbiyyatın dostları” klubunun üzvləri ilə bir çox görüşlər keçirilib, mədəni, tarixi məkanlarda oluruq ara-sıra. Bir neçə ay əvvəl Tarix fakültəsinin tələbələri də kluba qatılmaq istədilər. Onlarla bərabər  İncəsənət, Tarix Muzeylərini ziyarət etdik. Zaman qıtlığı klubun işlərini  ilə ardıcıl məşğul olmağa imkan vermir. Bu yaxınlarda klubun üzvləri yeni Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşəcək.  Planlar, ideyalar çoxdu. Məsələn, istəyirik ki, tanınmış  yazıçılarımız universitetimizdə  mühazirələr oxusunlar. Bununla bağlı rəhbərliklə də danışıqlar aparılıb. Amma bunların hamısı zamana bağlı olan məsələlərdi.

- Pərvin xanım, bütün bu işləri sadalayırsız və adama elə gəlir ki, bunları görməyə zaman çatmaz...

- Bəli, bu haqda çox soruşurlar. Zamanı düzgün dəyərləndirməyə, vacib işləri vaxtında görməyə çalışıram.

- Yaxın aylara aid planlarınızdan da söz açaq:

- Artıq söylədiyim kimi “Qadınlar” adlı pyesimi bitirmək üzrəyəm və ümid edirəm ki, yaxın zamanda rejissor Bəhram Osmanovla birgə bu pyes üzərində işimizə başlayacayıq. Digər tərəfdən də “Qadın olmaq” kitabının ardını, Azərbaycan qadınları ilə bağlı bölümünü yazmağa başlayıram. Böyük şairimiz Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadə ilə bağlı olacaq ilk yazı. Bir neçə gün Milli Kitabxanada işlədim, lazımi materialları topladım, oxudum, qeydlərimi etdim, inşallah yazmağa başlayacam bu günlərdə. Həmçinin, dissertasiya müdafiəsi ərəfəsindəyəm. Bütün bədii və publisistik fəaliyyətimlə bərabər elmi işimi də aparıram.

 - Bəs nasir kimi hansısa əsər üzərində işləyirsinizmi, yaxud bir ideyanız varmı?

- Bir neçə il öncədən başladığım roman var, hissələrlə yazmışam... Sadəcə nəsr bir az ayrı rejim, ayrı məsuliyyətdir. Ona görə bir müddət ayrı düşdüm bu romandan. Amma davam etdirmək fikrim var. Ümid edirəm ki, yay aylarına kimi müdafiə etsəm, bir müddət yalnız nəsrlə məşğul olmaq, beynimdəki bəzi süjetləri qələmə almaq imkanım yaranacaq.


E.Nazimoğlu         

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir