Modern.az

Sumqayıtın "Sülh” küçəsində "sülh pozulub"… (FOTOLAR)

Sumqayıtın "Sülh” küçəsində "sülh pozulub"… (FOTOLAR)

6 Aprel 2011, 14:21

Sökülən xırda obyektlərin sahibləri çörəkpulusuz qalacaqlarından qorxurlar


Sumqayıta yeni icra başçısının təyini ilə şəhərdə canlanma hiss olunur. Bir müddətdir ki, şəhərdə gedən işlər də mətbuatın gündəmindən düşmür. Sumqayıtın əsas hissəsində - Sülh küçəsində başlayan təmir-bərpa işləri şəhər əhalisi tərəfindən birmənalı qarşılanmır. Şəhərin girişindən Göyərçin heykəlinə qədər küçəboyu mənzərəni pozan dükanların-budkaların sökülməsi ticarətçilərin etirazlarına səbəb olur. Bəzi şəhər sakinləri isə bunların Sumqayıtın canlanmasına və gənclər şəhəri statusunu geri qaytaracağına səbəb olacağını bildirirlər.

Modern.az-ın əməkdaşı Sumqayıtda gedən dəyişikliyi müşahidə etmək və gedən prosesləri yaxından izləmək üçün şəhərdən reportaj hazırlayıb.

“Şəhəri gözəlləşdirsinlər, amma budkalara dəyməsinlər”

Abadlıq işləri şəhərin girəcəyindən hiss olunur. Girəcək yolun hər iki tərəfində olan ağaclar budanıb. Bundan əlavə, iki yolun ortasında olan yaşıllaşdırma zolağında da dəyişiklər edilir.
“Yaşıl zolaqda tezliklə yaşıllışdırma işləri də aparılacaq”. Bunu orada işləyən işçilər dedilər.
Bundan əlavə, işçilər Sülh küçəsi boyunca asfalt örtüyünün dəyişəlcəyini də bildirdilər. Daha sonra hansı işlərin aparılacağını soruşduqda isə, onlar xəbərsiz olduqlarını dedilər.

- Bundan başqa hansı işlər aparılacaq?

- Bu barədə məlumatsızıq. Bizə hansı yerlərə deyilsə, biz orda işləyəcəyik. Hələki bu yerlərdə abadlıq işlərinin aparılması tapşırılıb.

İşçilərdən ayrıldıqdan sonra budka tipli dükanlara yaxınlaşdıq. Sən demə budkaların yiyələrinin ürəkləri dolu imiş. Jurnalist olduğumuzu, Modern.az xəbər portalından gəldiyimizi və şəhərdə gedən abadlıq işlərini, şəhərin görünüşünü pozan dükanların sökülməsini necə qarşıladaqlarını soruşduqda ilk olaraq etirazlarını bildirdilər.

DVD, VCD, MP3 diskləri satan dükanın sahibi Bəxtiyar Cəfərov budkaların sökülməsinin narahatçılığa səbəb olacağını və bu işləri pis qarşıladığını bildirdi.

“Deyilənə görə, hələ bir şey yoxdur. Amma gələcəkdə ola bilər ki, belə bir plan olsun. Bu ən azından narahatçılığa səbəb olur. Dükanların, budkaların söküləməsini pis qarşılayıram. Burdan üç ailə çörək yeyirsə, o adamların hamısı çörəyindən olacaq”.

Digər dükan sahibiBabakişi Məmmədov da buradakı obyektlərin söküləməsini yaxşı qarşılamır. Onun sözlərinə görə, burdan evinə hər gün çörək aparan necə ailə var.

“Şəhəri gözəlləşdirmək istəyirlərsə, gözəlləşdirsinlər. Amma budkalara dəyməsinlər. Sadəcə bunu istəyirik. Dükanlar sökülsə, görün necə ailə işsiz qalacaq. Özü də bu zamanda, heç kimin iş tapmadığı bir vaxtda... Ancaq budkaların yerinə mağaza tikilməsinə icazə verilsə, bu yaxşı olar”.

Ticarətçilərin fikirlərini öyrəndikdən sonra şəhərdə gedən işləri yaxından izləməyə davam edirik. Bu zaman gözümüzün qarşısında bir neçə dükan-budka sökülərək götürülür. Sahibləri isə sakit halda qıraqdan baş verən hadisələri izləyirlər.

Paltar ipləri və asfalt vədi …

Sumqayıtda abadlıq işləri yalnız Sülh küçəsində yox, bütün şəhərdə aparılır. Şəhər sakinlərinin verdikləri məlumata görə, sadəcə Sülh küçəsində, yəni şəhərin girəcəyindən Heydər Əliyevin heykəlinə qədər olan ərazidə Zərifə Əliyeva adına park salınacaq.

Abadlıq işlərinə mikrorayonlarda hər kəsin evinin qarşısında tikilən bağların da sökülməsi daxildir. Ağaclara toxunmamaq şərtilə hasarlar sökülüb aparılır.

Sumqayıtda yeni icra başçısının göstərişi ilə aparılan təmir-bərpa işlərinin sakinlər tərəfindən necə qarşılandığını öyrənməyə çalışdıq.

Şəhər sakini Elvira Məmmədova əsas narahatçılığın paltar asılan iplərlə bağlı olduğunu dedi: “Binanın çöl hissəsində olan paltar iplərinin şəhərin görünüşünə xələl gətirdiyi üçün söküləcəyi bildirilir. Əsas narahatçılığımız budur. Amma Sumqayıtda aparılan abadlıq işlərini, Zərifə Əliyeva adına parkın salınmasını yaxşı qarşılayıram”.

E.Məmmədova yeni təyin olunan icra başçısı Eldar Əzizovun işinə yaxşı başladığını, misal olaraq şəhəri köhnə zamanlarda olduğu kimi gəzib məlumat toplamağını təqdir etdiyini qeyd etdi.

“Ancaq prezident tərəfindən Sumqayıta ayrılan 5 milyon manat vəsaitin yalnız şəhərin abadlıq  işlərinə sərf olunması düzgün deyil. Asfalt hər zaman var. Amma o pulla insanlar üçün iş yerləri açılarsa, yaxşı olar”.

Şəhərdəki abadlıq işləri yalnız bunla bitmir. Bir zamanlar öz gözəl görkəmi ilə fərqlənən, yaşıl sarmaşıqlarla əhatə olunan İcra Hakimiyyətinin binasında keçən il sarmaşıqlar sökülmüşdü. Eldar Əzizovun iqamətgahın yenidən həmin vəziyyətə qaytarılması üçün verdiyi göstərişlər əsasında binaətrafı ərazilərdə yenidən sarmaşıqlar əkilib.

Keçmiş icra başçısı Vaqif Əliyevin dövründən narazı olan digər şəhər sakini Günəş Alməmmədova yeni icra başçısı Eldar Əzizovun işinə yaxşı başladığını və göstərişlərindən razı olduğunu bildirdi.

“Estetik cəhətdən Sumqayıtın gözəlləşdirilməsinin, artıq-əskik marketlərin sökülməsinin tərəfdarıyam. Sülh küçəsi boyunca hərəkət edərkən hər addımdan bir dükana rast gəlirsən.
Yolqırağı dönərxanaların da yığışıdırılması yaxşıdır”.

Nadir Quliyev adlı sakin abadlıq işləri sırasında binalararası ərazilərdə bağların hasarlarının sökülməsi ilə razıdır.

“Onların hamısı binaların görkəmini korlayırdı. Deyilənlərə görə, həmin sökülmüş yerlərdə uşaqların dincəlməsi üçün yerlər ayrılacaq”.

Şəhərdə gedən işlər yalnız bundan ibarət deyil. İlk olaraq, yuxarıda qeyd etdiyimiz yerlərdə təmir-bərpa işləri aparılır. Lakin abadlıq işlərinin daha da geniş miqyasda olacağı bildirilir.

Reportajımızın sonuna gəldik. Biz də bir vaxtlar sənaye və gənclər şəhəri olan Sumqayıtın statusunun geri qaytarılacağına və Bakı qədər gözəl şəhər olacağına ümid edirik.

 

 

 

 

 

 


Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir