Modern.az

Mən azərbaycanlıyam.. Siz özünüz bilərsiniz…

Mən azərbaycanlıyam.. Siz özünüz bilərsiniz…

6 Mart 2017, 14:54

Etibar Hüseynov


Ay Millət! Ay Sizə qurban olum… XXI əsrin 17-ci ilidi e… Hələ də millətin adının nə olduğunun mübahisəsini edirsiniz. Bununla da erməniyə girəvə verir, özümüzü dünyanın qarşısında gülünc yerinə qoyursunuz axı. Heç kəs bizim türkəsilli, türkdilli olduğumuzu danmır. Amma eyni anadan olan övladlar belə, ayrı-ayrı ad daşıyır.

Sual verirəm sizə; - nədən slavyan qrupuna daxil olan rus, ukraynalı, polyak, çex (və onlarla başqası) özünü rus və ya slavyan deyil, öz adıyla çağırır? Nədən fars kökənli (və dilli) tacik, əfqan, iranlı və s. özünə fars demir, öz adıyla çağrılır?
Ərəbistanda yaşayanlar da özlərinə anoloji olaraq iraqlı, suriyalı, misirli deyir. Bununla bərabər də hamı onların ərəb olduğunu bilir. O cümlədən də Cənub-şərqi Asiyanın az qala biri-birinin dublikatı olan vyetnamlı, kambocalı, laoslu və onlarla başqa millətlərinin hər birinin öz adı, öz dili, öz dövləti var. Amma nədən biz türkkökənli olduğumuza görə məhz Türk adlanmalıyıq?

Osmanlısı da, özbəyi də, uyğuru da, tatarı da, bəli, bizim kimi türkdü. Amma hamımız az və ya çox da olsa, fərqli görünüşə, dilə, məzhəbə, mentalitetə malıkik. Hərəmizin də öz dilimiz, öz dövlətimiz, öz milliyətimiz var. Nə olsun ki, eyni kökdənik? Bəyəm dünyadakı xalqlar hamısı eyni gündə yerin altından çıxıb və ya göydən səbətlə düşüblər? Ya ayrı- ayrı planetlərdən gəliblər?

Bütün millətləri bağlayan hər hansı bir soy, bir kök var: o cümlədən də bizim. Biz də hamı kimi zaman - zaman ayrılıb, inkişaf edib, təşəkkül tapmışıq. Ona görə də bu gün populist, pafos dolu şüarçılığa nə gərək var? Bunu etməklə bir dam altında, qardaş kimi yaşadığımız digər millətləri qıcıqlandırmaq, yerli, o cümlədən də xaricdə yaşayan separatçıların dəyirmanına su tökməyə nə hacət var ki?

Bəziləri deyir ki, "Azerbaycan türklərə məxsusdur, bu torpağın sahibi türklərdi". Bəs onda digərləri kimdir- qonaqmı? Olsun. Bəs elə isə həmən " qonaq" da sabah sənin yaxandan tutub deməzmi ki, " torpağın əsl sahibi sənsənsə, onda mənim Qarabağda nə itim azıb? Get sahibi olduğun torpağı özün də azad et". Deyəcəklər, elə deyirlər də. Bəs elə isə (xüsusən də indiki həssas zamanda) bu bizə lazımdırmı?

Unutmayın ki, Qarabağ uğrunda (həlak olmuş yüzlərlə şəhidi qoyuram kənara) canını fəda etmiş Milli Qəhrəmanlarımızın az qala yarısı həmən "qonaq" dediklərinizin nümayəndələridir. Və  onlar da cəbhəyə Azərbaycan uğrunda, bir azərbaycanlı kimi gediblər.

Bəziləri deyir ki, Stalinə qədər bizim adımız Türk yazılıb. Bəli yazılıb. Bəs ondan əvvəl də Tatar yazılıb axı (daha əvvəl də Allah bilr nə).
Mənim türksoylu ulu babamın ,ulu babasının ulu babası nə vaxtsa hansısa Altaydan, Turandan gelibsə və buna görə də mən də özümə Türk deməliyəmsə, onda məntiqlə mən həm də özümə altaylı deməliyem.

Pafosa dalıb "türkmən də, uyğur da, tatar da bizim kimi türkdü" deyirler. Gəlsinlər bunu deyənlərin qabağına bir türkmən, uyğur kitabı qoyaq, görək neçə sətir oxuyub başa düşəcək.

Nə isə, qardaşlar. Bu baxımdan saatlarca mübahisə edib, onlarca misallar gətirmek olar. Amma keçmişdə eşələnmək əvəzinə, gələcəyə baxmaq daha düzgün olmazmı? Bir daha deyirəm - bizim türkəsilli, türkdilli olmağımızı heç kəs danmır. Hamımız, o cümlədən də mən, bununla fəxr edirəm. Amma unutmayın ki, pafosla “Türkəm - Türkəm” deməklə Türk olmurlar. İnsanın ruhu, mənəviyyatı Türk olmalıdı.

Nə dədə-babanın türk olması, nə də damarlarında türk qanı axması hələ senin türk olman demək deyil. Ona qalanda Osmanlı sultanlarının heç birinin nə anası, nə xanımı, nə də gəlini Türk olub (rus, yunan, rum, bolqar, yəhudi, hətta erməni də olub - //www.sabah.com.tr/galeri/yasam/osmanli_padisahlarinin_anneleri_nereli/5)

Amma məhz o sultanlar dünyaya ən uzunmüddətli ağalıq etmiş Osmanlı-Türk imperatorluğunu yaratmışdılar. Biz isə 25 ildir ki, bir ovuc dılğır erməninin əlində girinc qalmışıq. Əsla bir kimsənin nə qeyrətinə, nə də vətənpərvərliyinə şübhəm var, sadəcə qaş düzəldəndə bir qədər ehtiyatlı olmaq lazımdı.


Hər bir fərd din, dil, məzhəb, Vətən seçimində sərbəstdi. Ona görə də kim nə istəyir olsun; kim özünə nə istəyir desin. Amma mənə toxunmayın. Mənim vətənim Azərbaycan, dilim Azərbaycan dili, milliyətim də azərbaycanlıdır…

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir