Modern.az

Rəbiyyət Aslanova müxalifətçi gənclərə müraciət etdi: “Hər biriniz dövlətçiliyə lazımsınız”

Rəbiyyət Aslanova müxalifətçi gənclərə müraciət etdi: “Hər biriniz dövlətçiliyə lazımsınız”

6 Aprel 2011, 18:39

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri: “Mən onlara qətiyyən düşmən kimi baxmaq fikrində deyiləm”

“Hər bir kəs qanunun aliliyinə hörmət etməlidir. Ona görə bu insanlar çox gözəl bilirdilər ki, əgər onlar qanuna riayət etməsələr, müvafiq tədbirlər görüləcək. Bu tədbirlər də görüldü. Belə bir cəhddə olmaq istəyən hər bir kəs anlamalıdır ki, Azərbaycan reallığında azacıq da olsa, qanun pozuntusuna yol verilməyəcək”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova müxalifətin şənbə aksiyası zamanı insan haqlarının pozaulması ilə bağlı ittihamlarına münasibətini bildirərkən deyib. 

Komitə sədrinin sözlərinə görə, əgər söhbət “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarından gedirsə, həmin qanunun müddəalarına əsasən hər hansı bir toplantı, mitinq nümayişin keçirilməsi müvafiq icra hakimiyyəti orqanı ilə əvvəlcədən razılaşdırılır. 

“Razıq əldə etmədən “harda istəyirəm orada mitinq keçirəcəyəm” şuarı ilə çıxış edən insanlar anlanmalıdırlar ki, özləri qanunu pozurlar və qanunazidd fəaliyyətlərini ortaya qoyurlar. İnsan hüquqlarından danışan insanlar, öz hüquqlarını tələb edən insanlar ilk növbədə özləri bu qanunlara riayət etməlidirlər”-deyə R.Aslanova bildirib.

Şəhərin mərkəzi yerlərində aksiya təyin etməyin yolverilməz olduğunu deyən millət vəkili müxalifətin hakimiyyət tərəfindən təyin edilmiş məkandan imtina etməyini başa düşmədiyini vurğulayıb.

“Onlar iddia edirlər ki,  bizim çoxlu sayda ardıcıllarımız var. Sizin ardıcıllarınızı ora yerləşdirmək də mümkün deyil? Sizə təklif olunan Bibiheybətdəki yer özünüzün təsəvvürünüzdə yaratdığınız çoxsaylı ardıcıların bir araya gəlməsi üçün, yerləşməsi üçün çox böyük bir məkandı. Niyə ora getmirsiz?”-deyə sual edən komitə sədrinin fikrincə, insan doğru fikir, ədalət ardınca hara desən gedər.

“Əgər onları dinləmək, eşitmək istəyən, onların söylədiklərini həqiqət kimi qəbul etmək istəyən insanlar varsa, onlar Bibiheybətə də gedəcəklər. Nədən çəkinirdilər, nədən qorxurdular? Başa düşürdülər ki, Bibiheybətə heç kəs getməyəcək, çünki onların ardınca gedən insanlar yoxdur. Müxalifətçilər qeyd edirlər ki, “biz böyük yolun yolçularıyıq”. Hansı yolun yolçularıdırlar ki,  onlarla birlikdə  5 kilometr yolu getmək arzusunda olanlar yoxdur?”-deyə R. Aslanova qeyd edib.

Milli Məclisin komitə sədri  AXCP və Müsavat rəhbərlərini ölkə gənclərini siyasi spekulyasiya alətinə çevirməkdə ittiham edib. 

“Bir anlıq ora çıxan gənclərə, uşaqlara baxıram  və onlara acıyıram. Əli Kərimli və İsa Qəmbərin arxasınca gedən gənclərin hamısı Azərbaycan gəncidir. Mən onlara qətiyyən düşmən kimi baxmaq fikrində deyiləm. Onları yolundan, üzaqlaşdırılmış, çaşdırılmış  gənc kimi hesab edirəm.  Mən istəyirəm ki, o gənclik həqiqəti dərk etsin. Bu həqiqəti dərk etmək onlar üçün çətin bir şey deyil. Bu gənclərə təqdim olunan həmin o yalanlar həqiqət şəkili almış yalanlardır.  Bu yalanları gənclərə həqiqət şəkilində təqdim edənlər onların gələcək taleyinə pis təsir göstərirlər”-deyə R.Aslanova bildirib.

Aksiyalara çıxan bu gənclərin hər birinin Azərbaycan dövlətçiliyinə lazım olduğunu deyən millət vəkili qeyd edib ki, bu gəncləri belə azdırmaq, yalan təbliğatla onların şuuruna təsir etmək lazım deyil.
“Başa düşsünlər ki, onlar gələcəyin çox gözəl yaradıcı gəncləridir. Mən gənclərə səslənirəm. Onların sabahı üçün böyük işlər görən bu dövlətin fəaliyyətini bir tərəfə qoysunlar və Əli Kərimlinin, İsa Qəmbərin bütün bu illər ərzində gördükləri işləri o bir tərəfə qoysunlar. Onda başa düşərlər ki, bu müqayisədə kim udur, kim uduzur. Qoy onlar özlərinin yerini Əli Kərimli və İsa Qəmbərin yanında yox, yaradıcı gənclərin yanında tapsınlar. Bu adamların onlara verəcəkləri yoxdur, alacaqları isə bu gənclərin ümidi, etibarı, sabahıdır”-deyə R.Aslanova müraciətində vurğulayıb.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi