Modern.az

Azərbaycanda qızıl istehsal edən dövlət şirkəti işə başlayıb

Azərbaycanda qızıl istehsal edən dövlət şirkəti işə başlayıb

İqtisadiyyat

8 Mart 2017, 09:25

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli sərəncamına əsasən, ölkədə qiymətli metal-filizi yataqlarının istismarı məqsədi ilə dövlətəə məxsus “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 187 nömrəli qərarı ilə isə təşkilatın nizamnaməsi və strukturu təşkil edilib.

Modern.az saytı qurumun yaradılandan sonra hansı işlər gördüyü ilə maraqlanıb.

Məlum olub ki, respublika ərazisində 6 qiymətli və əlvan metal filiz (Gədəbəydə Qaradağ, Naxçıvanda Göydağ, Qazaxda Dağkəsəmən filiz sahələri, Balakəndə Köhnəmədən sahəsi, Göygöldə Kürəkçay hövzəsi yatağı, Daşkəsəndə Çovdar) mədənlərindən istifadə hüquqları “AzerGold” QSC-yə ötürülüb. 

Hazırda “AzerGold” QSC tərəfindən 186 nəfər işçi cəlb edilib ( mədən sahəsində əsasən yaxınlıqda  yaşayan əhalinin işə qəbuluna üstünlük verilir) və onlar artıq hasilat üçün hazır olan Çovdar filiz emalı sahəsində işlə təmin olunub.

Həmçinin  “AzerGold” QSC tərəfindən həyata keçirilməli olan fəaliyyətin təmin edilməsi məqsədi ilə müvafiq lisenziyaların alınması prosesi başa çatdırılıb. 2016-cı il 5 dekabr tarixində Dağ-mədən ayırması sənədi, 2016-cı il 23 dekabr tarixində Dağ-mədən işçiləri, dağ və buruq qazmalarının aparılması  üzrə lisenziya alınıb.

Qızıl-gümüş külçələrin saflaşdırılması ilə bağlı nüfuzlu affinaj şirkətinin seçilməsi, hüquqi ekspertiza və təhlil prosesi ilə bağlı işlər yekunlaşdırılıb.

“AzerGold”dan qeyd edilib ki, QSC tərəfindən mədən və yataqlarla bağlı görüləcək işlərin planı və qarşıya qoyduğu hədəfləri əks etdirən 5 illik ortamüddətli strategiya planı hazırlanıb. Bu strategiyanın tərkib hissəsi kimi, 2017-ci il üçün Çovdar qızıl mədənində (Daşkəsən rayonu) qiymətli metal filizinin  yerüstü oksid hissəsinin istifadəsi nəticəsində 40 min unsiya (1286kq) qızıl və 60 min unsiya (1929 kq) gümüşün hasil edilməsi proqnozlaşdırılır.

Sonrakı illərdə Səhmdar Cəmiyyət digər filiz mədənlərinin (Balakən rayonunun Köhnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydağ filiz sahəsi) istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır.

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər