Modern.az

"Sizə cənnətdən yazıram, mütləq OXUYUN!"  

"Sizə cənnətdən yazıram, mütləq OXUYUN!"   

Mədəni̇yyət

8 Mart 2017, 10:55

Salam. Sizə cənnətdən yazıram. Mən Azərbaycan körpəsiyəm. Qız olduğuma görə abort edilən, dünyanı görə bilməyən Azərbaycan körpəsi. Bacım da yanımdadı. O məndən kiçikdir. Anam onun da qız olduğunu biləndə atamdan gizlətdi ki, o da abort edilməsin. Lakin nənəm bunu necəsə öyrəndi və atama söylədi, oğul nəvəsi istədiyini dedi. Atam bacımı da məhv etmək istədi. Anam buna qarşı çıxdı, "körpəmi əlimdən ala bilməzsən" -dedi, ancaq atam anamı döydü, çox döydü və anamın bətni bacıma zindan, qəbir oldu.

Burada başqa körpələr də var. Hamısı qızdır və hamısı qız olduğuna görə çox yaşaya bilməyiblər Yer üzündə. Kimisi mənim kimi abort edilib, başqaları isə dünyaya gələn kimi ya zəhərləndirilib, ya da küçəyə atılıb, soyuqdan donub ölüblər. Bilirsiniz, burda əsrlər əvvəl öldürülən körpələr də var. Hansı ki, qız olduqlarına görə diri-diri basdırılıblar. Onlara lənət oxuyub, tərk ediblər.

Bəs anamızın bətnindən necə çıxarıldığımızı, bizə necə işgəncə edildiyini bilirsiniz? O qan qoxan, neçə körpənin həyatına son qoyan dəmir alətləri hiss edən kimi biz ana bətninin bir hissəsinə qısılarıq, gizlənmək istəyərik. Əvvəl əl və ayaqlarımızı kəsər, sonra bütün bədənimizi anamızdan ayırıb zibil kimi, bir can, bir ürək, bir nəfəs deyilmiş kimi kənara atarlar.

Burada bəzi qızlar deyirlər ki,onlardan heç atalarının xəbərləri olmayıb. Bəlkə də olsaydı, indi onlar dünyada yaşayırdılar. Digərləri isə analarının hamilə olduğunu biləndə atalarının onları tərk edib getdiyini, analarının göz yaşına boğularaq onların ölümünə qərar verdiklərini deyirlər.

Yazdığım məktubu oxuduqca "dünya necə də ədalətsizdir, axı o körpələrin heç bir günahı yox idi" deyirsiniz, elədi? Hə, deyirsiz. Amma nə olsun? Kimə nə xeyri? Hələ də məhz qız olduğuna görə abort edilən, ilk nəfəslərini alan kimi öldürülən körpə cəsədləri ilə doludu sizin o murdar dünyanız.

Gəlin sizə kiçik bir əfsanə danışım: Nuhun gəmisi barədə hamınız bilirsiz. Nuhun üç oğlu var idi: Samih, Amih və Yafəz. Nuh Allahın əmri ilə Yer üzündəki bütün heyvanları xilas etməli idi, amma insanlar ölməli idilər. Samih daşqından əvvəl İla adlı bir qızla evlənmişdi. Nuh fikirləşirdi ki, onun ailəsi Yer üzünün son insanlarıdırlar, lakin İla hamilə qaldı. Nuh uşaq qız olarsa, Yer üzündə başqa insan olmasın deyə, onu öldürəcəyinə söz verdi, çünki bu,Yaradanın əmri idi, daha heç bir insan olmamalıydı. Dünya insanlar üçün bir məkan olmayacaqdı, bütün insanlar ölməliydi. İla və Samihin əkiz qızları olur, ancaq Nuh Yaradanın əmrinə baxmayaraq, onları öldürmədi, öldürə bilmədi, vicdanı, insanlıq hissi icazə vermədi, Yaradanın əmrinə baxmayaraq.

Bəs siz, ey İla və Samihdən gələnlər! Bizə necə qıyırsınız? Biz ki, sizin öz canınızdan, öz qanınızdanıq. Biz ki, sizin bu gününüz, gələcəyinizik. Biz ki, elə sizik, sizin özünüzük...

Salam, mən Azərbaycan körpəsiyəm. Ahımdan mələklər ağladı, amma insanlar vəhşiləşdi. Onlar mənə yenə qıydılar, yenə parçalarıma ayırıb öldürdülər, yenə, yenə, yenə...

...Və siz bu gün mənim - gələcəyin qadını olacaq bir qızın arzularını, həyatını məhv etdiyiniz bu qızın bayramını qeyd edirsiz. Hansı haqla? Hansı üzlə? Günahlarınızdan qaçmaq, onları unutmaq bu qədərmi asandır? Siz məni öldürməsəydiniz, mən ən gözəl rəsmləri çəkə bilərdim. Bacım hər kəsi məst edən musiqilər bəstələyə, başqa bir qız şeirlər yaza, digəri alim ola bilərdi, amma...

Mən məsum idim, məsum da qalacam, pak olacam, lakin siz Adəmin günahı üzərinə günah işlədiniz. Sabahın anasını məhv etdiniz! Sabahın həyat verən varlığını məhv etdiniz! Sizə cənnətdən yazıram və sizinlə üz-üzə gələcəyim günü gözləyirəm...


Əsmət ƏHMƏDZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?