Modern.az

Avropa Parlamentində mühüm görüşlər: Azərbaycanlı girovlar diqqətdə saxlanılacaq

Avropa Parlamentində mühüm görüşlər: Azərbaycanlı girovlar diqqətdə saxlanılacaq

9 Mart 2017, 09:12

Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentində görüşləri davam edir.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  martın 7-də Aİ-Azərbaycan münasibətlərinə dair Avropa Parlamentində baş tutmuş uğurlu dinləmələrdən sonra Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və müavini Kamran Bayramov Avropa Parlamentinin bir sıra üzvləri və Avropa Xarici Siyasət İdarəsinin məsul nümayəndələri ilə görüşlər keçiriblər.

Görüşlərdə Azərbaycan Respublikasının Belçikada səfiri Fuad İsgəndərov da iştirak edib.

Avropa Xarici Siyasət İdarəsinin Şərq Tərəfdaşlığı regionu, Mərkəzi Asiya və ATƏT ölkələri və Rusiya üzrə direktoru cənab Lük Devin və onun siyasi müşaviri Asunsion Sançez ilə görüşdə Azərbaycan- Avropa İttifaqı münasibətləri müzakirə olunmuşdur. Avropa İttifaqı rəsmiləri Azərbaycanın Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğulayıb və əməkdaşlığı strateji səviyyəyə yüksəldəcək yeni müqavilə üzrə danışıqların başlamasından məmnun olduqlarını bildiriblər.

Növbəti görüşdə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri C. Feyziyev ölkədə və regionda baş verən son hadisələrlə bağlı Avropa Parlamentindən olan həmkarı Səyyad Kərimi ətraflı məlumatlandırıb.

Səyyad Kərim Avropa Parlamentinin üç üzvünün işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfirini pisləyib, şəxsi təşəbbüs əsasında baş tutmuş belə bir səfərdən təəssüfləndiyini və bu bəradə etiraz mövqelo və Azərbaycanı dəstəkləyən bəyanatla çıxış etdiyini diqqətə çatdırıb.

Gələcəkdə belə halların baş verməməsi üçün regionda baş verən hadisələr – Azərbaycan ərazilərinin işğal faktı və onun doğurduğu nəticələr haqqında Avropa Parlamenti üzvlərinin daha ətraflı məlumatlandırılması üçün bir sıra önləyici tədbirlərin görülməsi qərara alınıb.

Avropa Parlamentinin İnsan Haqları Komitəsinin sədri Antonio Panzeri ilə görüşdə Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı son illərdə atılan addımlar, xüsusilə Konstitusiyaya edilən sonuncu əlavə və dəyişikliklər müsbət qiymətləndirilib.

Millət vəkili Cavanşir Feyziyev Ermənistan işğalçılıq siyasəti nəticəsində 1 milyon insanın hüquqlarının kobud şəkildə pozulduğunu Komitə sədrinin diqqətinə çatdırəb.

Deputat onu da vurğulayıb ki, BMT-nin 4 qətnaməsinə, bir sıra beynəlxalq təşkilatın qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qətnamələrə baxmayaraq qaçqın və məcburi köçkünlərin fundamental hüquqlarının təmin olunması istiqamətində bu günə qədər heç bir addım atılmayıb.

Görüşdə həmçinin mülki şəxslərin – öz doğma yurdlarına, ata-baba qəbirlərinin ziyarətinə gedərkən Şahbaz Quliyev və Dilqəm Əsgərovun 2 ildən artıqdır ki, erməni girovluğunda saxlanılması və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq onların bu günə qədər azad olunmaması faktının Azərbaycanda ciddi narahatçılıq doğurduğu diqqətə çatdırılıb.

Avropa Parlamentinin İnsan Haqları Komitəsinin deyilənlərlə bağlı mövqe bildirməsi və təcavüzkara qarşı mümkün təsir vasitələrinin işə salınması Panzeridən xahiş olunub.

Komitə sədri bu məsələnin diqqətdə saxlanılacağını bildirib.

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin Cənubi Qafqaz üzrə Monitorinq Qrupunun rəhbəri Hannu Takkula ilə görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət münasibətləri, bu münasibətlərin inkişaf imkanları müzakirə olunub.

Azərbaycanın mühüm geostrateji mövqeyini xüsusi diqqətə çatdıran  Takkula son illərdə Azərbaycanın Şərq ilə Qərb arasında ticari münasibətlərin canlanmasında oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Takkula Azərbaycanın regiondakı aparıcı rolunu nəzərə alaraq Avropa İttifaqının regional layihələrdə Azərbaycana xüsusi önəm verdiyini qeyd edib.

Səfərin üçüncü günündə Avropa Parlamentinin üzvləri Heydi Hautala, Fabio Kastaldo, Xavi Lopez, Andrey Qrzib, Ramona Manesku, Norika Nikolayi, Andrey Mamikins, Kristian Dan Preda və İvo Vayql ilə işgüzar görüşlər keçirilib, ikitərəfli münasibətlərə dair maraq doğuran məsələlər müzakirə olunub.

Görüşlərin sonunda Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentində “Əli və Nino” filminin təqdimat mərasimində və premyerasında iştirak ediblər.

Bununla da, nümayəndə heyətinin Avropa Parlamentinə növbəti səfər başa çatıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir