Modern.az

“İslam radikal dindir, türk qadınını qəlibə salıb” - MÜSAHİBƏ

“İslam radikal dindir, türk qadınını qəlibə salıb” - MÜSAHİBƏ

9 Mart 2017, 11:33

Leyla Nəzirzadə: “Alimin sözünün kəsilməsi ədəbsizlikdir”

 

Modern.az saytının fəlsəfi-dini mövzuda silsilə müsahibələri davam edir. Budəfəki həmsöhbətimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəlsəfə kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadədir. Onunla müsahibəni təqdim edirik:

-Fəlsəfə hər şeyi maraqlı izah edə bilir – bu, düzdür. Amma bu izahlar ona görə maraqlıdır ki, oradakı cümlələr bədii-estetik şirinliyə malikdir. Lakin mən fəlsəfi izahları fakt, xüsusən də elmi fakt kimi qəbul etməyi düzgün saymıram.

-Maraqlı yanaşmadır. Ümumiyyətlə, filosof sözünün özünü eşidəndə insanlarda qəribə düşüncə, hiss yaranır. Fəlsəfədən xəbəri olmayan insanlar filosof deyəndə ilk olaraq ateizmi düşünürlər. Deyirlər ki, kimsə filosofdursa, o, mütləq Allahı inkar edir. Fəlsəfə sözü bizə ərəbcədən keçib. Amma sözün əsas mənasını daşıyan “filosofiya” sözü yunan sözüdür. “Filo” sevgi, “sofiya” hikmət, müdriklik deməkdir. İlk dəfə Pifaqor özünü filosof adlandırıb.

Gözəl bir məqama toxundunuz. Dediniz ki,  fəlsəfənin izahları bədii-estetik cəlbediciliyə malikdir, qulağa xoş gəlir, amma elm deyil. Əslində isə fəlsəfə elmdir. Fəlsəfənin elm olmadığını iddia edən filosoflar da var. Fəlsəfə insana aid nə varsa, onların kəsişmə nöqtəsidir. Orada elm, din, dinsizlik, estetika, mədəniyyət, mistika – bir sözlə, hər şey var. Fəlsəfənin elmdən fərqi budur ki, elm çılpaqlığı sevir. Elmdə postulatlar, düsturlar, rəqəmlər sistemi var. Elm faktlarla öz təsdiqini tapmış çılpaq həqiqətləri sevir. Ancaq fəlsəfədə belə deyil.

-Mistika dediniz. Təbii ki, hər bir mifin, nağılın motivləri əsasında fəlsəfi mühakimələr yürütmək olar. “Məlikməmmədin nağılı”ndakı ağ qoç, qara qoç obrazlarına fəlsəfi yanaşsaq, ortaya maraqlı fikirlər ata bilərik. Məsələn ağ qoç maddə, qara qoç antimaddə: ya da biri cənnət, biri cəhənnəm.  Bu mühakimələrlə sonsuz sayda maraqlı tezislər səsləndirmək olar. Bəs siz özünüzü hansı fəlsəfənin hansı kateqoriyasına aid edirsiniz? Mistik, elmi, yoxsa dini fəlsəfəyəmi?

-Filosof özünü, düşüncələrini qəlibə sala bilməz. Mən sizə konkret desəm ki, konkret filan sahəyə aidəm, bu, düzgün olmaz. Mən alim kimi sosial fəlsəfə üzrə müdafiə etmişəm. Daha çox cəmiyyətin fəlsəfəsi, sosial idrak və sosial fəaliyyət məsələləri üzrə ixtisaslaşmışam.

Mən dindar deyiləm, sırf o çılpaq həqiqətləri əks etdirən elm adamı da deyiləm. Filosof həmişə axtarışda olan adamdır. Filosofun düşüncəsində inama da yer var, şübhəyə də. Elmlə din filosofda birləşir.

-Bir kitabda da oxumuşdum ki, filosof olmaq üçün tələb olunan kriteriyalardan biri də sual verməkdir. Siz daha çox nələr haqqında suallar verirsiniz?

-Fəlsəfənin sualları tükənmir, həmişə də aktualdır. Fəlsəfə konkret filosofların qoyduğu suallar deyil ki! Bu suallar hər bir insanda yarana bilər. Əsas problem bilirsiniz nədir? Olum və ölüm arasındakı məsələnin həlli. Niyə oluruq, niyə ölürük? Əsas söhbət bundan gedir. Ölmək məhvdirmi? Elmə əsaslansaq, elm bunu bir cür izah edəcək. Deyəcək ki, ölüm bir faktdır və bununla da həyatın sonu bitir. Din  axirətdən danışacaq. Fəlsəfə isə məsələnin hər iki tərəfinə baxır.

-Fəlsəfi yanaşmalarda da axirət anlayışı var. Düzdür, dini mətnlərdəki axirətlə fəlsəfi bəhslərdəki axirət fərqlidir. Maraqlıdır, Leyla xanım axirəti necə təsəvvür edir?

-Səsləndirəcəyim fikirlər, geniş oxucu auditoriyasına ünvanlanırsa, bu, birmənalı qarşılanmaya bilər. Ümumiyyətlə, fəlsəfə tarixinə nəzər salanda görürük ki, axirətə inanım tarixi bəşəriyyətin tarixi ilə üst-üstə düşür. Qədim Misirdə mumiyalanmaları və digərlərini yadınıza salın. Axirətə inam ondan irəli gəlir ki, insan ölümlə barışa bilmir. Daha doğrusu ölümlə barışırıq, bu, sanki şüuratlı olaraq beynimizdə kodlaşdırılıb. Ölümü fakt kimi qəbul edirik, bir-birimizə təskinlik veririk. Yəni, ölüm faktına dözə bilirik. Dözə bilmədiyimiz isə ölümdən sonrakı həyatın olmaması məsələsidir. Buna görə də, bu boşluğun yerini doldurmalıyıq.

Mənim axirət düşüncəm, dindəki kimi cənnət, hürilər, cəhənnəm, xüsusən də qorxu dolu cəhənnəm deyil. Biz buna fəlsəfədə reinkarnasiya kimi də baxa bilərik. Burada söhbət sonradan ruhun başqa bədənlərdə təcəssümündən getmir. Ruhun özünün aliliyi, onun keçdiyi mərhələlər vacibdir. Çox qəliz fəlsəfi yanaşmalar var. Hər filosof buna fərqli yanaşır. Axirətə inam insan üçün çox önəmlidir. Onun mövcudluğu, ölümün son olmadığı haqqındakı bilik sanki şüuraltında var. Amma biz bu biliyin mənbəyini tapa bilmirik. Əsas sual budur: Niyə var?

-Sizi başa düşdüm. Axirəti klassik dini ənənə və motivlərlə təsəvvür etmirsiniz. Amma nəhayətdə özünüzdə axirətə inam hissini aşılamısınız...

-Mən ruhun ölməzliyinə inanıram.

-Çox gözəl. Bəs bu inam haradan qaynaqlanır? Nəticədə bu da bir inanc deyilmi? Yoxsa sizə görə rasional düşüncədir?

-İnamla rasional yanaşma bir arada olanda bir az paradoksal görünə bilər. Sanki inanan insan rasional düşünə bilməz. Ancaq belə bir şey yoxdur. Kim deyə bilər ki, rasional düşünən, yüksək mütəşəkkil zəkaya malik insanın qəlbində bir inam yoxdur?! Mənim üçün rasional düşüncə və inam bir-birini inkar edən hallar deyil. Gözəl olana, sonsuz olana inam qüvvəsi var. Kimi buna axirət, kimisi kainatın sonsuzluğu deyir.

-Düzü, elm yaradıcı bir qüvvə, ali şüur varsa belə, onu izah edə bilmir. Çünki, elm konkret faktlar və eksperimentlərə, maddi sübutlara əsaslanır. Lakin yaradan- Allah elə bir anlayışdır ki, bunun heç bir maddi sübutu yoxdur. Bəs teologiya və ya fəlsəfə yaradıcı bir qüvvəni yetərincə izah edə bilirmi?

-Teologiyanın nəyisə sübut etdiyini desək, bunun özü gülməli olar. Teologiyada sübut və ya təkzib deyilən bir şey yoxdur. Dində isə ümumiyyətlə ya inanmalısan, ya da yox. Ya olduğu kimi dinin postulatlarını qəbul etməlisən ya da yox. Müsəlman olmağın ən vacib şərtlərindən biri də kəlmeyi-şəhadəti bilməkdir. Sonra isə oruc tutmaq, namaz qılmaq, Həcc ziyarəti, zəkat və sairədir. Bəs bütün bu əməlləri yerinə yetirmək insanı müsəlman, dindar edirmi? Görünüş olaraq, ibadət, zəkat əsl mömin olmaq deməkdirmi? Fəlsəfə bu kimi sualları qoyur ortaya. Teologiya bəşəriyyətin inkişafında çox önəmli bir mərhələdir.

Fəlsəfi nöqteyi-nəzərindən xristian və müsəlman ənənələri çox fərqlənir. Belə ki, orta əsrlərdə xristian qərbində katolik ehkamları demək olar ki, bütün elmi biliyi, antik irsi məhv etmişdi. Amma müsəlman şərqində ərəb dilli müsəlman alimləri –İbn Sina, Qəzzali, Bəhmənyar və digərləri – var idi. Burada Aristotel, Platon davamçıları fəlsəfəni inkişaf etdirdilər. Maraqlıdır ki, burada həm materialist, həm də idealist xətt sezilirdi. Avropa intibahı nəyin əsasında yenidən dirçəldi? Məhv olmuş bir mədəniyyət ərəb dilli müsəlman alimlərinin qoruyub saxladıqları və inkişaf etdirdikləri fəlsəfi irslə yenidən canlandı. Şərqin bəlası onda olub ki, Şərq hazırlayıb, Qərb oğurlayıb, öz adına çıxıb və sistemliliyi qurub. Avropada elmin ataları sayılan Fales, Pifaqor Misirdə, Babilistanda təhsil alıblar. Onlar Misir, Babilistan elmini Avropaya gətirənlər olub.

Mifologiyadan dinə keçid bəşəriyyətin tarixində çox önəmli bir mərhələdir.  Barmaqarası baxmaq olmaz, din özü çox güclü bir silahdır. Bütün dövrlərdə də belə olub. 21-ci əsrdə yaşamağımıza baxmayaraq yenə də ən böyük çəkişmələr dini zəmində olur. Ən güclü dünyəvi dövləti belə radikal qruplaşmaların əli ilə məhv etmək olar. Biz dində bundan – radikallıqdan qorxmalıyıq. Radikallıq cəhalətə aparır. İslamın üstünlüyü və gözəlliyi bundadır: “Oxu” əmri ilə başlayır. Beşikdən qəbirə qədər elm öyrənmək buyurulur. Və ya peyğəmbərin hədislərində var ki, elm Çində də olsa, onun arxasınca get.

Dini kitablarda kodlaşdırılmış informasiyalar var. Quran anlaşılması baxımından 2 cür qavranıla bilər. Birincisi, cahillərin, ikincisi isə aqillərin qavradığı Qurandır. Cahil, bisavad insan üçün Quran yalnız şəriət qanunlarıdır. Onlar hicabın mahiyyətini ancaq qadının örtünməyində görürlər. Halbuki hicab qadından əvvəl kişiyə buyurulur. Hicab nəfsə çəkilən örtükdür. Nəfs anlayışı bütün xalqlarda var. Hərdən tələbələr mənə sual edirlər: haram nədir, günah nədir? Haram o şeydir ki, bizim özümüzə ziyan vurur. Günah isə o şeydir ki, həm özümüzə, həm də ətrafımıza ziyan vurur.  Azad insan odur ki, çərçivələrini özü müəyyənləşdirir.


-Spinoza ilkin təkanı substansiya olaraq görür, yəni onun nəzərində substansiya ilə yaradan birləşdirilir. İlkin təkanı siz necə görürsünüz?

-Fəlsəfədə ilkin təkan odur ki, Allah kainatı yaratdı, onu hərəkətə gətirdi və bununla da işi bitmiş oldu. Filosoflar məsələni başqa səpkidən araşdırırlar. Yəni, konkret bir dinin çərçivəsində qala bilmirlər. Görürsən ki, ta qədimdən bu yana dini-fəlsəfi və onları inkar edən məktəblər arasında bir varislik prinsipi var. Sanki biri özündən əvvəlkinin davamıdır. Əslində dinin özündə də bu haqda məlumat verilir.

Bu, monoteist dinlərə aid bir şeydir. Musa, İsa və Məhəmməd peyğəmbər vasitəsi ilə bəşəriyyətə göndərilən mesajlardır. Bunlara İbrahim nəsli peyğəmbərlər deyirlər. Tövrat, İncil, Quranı oxumusunuzsa, onlar arasındakı varisliyi hiss etməmiş olmazsınız. Bu kitablarda bənzərliklər var, sanki bir hissə buradan, digərləri başqa yerlərdən götürülüb. Biz buna varislik prinsipi deyirik. Əslində, dini nöqteyi-nəzərdən də hər növbəti kitabda əvvəlkilər haqqında məlumat verilir. İddia olunur ki, Tövrat və İncildə də axırıncı peyğəmbərin göndəriləcəyi barədə məlumat var.

-Bunu, deyirlər, amma nə Tövratda, nə də İncildə belə bir şey var.

-Belə deyirlər ki, guya olub və sonradan çıxardılıb.

-Söz tapmayanda həmin an təhrif ya da mətndən hansısa hissənin çıxarılması məsələsini ortaya atırlar.

-Dindar, daha doğrusu dindar kimi görünmək istəyənlərin problemi bundadır ki,  onlar heç bir yeniliyi, islahatı qəbul etmirlər. Mən aqil dindarları nəzərdə tutmuram. İslam dini radikal dindir. Və islahatları qəbul etmir. Təsəvvür edin, xristianlıqda islahatlar aparıldıqdan sonra, onlar nə qədər irəli getdi. İslamda da bu cür islahatlara ehtiyac var. 21-ci əsrdə yaşayıb orta əsr ərəb mədəniyyəti ilə həyatımızı qura bilmərik. Söhbət Qurandan yox, şəriətdən gedir. Şəriətin özünə islamın göndərildiyi məkandakı tayfaların adət-ənənələri, təsəvvürləri istər-istəməz öz kökünü salıb. Məsələn, islamda qadına azadlıq verilməsi haqqında çox danışırlar. Ən çox etiraz etdiyim məsələlərdən biridir. Qadına azadlıq verilməsi ən çox türklərə aid bir şeydir. Kitabi-Dədə Qorquda baxın.  Orada Oğuz qadınlarının azadlığına baxın. Onlar öz ərləri, ataları ilə bir yerdə at belində olurlar, döyüşlərə gedirlər, ov ovlayırlar. Necə də azad ruhludurlar. İslam ərəb qadınına azadlıq verə bilər. Amma islam türk qadınını qəlibə saldı. Bizim türk qadınları heç zaman zəncirdə, əsarətdə olmayıblar. Bizdə ailədə qadına, anaya hörmət çox önəm daşıyıb. Bu, elə-belə şey deyil.

-Hiss etdim ki, teizmə daha yaxınsınız, çünki yaradıcı bir qüvvənin bu kainatı yaradığını deyirsiniz, amma sonra bildirirsiniz ki, o kənara çəkildi.

-Xeyr. Mən Hegel fəlsəfəsinə daha yaxınam. Mütləq ideyanın inkişafı məsələsini nəzərdə tuturam. Din isə müzakirə oluna bilməz. Biz ona toxuna bilmirik. Bu, çox böyük aqressiya ilə qarşılanır. Amma biz insanların inancına hörmət etməliyik. Allah kainatı məqsədli yaradıb. Kainatın yaradılmasının özü məqsədli, ardıcıl bir prosesdir. Və dünyanın mükəmməlliyi də bundadır. Tanrı kainatı yaratdı və çəkildi kənarda durdu deyə bir şeyi qəbul etmirəm.

-Bəs ilahi bir qüvvə tərəfindən həyatımıza, davranışımıza müdaxilə olunurmu? O mu bizi kodlaşdırır, o mu bizi idarə edir?

-Fəlsəfədə bu haqda çoxlu cərəyanlar var.

-Mən sizin öz düşüncənizi soruşuram.

-Dindən xoşum gəlir. Bu mənada ki, orada insanın Allahın nəfəsindən üfürülərək yaradıldığı bildirilir. Nədir Allahın nəfəsi? Bizim ruhumuz, bizim şüurumuz. Sosial mühit olmadan şüur formalaşmırsa, deməli, mükəmməl yaradılışda bu da nəzərdə tutulub. Cəmiyyət olmadan insan insan kimi formalaşa bilmirsə, deməli, onun sirri elə özündədir. İnsanların birgə yaşayışında və ictimai şüurundadır. İnsan sosiallaşmadan insana çevrilə bilmir. Bir də paradoksal məsələ var, insanın vəhşiliyi bütün yırtıcı heyvanlarınkından daha pisdir. Çünki, o, şüurla idarə olunur. İnsanın şüuru ilə idarə olunan nəfsindən qorxulu heç nə yoxdur.

-Bəs bu şüuru bizə Allah vermir? Bu yırtıcılıq varsa, kimi günahlandıraq?

-Allaha hər şey bəllidir. Ateistlər deyir ki, Allah hər şeyi bilirdisə və hər şeyi görürdüsə, niyə şeytanı da yaradırdı? Hər şey bizim daxilimizdədir. Pislik də, yaxşılıq da. Xeyir də, şər də. Bəs xeyir nədir, şər nədir? Biri olmadan digərinin olması mümkün deyil. Şər xeyrə nisbətdə görünən şeylərdir. Bu da şüurdan doğur. Biz vəhşi təbiətdə heyvanların yırtıcılığını şər kimi qiymətləndirə bilmərik. Onlar maddi tələbatlarını ödəmək üçün ovlayırlar. Tox aslan heç zaman ov etmir. İnsan isə qarşısındakı səhər, günorta yeməyini yemədən axşam nə yeyəcəyi haqda düşünür. Maaşımızı alan kimi, soyuducunu doldururuq. Hələ ailə qurmamışdan gələcəkdə doğulacaq övladlarımız və onların müqəddəratı haqqında düşünməyə başlayırıq.

-Siz yaradıcı bir qüvvənin olmasını islam, ümumiyyətlə din məntiqi ilə deyil, fəlsəfi yollarla qəbul edirsiniz. Yəqin ki, ənənəvi yanaşma olmadığına görə, auditoriyada  da  tələbələriniz sizi qınayırlar.

-Belə şeylər çox olur. Mən danışanda “əstəğfürullah” deyə reaksiyalar olur. Təsəvür edin, eramızdan əvvəlki hər hansı hind fəlsəfi məktəbindn danışanda tələbələr “əstəğfürullah” deyir. Deyirəm ki, ay uşaqlar, söhbət eramızdan əvvəlki dövrlərdən gedir. Onda heç islam haqqında təsəvvürlər də yox idi.

-Teoloji yanaşmalarda deyilir ki, Allah insan fitrətində öz varlığını göstərir, hər bir zərrəcikdə təcəssüm olunur. Bu zaman isə sual yaranır: Onun özünü isbat etməsi, insanlara tanıtması üçün səmavi kitablara ehtiyac var idimi?

-Eyni sualı elm haqqında da vermək olar. Yəni elm insanın fitrətindədirsə, onda bu qədər elmi kitablara, nəzəriyyələrə nə ehtiyac var idi?!

-Elm elə bir iddiada bulunmur ki, elm insanın fitrətinə verilib.

-Fikir verin, biz indi kitab əhli ifadəsindən istifadə edirik. Bəs bu kitablar nə zaman yazılıb? Hansı peyğəmbər əlinə qələm götürüb kitab yazıb?! Bütün dini mətnlər şifahi xalq ədəbiyyatı formasında yayılıb. Biz peyğəmbərləri yalançı kitablar yazmaqda günahlandıra bilmərik. Peyğəmbərlik seçilmiş, ziyalı insanlar deməkdir.  Fikir verin, danışanda 124 min peyğəmbər haqqında informasiyanın olduğunu deyirlər. Bəs neçəsinin adı dinlərə bəllidir?

-Həmişə söz düşəndə deyirəm ki, 300-nün adını çəkin, mən ibadət edəcəyəm.

-Avropa elminin atası olan Fales tənqidçilər tərəfindən antik fəlsəfənin ilk kortəbii materialistlərindən biri hesab olunur. Ona görə ki, mövcudiyyətin əsasında suyu götürürdü. Hind fəlsəfəsindəki 4 ünsürü, antik fəlsəfədə mono substansiya kimi görürük. Yəni, biri əsas götürülür. Lakin maraqlıdır ki, Fales tək Tanrıdan danışırdı. Halbuki, o zaman Yunanıstanda çoxallahlı inanc sistemi var idi, hamı Olmip tanrılarına inanırdı.

Fales isə deyirdi ki, yaşca hər şeydən böyük Tanrıdır, çünki o doğulmayıb. Hər şeydən gözəl kosmosdur, çünki o, Tanrının yaradıcılığının məhsuludur. Tələbələrə deyirəm ki, bu, peyğəmbərlik deyilmi?! Çünki Fales də kütlənin əleyhinə gedirdi və tək Tanrıdan söz açırdı. Amma heç kim Falesə peyğəmbər demir, filosof deyir. Zatən filosof peyğəmbərlik iddiasında da deyil. Və yazılı formada heç bir kitab göndərilməyib. Hamısı sonradan qeydə alınıb.

-Leyla xanım, izahınız maraqlı və əhatəlidir, amma mənim sualıma uyğun cavablar versəniz, daha yaxşı olardı. Mən də, dindarlar da deyir ki, bu kitablar sonradan yazılıb, lakin bu yazılanlar Allahın vəhyi olub-olmaması tərəflər arasında mübahisə doğurur.

-Ziddiyyətli vəhylər var ki, insanın təfəkkürü onu qəbul edə bilmir. Lakin mən bunları sadalamayacağam, düzgün qavranılmaya bilər. Bizim geniş oxucu kütləsi hələ buna hazır deyil. Lakin bizə heç kim göstəriş verə bilməz ki, bunu mütləq belə qəbul edin. Filosofa heç kim bunu göstəriş verə bilməz. Nə də filosof öz düşüncələrini mütləq doğru kimi heç kimə sırımır. Mən həmişə vurğulayıram ki, bu, mənim şübhəm, mənim subyektiv düşüncəmdir. Filosofun digər insanlardan fərqi ondadır ki, onların inamımda şübhə də var. Əslində hər bir insanın beynində şübhələr var. Lakin filosofdan fərqli olaraq cahil insan bu sualları verməkdən qorxur. Ona görə ki, ictimai qınaq məsələsi var, o, kafirlikdə ittiham olunacaq. Mənim özümə o qədər kafir deyən olub ki! Halbuki, mənim bir hüceyrəm qədər Tanrıya inanmırlar.

-Bir yandan deyirsiniz ki, dində kodlaşdırılmış informasiyalar var, digər tərəfdən isə bildirirsiniz ki, ziddiyyətli vəhylər, ayələr var. Bəs ziddiyyətli olduğuna haradan qənaət gətirirsiniz?

-Bununla məşğul olan alimlər var. Onlar Qurandakı gizli, batini tərəfləri araşdırırlar. Mənim bir alim kimi hüququm çatmır ki, Qurandan nəsə danışım. Çünki əvvəla mən ərəb dilini bilmirəm. İkincisi isə mənim tədqiqat sahəm deyil. Mən Quranı Azərbaycan, türk, rus və başa düşdüyüm qədər ingilis dilindən oxuyuram. Lakin mənbəyindən oxumuram. Buna görə də, durub sizə həmin kodlardan danışa bilmərəm, bu sahənin bilicisi deyiləm.

Fəlsəfə dinləri bölməyin əleyhinədir. Dinin sualları müzakirə olunmur. Biz bunu müzakirə edəndə, elə bil ki, dindarların sarı siminə toxunuruq. Amma biz yenə də müzakirə edirik. Filosofun daha çox ixtiyarı var ki, din, o cümlədən hər şey haqqında danışsın. Fəlsəfə elə bir elm sahəsidir ki, bütün elmlərin yolu bundan keçir. Bu gün də bütün elmlərin fövqündə dayanır. Lakin islamşünas olmadığım üçün, çox incə məqamlara toxunmaq istəmirəm.

Bu gün insanlar pirlərə, övliyalara tapınırlar. Görün orada necə izdiham olur! Heç özləri də bilmir, niyə gedirlər. Nə qədər pullar xərclənir. İnsan öz gücünü dərk etsə, çox şeyə qadir olar. Lakin insan öz gücünü dərk edə bilmir. Engels deyirdi ki, şüurun 2 lənəti var. Birincisi odur ki, şüurun imkanları ilə reallaşması arasında ziddiyyət var. Yəni imkanlar baxımından şüur sonsuzdur, reallaşması baxımından isə məhdud. İkinci lənət isə ondan ibarətdir ki, hər bir insan özündən əvvəlki nəslin keçdiyi şüurlu inkişaf yolunu təkrar keçməlidir.

-Ruhun ölməzliyi deyirsiniz. Dini mətnlərdə imam Mehdinin və İsa peyğəmbərin qiyamətdə zühur edəcəyi bildirilir...

-Elmdə, tarixdə sivilizasiya anlayışı var. Bir sivilizasiyanın məhvi elə qiyamət deməkdir. Dünyanın məhv olacağı haqqında dində deyilənləri elm də bəyan edir. Elm də bildirir ki, gec-tez dünya məhv olacaq. Mənim inandığım ruhun ölməzliyi ilə İsa peyğəmbərin diriləcəyi inancı arasında yaxından-uzaqdan bir əlaqə yoxdur. İnsanlar özləri nəsə gözləmək əvəzinə daim xilaskar gözləyirlər, fikirlərləşirlər ki, kimsə gələcək, onların əvəzinə nəsə edəcək.

-Yadıma Samuel Bekketin “Qodonu gözləyərkən” əsəri düşdü. Orada da 2 dost həmişə kiminsə gələcəyini gözləyir, ona xilaskar gözü ilə baxırlar. Amma o məchul qüvvə gəlib çıxmır.

-İnsanlar düşünür ki, onların yerinə kimsə nəyisə həll edəndə daha gözəl olur. Bu, tənbəllikdən və məsuliyyətdən qaçmaq üçündür. Günahları Allahın boynuna yıxmaq da elə eyni şeydir.

-Bir çox insan təkamül təliminə dırnaqarası yanaşır, bu nəzəriyyə onlarda qıcıq yaradır. Mən təkamül təliminə inanıram, daha doğrusu bir elmi fakt kimi qəbul edirəm. Dərindən düşünsək, təkamül inam məsələsi yox, ortada olan və təsdiqlənmiş faktdır. Sualımı isə belə qoyacağam: fəlsəfi yanaşma ilə təkamül nəzəriyyəsinə münasibət bildirmək doğrudurmu?

-Fəlsəfə təkamül təliminə münasibət bildirib. Fəlsəfə hər şeydə təkamülü qəbul edir. Darvinin təkamül nəzəriyyəsi elm tarixində çox önəmli bir mərhələdir. Kimsə onu lazımsız, sarsaq bir ideya adlandırırsa, bu adamın özünün düşüncəsinə, təfəkkürünə şübhəm var. Təbii ki, Darvinin nəzəriyyəsi mükəmməl deyildi. Amma öz dövrü üçün çox əhatəli idi. Orada səhvlər də var idi. Elm o zaman elə də güclü deyildi ki, hər şeyi labarotariya şəraitində testdən keçirsin. Bu nəzəriyyədə çatışmazlıqlar çox idi, lakin bu, onun səhv olması demək deyil. Təkamülün olmasını sezmək üçün böyük alim olmağa ehtiyac yoxdur. Normal düşüncəli insan da təkamülü müşahidə edə bilir. Bir növdən başqa növ yaranması məsələsi isə biologiyanın sahəsidir.

Dinin özü də təkamülü inkar etmir. Dinlər özü də təkamül edə-edə ən bəsitindən ən mükəmməlinə doğru inkişaf edib. Elmin yaratdığı nəzəriyyəni elmin özü şübhə altına qoyur. Amma din bu cəhətdən rahatdır. Din başını yastığın altına qoyub öz həqiqətlərini deyir, bunu mütləq doğru kimi qəbul edir. Elm isə həqiqətin axtarışındadır. Fəlsəfə bu baxımdan elmə yaxındır. Fəlsəfə bəyənir, hörmətlə yanaşır, bəlli həqiqətləri müzakirə edir, suallardan qorxmur. Hər sualın cavabından da sonsuz sayda sual çıxır. Buna görə də fəlsəfə elmdir. Və filosofun verdiyi suallar onu dindarlara ateist kimi tanıdır.

-Şərq mədəniyyəti ilə Qərb mədəniyyəti bəzən bir-birinə qarşı qoyulur. Sizə elə gəlmir ki, Şərq fəlsəfəsi artıq köhnəlib və buna görə biz Qərb mədəniyyətinə üz tutmalıyıq? Yəni Şərq mədəniyyəti yerini Qərb mədəniyyətinə verməlidirmi?

-Əsla. Biz sadəcə olaraq dünyəvi elmə üz tutmalıyıq. Qərb dünyəvi elmə üz tutub. Biz də belə etməliyik. Maraqlısı budur ki, dünyəvi elmin əsası Şərqdə qoyulub. Bütün mədəniyyətin beşiyi, o cümlədən elmin beşiyi Şərqdir. Qərb bizə üz tutubsa, biz niyə imtina etməliyik? Biz sadəcə olaraq dünyəvi elmə üz tutmalı, elm öyrənməliyik. İddia edirəm ki, dünyəvi elm heç kimin düşüncələrini nə təhqir edir, nə də hörmətsiz yanaşır. Elm, fəlsəfə çox tolerantdır. Biz öz içimizdə bu tolerantlığı qoruyub saxlaya bilərik. Elmimiz mənəvi aləmimizdə baş verən təlatümlərə maneə deyil. Əksinə, bağlı qapıların açarı elmdədir. Nə gözəl olar ki, elm insanı Tanrıya aparsın. Bizə təqdim olunan dini təriqətlər çox vaxt bizi Tanrıya aparmır. Heç özümüz də bilmirik ki, təriqətlər bizi hara gətirir. İnsan elmlə də Tanrını tapa bilər. Cəmiyyət inkişaf etmək istəyirsə, onun bir açarı var – bu da dünyəvi elmlərdir. Biz dünyəvi elmlərimizi gücləndirməliyik. Adət-ənənələrimizi də sevməliyik, mədəniyyətimizi qorumalıyıq.

-İslamın dininin gəlməsini zəruri edən amillərdən biri də ictimai-siyasi şərait, o zamankı kütlə şüuru idi. İslamda 7-ci əsr düşüncəsi, mədəniyyəti də əks olunub və bunun bəziləri günümüzlə uzlaşmır. Yəni, təəssüflər olsun ki, sırf 7-ci əsrə aid olan təfəkkürün daşıyıcıları 21-ci əsrdə də qalır.  Nə qədər israr edib İslamın qadın hüquqlarını müdafiə etdiyini desələr də, bu əslində belə deyil. Bəzən insanlar dindəki radikallığı görmürlər. Bundan qurtulmaq, buxovdan azad olmaq üçün nələr etməliyik?

-Məsələ burasındadır ki, radikal qruplaşmaların tərkibində olan qadınlar mənim kimi bir statusa malik xanımlara cahil kimi baxırlar. Sırf bu səbəbdən ki, mən hicab bağlamıram. Hər şey hicablamı ölçülür? Dində də buyurulur ki, insan nəfsinə hicab çəkməyi bacarmalıdır. Əks təqdirdə qat-qat dəmirdən hicab geyinsən də, yenə heç nə dəyişməyəcək.

Biz bu düşüncələrdən qurtulmaq üçün ilk olaraq təbliğatı gücləndirməliyik. Müəyyən nəzarət olmalıdır. Azərbaycanda dövlət qurumları bu məsələləri diqqətdə saxlayır. Amma inzibati nəzarətlə yanaşı, daxili nəzarət də olmalıdır. Ailələrin özündə də daxili nəzarət çox gücləndirilməlidir. Düzgün uşaq tərbiyə etmək üçün valideyn ilk növbədə özü maariflənməlidir. Mən övladımı öyrətmək üçün özüm nədənsə xəbərdar olmalıyam. Din individual seçimdir. Bu, millət deyil, irsən ötürülən bir şey deyil. Yəni atan-anan müsəlmandırsa, sən də müsəlmansan deyə bir şey yoxdur. İnsan müəyyən yaş həddinə çatandan sonra öz seçimini etməlidir. Lakin gəlin baxaq görək belədirmi? Təbii ki, belə deyil. Gənclər əsasən, 16-20 yaş arasında seçim baxımından krizis dövrü keçirirlər. Ya sırf dəb xatirinə ateizmə, ya da sırf dəb xatirinə dindarlığa meyllənirlər. Bu zaman daha çox radikal qruplaşmaların tələsinə düşürlər. Ateizmə meyllənənlərdən o  qədər də ehtiyat etmək lazım deyil. Çünki burada cəmiyyətə ziyan vura biləcək bir şey yoxdur. Amma radikal dini qruplaşmarın təsirinə düşən gənclik itirilmiş gənclikdir. Bir də yetişdirilən ilahiyyatçılardan, dini kadrlardan çox şey asılıdır. İndi dəbdir, hansı kanalı açırsan, nümunə üçün bir alim, bir müğənni, bir dindar, bir aktyor danışır. Müşahidə etdiyim qəribə bir məqam var. Əksər vaxtlar alimlərin sözü kəsilir və söz mollaya, dindara verilir. Halbuki, alimin sözünün kəsilməsi ədəbsizlikdir. Hesab edirəm ki, orta məktəblərdə tədris olunan insan və cəmiyyət fənni filosoflar tədris etməlidir. Lakin bizdə bunu tarix müəllimlərinə verirlər. Onlar da öz çatışmayan saatlarını bununla doldururlar, insan və cəmiyyət əvəzinə tarix tədris edirlər. Özləri də bilmədən gəncliyi çaşdırırlar. Heç olmasa əlavə seminarlar olsun. İlahiyyatçılar, mütəxəssislər gəlib seminar keçsinlər. Təbliğat çox önəmlidir.

Şəxsən mən müəyyən yaş həddinə qədər uşaqların məscidə getməsinə qadağa qoyardım. Şahidi olmuşam ki, hansısa uşaq yaşıdları ilə küçədə oynamır və bu zaman onun valideyni görün nə deyir: “O, çox tərbiyəli uşaqdır, məscidə gedib, namaz qılır”. Çox pis nümunədir. 4-cü-5-ci sinif uşağı məscidə gedib namaz qılırsa, o tərbiyəlidir deyə bir şey yoxdur. O uşaq dünyəvi elmi öyrənməlidir, dərs oxumalıdır. İnsan müəyyən yaşa çatdıqdan sonra seçimi özü etməlidir, ibadətini özü müəyyənləşdirməlidir. Radikal qruplaşmaların ovçuları özlərinə lazım olan adamları məscidlərdə seçirlər. Onlar psixologiyanı çox gözəl bilirlər. Onlar başa düşür ki, kimi təsir altına salmaq olar, kimi yox. Mən gözümün önündə itirilmiş, atadan, anadan imtina etmiş övladlar görmüşəm.

-Bu sualım şəxsi həyatınızla bağlı olacaq. Siz nə zamansa hicab bağlamaq istəmisiniz?

-Həyatımın bir mərhələsində məndə hicab bağlamaq istəyi olub. Amma deyim ki, dəli-divanə olmuşam, yalan olar. O zaman dini təzə-təzə araşdırdığım vaxtlar idi. Evdə məşq etdiyim vaxtlar da olub hətta. Lakin hicab məsələsini çox araşdırdım. Hicabı araşdırdım və bu qənaətə gəldim ki, hicablı və ya hicabsız mənim şəxsiyyətimdə heç nə dəyişməyəcək. Mən hicab taxsam da, taxmasam da həmin adamam. Görünüş olaraq kiməsə xoş gəlsin, məni mömin kimi qiymətləndirsinlər deyə, hicab bağlamamışam.

Mən heç zaman hicab taxmamışam. Bundan sonra da taxacammı – bu, sual altındadır. Hicab nəfsə çəkilən örtükdür. İnsanın müəyyən duyğularına, arzularına, onu insanlıqdan çıxara biləcək ənənələrə qarşı hicab geyim olaraq kifayət deyil.

Mən qadınların baş örtüklərini sevirəm, özümdə gözəl kəlağayılar var. Öz milli geyimlərimizi çox sevirəm. Nə zamansa başımı örtsəm, öz kəlağayımızla örtəcəyəm. Türk qadınına, Azərbaycan xanımlarına uyğun. Mən nənəmin kəlağayısını heç nəyə dəyişmərəm. Bu örpək daha gözəldir.

-Övladınız varmı?

-2 oğlum  var.

-Çox gözəl. Xeyirli övlad olsunlar. Bayaqdan seçimdən danışırsınız, onlar müəyyən yaşa çatdıqdan sonra dini seçsələr, ibadət etsələr müdaxilə edəcəksiniz?

-Böyük oğlum Ramazan ayında mənimlə bir yerdə oruc tutmuşdu...

-Qəribədir, sizin oruc tutmağınız mənə paradoksal göründü.

-Elə görünə bilər, normaldır. Mən içimdən gələn şeyləri edirəm. Olmalı olduğu üçün etmirəm. Gördüm ki, oğlum da həvəslidir, ona icazə verdim ki, oruc tutsun. Bu, onun iradəsinin güclənməsi baxımından da xoşuma gəldi. Yay ayı olduğu üçün məsləhət gördüm ki, çətindirsə, oruc tutmasın. Lakin o oruc tutdu.

Oruc tutmaq mənim üçün təkcə Ramazan ayına sədaqət göstərmək deyil. Babam çox mömin adam olub. Uşaqlığımın ən gözəl xatirələri, o dövrlərdə olub. Babam çox ağır, sanballı adam idi. Hər deyəndə də övladlarının evinə getməzdi. Övladları onun ayağına gedib görüşərdi. Lakin Ramazan ayında babam bayram namazından sonra böyük oğlundan başlayaraq övladlarını bir-bir ziyarət edərdi. O qədər gözəl ənənə idi ki... Oruc tutmaq mənim üçün həm də baba xatirəsidir. Və içimdən gəlməyən vaxtlarda da oruc tutmaram. Oruc mənim üçün ac insanlarla həmrəylik göstərmək deməkdir. Bəzi adamlar isə orucu açmaq üçün neçə cür yemək bişirirlər, iftarda da o ki var yeyirlər. Mən belə orucun əleyhinəyəm. Oruc tutmaq ac qalan insanlarla həmrəylik nümayiş etdirməkdir. Biz bolluğun içində qidalardan imtina etməklə, yoxluğun içində olan insanlarla həmrəy olduğumuzu göstərməliyik.

-Xeyir və şər - uzun əsrlərin mübahisəli fəlsəfi mövzusu. Hansı qələbə çalıb?

-Bu, sonsuz prosesdir. Ümidlər xeyrin qalib gələcəyini söyləyir. Xeyir və şər fəlsəfəsi çox maraqlıdır. Bu ziddiyyət insanın öz içindədir, hər bir insan özündən başlamalıdır. Şər onsuz da insanı hər yerdə izləyir. Ümidlərimizi xeyrə bağlayaq. Qədim Misir inancında qış, payız fəsli şərin qələbəsidir. Yaz və yay isə xeyrin qələbəsidir. Bir var bolluq, bir də var yoxluq. İnsan heç nəsiz qalır, kasıbçılıq hökm sürür. Maraqlıdır ki, bu zaman kasıbçılıq, boşluq şər kimi qiymətləndirilir. Bolluq isə xeyir kimi dəyərləndirilir. Lakin tarazlığı qoruyub-saxlamaq məsələsi çox çətindir. İnsan ümidini xeyrə bağlamasa yoxluq içərisində olan insanlar özlərini məhv etmişdilər.

Xeyrin yoxsa şərin – hansının qalib gələcəyi sual altındadır. Kar sükutu eşitməyəndir, kor zülməti görməyəndir. İşığı görməyə, səsi eşitməyə nə var ki! Bacarırsansa səssizliyi eşit, zülməti gör!

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi