Modern.az

Müasir insanımıza sual - Azərbaycan üçün nə etmisən?

Müasir insanımıza sual - Azərbaycan üçün nə etmisən?

Ədəbi̇yyat

9 Mart 2017, 12:17

Niyə yaşadığını, öz hədəfini bilirsənmi?

 

İnkişaf edən hər bir dövlətin ərazi bütövlüyü, ordusu, güclü iqtisadiyyatı ilə yanaşı, milli ideologiyası da olmalıdır.

Bəkə də bu, köhnə yanaşmadır. Bəlkə də mövzunu indiki vaxtda qabartmağımız yerinə düşmür. Bəlkə də daha qabağa getmək lazımdır.

Amma son zamanlar ölkə gündəminə milli kimliyimiz o şəkildə təqdim olunur ki, şou-biznesə rəhmət oxuyursan.

Bəzən bildiyimiz şeyləri eninə, uzununa müzakirə edirik. Özümüzə ad axtarırıq. Bəzən də müqəddəs bildiyimiz məsələləri ayaqlar altına atırıq. Təbii ki, bütün bunları doğuran səbəb var: cahillik.

Yoxsa sən öz adını bilirsənsə, niyə özünə yeni ad axtarasan...

Hə, yeri gəlmişkən, başqa bir səbəb də var: İctimai rəyin olmaması, müqavimətsizlik. Yoxsa müqəddəs bildiklərimizi aşağılayanlar qorxarlar. İnsanlar arasına çıxa bilməzlər.

Bu labrint içərisində bizi bir sual düşündürür. Bu gün Azərbaycan insanı nəyə görə yaşadığını, öz hədəfini bilirmi? Azərbaycanın milli ideologiyasının əsaslarında nələr dayandığından müasir insanımızın xəbəri varmı?

 

Modern.az məsələ ilə bağlı tanınmış şəxslərin fikirlərini öyrənib.

 

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycan xalqının milli ideologiyası müstəqilliyimizi əldə etdiyimiz illərdə, 1990-cı illərin əvvəllərində görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş “Azərbaycançılıq” ideologiyasıdır.

“Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının milli adət-ənənələrinə sahib çıxmaq, tarixinə sahib çıxmaq, Azərbaycan dilinə sahib çıxmaq, Azərbaycan mədəniyyətinə sahib çıxmaqla modern dəyərlərə inteqrasiya olmaqdır. Dolayısı ilə azərbaycançılıq adlandırdığımız ideologiya siyasi nəzəriyyələrdə neokonservatizmin Azərbaycan modeli kimi səciyyələndirilir.

Tarixi köklərinə gəldikdə isə azərbaycançılıq və türkçülük Azərbaycan xalqını tarixdən bu günə daşıyan qoşa qanaddır və bir birini tamamlayan iki mühüm komponentdir.

Çünki biz qısa sosial arxeologiya aparsaq görəcəyik ki, azərbaycançılığın alt qatlarında bizi tarixdən bu günə daşıyan türkçülük və müasir mərhələsində isə azərbaycanlı hüquqi sosial kimliyi var. Dolayısilə azərbaycançılıq ilə türkçülük Azərbaycan sosial və hüquqi kimliyinin qoşa qanadıdır. Bu bizi gələcəyə daşıyan iki mühüm milli-etnik və hüquqi-siyasi komponentdir. Bununla bərabər mən düşünürəm ki, hazırkı mərhələdə milli ideologiya məsələsini aktuallaşdırmaq və mətbuatda müzakirə predmentinə çevirmək doğru deyil.

Çünki 1990-cı illərin əvvəllərində bu sadaladığımız əsaslarda milli ideologiyamız formalaşıb və Azərbaycanın 100 illər sonra da birliyini, bərabərliyini təmin edəcək başlıca milli ideologiya şəklini alıb. Bu gün Azərbaycançılıq bizim milli birliyimizi, ictimai ahəngdarlığımızı, sosial hüququ, həmrəyliyimizi təmin edən xüsusi, universal ideoloji modeldir. Bəzən bu modelə müdaxilə etmək, onun əsasları ilə bağlı fərqli fikirlər səsləndirməyə çalışılırsa, bu zaman Azərbaycan intellektual mühitinin, sosial müdafiə mühitinin özünümüdafiə immuniteti dərhal işə düşərək kənar müdaxilələri rədd edir. Dolayısı ilə azərbaycançılıq cəmiyyət tərəfindən mənimsənilmiş və oturuşmuş milli ideologiyadır”.

 

Tanınmış alim, filosof Niyazi Mehdi isə deiyr ki, bizdə «milli ideologiya» deyimini ağıllı deyim kimi çox sevirlər:

“Öncələr fəlsəfədə də sevirdilər. Ancaq Marksda bu ideologiya məsələsi ikibaşlı oldu. Bir yandan, ideologiya qərəzli, özünü qorumağa və ya başqalarına öz «həqiqətlərini» min fəndlə, yalan-palanla yeritməyə xidmət edən diskaursları, deyimləri və çıxışları bildirdi və ona görə də elmiliyi sevənlərin kinayə etdiyi, etibarsız saydığı nəsnə oldu. O biri yandan, ideologiya ideya yarışında və çarpışmasında uduzmamaq üçün hazırlanmış ağıllı disursların adı oldu. Bu alternativdə mənim ideologiyaya baxışım mənfidir.

Amerikanın, Britaniyanın, hətta Gürcüstanın milli ideologiyası var? Yoxdur! 90-cı illərin əvvəllərində bu milli ideologiya məsələsini geniş müzakirə etmişdik və bu müzakirədə ən ağıllı düşüncələri Hikmət Hacızadə və Rasim Musabəyov söyləmişdi. Bax, o zaman Hikmət qayıtmışdı ki, nə milli ideologiya?!
Yalnız milli ideyadan danışmaq olar. Daha sonra isə milli ideya məsələsinə mən öz əlavələrimi vermişdim. Ancaq çox maraqlıdır, media yenidən bu məsələni gündəmə gətirəndə özünü elə aparır sanki problem haqqında heç nə deyilməyib. Media bu mövzuda hər dəfə sıfırdan başlayır. Ancaq düz olar İnternetdə axtarış edib baxmaq ki, nələr tapılıb və indən belə nələri axtarmaq lazımdır. 90-cı illərin axırında ideya qıtlığı yaşayan Prezident Aparatı qəfildən belə bir çağırışla çıxış etdi ki, bizim bütün bəlalarımızın baisi milli ideologiyamızın olmamasıdır. Bir tanışım bir-neçə il sonra «Space»in gecə proqramında «Bakı mənə nə edib?» soruşmazdan əvvəl özünə sual ver: sən Bakıya nə etmisən?. O zaman mən qayıtdım ki, əvvəlcə Bakı etməlidir ki, sonra «bəs, sən Bakıya nə etmisən» soruşa biləsən. Əslində, Bakı ilə bağlı «sən nə etmisən?» sorusu Con Kennedinin Amerika gənclərinə söylədiyinin çevrimi, perefrazıdır: «özündən soruş: mən Amerika üçün nə etmişəm?!». Bu sözlər Azərbaycan dövlət adamlarının indi də yaman xoşuna gələr.

Ancaq onlar unudurlar ki, Kennedinin bu ərkindən qabaq neçə onillər Amerika gənclərinə çoxlu faydalar vermişdi və ancaq bundan sonra Kennedinin minnət etməyə ərki çatmışdı.

Bax, milli ideologiyanın olmasında Azərbaycanı fəlakətdən çıxarmağın əlacını görənlərə cavab olaraq bəndəniz bir-iki yazıda və bir-iki TV çıxışında, bir az da acığa düşüb qəsdən kobud materializmə söykənən formula atdı: adamları milli ideologiya ilə vətənsevər edib vətən üçün ürəkdən çalışan etmək olmaz. Siz Azərbaycanı yaşamaq üçün sərfəli məmləkət edin, görün, öz dilində danışmaqdan həzz alan, bu məmləkəti ürəkdən sevən nə qədər yeni adamlar peyda olacaq. Söylədiyimə sübut kimi deyim: bizim müğənnilər ekrandan hissiyyatla «millətimə qurban olum» deyəndə onlara inanıram, çünki çörəkləri bu millətin toylarından çıxır və toylar Azərbaycanı onlar üçün sərfəli məmləkət edir. Mən bizim nazirlərin, oliqarxların yabançı ölkələrdə yaşayan balalarının bəzən vətənsevərliyinə də inanıram. Çünki bu Azərbaycan bu milli psixoloji ilə onları bu qədər varlı edib. Niyə də patriot olmasınlar?! Buradan çıxan sonuc: məmləkəti hamıya sərfəli etmək olmaz, ancaq böyük çoxluğa sərfəli edəndə həmin böyük çoxluğun da böyük çoxluğu vətənpərvər olur və ölkə üçün vətənpərvərlikdən doğan yaxşıları edir. Etməyəndə isə kennedilər ərklə soruşur: sən bu məmləkətə nə etmisən?! Yaşamaq üçün sərfəli məmləkət ideyasına açımlar. İndi isə «yaşamağa sərfəli məmləkət» deyimini qaba materializmdən çıxaraq. «Sərfəli məmləkət» yalnız qarınla bağlı olmur, insan haqlarına böyük qarantiyalar olan məmləkət də «sərfəli məmləkətdir». Yoxsulluq uzun sürən toplumlarda insan haqlarına böyük qarantiyalar olursa, bəzən xaosa gətirib çıxara bilər. Ancaq mənim dərin inamıma görə, insan haqları elə mexanizmdir ki, yoxsulluq sürən toplumda əvvəl-axır işləri düzəldən hökumətlərin tapılmasına və seçilməsinə gətirib çıxarır. Azərbaycanda isə «sərfəli məmləkət» ideyasına cavab verən heç nə görmürəm. Bütün məmurlar, bir xeyli ali məktəb müəllimləri, bir xeyli zabitlər. Bu məmləkətin «yaşamaq üçün sərfəli olmaması» ideyası üçün əllərindən gələni edib sonra da mat qalırlar: «bunlar niyə belədir?!» Sözsüz, elə «idealist» azərbaycanlılar olub və var ki, bu məmləkət sərfəli olmayanda belə onu ya türkcəyə, ya muğama, ya İslama, ya Şərqçiliyə görə sevib özlərini fəda ediblər. Ancaq belə idealistlər həmişə olsalar da söhbəti onlardan etmirəm. Böyük çoxluqdan edirəm. Bu böyük çoxluğun isə psixolojisi elədir ki, məmləkətə deyir: əvvəl sən mənə yaxşı ol, sonra mən sənə yaxşı olaram. Bu milləti ürəklərində söyən rəsmilər, müəllimlər, məmurlar bilməlidirlər ki, tutduqları yerlərinə görə «əvvəl sən mənə yaxşı ol» sözləri birinci onlara yönəlir və birinci onlar sorumludurlar.
Və axırda bir nəsnəni də deyim. Qərbdə türmələrin insan ləyaqətinə uyğun olmasının bir hikməti ağlıma gəldi. Yəqin türmələr belədir ki, insan ora düşəndə belə, ölkəsinə nifrət etməsin. Türmələr də «yaşamağa sərfəli məmləkət» ideyasına qulluq etməlidir. Bax, bu durumda gəlin dörd yanımıza baxıb bu məmləkətin xeyrinə arqumentlər olan bəstəçilərimizin, müğənnilərimizin, yazarlarımızın, müəllimlərimizin, həkimlərimizin, jurnalistlərimizin, möminlərimizin qədrini bilək. «Çıxıb getmək lazımdır» düşüncəsinin qarşısına çıxarmaq lazım gəlsə, onları çıxarmaq olardı – çox olsaydılar. Bir düşünün, pis həkimlərin əlindən çıxıb getmək istəyən kəs uşağının ağır xəstəliyinin ən yaxşı həkiminin Bakıda olmasını biləndə necə dili gödək olar. Ona görə də dostlar ətrafınıza göz atın – mənəvi oluban öz yaxşı işlərini vicdanla yerinə yetirənlərə baxıb heyran olun, «sağ ol!» deyin. Özünüz eləsinizsə, utanmayın özünüzə də «sağ ol!» deyin ki, bu məmləkətin xeyrinə yüksək və güclü arqumentlərsiniz”.

 

 Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir