Modern.az

İlham Əliyev Forumda nitq söyləyib

İlham Əliyev Forumda nitq söyləyib

Təhsil

7 Aprel 2011, 11:52

Aprelin 7-də Bakıda, “Gülüstan” sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib. (AzərTAc)
“Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək” devizi altında keçirilən Forumda 20 dövlətin mədəniyyət nazirləri, bir neçə ölkənin nazir müavinləri, aparıcı beynəlxalq təşkilatlar, o cümlədən İSESKO-nun baş direktoru, YUNESKO-nun baş direktorunun müavini, Avropa Şurası Parlament Assambleyasının sədri, bir sıra dünya şəhərlərinin merləri, görkəmli mədəniyyət xadimlərinin, alimlərin və mütəxəssislər də daxil olmaqla 500 nəfərə yaxın nüfuzlu nümayəndə iştirak edir.
YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-ın Şimal-Cənub Mərkəzi, İSESKO kimi mötəbər beynəlxalq qurumların dəstəklədiyi və dünyada ilk dəfə bu formatda keçirilən Forumun əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi əsasda fəaliyyət göstərən Beynəlxalq Forum yaratmaqdır.
Müzakirəyə çıxarılan məsələlərin genişliyi ilə diqqəti çəkən Forumda “5 A-Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nın əsasının qoyulması nəzərdə tutulur. Tədbirdə geniş tərkibdə nümayəndələrlə təmsil olunan Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başlandığı nəzərə alınaraq, rəmzi olaraq yeni platformanın adı “5 A” kimi təklif edilib.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində nitq söyləyib.
Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, YUNESKO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D`Orvil, BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark Şuer, Krans Montana Forumunun prezidenti Jan Pol Kerteronun çıxışlarından sonra BMT baş katibinin Portuqaliyadan olan sabiq xüsusi nümayəndəsi Viktor Ancelo məruzə edib.
“Euronews” televiziya kanalının rəsmi olaraq informasiya dəstəyi verdiyi Ümumdünya Forumu Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir.
Xatırladaq ki, 2010-cu il sentyabrın 23-də Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan etmişdi.
Forum üç gün ərzində sessiyalar, beynəlxalq konfrans, seminarlar və mədəni tədbirlərlə öz işini davam etdirəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir