Modern.az

“Atalar və oğullar” - Quş yuvasının dağılmasına dözə bilməyib, bağ evini satan şair - LAYİHƏ

“Atalar və oğullar” - Quş yuvasının dağılmasına dözə bilməyib, bağ evini satan şair - LAYİHƏ

Ədəbi̇yyat

10 Mart 2017, 11:58

Modern.az saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyasını dəyişən məşhur atalar barəsində də oğulları danışır, onların portretini gözümüz önündə canlandırır.

Layihəmizin növbəti qonağı mərhum şair, çağdaş Azərbaycan poeziyasının ən orijinal qələm sahiblərindən olan Davud Nəsibin oğlu Xəyyam Nəsibov atası haqqında xatirələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək:

Ata həsrətinin qoyduğu ad

Şair Davud Nəsib poeziyaya ata həsrətli şeirlərlə gəlib. Atası müharibədə ikən anadan olub, heç vaxt görmədiyi atasının həsrəti sanki onun əlindən tutaraq, Davuddan Davud Nəsibə yüksəldib. Müharibə dövrünün uşağından poeziyanın tanınmış şairinə çevirib. Şairin oğlunu dinləyək:

 

- Əvvəlcə, bu təşəbbüsə görə ailəmiz adından  sizə təşəkkürümüzü bildiririk. Azərbaycan xalqının tanınmış şairi, ədəbiyyat xadimi Davud Nəsibə müraciətiniz biz övladlarını qürurlandırır. Atam yeddi uşaqlı ailənin sonbeşiyi olub. Ondan qabaq anadan olan  bütün övladlar ataları Məcid müəllimi görmüşdü. Sonbeşik övladı –Davud Nəsib anadan olan zaman babam artıq cəbhə xəttinə yollansa da,  adına özü qərar verir. Rəhmətlik nənəm atam olan zaman cəbhəyə məktub yazaraq, uşağın adını Zahid qoymaq istədiyini bildirir. Babam isə “Zahid yox, Davud qoyun”, deyərək, etiraz edir. Beləcə, atama Davud adını atası verdi, Davud Nəsib adını isə atasının həsrəti...

 


Şəkillə söhbət...


-Davud Nəsibə poeziyada əsas təkan verən ata həsrəti olub, bunu özü dəfələrlə deyib. Biz uşaq idik, lakin 5-6 yaşımızda  atamın ağrısını hiss edib çox təəccüblənirdik. Atasını görməyə-görməyə ona qarşı bu dərəcədə məhəbbət,  hörmət, izzətin necə yarandığına heyrət edirdik. Şəxsən özüm şahidi olmuşam: atam bəzən, babamın şəkli ilə söhbət edərdi. Elə bu hisslərin sayəsində Davud Nəsib  poeziyada yeni cığır açdı. Professor Nizami Cəfərov və başqa ziyalılarımız da qeyd edirlər ki, Davud Nəsib yeganə adamdır ki, poeziyaya ata mövzusu ilə gəldi.

Şeirlərinin 70 faizi bu mövzudadır. İndinin indisində də həmin şeirləri oxuduqca şəxsən, həyəcanlanıram. Bəzən, yorğun, bikef olduğum zamanlarda, ürəyim dolu olan vaxtlarda  o şeirlərlə baş-başa qalıram. Atam atasının şəkli ilə söhbət edən kimi, mən də o şeirlə danışıram... Atam olduğuna görə demirəm- bu, bir çoxlarının fikridir- ata həsrəti  mövzusu, öz təbii hiss və yaşantıları ilə onun şeirlərində dolğun əksini tapır.

“Oğlumun nağılları”

-Atamın bir poeması var, “Oğlumun nağılları”, bu əsəri böyük qardaşıma həsr edib. Həqiqətən, çox gözəl, təsirli poemadır. Demək, orada ata itkisi onda o qədər dərin iz buraxıb ki, onun qoxusunu övladından alıb. Müharibə mövzusundan, övlad sevgisinə, bizlərin onun layiqli davamçı olacağına keçid  edib. Deyir, “mən uşaq vaxtı oyuncaq görməmişəm, ancaq sənin beşiyinin başı oyuncaqlarla doludur”. Bizə danışdığı nağılları müharibədən, özünün ata həsrətindən keçirərək söyləyərdi...

Atamın bu “nağıl”ında da, həyat nağılında da itkilər, həsrətlər onu izlədi.

Atasından sonra ikinci böyük itkisi qardaşı Maqsud Nəsibovun vəfatı oldu. Maqsud qardaşına uşaqlıq illərindən çox bağlı idi. Tam əminliklə deyə bilərəm ki, həm də çox güclü dostluq münasibətləri vardı. Bildirmək istəyirəm ki, Maqsud Nəsibov Səməd Vurğun adına sovxoz direktoru idi. El-obada xeyirxah və dürüst şəxs kimi yadlarda qalıb. Əmimdən sonra atamın necə kövrəkləşdiyini, çiçəyinin solmağa başladığını hiss edirdik. Qardaşından 1 il öncə bacısını,  sonra isə ana itkisini yaşamışdır. İtkilər sanki özü atamın şeirlərini yazırdı. Buna görə qardaş mövzusuna bir çox şeirlər həsr edib. Ağır müharibə illərindən, həyatın çətinliklərindən zülmlə çıxdıqdan sonra firavan vaxtda qardaş-bacısını itirmək ona daha çox təsir edirdi.. Bunu özü də deyərdi...


"Atamın dostları"

-Davud Nəsib həm də çox böyük dost idi. Bunu mən yox, bir çox ziyalılar, qələm dostlarının hamısı deyir. Hamı atamın dostluğuna həsəd aparıb. İndiyə qədər gözümün qabağındadır -  necə həssas, diqqətcil, sadiq, canyandıran insan idi atam... Akademiklər Ziya Bünyadov, Teymur Bünyadov, Xalq şairləri Nəriman Həsənzadə, Qabil, şair Nüsrət Kəsəmənli, tanınmış ziyalılar  Qəzənfər Paşayev, Ayaz Vəfalı, Nizami Cəfərov atamın dostluqda necə sadiq, həssas olduğunu bilirlər.

Həqiqətən, dostluqda çox həssas idi. Hansısa dostunun  problemi, yaxud, hər hansı xəstəliyi olardısa atam həmin insanı bir neçə gün ərzində nəzarətdə saxlayıb, onun əhvalı ilə dərindən maraqlanardı.

Nəbi Xəzri Davud Nəsib üçün poeziyada bir müəllim olub. Şairlik təbii ki, insanın fitrətindədir, istedad daxili, ruhi göstəricidir. Yazdığı şeirlərini ən çox İsa Hüseynov və Nəbi Xəzri ilə bölüşərdi. Yeni şeiri yazdıqdan sonra bu ikisinə zəng edər, yarıciddi-yarızarafat söhbətləşərək yazdıqlarını müzakirə edərdilər. Bəzən, bir-birlərinə tövsiyə verərdilər.  İkiotaqlı mənzilimizdə atamın daim dostları yığışardı, sabahdan axşama qədər məclis olardı. O ikiotaqlı mənzildə rəhmətlik anam Məxfirət xanımın nə qədər qonaq qarşılayıb yola salmağı bizi indiyə qədər təəccübləndirir. Məxfirət xanım şair Davud Nəsibin həyat yolunda böyük rol oynayıb. Hamıya bəllidir ki, yaradıcı insan həssas, çılğın, rejimi bəlli olmayan həyat tərzi sürür. Sadaladığım faktorların hamısı anamızın üstündə qurulurdu və nizamlanırdı. Nə qədər də çətin və məsuliyyətli olsa da anamız bu vəzifəni sevgi və şərəflə yerinə yetərdi.

Canavar qəzəbli xatirələr

Atasızlıq Davud Nəsibə yaradıcılıqda hər zaman yardımçı oldu. O, bu çatışmazlıqdan ilhamlandı, bu nisgili şeirə çevirdi. Amma atasızlıq öz növbəsində şairin həyatından nələrisə aldı. Məsələn, qayğısız uşaqlıq illərini...


Oğlu Xəyyam Nəsibov o illərin Davud Nəsibi ilə  bağlı maraqlı xatirəni danışır:

-Müharibədən sonrakı ağır illər idi. Atamgilin böyük qardaşı Alı müəllim babamın vəfatından sonra ailədə ata əvəzi idi. Ailənin idarə olunması Alı müəllimin üzərinə düşdü. Ailədə 3 qardaş, 4 bacı idilər. Xüsusiylə vurğulamaq istəyirəm ki, nənəm İnsan xanımın bu 7 övladı böyütməkdə əvəzsiz rolu olub.  Atamın “7 övlad istərəm” şeirində də öz əksini tapır. Alı müəllim təhsil aldığı üçün yalnız axşam işləmək imkanı olardı. Əsas güc ortancıl qardaşı Maqsud əmi və atamın üzərinə düşmüşdü. Hər gün Qazaxdan Muğanlı kəndinə fermalarda otlaq sahəsində işləməyə gedərdilər. Evdəki anaları və dörd bacılarının da azuqəsini onlar təmin edərdilər.

Atam bir gecə vaxtı Qazaxdan Muğanlıya gəlirmiş. Əvvəlcə Ağstafaya qatarla gəlib, oradan da Muğanlıya getməli imiş. Rayonla  kəndin arasında da sıx Qarayazı meşəsi dururdu. Bələdçi atamı buraxmaq istəməyib deyir ki, azyaşlı uşaqsan, meşənin içiynən necə gedəcəksən?!  Gecə vaxtı qurd-quşa rast gələrsən. Amma atam bu haqda yox, Muğanlıya gedib, oradan azuqə götürüb, tezliklə evə qayıtmağı düşünürdü.  Odur ki, meşənin içi ilə yol alıb gedərkən  birdən canavarla qarşılaşır. Təsəvvür edin, soyuq, şaxtalı hava, azyaşlı uşaq və ac canavar... Atam cibindən kibrit çıxararaq yandırır və canavarı beləcə yaxına gəlməyə qoymur. Hava şaxtalı, olduğundan kibrit tez sönürmüş. Axırda görür ki, cəmi bircə kibriti qalır. Onunla da cib dəsmalını yandırır-  hər dəfə bu hadisəni bizə danışanda deyirdi ki, elə bildim, bu, artıq sondur-lakin qəflətən arxadan bir maşının gur işıqları yanır, canavar ürkərək oradan uzaqlaşır. Maşındakılar atamı götürüb kəndə aparır. Maşına oturandan sonra yarım saat dili söz tutmayıb. Nə soruşublar cavab verməyib...

O illərin çörəyi belə qazanılırdı...

 

O illərin əmanəti


Amma Xəyyam müəllimin da bəhs etdiyi illər Davud müəllimə özündən  bir əmanət qoyur- Xeyirxahlıq! Davud Nəsib ömrünün son illərinə qədər bu əmanətə xəyanət etməyəcəkdi:

 

-Uşaqlıq illərində çəkdiyi zəhmətin, əziyyətin nəticəsi idi ki, o,  “Ədəbiyyat və İncəsənət” qəzetinin (sonradan “Ədəbiyyat qəzeti”- E.N.) şöbə müdiri olan zaman bir çox gənclərə əlindən gələn yardımı etdi. Kimdə zərrə qədər istedad işığı görürdüsə, ona təkan verirdi. Bəzən, şeirlərdəki çatışmazlığı özü düzəldərdi. Ona görə edərdi ki, həmin gənc müəllif ruhdan düşməsin. Hörmətli şairimiz Nəriman  Həsənzadə həmin ərəfədə qəzetin baş redaktoru idi, özü sonradan danışardı ki, Davuda deyərdim, ay Davud, bəzi şeirlər var ki,  çapa vermək olmaz. Amma o, gəncə qol-qanad vermək üçün həmin  şeirlərə əl gəzdirib mütləq çapa yollardı.

SSRİ Yazıçılar İttifaqının sədri Anatoli İvanovla yaxın dost idilər. Bakıdan hansısa yazıçı,  yaxud başqa yaxın adam Moskvaya getmək istədikdə atam ona telefonla zəng edər, hal-xətirdən sonra deyərdi ki, çox yaxın qohumum sənə qonaq gəlir. Anatoli İvanov Davud Nəsibə görə həmin adamın Moskvadakı hər ehtiyacını qarşılayardı. Yaxın qohumları arasında kənddə bir çox adamı Bakıda ali məktəbdə oxutdurdu, təhsil almalarına köməklik edərdi...

Mütləq oxunmalı əsər- “Cavanşir” romanı

“Cavanşir” romanı Davud Nəsibin ömrünün 20 ilini həsr etdiyi əsərdi. Bir erməni ilə mübahisə zamanı özündə yaratdığı ideyanı romana çevirdi. Məqsədi isə həmin erməniyə, həmçinin, onun kimilərə əsl Azərbaycan tarixini sübut etmək idi. Oğlu bu barədə maraqlı məqamları  danışır:

-Atam həyatının 20 ilini “Cavanşir” romanına həsr etdi, xeyli  araşdırmalar apardı, bir çox zəruri mənbələrdən yararlandı. Romanın yazılmaideyasının maraqlı yaranma tarixçəsi var. Demək, atam Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alarkən orada bir erməni tələbə ilə mübahisə edib. O, tarixi mövzuda saxta faktlar səsləndirən zaman  atam qərara gəlib ki,  mən millətimin bu boyda tarixini dərindən öyrənməliyəm. “Cavanşir” romanı da bu məqsədlə yazıldı. Əsəri yazarkən Azərbaycanın orta əsrlərə aid tarixinə aid  araşdırmalar apardı. Ziya Bünyadov, Budaq Budaqov kimi alimlərlə dostluq da o zaman yarandı. Biz uşaq idik, Qazaxın Didivan gölü tərəfindən “Vilis” maşınları ilə keçərkən atam hər bir qarış ərazi haqqında maraqlı tarixi faktlar deyərdi. O qədər araşdırmışdı ki, hər mənbəyə bələd idi. Məsələn, həmin ərazi üçün söyləyərdi ki, Cavanşirin atasının məzarı buradadır.

Bir maraqlı epizodu danışım: demək, Qədim Albaniya dövlətinə aid Üçmüədzin kilsəsində xeyli mənbələr var idi. Çünki adıçəkilən kilsə qədim Azərbaycan torpağı olan Albaniyaya məxsus olub. Sovet vaxtı idi, biliblər ki, ermənilər bunların kilsəyə daxil olmasına imkan verməzlər. Odur ki, hiyləyə əl atıblar: aralarında udin əsilli tarixçi, qafqazşünas Voroşil Qukasyan da olub. O, Azərbaycan vətəndaşı, udin əsilli alim idi. Sadəcə, soyadı erməni soyadına oxşadığı üçün kilsəyə buraxılması daha real olub. Lakin Voroşil kilsəyə daxil olsa da, az keçməmiş onun da azərbaycanlı olmasını bilib oradan uzaqlaşdırıblar.

Atam Sankt - Peterburqdakı məşhur Ermitaj muzeyində Cavanşirə aid nadir faktlar əldə etmişdi. Roman həm də uzaqgörənliklə yazılıb. 1980-ci ildə yazılmağa başlanan romanda Cavanşir böyük diplomat, siyasətçi kimi də təsvir olunub. Həmçinin, əsərdə ermənilərin ziddinə olan bəzi yararlı faktlar da var. Bir sözlə, böyük vətənpərvərlik əzmi ilə yazılan nəsr əsəridir. Atam özünü həm də nasir kimi sınamaq istəmişdi.

 


Yazı masası, dərd ortağı kağızlar

Davud Nəsib üçün yazı masası, kağız-qələm həm də dərd ortağı olub. Elə onlarla danışıb, onlarla fikir ortağı olub. Bu ünsiyyət nəticəsində yaranan şeirlər də ondan bizə əmanət qalıb:

-Atam əsərlərini, şeirlərini  mətbəxdə yazardı. Gecə oyanıb görərdik ki, çox gərgin şəkildə işləyir, səhərə qədər çalışardı. Amma işi və iş yerində baş verənlərlə bağlı bizə heç nə danışmazdı. Biz nəyi görə bilirdiksə, özümüz görürdük. Amma iş yerində baş verənlərin heç birisini atam özüylə “evə gətirməzdi”. Bizimlə dost kimi səmimi münasibəti olub. Amma yenə də işi evdəkilərlə bölüşməz, bəlkə də, neqativ yaşantıları bizə yük etmək istəməzdi.

Ürək sirrini kağıza danışardı. Yaxın dostları da bilir ki, atam sözü üzən deyən adam idi. Kimdə səhv olardısa, sözünü onun üzünə deyəcəkdi. Amma ruhuna yük olan nələr var idisə, onları kağıza hopdurardı. Bununla sanki bir yüngüllük tapardı, atam. Heç vaxt etdiyi yaxşılığı danışmazdı. Bayaq dediklərim gözlərimlə gördüklərim idi. Bizə də bunu məsləhət görərdi, ailəyə bağlı, dostluğa sadiq, münasibətlərdə şəffaf olmağı tövsiyə edərdi.

Müharibə dövrünün portreti


1988-1993-cü illərin - ağır döyüşlərin, qarışıq ictimai-siyasi mənzərənin hökm sürdüyü illərdəki Davud Nəsib ilə də onun şeirlərindən tanış olmaq olar. Amma ondan qabaq gəlin, oğlunu dinləyək. Xəyyam müəllim o illərin Davud Nəsibinin portretini sözlərlə “cızır”:

-Atam çox vətənpərvər, xalqına millətinə bağlı adam idi. Qardaşım hərbi kafedranı bitirəndən sonra cəbhə xəttinə yollandı. O zaman-1996-cı ildə müharibə təzəcə səngimişdi, amma yenə də cəbhədə vəziyyət ağır olaraq qalırdı. İnanın, atam qardaşımın ön cəbhədə xidmət etməsi ilə o dərəcədə  fəxr edirdi ki... Əsgərlərlə görüşdə də deyirdi ki, oğlum ön xətdə xidmət edir. Belə oğul yetirdiyi üçün çox sevinirdi.

Müharibə dövründə, torpaqlarımız işğal olunan ərəfədə heç cürə özünə gələ bilmirdi. Hər gün döyüş bölgələrindən gələn şəhid xəbərləri onu sarsıdırdı. Buradan yardım toplayıb cəbhəyə yollayardı. Həmçinin, özü də ön cəbhəyə həmin yardımı aparardı. Bəzən, tanıdığı insanları məcbur edərdi ki, yardıma onlar da qoşulsunlar...

O ərəfədəki Davud Nəsibi ən yaxşı elə onun həmin zaman yazdığı şeirləri tanıda bilər. Atamın ağrıları, müharibədən, torpaq itkisindən yaranan əzabları o şeirlərdədir...

“Bilgəh kədəri”


Davud Nəsibin ölümü çox faciəvi oldu. 2003-cü ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişdi. Hələ çox iş görə,  çox əsərlər yarada bilərdi. Amma işdən evinə qədər olan qısa məsafədəki faciə qaçılmaz oldu. Bir fotosunda 12-yə 15 dəqiqə qalmış saatı əli ilə göstərir. Təsadüfə baxın ki, şairin ölümü də həmin dəqiqədə baş  verdi- 11:55.

Son olaraq iki detalla Davud Nəsibi oğlunun vasitəsilə sizə təqdim edək. “11:55”i hiss edəcək qədər həssas olan şair Davud Nəsibi:

-Bilgəhdə yeni bağ evi almışdıq. Həyətdə səliqə-səhman yaratmaq istədik. Qurumuş otları da yandırdıq. Elə quşlar var ki, onlar otların arasında da yuva qurur, sən demə, onlardan biri də məskənini bizim həyətdə salmışdı. Ot yanarkən, yuvanı və oradakı balaları da yanmışdı. Ondan sonra yəqin ki, həmin balaları dünyaya gətirən iki quş  hər gün eyvana gələr, oradan “ağılarını” deyərdilər. Bu atama çox pis təsir etdi. Deyərdi ki, “özüm hər zaman ata ocağının, doğma yurddan yazmışam, amma hansısa quşun ocağını yandırdım”.
Sonradan o bağ evində qala bilmədi, oranı satdıq...

Bu, mənim atam idi - bir quşun yuvasının dağılmasına dözə bilməyən adam...

“Ata paltosu”

-Onun “Ata paltosu” adlı təsirli bir şeiri var. Müharibəyə gedən atanın uşaqları onun iyini meşin paltosundan alırlar. Lakin kimsə onu əyninə  geymir, özlərini sanki o paltonu geyməyə hazır bilmirlər... Bəlkə də atamın şeirləri indi bizim üçün o şeirdəki paltodur...”.

E.Nazimoğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı