Modern.az

Jurnalist: “Atam 1 il 26 gündü komadadı, çarəsiz vəziyyətdə qalmışıq”

Jurnalist: “Atam 1 il 26 gündü komadadı, çarəsiz vəziyyətdə qalmışıq”

10 Mart 2017, 14:27

Jurnalist İmdad Əlizadənin atası Əli Əliyev hələ də komadadır. Həm də bu gün Əli Əliyevin doğum günüdür. 71 yaşı tamam olur.  Jurnalist Modern.az-a açıqlamasında deyib ki, atasının səhhətində ciddi irəliləyiş yoxdur.

“Atam Əli Əliyev 1 il 26 gündü komadadı. Bu müddət ərzində aparılan müalicə və həkimlərin cəhdlərinə baxmayaraq, onun səhhətində ciddi dəyişiklik olmayıb. Düzdür, ilk dövrlərlə müqayisədə cüzi irəliləyişlər var. Çağıranda gözlərini açır, bəzən əlimizdən tutur. Amma həkimlər bunları ciddi dəyişiklik kimi qəbul etmirlər və koma vəziyyətinin davam etdiyini deyirlər. Atamın müalicəsi Bakıdakı "Avrasiya" hospitalında davam etdirilir. "Avrasiya" özəl tibb müəssisəsidir və qiymətlər kifayət qədər yüksəkdir. Xəstəxana rəhbərliyinin bizə bəzi güzəştlər etməsinə baxmayaraq, artıq atamı orada saxlamağa imkanımız qalmayıb. Atam komada olduğu 1 il 26 günün yalnız 8 gününü dövlət xəstəxanasında, qalan müddətdə isə özəl xəstəxanalarda müalicə olunub”.

İmdad Əlizadə atasının özəl xəstəxanada bu qədər müddətə qalmasına görə dəstək olanlara təşəkkür edib.

“Təbii ki, uşaq bağçasında məskunlaşmış məcburi köçkün ailəsinin bu qədər müddətdə özəl xəstəxanada xəstə saxlaması mümkün deyildi və bizim buna heç bir halda imkanımız çatmazdı. Bu, dostların, qohumların köməyi ilə mümkün oldu. Mən bu müddət ərzində bizə dəstək olan insanlara təşəkkür edirəm. Atamı özəl xəstəxanadan dövlət xəstəxanasına aparmaq istədik. Amma heç bir xəstəxana götürmədi. Deyirlər ki, “bir ildən çoxdur komadadı, götürə bilmərik, yerimiz yoxdu” və s. Yaşadığımız yer uçub-dağılmış, zirzəmisi su ilə dolu, özü nəmişlik içində olan uşaq bağçasıdır. Ona görə də atamı aparmağa yerimiz də yoxdu. İndi çarəsiz vəziyyətdə qalmışıq. Həkimlər deyirlər ki, tibbi nöqteyi-nəzərdən nə mümkündürsə, hamısı edilib. Hətta bizim də razılığımızla bir sıra böyük riskli müalicə metodlarından, güclü təsirə malik dərmanlardan istifadə olunub. Həkimlər deyirlər ki, gözləməkdən başqa yol qalmayıb. Amma bu hansısa bir proqnoz və tətbiq olunan müalicə metodlarının necə effekt verəcəyini gözləmək deyil, çarəsizlikdən gözləməkdir”.

Qeyd edək ki, Laçın rayonunda olan müəllim, publisist Əli Əliyev avtomobil qəzasına 2016-cı  il fevralın 14-də uğrayıb. Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna qohumunun hüzr mərasiminə gedərkən, “Koroğlu” metrostansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır.

 

Namidə BİNGÖL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir