Modern.az

Azərbaycanda pensiya yaşı ARTIRILDI

Azərbaycanda pensiya yaşı ARTIRILDI

10 Mart 2017, 15:05

Milli Məclis Azərbaycanda qadın və kişilər üçün eyni təqaüd yaşının (65) tətbiqinə dair qanunu qəbul etdi. Qanun 1 iyul 2017-ci ildən qüvvəyə minəcək. Bundan sonra baza təqaüdü məsələsi gündəmdən çıxır və minimal 110 AZN-lik təqaüd gəlir...

Modern.az-ın məlumatına görə,Milli Məclisin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, layihədə 98 dəyişiklik təklif edilir.


H.Rəcəbli qeyd edib ki, layihədə Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur.

Layihəyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb.

Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub.


Deputat qeyd edib ki, qanun layihəsinə edilən təkliflərdən biri də pensiyanın baza hissəsinin ləğvi ilə bağlıdır.

“Əvvəl pensiyanın sığorta hissəsi indeksləşirdi, baza hissəsi indeksləşmirdi. Qanun layihəsində pensiyanın baza hissəsi məfhumu aradan götürülür. Bu da insanların ödədiyi məbləğə uyğun olaraq pensiya haqqı deməkdir. Burada baza hissəsi olmayacaq. Pensiyada bir hissə olduğundan indeksləşdirmə olanda daha çox insanlar pensiya məbləğinin artımından faydalana biləcək”.


Komitə sədri əlavə edib ki, pensiya yaşında olan vətəndaşlardan bəziləri işləyir və sosial sığorta haqqı ödəyir:

“Bu dəyişikliklər belə şəxslərin işlədiyinə və sosial sığorta haqqı ödədiyinə görə 6 ildən sonra onun pensiyasının yenidən hesablanmasına imkan verəcək. Bu isə o deməkdir ki, sözügedən dəyişiklik onun pensiya məbləğində artıma səbəb olacaq.

Bundan başqa, dəyişikliklərdən biri vətəndaşın ödədiyi məcburi dövlət sosial siğorta haqqının çox hissəsinin onun fərdi hesabında toplanması ilə bağlıdır.  Bilirsiniz ki, məcburi dövlət sosial sığorta haqqını 22%-ni işəgötürən, 3%-ni isə vətəndaş ödəyir.

Vətəndaşın ödədiyi məbləğin 50%-i onun hesabında əks olunurdu, digər 50%-i isə Dövlət Sosial Müdafiə Fondunun sərəncamında qalırdı. Bu ədalətsizlik idi. Bizim təklifimizlə vətəndaşın ödədiyi vəsaitin 50%-i yox, 90%-i onun hesabında toplanacaq. Bu da gələcəkdə onun pensiya məbləğinin yüksək olmasına gətirib çıxaracaq”.


H.Rəcəbli bildirib ki, qanun layihəsində pensiya kapitallarına əlavə olunma imkanlarının yaradılması da nəzərdə tutulur:

“Yəni, əgər hazırda şəxs işləyən dövrdə az sosial sığorta haqları ödədiyi üçün pensiyaya çıxa bilmirdisə, artıq imkan yaradılacaq ki, istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin”.

 

Deputat Əli Məsimli isə hesab edir ki, ölkədə sığorta-pensiya sistemində problem yaşda yox, əmək haqqı sistemindədir:

“İnsanları ödədikləri sosial sığorta haqqının 144-ə və ya Rusiyada olduğu kimi 234-ə bölünməsi maraqlandırmır. Onları alacaqları pensiya məbləği maraqlandırır. Bizdə əmək haqqının kölgəli olması sosial-sığorta sistemi üçün əsas problemlərdəndir”.


Deputat Qənirə Paşayeva diqqəti əmək müqaviləsi olmadan çalışan insanların pensiya təminatı məsələsinə yönəldib: “Ölkədə əmək müqaviləsi olmadan çalışan insanların sayı kifayət qədər çoxdur. Əmək müfəttişliyi bu məsələyə necə nəzarət edir? Gələcəkdə bu daha ciddi problem kimi özünü göstərəcək”.


Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, pensiya sisteminin dayanıqlığı, sığorta prinsiplərinin qorunması, demoqrafik dəyişikliklər bu sahədə islahatları zəruri edir.

O qeyd edib ki, qanun layihəsində dəyişikliklərdən biri illik indeksləşdirmə ilə bağlıdır:

“Əgər əvvəllər pensiyanın sığorta hissəsi indeksləşdirilirdisə, qanunun qəbulundan sonra bütün pensiya məbləği indeksləşdiriləcək. Bundan başqa, vətəndaşın ödədiyi məbləğ minimum əmək haqqına bərabər olduğu təqdirdə ondan 12 illik staj tələb olunmayacaq”.

 

İ. İsayev qeyd edib ki, ölkədə pensiyada olan kişilər orta hesabla 14,4, qadınlar isə 18,5 il yaşayır:


“Güzəştli şərtlərlə pensiyaya şıxanların pensiya alma müddəti daha çoxdur. Beləliklə, 2006-cı ildə qəbul edilən qanuna görə, bu göstərici qadınlar üzrə pensiya yaşını 6,5 il, kişilər üzrə isə 2,4 il üstələyir. Bu da sığorta-pensiya sisteminin maliyyə yükünün artıq olmasına səbəb olur. Gələcəkdə özünümaliyyələşdirmə sisteminə keçəcəyimizi nəzərə alsaq, qarşımızda iki yol var. Bunlardan biri ya pensiya məbləğinin təyin olunması üçün əsas götürülən 144 ay digər xarici dövlətlərdə olduğu kimi artırılmalı, ya da pensiya yaşı 65-ə çatdırılmalıdır. Araşdırmalar göstərir ki, biz 144 ayı 204 aya qədər artırsaq və pensiya təyini üçün ödənilən məbləği 204-ə bölsək, sığorta olunanların əksəriyyətində alınan rəqəm minimum pensiya məbləğindən aşağı olacaq. Bu isə o deməkdir ki, onlar daha çox çalışmalı və pensiya hüququ əldə etmək üçün bu müddət ərzində sosial sığorta haqqı ödəməlidir və tələb olunan sosial sığorta kapitalı toplamalıdır”.


Nazir müavini əlavə edib ki, qanuna dəyişikliklər qəbul olunsa, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər  hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.


İ.İsayev əmək haqlarının leqallaşdırılmasının vacib olduğunu vurğulayıb: “Müvafiq hesablamalar və təhlillər aparmışıq. Bu təhlillərə uyğun olaraq müvafiq tədbirlər nəzərdə tutulub. İlk addım kimi, əmək müqavilələrinin qeydiyyatı sistemini yaratmışıq. Eləcə də Əmək Müfəttəşliyinin nəzarət tədbirləri ilə bağlı planlar var”.


Beləliklə, pensiya almaq üçün 12 illik staj məhdudiyyəti aradan qaldırılır. Fərdi hesabdakı kapitalın 144-ə bölünməsindən alınan məbləğ minimum pensiya məbləğinə bərabər və ondan yuxarı olduqda şəxs stajından asılı olmayaraq, pensiya təyinatı hüququ qazanır.

25 il sosial stajı olan şəxs sığorta haqqının məbləğindən asılı olmayaraq, ən azından minimum məbləğdə pensiya almaq hüququ qazanır.

Hazırda mövcud olan əmək pensiyalarının baza hissəsi sığorta hissəsinə birləşdirilir və bütün pensiya məbləği fərdi hesablarda toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilir. Bunun üçün ödənilən sığorta haqlarının fərdi hesablara yönəldilən hissəsi mövcud 50 faizdən 85 faizə qaldırılır. Bu dəyişikliklərə görə, ayrı-ayrı şəxslərin fərdi hesablarda toplanmış və hələ pensiya təyinatından istifadə olunmamış şərti kapital məbləği yenidən eyni qaydada hesablanacaq.

İ.İsayevin sözlərinə görə, hazırda indeksləşdirmə yalnız pensiyanın sığorta hissəsinə aid edilirdi: “Lakin artıq illik indeksləşdirmə bütün pensiya məbləğinə şamil olunacaq. Yəni yeni layihəyə əsasən, pensiya artımı istehlak qiymətləri indeksinə görə deyil, əmək haqqının illik artım tempi əsasında aparılacaq”.

Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir