Modern.az

Modern informasiya cəmiyyətində milli maraqlar və jurnalistika

Modern informasiya cəmiyyətində milli maraqlar və jurnalistika

7 Aprel 2011, 13:50

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru


Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə zərərli informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər.

Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Tarixdə formalaşmış milli mətbuat ənənələrimiz bu gün də davam etməkdədir. Amma təəssüf ki, indiki dövrdə bəzi hallarda ayrı-ayrı həmkarlarımızın fəaliyyətlərində bu prinsipiallıqdan sapmalar müşahidə olunur. Nəzərə almaq lazımdır ki, XXI əsr informasiya əsridir və bu əsrdə heç bir güc strukturunun, diplomatiyanın, hərbi sənaye komplekslərinin görə bilmədiyi iş informasiya vasitəsilə görülür. Bu da aydındır ki, hazırda yenidən şəkilləndirilən dünyanın ictimai-siyasi xəritəsində məhz informasiya silahının böyük rolu vardır. Belə olduğu halda, yəni, informasiya əsri adlandırdığımız XXI əsrdə mətbuatın, informasiya ötürücülərinin, media nümayəndələrinin üzərinə qat-qat artıq məsuliyyət düşür. Qeyd etmək lazımdır ki, bu məsuliyyət tarixi bir məsuliyyətdir. Ona görə də biz jurnalistlər, media ictimaiyyəti bunu dərk etməli, fəaliyyətimizi də buna uyğun həyata keçirməliyik. Korperativ, marginal maraqlarımıza, özümüzün bəzi hallarda təzahür edən siyasi ambisiyalarımıza görə, milli maraqlardan vaz keçməməliyik.

Siyasi mövqe peşə fəaliyyəti ilə qarışdırılmamalıdır

Başa düşüləndir ki, hər bir vətəndaşın cəmiyyətdə siyasi mövqeyinin olması çox normaldır. Amma bu siyasi mövqe yalnız və yalnız qanun çərçivəsində ifadə olunmalıdır. Özünüifadə hüququ qanunla təsbit olunub və bunun icrası da yalnız qanuni yollarla həyata keçirilməlidir. Əgər tələblər varsa və o tələblər hətta siyasidirsə belə, bunlar yenə də qanun çərçivəsində olmalıdır. Bu halda hesab edirik ki, jurnalist həmkarlarımız 2 yoldan birini seçməlidirlər: Ya aktiv siyasi fəaliyyətlə məşğul olaraq, siyasət yolunu, ya da əgər jurnalist olmaq istəyirlərsə, tərəfsiz jurnalist olmaq. Onsuz da indiki dövrdə jurnalistika ilə siyasət arasında çox nazik pərdə var. Bəzən bunlar arasında olan sərhədin hardan keçdiyinin fərqində ola bilmirik. Ona görə də, bu tarazlığı qorumaq üçün çox həssas olmalıyıq.

Siyasiləşmiş media və milli maraqlar

Sirr deyil ki, bu gün bütün dünya mediası siyasiləşib. Avropalı dostlarımız bizim kimi ölkələrə medianı siyasiləşdirməməyi tövsiyyə edir. Amma əslində, diqqətlə analiz etsək, görəcəyik ki, siyasiləşən, siyasi məqsədlərə, siyasi ideologiyaya xidmət edən dünyanın ən böyük transmilli media holdinqləri elə Qərbdədir. Bu holdinqlər konkret maraqlara, mənsub olduqları dövlətin və xalqın maraqlarına xidmət edirlər. Və onu da bilirik ki, fəqli maraqlar hər zaman toqquşur. Ola bilməz ki, iki müxtəlif xalqın maraqları tamamilə eyni olsun və üst-üstə düşsün. Deməli, əks tərəfin hər hansı marağı varsa, orada artıq bizim marağımız onların maraqları ilə toqquşacaq. Belə olan halda, necə olur ki, özünü demokratiyanın təblğatçısı kimi tanıdan, ayrı-ayrı media strukturları, ayrı-ayrı imperialist güclərin əlində təmərküzləşən media holdinqləri fəaliyyətlərini məhz o güclərin milli maraqlarının müdafiə olunması yönündə qururlar, amma biz öz milli maraqlarımızı qoruyanda, bu, söz azadlığının pozulması kimi qiymətləndirilir. Onların siyasiləşməsi və konkret siyasi maraqlara xidmət etməsi normal hal kimi qəbul olunur, bizim mətbuatda dövlət və milli maraqlarımızın qorunması isə antidemokratik sayılır. Əslində, mahiyyət etibarilə bunların hər ikisi eynidir. Siz öz maraqlarınızı qoruyursunuz, biz də öz maraqlarımızı. Necə olur ki, onların mediası onları qoruyanda bu, demokratiya olur, biz öz maraqlarımızı, dövlətimizin, millətimizin, xalqımızın maraqlarını qoruyan zaman bu, medianın siyasiləşməsi olur? Çox təəssüf ki, bu və ya buna bənzər zərərli tendensiyalar davam etməkdədir. Bizim həmkarlarımızın da bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən bu informasiya burulğanında, demokratiya-siyasət, siyasət-demokratiya, siyasət-media, media-siyasət oyunlarında o nazik pərdənin harasında - sağında və ya solunda qərar tutacaqlarını müəyyənləşdirə bilmirlər. Ona görə də hesab edirik ki, jurnalistlər Azərbaycan cəmiyyətinin lokomotivlərindən, dinamik güclərindən biridir və Azərbaycanda demokratik təsisatların formalaşmasında, kamil bir cəmiyyətin yaranmasında çox böyük xidmətləri olan xüsusi bir zümrədir. Bu məxsusi zümrənin təmsilçiləri olmaq isə bizim üzərimizə yeni vəzifə qoyur. Amma çox təəssüflər olsun ki, son dövrlərdə baş vermiş hadisələr bir daha göstərdi ki, Azərbaycanda jurnalistlər heç də həmişə neytrallığını qoruya bilmirlər.

Azərbaycanda bəzi jurnalistlər siyasilərdən daha çox siyasiləşiblər

Çox hallarda biz Azərbaycan siyasi palitrasında mövcud olan ayrı-ayrı siyasi güclərdən, partiyalardan daha artıq siyasiləşmiş jurnalistlərə təsadüf edirik. Jurnalistlər bəzi hallarda heç bir siyasinin səsləndirmədiyi, ifadə etmədiyi siyasi tələblər irəli sürürlər. Məsələn, son dövrlər Azərbaycanda müəyyən sosial problemlərlə bağlı müxtəlif siyasi qruplar mitinq keçirməyə cəhd göstərirlər. Mitinqləri təşkil edən qrupların səsləndirdikləri tezislər, fikirlər əslində, bəzi sosial məsələlərlə bağlı olmalıdır. Amma çox təəssüf ki, Azərbaycan mətbuatında ayrı-ayrı həmkarlarımız tərəfindən yazılan yazılarda bu sosial tələblər həddindən artıq siyasiləşdirilir. Yəni, jurnalist necə deyərlər «papanın özündən daha artıq papa olmağa», siyasətçilərdən daha çox siyasətçi olmağa çalışırlar. Ayrı-ayrı fikirləri qəzet səhifələrində o qədər kəskin və təhrif olunmuş şəkildə təqdim edirlər ki, siyasi mövqe jurnalistlərin fəaliyyətinin kölgəsində qalır. Amma bəzi qəzetlərdə "Azərbaycanda inqilab baş verdi", "Ərəb inqilabı Azərbaycana gəldi" və s. kimi manşetlər yer alır və bunların altında da jurnalistlərin imzaları var. Bu hansı tərəziyə qoyulası və hansı meyarlarla ölçüləsi jurnalist fəaliyyətidir? Həddindən artıq siyasiləşmiş bəzi həmkarlarımızın antidövlət, anarxist çağırışlarına qarşı müvafiq strukturlar fəaliyyətə keçəndə, onlara qarşı tədbirlər görüləndə həmin həmkarlarımızın jurnalist olduqları dərhal yadlarına düşür və bir an içərisində çevrilib jurnalist olurlar. Axı onlar dağıdıcı anarxistlər olmaqla, siyasəti mətbuata, mətbuatı siyasətə qarşıdırırlar, dövlət, millət, xalq qarşısında cavab verməyə gələndə isə jurnalist olurlar. Sonra isə aləmə car çəkirlər ki, jurnalist kimi fəaliyyətimiz məhdudlaşdırıldı, söz azadlığı pozuldu və s. Hesab edirik ki, həmkarlarımız qəti şəkildə bu məsələlərə diqqətlə yanaşmalı, peşə qaydalarına istisnasız riayət etməlidirlər.

Bəzi jurnalistlər vəkil, ideoloq, himayədar rolunda

Elə burada başqa bir fakta da diqqət çəkmək, aprel ayının 2-də təşkil olunmuş və fiaskoya uğramış mitinqdə şahidi olduğumuz bir epizodu xatırlatmaq istəyərdik. Azərbaycanda fəaliyyət göstərən məşhur xarici radiostansiyalardan birinin nümayəndəsi mitinqdə iştirak edən bir vətəndaşdan soruşur ki, sizin tələbiniz nədir və bu aksiyaya niyə qoşulmusunuz? O isə cavab verir ki, yaxşı olardı ki, cənab Prezidentimiz pensiyamızı bir qədər də artırsın. Jurnalist dərhal  soruşur ki, sizin başqa siyasi tələbiniz yoxdurmu? Vətəndaş da bildirir ki, onun başqa heç bir siyasi tələbi yoxdur. Bu dialoqdan da aydın görünür ki, xarici radiostansiyanın müxbiri Azərbaycanda sosial vəziyyətinin daha da yaxşı olmasını istəyən bir vətəndaşın fikirlərində mütləq siyasət axtarır. Necə ola bilər ki, xarici radiostansiyanın müxbiri Azərbaycanda vətəndaşları siyasiləşməyə məcbur edir və dövlət əleyhinə siyasi şüarlar səsləndirməyə təşviq edir. Bu, jurnalistikadırmı, bu, jurnalistdirmi? Hesab edirik ki, bunun jurnalistika fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

Şahidi olduğumuz, başqa bir epizoda nəzər yetirək. Yerli və ya xarici medianın təmsilçiləri vətəndaşların təhlükəsizliyini və sabitliyi qorumağa çalışan polisi görən kimi, onunla yaxın təmasa girməyə, polisi təxribata çəkməyə çalışır. Başqa bir həmkarı isə onun polislə şəklini çəkib yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırır. Dolayısıyla bir teatr tamaşası yaradırlar. Ən faciəli məsələlərdən biri də odur ki, əyninə KİV nümayəndələri üçün nəzərdə tutulan gödəkçəni geymiş jurnalist qanunu pozan vətəndaş haqqında polis müvafiq tədbir görərəkən gedib polislə əlbəyaxa olub, qanunu pozan vətəndaşı müdafiə etməyə çalışır. Yəni, jurnalistin peşəsi, vəzifəsi xəbər verməkdir, yoxsa qanunu pozan vətəndaş haqqında qəti tədbirlər görən polislə əlbəyaxa olmaq? Belə olanda, onun özünə də polisə müqavimətə görə qanunun tələbi tətbiq olunanda deyirlər ki, jurnalistlərin hüquqları pozulur. Axı biz bilirik ki, vətəndaş antidövlət, antimillət şüarları səsləndirir, ictimai nizamı pozur, təhqiramiz ifadələr işlədir və polis də müvafiq olaraq, ictimai qaydaları pozduğuna görə ona qarşı müvafiq cəza tədbirlərinin tətbiq edilməsini təmin etməyə çalışır. Jurnalistin vəzifəsi isə bu informasiyanı olduğu kimi, cəmiyyətə çatdırmaqdır.

İstənilən ekstremal vəziyyətdə jurnalist peşə nüfuzunu və ləyaqətini qorumağa borcludur

Hesab edirik ki, bu tip hadisələr ən nəhayət bizim peşə nüfuzumuza böyük ziyan vurur. Biz peşə nüfuzumuzu qorumaq üçün bu cür addımlardan imtina etməliyik. Azərbaycanda jurnalist peşəsinin nüfuzunun özünə qaytarılması ilə bağlı dövlət tərəfindən çox böyük addımlar atılıb. Cənab Prezident İlham Əliyev jurnalistləri nüfuzlu bir peşə sahibləri kimi qəbul edir və onların əməyini daim yüksək qiymətləndirir. Son dövrlər atılan addımlar da bir daha bunu sübuta yetirir. Prezident İlham Əliyevin Sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Siyasi mövqeyindən, onun Prezidentə münasibətindən asılı olmayaraq, bütün mətbuat orqanlarına bərabər şəkildə maliyyə dəstəyi verilir, jurnalistlər üçün ev tikilir. Bizim hamımızın da üzv olduğu Mətbuat Şurası yeni bina ilə təmin olunub və s. Eyni zamanda, jurnalistlərin müvafiq icra strukturlarından asanlıqla informasiya əldə etmələri üçün vaxtaşırı bütün dövlət orqanlarına konkret göstərişlər verilir. Dövlət orqanlarında jurnalistlərin azad şəkildə informasiya əldə etmələri üçün xüsusi qurumlar yaradılıb. Amma biz isə ciddi - cəhdlə peşə nüfuzumuzu aşağı salan hərəkətlərə yol veririk. Beləliklə, həm özümüzü cəmiyyət qarşısında nüfuzdan salırıq, həm də dövlətimizin imicinə zərbə vururuq. Bunlar yolverilməzdir.

Hesab edirik ki, siyasi məsələlərdə jurnalist tərəf olmamalı, siyasilərin özündən daha artıq siyasiləşməməlidir. Bizim borcumuz nəinki siyasətə qoşulmamaq, hətta siyasilərimizin primitiv, qeyri-etik, radikal siyasi leksikonunu korrektə etmək, hər hansı siyasətçinin anti-dövlət çağırışının qarşısını almaqdan ibarətdir. Yalnız bu şəkildə biz Azərbaycanda demokratiyanın daha da inkişafına, siyasi mədəniyyətin bərqərar olmasına xidmət göstərə bilərik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu