Modern.az

Ümidi üzülməyən ailə

Ümidi üzülməyən ailə

10 Mart 2017, 17:54

İlham Soltanov

Bir ildən artıqdır komada yaşamaq uğrunda mübarizə aparan Əli müəllim haqqında çoxdan yazmaq istəyirdim. Amma bu yazının ərsəyə gəlməsinin belə uzanması da səbəbsiz deyil. Bir il bir aydır hər gün Əli müəllimin durumu ilə bağlı xoş xəbər gözləyirik...
 

Öncə dəyərli oxuculara Əli müəllimlə bağlı məlumat vermək istərdim. Əli Əliyev 1946-cı ildə Laçın rayonun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Bakı Dövlət Universitetində təhsil alıb. 1992-ci il Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Altı övladı-dörd oğlu, iki qızı var. Böyük oğlu İmdad Əlizadə hamımızın tanıdığı jurnalistdir. 1992-ci ildə Laçın rayonu erməni təcavüskarları tərəfindən işğal olunanda Əli müəllim rayonu tərk edən sonuncu insanlardan biri olub və doğma kəndləri işğaldan azad olunandan sonra yenidən ev-eşiklərinə qayıdıb.  1993-cü il martın 30-dan mayın 23-ə qədər Laçın və Kəlbəcər rayonları ərazisində 18 yurdaşıyla birlikdə erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb.

2012-ci ildə Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabı nəşr olunub. Əli müəllim kitabında özünün və digər 18 nəfərin mühasirədə olduqları dövrdə başlarına gələnlər, ağır mühasirə həyatından bəhs edib. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Kəndləri işğal olunan zaman əldə etdiyi var dövlətdən, mülkdən heç nə çıxara bilməməsi onu narahat etməyib. Əli müəllim kitabında yazır: “Gənc vaxtlarımdan qələmə aldığım hekayə, povest və xatirələrim qaldı. Həyatımın bir hissəsi idi. Ev-eşiyimdən, var-dövlətimdən çox o kitab-dəftər məni yandırır, hər zaman mənəvi əzab verir”.
Əli müəllimi tanıyanlar onun yaradıcı insan olduğunu, elmə, sənətə yüksək qiymət verdiyini təsdiqləyərlər.

Kitabı vərəqləyən zaman canlarını düşmən caynağından qurtarmaq üçün qaçan, sağ qalmaq uğrunda mübarizə aparan, günlərlə piyada, ac-susuz yol gedən insanların acı taleyinin şahidi oluruq. Əli müəllim də həmin insanlardan biri olub. Amma özü də belə ağır durumda olmasına baxmayaraq, son tikəsini insanlarla bölməsindən fərəhlə bəhs edir: “Belimdə ağır çörək şələm vardı. Qabağıma çıxan adamın ac olduğunu hiss edəndə çörək verirdim, bəzən eləsi olurdu özü istəyirdi. Mən də dar gündə etdiyim bu xeyirxahlıqdan fərəh hissi keçirə-keçirə şələmi yerə qoyur, çoxlu adama çörəyi bütöv, tək adama isə əl boyda çörək paylayırdım. Atalar: “Bir tikə dağ aşırar” deyib. Kim yeyibsə halal xoşu olsun! Mənə elə gəlir ki, verdiyim çörək tikəsinin savabı məni qorudu və qurtardı. Rəhmətlik anam  ac qarını doyurmağı dünyanın ən şərəfli və savab işi sayırdı”.


Əli müəllim eyni zamanda əcdadlarımız tərəfindən deyilmiş kəlamlara sadiqlik nümayiş etdirmiş, köməyə ehtiyacı olanra əl tutmağı ən yüksək dəyər kimi qiymətləndirmişdir.

Doğulduğu, boya-başa çatdığı doğma ata yurdunu tərk etməsi barədə əsərdə yazılmış hissəni oxuduqca insanın ürəyi sızıldayır: “Hazırladığım əşyaları götürdüm. Üst evin qapılarından öpdüm, pilləkənin başında üzümü divara söykədim, yenə də öpdüm, aşağıya endim. Pilləkənin sonunda diz çökdüm, üzümü piulləkənə söykədim, gözümün yaşı ilə ağacı və daşı islatdım, yenə də öpdüm. Dilsiz daş-divarla danışdım. Dedim ki, bağışla, məni ata ocağı, səni qoruya bilmədim”.

Əslinə qalsa o torpaqları müdafiə etmək Əli müəllimin imkanı xaricində idi. Həmin dövrdə vəzifə uğrunda aparılan məkrli, ikiüzlu siyasət, torpağa bağlı insanları düşmən qarşısında  müdafiəsiz qoymuşdu.

Mühasirədən çıxdıqdan sonra Əli müəllimin ailəsi Bakı şəhərində Xətai rayonu Köhnə Günəşli yaşayış massivindəki uşaq bağçasında məskunlaşıb. Darısqal, şəraiti olmayan rütubətli yerdə uzun illərdir yaşanılan məcburi kökçün həyatı bu gündə davam edir. Ağır şəraitə baxmayaraq, bu ailədə böyüyən uşaqların təhsilinə tərbiyəsinə diqqət, qayğı daim yüksək səviyyədə olub. Əli müəllimin övladlarının hamısı müxtəlif istiqamətlər üzrə universitetlərdə ali təhsil alıblar.

Dostlarım arasında məcburi köçkün həyatı yaşayan insanlar az deyil. Onların toy şənliklərində və hüzr mərasimlərində həmişə bir məqamı müşahidə etmişəm: bu məclislər həm də eyni eldən-obadan olan insanların bir-biri ilə görüşmək fürsətidir. Əli müəllimi 2016-ci ilin fevralın 14-də İsmayıllı rayonda məskunlaşmış həmkəndlisinin hüzr mərasiminə gedərkən "Koroğlu" metrosunun yaxınlığında yol keçərkən avtomobil vurub və nəticədə ağır kəllə-beyin travması alıb. Həmin vaxtdan etibarən bu günədək Əli müəllim komadadır. Qəzanı törədən sürücü ötən zaman müddətində müalicəyə heç bir köməklik göstərməyib. Hamımıza məlumdur ki, özəl xəstəxanalar önənişlidir, orada xəstə müalicə etdirmək böyük vəsait tələb edir. Heç dövlət xəstəxaları də özəllərdən ger qalmır...

Bu isə məcburi köçkün ailəsi üçün olduqca ağır yükdür. İndi heç Əli müəllimi dövlət xəstəxanalarına da köçürmək mümkün olmur. Ailəsi dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etsə də heç bir köməklik göstərilməyib...

Ancaq maddi çətinliklərə baxmayaraq ailə yenədə müalicənin davam etdirilməsində israrlıdır. Bu gün cəmiyyətimizdə milli-mənəvi dəyərlərimizin deqradasiyaya uğraması heç kimə sirr deyil. Azərbaycanda olan qalan ailə institutu demək olar ki, məhv olmuşdur. Bəzi övladlar öz valideynlərilə birlikdə yaşamaq istəmirlər, yaxud onların müalicəsilə məşğul olmaq əvəzinə ən yaxşı halda ya qocalar evinə yerləşdirirlər, ya da evdən hər hansı vasitə ilə uzaqlaşdırırlar. Belə hallar televiziya ekranlarında tez-tez müzakirə olunan mövzulardandır. Müharibə vəziyyətində olan bir ölkə kimi vətənə, torpağa, ailəyə, mənəvi-əxlaqi, milli dəyərləri özündə birləşdirən  bir ailə kimi  Əli müəllimin ailəsini nümunə göstərmək olar. Çünki Əli müəllim ailədə övladlarına düzgün tərbiyə verib. Valideynlər var ki, övladlarına hər gün öyüd–nəsihət versədə heç bir nəticəsi olmur. Ancaq Əli müəllim övladlarına elə tərbiyə verib ki, ailəsi onun komada olan çarpayısı ətrafında birləşib maddi imkanların tükənməsinə baxmayaraq atalarının sağalması üçün mübarizə aparırlar. Fikrimcə,  televiziyalar bu cür ailələrdən verilişlər hazırlayıb cəmiyyətimizə təqdim etməlidirlər. Hər dəfə dostum İmdadla, o biri qardaşları Bəbək, Mirzə, Xıdır görüşəndə Əli müəllimin səhhətilə soruşduqda "heç bir dəyişiklik yoxdu, hələ də komadadı. Amma biz ümidimizi itirmirik, Allah var, rəhmi var" cavabını verirlər.  

Yazımı Əli müəllimin müəllifi olduğu kitabdakı bir fikirlə bitirmək istərdim. “Belə ağır faciələrə, dərdə qəmə baxmayaraq, adam ani də olsa xoşhal olurdu. Dağlar meşələr yamyaşıl idi. Düşünəndə ki, ata yurdundan, təmiz havadan, uca dağlardan göz yaşı kimi dumduru, soyuq sulu, şırıl-şırıl axan bulaqlardan ayrılmağa məcbursan, adam, heç olmasa, ölüb burada qalmaq istəyirdi. Amma həyat şirindir, ölmək də olmurdu”.

Bu gün, yəni martın 10-u Əli müəllimin doğum günüdür. Artıq ikinci dəfədir ki, Əli müəllim ona ünvanlanan təbrikləri qəbul edib cavablandıra bilmir.

Allahdan tezliklə sağalmağınızı arzulayırıq, Əli müəllim.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır