Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

10 Noyabr 2009, 10:34

«Media əhvalatları» rubrikasında jurnalistlərin iş prosesində başlarına gələn maraqlı əhvalatları onların öz dilindən veririk. Rubrikanın bu dəfəki iştirakçıları olan həmkarlarımız Səbuhi Məmmədli, Azər Rəşidoğlu, Sevinc Telmanqızı və Rəşad Baxşəliyev də gülməli hadisələr danışıblar.

 

Səbuhi Məmədli, müstəqil jurnalist

«Telefon əvəzinə pultu yığırmış»

 

- 2000-ci ildə zəlzələ baş verən gecə «Yeni Müsavat» qəzetində növbətçi redaktor idim. İkinci təkan olanda Şahin Cəfərli, Etibar Cəbrayıloğlu və digər həmkarlarımla birgə binadan çıxıb küçəyə  qaçdıq. Həmin anda hər kəs yaxınlarına zəng edib onlardan xəbər tutmaq istəyirdi. Şahin də bir yerdə durmadan, o yan-bu yana qaçır, anasına zəng edərək «mama, mama!» deyə çağırırdı. Amma ha çağırsa da onun səsinə səs verən yox idi. Zəlzələnin qorxusu bir az səngiyəndən sonra özümüzə gəldik və məlum oldu ki, Şahin aşağı qaçanda telefon əvəzinə televizorun pultunu götürüb çıxıb. Nömrələrin də yerinə həyəcandan pultun düymələrini yığırmış. 

 

«Ə, Ervin, gedirsən?»

 

- 1999-cu ilin avqust ayı idi. “Laba” ləqəbi ilə tanınan biznesmen Mübariz Pənahovla Vasif Talıbovun arasında münaqişə olmuşdu. “Laba” Sədərəkdə postlar quraraq Naxçıvandan heç kəsi buraxmırdı. Mən birtəhər gedib Sədərəyə çıxdım və hər gün poçtdan «Yeni Müsavat» qəetinin redaksiyasına latın qrafikası ilə rus dilində 2-3 bülleten göndərirdim. İmzamı da təbii ki, dəyişmişdim, Ervin imzası ilə yazırdım. Poçtda faksı göndərən də yaşlı bir qadın idi. Bir neçə gün beləcə davam etdi. Mən də qürrələnirəm ki, Sədərəkdən informasiyalar ötürürəm, Naxçıvan hakimyyəti, polisi məndən xəbərsizdir. Beləcə, işimi qurtarıb geri qayıdırdım. Gömrükdə axırıncı postdan keçəndə yekə bir pəzəvəng gömrükçü əli ilə çiynimə vuraraq Naxçıvan ləhcəsi ilə «ə, Ervin, gedirsən?» deyəndə, dəhşətə gəldim. Deməyəsən, orada olduğum müddətdə bir dəqiqə də məni gözdən qoymayıblarmış.

 

Azər Rəşidoğlu, «Zerkalo» qəzetinin şərhçisi

«Tez Sahibəni çağırın, bu kaftarı vannadan çıxarsın…» 

- «Bu gün» qəzetində işlədiym vaxtlar idi. Vüsalə Mahirqızı da sosial şöbənin redaktoru idi. Axşam gördüm Vüsalə kriminal yazarımız Sahibə Gəncəlinin arxasınca deyinir. Məlum oldu ki, Sahibənin yazdığı yazıdan heç nə başa düşməyib. Sahibə bir yerdə yazıb ki, qatillər yaşlı qadını vannada diri-diri doğrayıblar, materialın başqa yerində isə yazıb vannada boğublar. Bilinmir qadın ölüb, ya yox. Özü də yazıya «Qatillərin cəhdi boşa çıxıb» adlı başlıq qoyub. Vüsalə də deyinir ki, əgər qadını doğrayıblarsa, qatillərin cəhdi necə boşa çıxa bilər, əgər qadın ölməyibsə, onda qatil sözü nə deməkdir. Nə qədər çalışsam da, mən də Vüsaləyə kömək edə bilmədim. Baş redaktorun müavini Rauf Mirqədirova müraciət etdik. O da deyinə-deyinə qayıtdı ki, «siz istedadsızsız. Bir dənə yazını düzəldə bilmirsiz. İndi görün yazını necə düzəldərəm». Yazını Rauf Mirqədirova təhvil verməyimizin üstündən 1 saat keçəndən sonra o, əsəbi vəziyyətdə gəldi ki, «tez Sahibəni tapın, gəlib bu kaftarı vannadan çıxarsın görək, ölüb, ya sağdı?». 

«Zarafatımızın gerçək olması bizi qorxuzdu»

 

- Parlamentdə İbrahim Niyazov adlı bir müxbir var idi. Uşaqlar deyirdilər ki, Milli Təhlükəszlik Nazirliyinin (MTN) agentidir. Həmin vaxtlar da həmkarımız Eldəniz Elgün məni və digər parlament jurnalisti Rey Kərimoğlunu telekanallardan birində hazırladığı «P.S.» adlı verilişinə dəvət etmişdi. Veriliş 1 apreldə gedəcəkdi deyə, media ilə bağlı zarafatlar yer alacaqdı. Biz də Reylə qərara gəldik ki, efirə çıxıb yalandan deyək ki, guya İbrahim Niyazov ölüb və onun nəşini MTN-nin binasından yola salıblar. Bu zarafatımızı Eldəniz də bəyəndi. Danışdıq ki, sabahısı gün çəkiliş olacaq. Sabahısı gün çəkilişə getməyimizdən bir neçə saat əvvəl eşitdik ki, İbrahim Niyazovu boğub öldürüblər. Reylə uzun müddət qorxa-qorxa gəzirdik. Çünki belə bir zarafat edəcəyimizi Eldənizdən başqa bir neçə nəfərin də yanında danışmışdıq.

 

Sevinc Telmanqızı, «Yeni Müsavat» qəzetinin müxbiri 

«Sevinc xanım, bunların həyasızlığını görürsünüz də…»  

- «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevlə «Xocalı qaçqınları»nın 2007-ci ilin aprelindəki məhkəməsi idi. Zalda yer az olduğundan məcbur qalıb öyrədilmiş «qaçqın»ların arasında oturmuşdum. Onların da əksəriyyəti Eynullanın müdafiəçilərini, müstəqil, müxalifətyönlü qəzet jurnalistlərini parçalamağa hazır idilər. Hər dəqiqə yanımda müxalifətyönlü qəzetlərin jurnalistlərini söyür, hətta o biri sırada oturan jurnalistlərə əl qaldırmağa cəhd edirdilər. Başım az ağrısın deyə (etiraf edim ki, həm də qorxudan - S.T.) özümü əvvəlcədən «Yeni Azərbaycan» qəzetinin müxbiri kimi təqdim etdim. Bir də məhkəmənin ortasında - ən absurd şahid ifadəsi səslənən vaxt Eynulla bəy arxaya dönüb hündürdən gülə-gülə mənə qayıtdı ki, «Sevinc xanım, bunların həyasızlığını görürsünüz də. «Yeni Müsavat» bunu mütləq geniş yazın, xahiş edirəm». Bu sözdən sonra «hüquqları tapdalanan qaçqınlar» mənə elə toy tutdular ki, Eynulla bəyin məhkəməsi onun yanında yalan oldu.

«Demək, «Yeni Müsavat»ı da bağladılar, hə?»

- Bir neçə il bundan əvvəl Yaşıl Bazarda günəmuzd işçilərin güzəranını öyrənmək üçün reportaj hazırlamalı oldum. Yeni qiyafəyə girib topdan soğan satışı ilə məşğul olanların yanında bir günlük soğan təmizləyən olmuşdum. Günorta vaxtı təsadüfən atam da elə həmin bazara bazarlıq eləməyə gəldi. Layihəmdən  xəbəri olmadığından bərbad qiyafədə soğan təmizlədiyimi görüb şoka düşdü. Mən də çaşdığımdan heç nə deyə bilmirəm. Həm satıcının yalanımı biləcəyindən, həm də atamın məni bu vəziyyətdə görməsindən xəcalət çəkirəm. Əvvəlcə atam elə bildi ki, soğan alıram, satıcı məni xamlayıb, soğan təmizlətdirir. Buna görə satıcı ilə dalaşmağa başladı. Satıcı deyəndə ki, bura işə girmişəm, atam həqiqətən şoka düşdü. İlk sözü isə bu oldu: «Demək, «Yeni Müsavat»ı da bağladılar, hə?».

 

Rəşad Baxşəliyev, «Şərq» qəzetinin məsul katibi

«Mənə xəstə yox, Musa Nağıyev lazımdı»  

- «Şərq» qəzetində adını çəkmək istəmədiyim müxbirlərimizdən birinə planlaşdırma zamanı tapşırılıb ki, Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına zəng edib qeydiyyata düşən xəstələr və ölənlər barədə informasiya alsın. Müxbir telefonu götürüb xəstəxanaya zəng edib.

- Alo, salam! Xəstəxanadı?

- Bəli, təcili tibbi yardımdı, nə lazımdı?

- Zəhmət olmasa, Musa məllimi çağırardınız...

- Musa müəllim kimidi? Xəstənin soyadını da deyin.

- Mənə xəstə yox, Musa Nağıyev lazımdı.

Təbii ki, telefonun o başındakı adam kiminsə onu doladığını düşünüb dəstəyi yerindən asıb. 

 

"Hazırda ölünün vəziyyəti necədir?

- İş günlərinin birində saat 19:00 radələrində redaksiyamıza zəng edib ağır yaralının xəstəxanaya (xəstəxananın adını unutmuşam - R.B.) çatdırıldığı barədə məlumat veriblər. Jurnalistlərin əksəriyyəti evə getdiyindən redaktorumuz Yusif Nəzərli çarəsiz qalıb idman yazarına deyib ki, xəstəxanaya zəng edib yaralının sağ qalıb-qalmadığını soruşsun. Müxbir xəstəxanaya zəng edir:

- Salam. Xəstəxanadı?

- Bəli. Kim lazımdı?

- 1 saat bundan əvvəl xəstəxanaya yaralı (adını, soyadını da deyir - R.B.) gətirilib?

- Bəli. Amma təəssüflər olsun ki, yaralı keçinib.

- Necə yəni keçinib?

- Vəziyyəti ağır idi.

- Hazırda ölünün vəziyyəti necədi?

  

Hazırladı Lalə MUSAQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir