Modern.az

GUAM-a yeni üzvlər qoşula bilər

GUAM-a yeni üzvlər qoşula bilər

Təhsil

10 Noyabr 2009, 11:10

st1:*{behavior:url(#ieooui) }

Gürcüstanın paytaxtı Tiflis GUAM-ın Parlamentlər Asambleyasının IV iclasına ev sahibliyi edir. Noyabrın 9-da başlayan geniş iclaslarda iştirak etmək üçün Azərbaycandan millət vəkili Elton Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdədi.

Noyabrın 9-da GUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) bir-biri ilə siyasi, iqtisadi əlaqələri müzakirə olunub. Ayrı-ayrılıqda hər bir ölkədəki enerji, ekoloji və siyasi problemlərin həlli yolları axtarılıb.

GUAM yuxarıda adları çəkilən dörd ölkənin prezidentlərinin 1997-ci il oktyabrın 10-da Strasburqda imzaladıqları sənədlə rəsmi şəkildə qurulub. Demokratiya və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurulan birlik daha çox qurucu ölkələrin adlarının baş hərfi ilə - GUAM adlanır.

İclasqabağı GUAM-ın hazırkı rəhbəri Valeriy Çeçeaşvili Modern.az-ın müxbirinin sualını cavablarkən cari toplantıda GUAM ölkələrinin daxili məsələləri və bir-biri ilə olan münasibətlərindən başqa GUAM – Baltik Asambleyası və GUAM – Avropa Birliyi əlaqələrinin də prioritet mövzu olduğunu söyləyib.

Təşkilatın Parlament Assambleyasının IV iclasının ilk günündə GUAM nümayəndələrindən başqa Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Gürcüstan Parlamentinin sədri David Bakradze və başqa yüksək çinli dövlət adamları iştirak ediblər. Elə tədbiri də Parlamentin spikeri Bakradze açıb. O, GUAM-ı təhlükəsizlik, iqtisadiyyat və enerji sahəsində gücü olan bir təşkilat kimi qiymətləndirib vəqurumun növbəti toplantısına ölkəsinin ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elton Məmmədov iclasdakı çıxışında GUAM çərçivəsində dördüncü komitənin təsis olunmasını təklif edib. Bu komitə regionda təhlükəszilik məsələləri ilə məşğul olmalıdır.  “Bu komitənin qurulması Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın maraqlarının qorunmasına kömək edəcək”-deyə Elton Məmmədov Modern.az-ın müxbirinə məlumat verib.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze isə müsahibəsində GUAM-ın get-gedə böyüdüyünü, gücünün artığını söyləyib: “Bir ara deyirdilər ki, GUAM dağılır, dağılır… Amma hər şey əksinə olur. GUAM daha da güclənir. Və istisna olunmur ki, yaxın gələcəkdə üzvlərinin sayı artsın”.

Toplantıda GUAM-a üzv ölkələrdən Moldovanın nümayəndə heyəti iştirak etməyib. Moldovanın Gürcüstandakı səfiri buna səbəb kimi ölkəsində noyabrın 10-da keçiriləcək prezident seçkilərini göstərib.

Əvəzində isə başqa ölkələrdən – Baltikyanı ölkələrdən qonaqlar iştirak edib. Baltik Asambleyasının üzvləri GUAM ölkələri ilə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Tiflisdədirlər.

İclas noyabrın 10-u yekun sənədlərin qəbulu ilə başa çatacaq.

 

Vüqar Baba

Tiflis, Gürcüstan

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!