Modern.az

Bu gün dünyaya vida edən şair Sabir Sarvanın sonuncu MÜSAHİBƏSİ

Bu gün dünyaya vida edən şair Sabir Sarvanın sonuncu MÜSAHİBƏSİ

Ədəbi̇yyat

14 Mart 2017, 15:06

Bu günlərdə 60 yaşını qeyd edən, yubiley tədbirində dostlarını sevindirən şair Sabir Sarvan martın 14-dəki ölüm xəbəri ilə onu tanıyan hər kəsi kədərə bürüdü.

Yazıçılar Birliyində keçirilən yubiley mərasimindən bir neçə gün sonra əlaqə saxlayıb müsahibə hazırlamaq istədiyimi bildirəndə əvvəlcə səhhətinin qaydasında olmadığını deyib yayınmaq istədi. Xəstəliyinin ciddi olduğuna bir neçə dəfə işarə vurub “Şairdə görüşməyə hal qoyublar ki...”- dedi. Ümumi dostlarımızın adlarını “qabağa verəndən” sonra razılaşdı. Amma sonda yenə şərt qoydu-“ Çox çək-çevirə salma. Mənə göstərmədən yazını çapa vermə”.

Şairin şərtlərini yerinə yetirdim və “Çətin adamla asan müsahibə” adlı yazı “Ədalət” qəzetinin 27 fevral tarixli sayında dərc edildi. Səhv eləmirəmsə, bu şair Sabir Sarvanın sonuncu müsahibəsi oldu.


Modern.az saytı "Çətin adamla asan müsahibə"ni təqdim edir:

Dərdini kitab edən 60 yaşlı Sabir Sarvan: “Şeir yazmaqla qəlbimdən yük atıram”


Sabir Sarvan ədəbiyyata ötən əsrin 80-ci illərində gələn, elə o vaxtdan yaradıcılığı  maraqla izlənilər şairlərdəndir. Qələm dostu və sirdaşı Əjdər Ol demişkən, az yazsa da, ölçüb-biçən, poeziyaya ciddi yanaşan qələm adamlarındadı.

Şairin digər dostu, ədəbiyyatşünas alim İlham Abbasovun fikrincə isə Sabir Sarvanın şeirləri də özünə oxşayır-zahirən sadə, anlaşıqlı görünsə də, dərinliyinə varanda başa düşürsən ki, hər şey göründüyündən daha mürəkkəbdi, məğzini, mahiyyətini anlamaq heç də asan deyil.

-          Deyirlər ki, heç kim ədəbiyyata xoşbəxtlikdən gəlmir... Sabir Sarvan da istisna deyil yəqin...

-          Əgər yer üzündə xöşbəxtlik doğrudan da varsa, ədəbiyyat heç vaxt  onun  meydanı olmayıb. Bu mənada, bu meydanda Sabir Sarvan da istisna deyil. Amma paradoks ondadır ki, mən ilk şeirimi  xöşbəxtlikdən yazmışam və o xöşbəxtliyin dadını hələ də unutmamışam. Orta məktəbin  7-ci sinfində oxuyanda bir qıza vurulmuşdum. İllər keçəndən sonra başa düşdüm ki, bu vurğunluq dövrün ən xöşbəxt günləri imiş.Və o xöşbəxt günlərdə yazdığım ilk şeirin aşağıdakı misraları hələ də yadımdadır:                         

 

                       Küsüşdük, barışdıq gözlərimizlə,

                       Qaynadıq, qarışdıq gözlərimizlə,

                       Bir dastan danışdıq gözlərimizlə,

                                        gözlər də danışarmış.      

 

-          Dərdini kitab edən Sabir Sarvanın əsas məqsədi nədir- oxucularının sayını artırmaq, yoxsa dərdlərini azaltmaq?

-          Başqa  yazı-pozu adamlarını bilmirəm,  mən  məqsədsiz- filansız yazıram. Sadəcə, qəlbimdən yük atıram. Belə  məqamlarda məqsəd-filan olmur,  ürəyini boşaldırsan, yüngülləşirsən, vəssalam. Oxucuların sayını artırmaq məsələsinə gəldikdə isə təbii ki, hər bir şair istəyər oxucusu çox olsun, şeirləri dildən-dilə düşsün. Amma bir  çox hallarda belə olur ki, sən peşəkarlaşdıqca, səviyyən yüksəldikcə ətrafın və oxucuların seyrəlir. Bilirsən bu nəyə oxşayır?

-          Yox, bilmirəm, şair...

-          Elə bil sən hündürə qalxırsan və qalxdıqca, ətrafın yavaş-yavaş, mərhələ - mərhələ aşağıda qalır. Məsələn, indi Əli Kərimi yox, ədəbiyyata dəxli olmayan bir çox cızmaqaraçıları cani-dildən təbliğ edirlər.Və bunu ürəkdən, səmimi şəkildə edirlər. Çünki səviyyələri budur. Əli Kərimi və başqa bu kimi şairlərimizi gerçəkdən anlamaq üçün ilk növbədə hökmən səviyyə lazımdır.

-          Dostlarınız sizi çətin adam kimi xarakterizə edirlər. Bu xarakterlə sözlə yola getmək çətin deyil ki?

-          Sənin də yaxşı tanıdığın dostlarım düz deyirlər, mən çətin adamam. Sonda deyiləsi sözü əvvəldə deyirəm. Çünki yalanı sevmirəm, nəinki sevmirəm, yalana nifrət edirəm. Bu da bir çoxlarını incidir. Amma mən xasiyyətdə olan adamlar insanlarla ünsiyyətdə çətinlik çəksələr də,  sözün qəlbinə girməyi, sözü qılıqlamağı bacarırlar, bütün ömürləri boyu sözün  nazıyla oynayır, sözlərinin ağası, sözün qulu olurlar:

                      ...Üyüdürəm dən kimi

                         Kəlmə - kəlmə “un” alım.

                         Canımın ağrısıdı,

                         Sözün ağrısın alım.

                         Tanrım, SÖZ dəlisiyəm,

                         Məskənimi çöl elə,

                         Məni bir də yaratsan,

                         Yenə SÖZƏ  qul elə.

-          Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyəndiyi imzaların sırasında sizin də adınızı çəkib. Bu, yəqin ki, təkcə qohumluq əlaqələri ilə bağlı deyil...

-          Gəl, əvvəlcə bir düzəliş edək. Səlim Müslümov deyib ki, Sabir Sarvanın yazdıqları ruhən ona daha yaxındır. Etiraf et ki, bəyəndiyi imzaların sırasında ad çəkməklə bunun xeyli fərqi var.

-          Etiraf edirəm...

-          Qohumluq məsələsinə gəldikdə isə bizim Ağsu rayonunun Pirhəsənli kəndində  hamı bir-biri ilə qohumdur, biz az yaxını, uzağı var. Zaman- zaman qız veriblər, qız alıblar, qaynayıb-qarışıblar. Amma Səlim müəllimlə məni bir-birimizə qohumluq əlaqələri yox, təmənnasız dostluq telləri bağlayır. O, bir  gözəl  misradan, bir gözəl sənət əsərindən bihuş olacaq qədər həssas insandır. Sənəti, ədəbiyyatı duyur, bilir və sevir. Görünür yazdıqlarımda nəsə onu tutub, yoxsa mənim yaxşı tanıdığım Səlim Müslümov nə dostluğa, nə də qohumluğa görə boğazdan yuxarı söz deməz.

-          Yazıçılar Birliyinin Sumqayıt bölməsini sizin övladınız sayırlar. Bu arada “övladınız” böyüyüb 20 yaşına çatdı...

-          İnan ki, 20 ilin necə gəlib keçdiyini heç hiss eləmədim. Bölməni qurub- yaratmaq, maliyyə məsələlərini həll etmək, yerlə, təchizatla təmin etmək və sair və ilaxır işlər başımı qatdı. Düz deyirsən bu elə övlad böyüdüb araya - ərsəyə gətirmək kimi bir işdir. Amma bu “övladın” barı-bəhəri də az olmayıb. Keçirilən saysiz-hesabsiz tədbirləri, görüşləri sadalayıb səni və oxucuları yormaq istəmirəm. İkicə faktı qeyd edim, Sumqayıt bölməsi yaranmamışdan  Azərbaycan Yazıçılar Birliyinin şəhərdə təxminən 8 -10 üzvü var idi, indi isə üzvlərimizin sayı 80 nəfərdən çoxdur. Bölmə tərəfindən nə az,  nə çox, düz 34 kitab nəşr edilib. Məncə, bu rəqəmlər fəaliyyətimiz haqqında nəsə deyir.
 

-          Şair Sabir Sarvanın 60 yaşı tamam oldu. Bəs bir vaxtlar aktyor kimi çalışan Sabir Məlikov indi neçə yaşındadı?

-          İxtisasca aktyor olmağıma işarə ilə bir vaxtları yaxşı dedin, amma səhnədən uzaqlaşmaq hələ bu sənətlə vidalaşmaq demək deyil. Məsələn, indi də bir tamaşaya, yaxud bir filmə baxarkən oradakı hansısa aktyorun oyunu xoşuma gəlməyəndə mən bunu necə edərdim?- deyib, qapını arxadan bağlayıb aynanın önünə keçirəm. Belə vaxtlarda mənim “monotamaşam” başlayır. Səhnə aynanın qabağı, aktyor və tamaşaçı özüm oluram. Hətta şeirlərimdə də birdən özümdən asılı olmadan bu sənətə  aid sözlər işlədirəm. Bütün bunları nəzərə alsaq, şair Sabir Sarvanın yaşı ilə aktyor Sabir Məlikovun yaşı elə eyni olar məncə.

-          Yaşın 60-cı mərtəbəsindən irəli baxanda nə görünür?

-          İlk növbədə hər kəsə, o cümlədən sənə arzu edirəm ki, 60-ın,70-in, 80-in, 90-ın “mərtəbələrini” bir-bir fəth edəsən. Kim hansı “mərtəbədən” hara baxacaq, onu deyə bilmərəm, mən  yaşın altmışıncı “mərtəbəsindən” irəli yox,  geri baxıram. Çünki:

                                Qarşıda

                                Heç nə gözə dəymir,

                                Gözləmir bizi  

                                nə bir ümid közərtisi,

                                nə bir möcüzə

                               Güzgülərdə gəzirik gəncliyimizi,

                               Güzgülər

                                özgələri göstərir bizə.

 

Geriyə  daha çox ona görə baxıram ki, həm geridə çox şey qoyub gəlmişəm, həm də səhvlərimi, günahlarımı düzəltmək üçün bir daha  ora qayıtmaq imkanım yoxdur. Adam ağrıyan yerinə baxar. Vaxtında zamanı düzgün dəyərləndirməmişəm. Mən etmək istədiyinin yüzdə birini belə eləyə bilməyən adamlardanam:

             Qocalıq gözümə zülmət çökdürür,

             Yükü karvan – karvan daşınmazmola?

              Ah, necə fürsətlər çıxdı əlimdən

              Təzədən bu ömür yaşanmazmola?

 

 

Etibar Cəbrayıloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir