Modern.az

Ədəbiyyatımızın 90 yaşlı canlı ensiklopediyası

Ədəbiyyatımızın 90 yaşlı canlı ensiklopediyası

Ədəbi̇yyat

15 Mart 2017, 09:53

Ədəbiyyatı yaradanlar da, yaşadanlar da ədəbiyyata xidmət edirlər. Ancaq az-az adamlara nəsib olur ki, onlar ədəbiyyatın böyük bir tarixi ilə yaşıd olurlar. Belələri həm ədəbiyyatı yaradırlar, həm də yaşadırlar. Məhz elə Vidadi Babanlı kimi.


Babanlı Vidadi Yusif oğlu nəsrimizin, şeirimizin, bədii tərcümə ədəbiyyatımızın 90 yaşlı canlı ensiklopediyasıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlının 90 illik ömrü Allah tərəfindən ona verilmiş halal haqqıdır. Hər kəsə nəsib olmayan 90 illik halal haqqın içərisində ədəbiyyatımızın böyük bir dünyası vardır. Ən azı böyük bir ədəbi-bədii təcrübə sahibinin kimliyi vardır. Vidadi Babanlıdan öyrənilməli çox məsələlər vardır. Ədəbi tənqidimiz də, şair və yazıçılarımız da, bütövlükdə ədəbi mühitimiz də onun təcrübəsindən öyrənməlidir. Əslində ədəbiyyatımızın indiki vəziyyəti, qarşıda duran vəzifələr, mövzu problemi, oxucu səviyyəsi və s. məsələlər Vidadi Babanlı kimi təcrübəli ədəbiyyat adamlarının mövqeyində daha dürüst və dəqiq görünür. Odur ki, onun ədəbiyyata münasibəti ilə bağlı düşüncələrini başqalarının mövqeyi ilə nə qarşılaşdırmaq, nə də müqayisə etmək olar. O, ədəbiyyatımızın hal-hazırda bənzərsiz bir simasıdır. Onun nə bədii idrak səviyyəsini, nə hadisələri dərketmə qabiliyyətini, nə ictimai-psixoloji anlayışları bədii şəkildə əks etdirmək imkanlarını hal-hazırda heç kəslə müqayisə etmək olmaz. Vidadi Babanlı hal-hazırda elə bir mərhələdədir ki, onun yaradıcılıq təcrübəsindən ancaq və ancaq ədəbi mühit öyrənməlidir. O, ədəbiyyatımızın estetik amalında vicdanlıları da, vicdansızları da, laqeyd və biganələri də “Vicdan susanda” məktəbinin məzunlarına çeviribdir. Böyük bir nəsil “Vicdan susanda” məktəbinin məzunları kimi Vidadi Babanlıya borcludur. Bu məktəb yaşından, cinsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir kəsi özünə cəlb edir. Nəsillər dəyişir və dəyişəcək, həyat inkişaf edir və inkişaf edəcək, ancaq “Vicdan susanda” bir məktəb kimi uşağı da, yeniyetməni də, gənci də, qocanı da, ahılı da düşündürəcək, onların hər birinin məhəbbət və istəyini qazanacaqdır.


Vidadi Babanlı “Vicdan susanda” romanında qaldırdığı məsələlərin hər biri bütün zamanların aktual mövzularıdır. O, təkcə bu əsərinə görə bütün zamanlarla ayaqlaşacaq, bütün zamanların oxucularının müasiri olacaqdır.


“Vicdan susanda” romanındakı qaldırılan məsələlər əslində bütün dünyada olan problemlər kimi bütövlükdə bəşəriyyəti narahat edir və etməlidir. Məsələn, elmi-texniki tərəqqinin həyatımıza, məişətimizə gətirdiyi yaxşı və pis cəhətlər, eləcə də onun insan psixologiyasında yaratdığı dəyişikliklər olduqca düşündürücüdür. Bu gün bütün dünyanın maraq dairəsində olan problemlər var: havanın çirkləndirilməsi, ətraf mühitin və təbiətin ekoloji problemləri, insan mənəviyyatındakı aşınmalar və s. Məhz romanda bu məsələlərin özünə yer alması təsdiq edir ki, Vidadi Babanlı bütün zamanların marağında olan və bütün dövrlərin xeyrinə çalışan ədəbiyyat adamıdır. Əslində o, bir yazıçı kimi öz mövqeyində o qədər qətidir, o qədər inandırıcıdır ki, təsvir etdiyi bədii lövhələrin reallığı qarşısında ram olmamaq mümkün deyildir. O, məqsəd, amal, məslək yolunda mövqeləri toqquşdurmağı, kimin kim olduğunu üzə çıxarmağı bacaran ədibdir. Onun bu qabiliyyəti sayəsində “Vicdan susanda” romanında respublikanın qabaqcıl alimlərinin gərgin elmi fəaliyyəti, mübarizə və mübahisələri, hətta bu mübarizənin, mübahisənin düşmənçilik səviyyəsinə çatması inandırıcı şəkildə verilir.


Oxucu “Vicdan susanda” romanından öyrənir ki, insana daha doğrusu, insanlara məxsus keyfiyyətlər hansılardır?! Bu keyfiyyətlər sırasında yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq, cılızlıq, paxıllıq, bədxahlıq və s. keyfiyyətlər oxucunu narahat etməyə bilmir. Deməli, Vidadi Babanlı insanların daxili aləmini, mənəvi keyfiyyətlərini, lap elə çirkin xüsusiyyətlərini dərində bilən və onu inandırıcı şəkildə təqdim etməyi bacaran nasirdir. Onun dərin müşahidə qabiliyyəti və bunları ümumiləşdirmək bacarığı, nəticədə ayrı-ayrı obrazların, xarakterlərin simasında hər şeyi öz ünvanına yönəltmək gücü qeyri-adi bir istedaddır. Bunu bacaran yazıçı öz oxucusunu qazana bilir, yazdıqlarının auditoriyasını tapır. Bu mənada Vidadi Babanlı o tipli nasirdir ki, onun oxucu auditoriyası dolu və zəngindir. Birisi islah olunmaq üçün o auditoriyaya gəlir, başqa birisi ibrət dərsi almaq üçün, digərləri yaşamağın yolunu tapmaq üçün... Bir sözlə, hər kəs öz payını götürür, daha doğrusu, Vidadi Babanlı hər kəsin, hər bir oxucunun istəyi müqabilində ona çatacaq payı verməyə qadir olan sənətkar kimi sevilir.


Vidadi Babanlı “Vicdan susanda” romanında həqiqəti üzə çıxarmağa nail olmuşdur. O, həqiqəti üzə çıxarmaq üçün köhnəliklə yeniliyi, təmiz əxlaq, saf vicdan sahibləri ilə vətənə, xalqa, cəmiyyətə tammənalı xidmət edənləri üz-üzə qoymuşdur. Bununla da ədalət, həqiqət naminə əsərdə iki vicdanı, iki əqidəni, iki psixologiyanı toqquşdurmuşdur. Onun bu üsulu seçməsi təbiidir. Axı cəmiyyətdə əsl həqiqət toqquşma olmadan üzə çıxa bilməz. Qarşılaşma, toqquşma həqiqəti açıb göstərir. Necə ki, Vidadi Babanlı qarşılaşdırma, toqquşdurma yolunu seçir və bir yazıçı kimi istəyinə nail olur. O, qütblərin birində professor Söhrab Günəşlini və onun aspirantı Vüqar Şəmsizadəni  verir. Professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə elmi nailiyyətlərini sübuta yetirmək istəyirlər və yeni avtomaşın yanacağı axtarışında əzmlə, inadla çalışırlar. Ancaq digər bir qütbdə Bəşir Bədirbəyli, Ziya Lələyev kimi kütbeynlər, istedadsız aspirant İsmət vardır. kütbeyin Bəşir Bədirbəyli, Ziya Lələyev elm aləminə fırıldaq bir yolla gəlmiş, eyni zamanda vicdanları susmuş, xudbin adamlardır. Odur ki, belələləri vicdanlı, ləyaqətli, təmiz əxlaqlı, saf əqidə sahiblərinə əngəllər törədir, maneçilik edirlər. Bütün dövrlərdə hər iki əqidədən olan insanlar olub və olacaqdır. Bu, xeyirlə şərin mübarizəsinə bənzəyir. Ədəbiyyatın ən böyük missiyasından biri də odur ki, o xeyirin tərəfində dayansın və həmişə ona yol açsın. Bu mənada Vidadi Babanlı yazıçı cəfakeşliyi ilə ürəklərə yol tapmış, “Vicdan susanda” romanı ilə xalqını, millətini, gələcəyini sevən oxucuların qəlbində məşələ yandırmışdır. Bunun özünü bir müəllim əməyi və zəhməti hesab etmək lazımdır. Ona görə ki, cəmiyyətin eybəcərliklərini açıb göstərmək, əsl vətəndaş olmağın yollarını anlatmaq ciddi bir işdir. Əgər hansı müəllif bu işlə məşğul olursa, deməli, o, yazıçı-müəllim vəzifəsini yerinə yetirir. Məhz bu mənada Vidadi Babanlı təkcə “Vicdan susanda” romanına görə yazıçı-müəllim kimi çıxış edir. O, zehni naqis olanlara qarşı mübarizə aparır, mənəvi şikəstləri düz yola çəkmək istəyir, savadsızlığı, əqidəsizliyi, məsləksizliyi tənqid edir. Bununla da, bir daha qeyd edək ki, Vidadi Babanlı müəllim-yazıçı kimi ikiüzlülərə, vicdanını satanlara etiraz edir. “Vicdan susanda” romanının yazılmasından xeyli vaxt keçməsinə baxmayaraq bu əsər nəsillərin tərbiyəsində əhəmiyyətli rolu itirməyibdir. Əksinə, həmişə təmiz, yenilikçi bir nəslin yetişməsinə yardımçı olubdur. Bununla da Vidadi Babanlını yenilikçi bir nasir kimi də qiymətləndirməliyik. Onun yeniliyi ədalət və doğruçuluqdan yoğrulmuş bir yenilikdir. Bu yenilik daim təzələnməkdə olan nəsillərin tərbiyəsində çox mühüm rol oynayacaqdır.

        
Vidadi Babanlının “Vicdan susanda” romanında sevgi-məhəbbət və məişət məsələləri də çox canlı, maraqlı bədii detallarla, həm də yaddaqalan bədii detallarla tərənnüm olunur. Əlbəttə bu da oxucuya çoxlu mənəvi keyfiyyətlər aşılayır. Bu cəhətdən də Vidadi Babanlı oxucunun qəlbinə belə bir yol tapır: o (yəni Vidadi Babanlı) insanların səadətinə, xoşbəxtliyinə çalışan və bunu yaradıcılığının ruhuna hopduran nasirdir. Bəlkə və elə bəlkəsiz də bu keyfiyyət onun həm də şair olmağından qaynaqlanır. Axı Vidadi Babanlı ədəbiyyata şeirlə gəlib, ancaq şeirlə demək istədiklərini deyə bilməyəndə nəsrə keçib. Amma onun şairlik istedadı yazdığı nəsr əsərlərinin ruhuna hopubdur. Bunu onun “Sizinçün üslub nədir?” sualına verdiyi cavab da təsdiq edir: “Mən deyə bilmərəm ki, üslubum nədir, necədir. Mənim üslubum haqqında oxucular, tənqidçilər və yazıçılar fikir yürüdə bilər. Ancaq onu deyə bilərəm ki, şeirlərimdə nəsr müşahidələri, nəsr əsərlərimdə isə şeirə xas poetiklik var”.

        
Vidadi Babanlı adı çəkiləndə “Vicdan susanda” romanı yada düşür. Bütün görkəmli şair və yazıçıların bir əsəri o birilərini həmişə kölgədə qoyubdur. Bu mənada etiraf etmək lazımdır ki, Vidadi Babanlının “Vicdan susanda” romanı “Gəlin”, “Tanışlarım və dostlarım”, “Ayazlı gecələr” “Həyat bizi sınayır”, “Müqəddəs ocaq”, “İnsaf nənə”, “Ömürlük cəza”, “Ana intiqamı” və s. əsərlərindən daha məşhurdur. Bəli, Lev Tolstoy deyəndə “Hərb və sülh”, “Anna Karenina”, Dostoyevski deyəndə “Cinayət və cəza”, Stendal deyəndə “Qırmızı və qara” yada düşdüyü kimi, Vidadi Babanlı deyəndə də “Vicdan susanda” yada düşür.

        
Adətən yazıçının, şairin tanınmasında tənqid və tənqidçi mühüm rol oynayır. Ancaq elə şair və yazıçılar var ki, onların yaxşı mənada tənqidçisi xalqdır, geniş oxucu kütləsidir. Bu mənada “Vicdan susanda” romanı bütün xalqın oxuduğu bir roman olmuşdur. İndi də hər bir oxucu, o cümlədən gənclik bu əsəri oxuyur və sevir. Ona görə də xalqın oxuduğu və sevdiyi əsərlərin tənqidçisi olmur. Və belə əsərlərin tənqidə ehtiyacı qalmır. Həm də belə əsərlər klassikləşir və bütün dövrlərin oxunan əsərinə çevrilir. Bu mənada Vidadi Babanlı “Vicdan susanda” romanı ilə klassikləşən yazıçıdır. Ona görə də onun bütün dövrlərdə və zamanlarda oxunmasına şühbə yoxdur. Vaxt gələcək ki, 90 yaşlı Vidadi Babanlının yaşından danışmağa ehtiyac olmayacaqdır. Bunun səbəbi isə o olacaqdır ki, Vidadi Babanlı bütün yaşların yaşıdı kimi görünəcəkdir. Hər yaşda olanlar “Vicdan susanda” romanında axtardıqlarını, istədiklərini tapa biləcəklər. Bax bu məqam da klassikləşməyi şərtləndirən məqamlardan biridir. Bu, Vidadi Babanlının “Vicdan susanda” romanının simasında artıq öz təsdiqini tapmışdır.

        
Vidadi Babanlının əsərləri həmişə diqqət mərkəzində olub. Elə bu diqqətin nəticəsidir ki, o haqsız təqiblərlə, təzyiqlərlə də qarşılaşıbdır. Ancaq əsərlərini mənəvi övladları hesab edən Vidadi Babanlı mənəvi övladlarına olan məhəbbətin sayəsində təqiblərdən, təzyiqlərdən qorxmamışdır. Müsahibələrinin birində dediyi kimi: “Mən “Vicdan susanda” əsərini uzun illərlə yazmışam. Həmin romana görə başıma çox müsibətlər gəlib. Bu əsərə görə məni kommunist partiyasından çıxarmaq istəyirdilər. Bu da ömürlük kitabımın bağlanması demək idi. Çünki partiya üzvü olmayanda səni işə götürmürdülər, çap olunmurdun, bütün siyahılardan adın çıxarılırdı və s. Bu əsəri AYB - nin iclasında müzakirəyə qoydular ki, roman antisovet əsəridir, sovet adamının vicdanı nə üçün susmalıdır, bütün bunlar böhtandır. Süleyman Rüstəm, Əli Vəliyev, Osman Sarıvəlli, Rəsul Rza partiyadan çıxarılmağımın əleyhinə oldular, təklif etdilər ki, bu cavan oğlandır, onu partiyadan çıxartmaq gələcəyinin üstündən xətt çəkmək deməkdir, ona görə də şifahi töhmətlə kifayətlənmək lazımdır”. Görün ki, cəmiyyətin sağlamlaşması, insanların mənəvi cəhətdən təmizlənməsi yolunda azad yazıçı kimi Vidadi Babanlı kimləri silkələmişdir ki, onlar narahat olmuş və onu gözümçıxdıya salmışlar. Belə bir hal hər yazıçının, şairin tərcümyi-halında olmur. Daha çox böyük əksəriyyətin, cəmiyyətin narahat olduğu problemlərin həlli istiqamətində özünü çəkinmədən, qorxmadan fəda etmək istəyənlərin taleyində baş verir. Məhz Vidadi Babanlı da belə tale sahiblərindən olmuşdur. O, fikrini davam etdirərək deyir: “Mən də hirsləndim partiya biletini cibimdən çıxarıb stola çırpdım, bilet diyirlənib Mirzə İbrahimovun qarşısında yerə düşdü. Qapını çırpıb getdim. Həmin gecə Brejnevə məktub yazdım ki, bu ölkədə yaşamağıma imkan yoxdur, mənə başqa ölkəyə getməyə şərait yaradın. Səhəri gün məni işdən çıxardılar, 4 il işsiz qaldım, çox çətinliklər çəkdim”. Deməli, əqidə, məslək yolunda bütün çətinliklərə sinə gərmək, bütün əzablara qatlaşmaq o qədər də asan deyildir. Məhz bunu bacaran ədiblər sonralar bu əzab-əziyyətin, yəni cəfanın oxucu münasibətində səfasını da görürlər. Vidadi Babanlı kimi...

        
Vidadi Babanlı indiyə qədər bir an da olsun qələmini yerə qoymayan yazıçılarımızdandır. O, hadisələrə biganə qalmayan sənətkardır. Bu mənada onun “Ana intiqamı” əsəri bədii dəyəri, qayəsi ilə fərqlənir. Belə ki, övladı ölmüş ana oğlunun paltarını geyinib vuruşmağa gedir. O, müharibə vaxtı gənc bir erməni əsgəri ilə qarşılaşır. Silahı həmin gənc erməniyə tuşlamaq istəyəndə analıq hissi bütün hissləri üstələyir. Həmin gənc ermənini qovur və deyir ki, niyə döyüşə gəlmisən, get ananın yanına. Gənc erməni dığası ağacın arxasında gizlənir və ana geriyə dönüb gedəndə onu güllələyir. Bununla da Vidadi Babanlı erməni xəyanətinin mahiyyətini bədii şəkildə təqdim edir.

        
Vidadi Babanlının həyat eşqi güclüdür. Onun qəlbi yazmaq, yaratmaq həvəsi ilə döyünür. İncə duyğular həmişə onunladır. Bu gün də Vidadi Babanlı incə duyğularla nəfəs alır. O yazır:

                            

İnsaf elə, mürvət elə, ey pəri!

Pozma əhdi bir nəhs sözdən ötəri.

Tufan kimi viran qoyub hər yeri,

Sən əssən də, mən duraram, əsmərəm,

Sən keçsən də, mən heç səndən keçmərəm.

 

Yaxud:

Bir daş ürəkliyə mən könül açdım,

Qarşımda lal kimi durdu, dinmədi.

Məndən uzaq gəzmə, sevirəm, - dedim,

Boynunu ehmalca burdu, dinmədi.

 

Başqa bir misal:

Babanlı asidir tale yazana,

Gəlib yazıq canı, vallah, cəzana

Əzablı günləri qoyma uzana

Öldürürsən öldür, a zalım qızı!

 

        
Vidadi Babanlının bu şeirləri son dövrlərdə yazdığı şeirlərdir. Bunları oxuyan hər kəs onun ruhunun cavanlığını, ürəyinin hərarətini, həyat eşqinin gücünü görməyə bilmir.

        
Vidadi Babanlının həyatı və yaradıcılıq yolu fərqli bir üslubdur. Fərqli olmaq, başqalarına bənzəməmək özü olmaq deməkdir. Özü olan – Vidadi Babanlı olan ustad yazıçımıza cansağlığı arzusuyla hələlik deyirəm.

 

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub