Modern.az

Mənim kəndim - Nəsiman Yaqublu: “Mirzə Cəlil bizim kəndin çayında çimmişdi

Mənim kəndim - Nəsiman Yaqublu: “Mirzə Cəlil bizim kəndin çayında çimmişdi”

Mədəni̇yyət

15 Mart 2017, 14:28

Kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” layihəsinə davam edirik. Modern.az-da bu dəfə Azərbaycan Cumhuriyyət tarixinin, Məhəmməd Əmin Rəsulzadə irsinin təbliğatçısı olan tarix elmləri doktoru Nəisman Yaqublu anadan olduğu Zəngilan rayonunun Zəngilan kəndi və oradakı uşaqlıq illərindən danışıb.

Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir.

Nəsiman Yaqublu o yerləri, o illəri belə xatırlayır: 

“Qaçaq Nəbi”li kənd

Rayonumuz kimi kəndimizin də adı elə Zəngilandır. Oxçu çayının kənarında yerləşir. Bu çay mənşəyini Zəngəzur dağlarından götürür, bizim kənd və ətraf ərazilərdən keçərək, Araza qovuşardı. Kəndimiz qabaqlar rayonun mərkəzi olub. Amma Mincivan adlı qəsəbə salındıqdan sonra mərkəz rolunu ora oynayıb, Zəngilan elə kənd olaraq qalıb. Bir növ aran kəndi sayılardı Zəngilan. Tarixi ilə bağlı çox araşdırmalar aparmışam, bir çox insanlarla görüşmüşəm. Buranın tarixi qədimlərə gedib çıxır. Maraqlıdır ki, çox yaşlı insanlar kəndin tarixindən danışanda daha çox Qaçaq Nəbidən bəhs edərdilər. Bildiyimiz kimi, məşhur Qaçaq Nəbi çar zülmünə qarşı o tərəflərdə mübarizə aparıb, qaçaqçılıq edib. Yaşlılar həm Nəbi ilə bağlı, həm də onun  bu yerlərdə döyüşməsi ilə əlaqəli maraqlı xatirələr danışardılar. Bəziləri hətta Qaçaq Nəbini canlı gördüyünü də deyirdi.

Xilaskar samovar

Danışardılar ki, Qaçaq Nəbi qonşu  kənddə arvadı və ən yaxın silahdaşı Həcəri evlərin birində gizlədir. Çünki onları böyük silahlı dəstə təqib edirmiş. Həcər bir həftə həmin evdə qalır. Təhlükə sovuşandan sonra Nəbi həmin evə gəlib Həcəri aparır. Təşəkkür əlaməti olaraq, ev yiyəsinə balaca qızıl samovar verir. Danışardılar ki, həmin ev yiyəsi sovet vaxtında o samovarı göz bəbəyi kimi qoruyur. Lakin sonradan ciddi ehtiyac yarandığından samovarın qızılından xırda-xırda qopararaq pula dəyişərmiş.


Babək hərəkatının və Qarabağ xanlığının qalıqları

Kəndimiz Zəngilan və ətraf kəndlər haqqında deyilən başqa maraqlı tarixi fakt isə onun Babək hərəkatı ilə əlaqəli olmasıdır. Demək, bizim kəndə yaxın Mincivan adlanan yerdən haradasa 50 metr aralıda Bəzz qalası yerləşirmiş. Bir fərziyyəyə görəsə,  Babək hərəkatının təqib olunan üzvləri kəndimizin yaxınlığındakı bir yerə gələrək burada məskunlaşır. Bu səbəbdən ora Xurama kənd adı verilib.

Amma məxsusi olaraq bizim kənddə Qarabağ xanı İbrahim xanın ailə üzvləri yaşayıb. Daha doğrusu, onun qardaşı oğlanları Əmusəməd və Cavad bəy bizim kənddə bəylik edib. Onları Qarabağın mərkəzi olan Şuşadan çar hökuməti bura sürgün edib, narazılığın qarşısını almaq üçün  bəylik vermişdi. Əsas məqsədləri xanlıq varislərinin gözdən-qulaqdan iraq olmaları idi. Hər ikisinin çox gözəl şeir yazmaq qabiliyyəti olub. Məşhur Qasım bəy Zakir də o nəsildən olub və bildiyimiz kimi onu da bir kəndə sürgün ediblər. Əmusəməd və Cavad bəylərin qapısında nökər işləmiş Qədim kişi onların şeirlərini  əzbərdən deyərdi. Cavad bəyin xanımı isə Şirinbəyim xanımı  nənəm şəxsən görmüşdü. Deyərdi, biz uşaq idik, onlara gedirdik, Şirinbəyim də bizə qarmon çalardı. O nəsil ədəbiyyatla yanaşı, həm də musiqiyə vurğunluğu ilə seçilib. Bu ailənin bizim kənddəki son nümayəndəsi isə Xosrov müəllim oldu. Sonradan onu bəy nəslindən olduğunu əsas gətirib həbs etdilər.

Nənəm danışardı ki, bu hadisələrdən xeyli sonra kəndə  səs düşdü ki, hansısa yad qadın bəylərin bir zamanlar yaşadığı malikanəyə yaxın gələrək, bayırdan evlərə baxır. Gedib gördük ki, bu həmin Şirinbəyim xanımdır. Bir zamanlar yaşadığı evinə kənardan baxmaq üçün gəlmişdi. Artıq çox qocalmışdı...

Mirzə Cəlilin “üzgüçülüyü”

Kəndimizin Mirzə Cəlillə də bağlı xatirəsi var. Bildiyimiz kimi, onun həyat yoldaşı Həmidə xanım Cavanşir Qarabağ bəylərinin nəslindən olan Əhməd bəy Cavanşirin qızı idi. 1918-ci ildə “Molla Nəsrəddin” jurnalını çap etmək üçün Təbrizə gedən Mirzə Cəlil bir müddət bizim kənddə də qonaq olub. Bayaq dediyim Əmusəməd və Cavad bəy Həmidə xanımın qohumları idi, elə onların evində qonaq olublar. Bəy evində işləmiş Qədim kişi danışardı ki, biz Mirzə Cəlil və xanımını gedib İnnablı yoxuşunda qarşıladıq, sonra bəyin evinə gətirdik.

Mən bu motivə sonradan Həmidə xanımın xatirələrində də rast gəldim. Həmidə xanım hətta əlavə edirdi ki, Mirzə Cəlil çayda çimməyi çox sevırmiş. Odur ki, bizim kənddən axan Oxçu çayını görəndə özünü saxlaya bilməyib, çayda çimib.

 

Tavansız-döşəməsiz ev, tavansız vətən

 

Evimiz düz Oxçu çayının kənarında- səfalı  yerdə tikilmişdi. Bir tərəfdən baxanda Güney Azərbaycan kəndləri görünərdi. Oradan güneyli həmvətənlərimizin yandırdığı Novruz tonqalını, ümumiyyətlə, o dağları görəndə çox qəribsəyərdik. Sonradan məndə yaranan Cənubi Azərbaycan nisgili də bununla bağlıdır. Savalan silsiləsinə aid olan Binə dağları Güneydən bizə tərəfə uzanardı. Oradan elə meh gələrdi ki... Bir tərəfdən də Zəngəzur dağları- Gorus, Qafan Sisyan....  Hərdən hava isti olanda nənəm deyərdi pəncərəsi aç, qoy, dağın sərini içəri dolsun. Açardım, görərdim, doğrudan da, o dağın mehi, sərinliyi artıq evimizdə qonaqdır. Haradasa 15 sot ərazisi olan həyətimizdə özüm saymışdım, 32 adda meyvə ağacı vardı. Hamısı da yaxşı bar gətirərdi, torpağı bərəkətliydi. Əvvəl yaşadığımız evin nə tavanı, nə də döşəməsi var idi. Əsl qədimi kənd eviydi. Elə torpağın üstünə xalça-palaz atıb yaşayırdıq. Onu nənəmin atası Əhmədxan kişi tikmişdi. Bütün ətraf kəndlərdə əla bənna kimi tanınırdı. Şuşa məscidi, Şuşa qalasının tikintisində də iştirak etmişdi.   Sonradan mənim 12 yaşım olanda  həmin döşəməsiz evin yanında təzə ev tikdik- tavanlı-döşəməli. Amma uşaqlığımın keçdiyi o torpaq evi heç zaman unutmaram. Yayı sərin olardı, qışı isti...


Dağların o üzündə

Təbrizdə iki məşhur xan vardı. Babam onlardan birinin, səhv etmirəmsə Şirindil xanın  evini tikmişdi. Elə o ərəfədə də Təbrizin Üzümdil adlanan yerindən bir qızı qaçırıb bu tərəflərə gələrək evlənmişdi. Nənəm Üzümdildən olan anasının vətən nisgilini hər zaman deyərdi. Deyərdi ki, arvad tez-tez o tərəflərə, Güneydən ucalan dağlara baxaraq ağlarmış. Bütün qohum-qardaşın hamısı o dağlardan o tərəfdə qalmışdı.

Universiteti bitirəndən sonra “Yazıçı” nəşriyyatında çalışırdım. Bir gün Təbrizdən olan Eyyub müəllim ora gəldi. Qayıdanda hansı tərəfə gedəcəyini xəbər aldım. Dedi, Üzümdil tərəflərə gedəcəyəm. Ondan nənəmin anası Zeynəb arvadın qohumlarını xəbər almasını xahiş etdim. Təəssüf, Eyyub müəllim nəsə öyrənə bilməmişdi.

“Nağıllı kənd”in nağılı

 

Kəndimizə televizor 1970-ci illərdən sonra gəldi. O vaxta qədər heç bir evdə televizor olmazdı, əvəzində, çox maraqlı, sözlü-sovqatı, nağıllı-bayatılı gecələr keçərdi. Hər gün birinin evinə yığışardıq, kimi nağıl oxuyar, kimi bayatı söylərdi. İnanın, o qədər maraqli idi ki, vaxtın necə ötməsindən xəbərsiz olardıq. Uşaqlığımın həmin nağıllı gecələri məndə yaradıcı ruhu formalaşdırdı. Sonradan Jurnalistika fakültəsinin tələbəsi olarkən, elə birinci kursdan o zamanlar radionun ən məşhur proqramı olan “Bulaq” üçün mətnlər yazdım. Yaddaşımda olanları, kəndimizin həmin gecələrinin dediklərini kağıza köçürürdüm. Azərbaycanın çox sevilən sənətkarları Səməndər Rzayev və Məhluqə Sadıqova o zaman  “Bulaq”ı səsləndirirdilər. Verilişin sonunda deyəndə ki, “qələmə aldı tələbə qardaşımız Nəsiman Yaqublu” onda nə hisslər keçirdiyimi demək çətindir. Xatirə kimi, o səs yazısının birini kasetı köçürmüşəm, indi də məndədir. Əslində, o zaman da mənə kəndin söz xəzinədarları olan qocaları yardımçı olurdu. Tələbə idim, kəndə gələr, onları danışdırardım. Bildiklərindən, yaddaşlarında qoruduqlarından danışardılar.

Tonqal həsrətli Novruz

Novruza hazırlıq bayram gəlməmiş başlanardı. İnsanlar, kəndin özü Novruza köklənərdi. Amma biz uşaqları, gəncləri daha çox Novruz əyləncələri. “Kosa-kosa” oyunu maraqlandırardı. Xatırlayıram, çay kənarına gedib, orada şeytan yığıb kosa papağına taxardıq.

Bayram axşamı qırmızı maşlı plov bişirilərdi. Yadımda gəlir ki, həmin gün nənəm lap erkən, səhər saat 4-də durar, qazan asıb həmin plovu bişirərdi. Mənə də deyərdi ki, sübh tezdən bu plovu bütün qohumlara, yaxınlara payla. Qoy birinci pay buradan getsin. Çünki evimiz kök ev sayılardı, nənəm burada da qazanın qaynadığını, ənənənin bizim evdə də yaşadığını bildirmək üçün belə edərdi.

O da yadımdadır ki, evdən kənarda gənc,  yeniyetmə qızlar birləşib özləri ayrıca qazan asıb plov dəmlərdilər. Onların bişirdiyi plovun tam ayrı dadı olardı.

Bayram axşamı çay kənarına gedərdik, tonqal yandırıb səhərə qədər ətrafında olardıq. Danışar, söhbətləşər, oyunlar oynayardıq. Bu zaman Güney tərəfdə yandırılan tonqalların da işartısını görərdik. Tonqalları görsək də əlimiz onlara çatmırdı. Eləcə yanan tonqallar hər iki tərəfin bayramını təbrik edərdi.

Məktəbimiz: ilk evimiz, ilk pilləmiz

Məktəbimiz köhnə olsa da, keyfiyyətli təhsilinə görə ətraf kəndlərdə də məşhur idi. Şəhərdən bura müəllimlər gəlirdilər. Xatırlayıram, bizim kəndin məktəbinə başqa kəndlərin uşaqları da oxumağa gəlirdi. Həmçinin, o zaman belə bir ənənə var idi: universiteti yeni bitirən gənc müəllimlər öncə ucqar kəndlərin məktəblərinə gedər, orada dərs keçərdilər. Bizim də məktəbə Füzulidən, başqa rayonlardan müəllimlər gəlmişdilər. Bayram müəllim, Həkimxan müəllim bizim kənddə çalışan şəhər müəllimləri idilər. O zaman biz onlara, eləcə də bütün müəllimlərə müqəddəs varlıq kimi baxardıq. Onlar da özlərini bizim düşüncəmizə görə aparardılar. Beləcə, şagirdlərlə müəllimlər arasında tandem yaranmışdı. Müəllimlər düşüncəmizdə olan müqəddəsliyi qorumaq üçün əllərindən gələni edirdilər. Hamımız oxuyurduq. Çünki oxumaq bəlkə də, hamı üçün məcburi, sonuncu çıxış yolu idi. Ən çox tarix fənnini  sevərdim. Məktəbimizə yoxlama gələndə müəllimimiz Ələsgər müəllim uşaqlara deyərdi ki, siz susun, Nəsiman danışsın, o, tarixi çox gözəl bilir. Mən də məktəbimizi pis vəziyyətdə qoymazdım. İlk qələm təcrübələrim də məktəb zamanına düşdü. 8-ci sinifdə oxuyanda kəndimizin “Kənd həyatı” adlı sahə qəzeti çıxardı. Orada “Əlifba bayramı” adlı yazım çıxdı. Sevincimin həddi –hüdudu yox idi. Özümü göylərdə hiss edirdim. İkinci yazım isə 10-cu sinifdə oxuyanda “Azərbaycan gəncləri” qəzetində çıxdı. Haşiyəyə çıxaraq deyim ki, ömrümün ən maraqlı hissəsindən biri də Şuşada  praktikada olduğum iki aydır. Orada Şuşa qəzeti üçün yazılar hazırlayırdıq. Şuşanın elə bir maddi-mədəniyyət nümunəsi yox idi ki, mən ona aid yaz yazmayım.

Bizim kəndin insanları

Yenidən kəndimizə qayıdaq. Kəndimizin çox maraqlı insanları vardı. Burcuvar adlı  kişi çox gözəl nağıl bilicisi idi. Axşamlar onun evinə yığışardıq. Nağılları elə səlis nitqlə, elə axıcılıqla danışardı ki, səhərə qədər onu dinləməyə hazır olardıq. O zamanlar kəndə televizor yenicə gəlmişdi. Amma ona heç gərək görməzdik, televizoru söndürür, Burcuvar kişini dinlərdik. Həmin nağıl axşamları bayatılarsız da keçməzdi. Bizim kəndin öz bayatıları olardı.

Sonra Fatma arvad vardı ki, türkəçarəni çox gözəl bilərdi. Yazağzı az qala, hamı yığışıb Fatma arvadın evinə gedər,  qan aldırardılar. Ondan sonra sanki yenidən dirilərdilər. Qonşu kənddəki Mürşid kişi xıncım-xıncım olan sümükləri belə birləşdirər, adamı sağ-salamat evinə yola salardı. Zərif arvad da çox yaxşı sınıqçı idi. Həm də o zaman bizim kəndin insanları daha uzunömürlü idi. Hər dəfə kimsə rəhmətə gedəndə yaşını soruşardıq. Ya 100, ya 105, ya 112 yaşı olduğunu bilərdik. Kəndimiz getdi, insanların da ömrü o kənddən sonra azalmağa başladı.

Universitetə bir il daxil ola bilmədim. Kəsiləndən sonra Lenin adına üzümçülük sovxozunda fəhlə işlədim. Paralel olaraq da universitetə hazırlaşırdım. İkinci il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olundum. Bizim kəndin bu fakültəyə daxil olan ilk nümayəndəsi idim. Ondan sonra yaşlılarla ünsiyyətim daha da artdı. Elə birinci kursda oxuyan zaman hər dəfə tətillərdə onlarla görüşər, tarixdən, sözdən-sovqatdan bildiklərini qələmə yazar, qayıdandan sonra “Bulaq” verilişinə təqdim edərdim. O zaman televizor çox az idi. Hamı radioya qulaq asardı. Hər dəfə  radionun “Bulaq” verilişindən mənim və özlərinin adlarını eşidəndə ürəkləri fərəhlə dolardı. Odur ki, mən kəndimizin qocaları ilə tez dostlaşdım. Onlar məni, mən də onları sevdim.

23 manatlıq ümid

Uşaqlığım nənəmin yanında keçdi. Onun sözləri-söhbətləri, nağılları ilə böyüdüm. Çox çətin uşaqlığım olub. Anam Bakıda işləyib bizə kömək edərdi. Birtəhər bu çətinliklərdən çıxmağa çalışardıq. Xatırlayıram, nənəm 23 manat təqaüd alırdı. Təqaüd alan günü sevinirdik ki, bu ayı da birtəhər başa vuracağıq. Bəzən, sovet dövründəki sosial durumu tərifləyirlər. Amma mənim də uşaqlığım o illərə təsadüf edir və deyilənlərdən fərqli olaraq, kifayət qədər çətin şəraitdə yaşamışıq. Sovxozda işləyən zaman səhər tezdən bizi maşınla götürüb üzüm sahələrinə aparırdılar. Bir də axşam geri gətirirdilər. Bircə istirahət üçün bircə bazar günümüz var idi. Üzümlüklərdə bizə əvvəlcə tikanlar yığdırırdılar. Bir dəfə adambaşına düşən normanı soruşdum, dedilər ki, hər adam 3-4 maşın tikan yığmalıdır. Təsəvvür edin, adam başına gün ərzində 3-4 maşın tikan yığırdıq ki, bizə 3-5 manat pul yazılsın.

Elə orta məktəb illəri də ondan fərqlənməyib. Sentyabrda-dərslərin elə ilk günündəcə salam-kəlamdan sonra bizi pambıq sahələrinə aparardılar. Haradasa 20-30 gün orada işləyirdik. Sovet dövründə hansı güclü sosial təminatdan danışırlar, bilmirəm, amma elm süni təsərrüfatın kölgəsində qalmışdı.


Zəngilandan “qara zəng”

Zəngilan işğal olunan vaxt rayonda deyildim. Hərbi xidmətdə, “Azərbaycan ordusu” qəzetinin baş redaktoru kimi çalışırdım. 1993-cü ilin aprelində könüllü olaraq orduya yazıldım. O zaman Əbülfəz Elçibəy prezident idi, şəxsən ondan “Azərbaycan ordusu” qəzetində çalışmaq istəyimlə bağlı xahiş etdim. Beləcə, o ərəfələrdə qəzetə rəhbərlik etdim. Mən baş redaktor olan müddətdə Zəngilan işğal olundu. 1994-cü ilin ağır günləri də “Azərbaycan ordusunda” çalışdığım zamanlara düşür. Zəngilanla birlikdə itirdiklərimiz çoxdur. Doğrudur, evimizdə çoxlu kitablarımız, əşyalarımız qaldı. Özümüz olmadıq, başqaları da öz hayında idi. Amma bu itkilərlə birgə bizi daha çox  mənəvi itkilər əzir. Zəngilan bənzərsiz təbiətə, əlverişli strateji xüsusiyyətə malik yer idi. Böyüklüyünə görə dünyada ikinci, Avropada isə birinci yerdə olan çinar meşəsi Zəngilanda yerləşirdi. Yaşı az qala 1000-ə çatan çinarlar burada o qədər idi ki...

Orada qoyub gəldiklərimiz

Vejnəli kəndində qızıl çıxarardılar. İndi eşitdiyimə görə, ermənilər həmin yerdən qızıl mədəni kimi yararlanır. Zəngilan belə bərəkətli, ruzili torpaq idi. Bulaqların saydıqca bitməz.

Böyük vələs ağacının dibindən damcı-damcı bulaq axırdı. 10 dəqiqə gözləyərdik ki, bir stəkanı həmin su ilə dolduraq. Amma görün, o nə qədər xeyirli idi. Bu itkilər, ora ilə bağlı xatirələr məni bu gün də çox incidir. Mən orada gözəl xatirələrimi, ömrümün 18 ilini qoyub gəldim. Zəngilanda yaxınlarımla bağlı xatirələr, onların məzarları qaldı. Bu gün məni ən çox incidən həmin məzarları ziyarət edə bilməməyimdir. Bayaqdan adını bir neçə dəfə çəkdiyim nənəmin, dayılarımın, xeyli qohum-tanışın məzarlarının başına gedib onları yad edə bilmirəm. İnsan yaşlandıqca, belə məqamlara daha çox diqqət edir. Amma mən inanıram. İnanıram ki, bir gün mütləq o torpaqlara qayıdacağıq!

 

E.Nazimoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi