Modern.az

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist – Rəna Bəndəliyeva... (FOTOLAR)

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist – Rəna Bəndəliyeva... (FOTOLAR)

8 Aprel 2011, 16:03

Modern.az xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə dramını davam etdirir. Bu dəfəki yazımız Türkiyə vətəndaşı ilə evlənən bakılı həmkarımız Rəna Bəndəliyevadır. O, həyat yoldaşıyla birgə hazırda Tiflisdə yaşayır.


- Sizi bir qədər ətraflı tanıyaq.

-
Mən Rəna Bəndəliyeva Azərbaycanın Bakı şəhərində doğulmuşam, təhsilimi rus dilində almışam. Uşaqlıq illərimdə jurnalist olmağı xəyal etmişdim. Türk dünyası və Türkiyə türkçəsinə böyük marağım olduğundan 18-19 yaşlarımda öyrənməyə başladığım Türk dili mənim bu xəyalımın gerçəkləşməsinə böyük kömək oldu. Yəni bir maraq olaraq öyrənməyə başladığım Türk dilinin mənim Türkiyənin informasiya agentliyi “Anadolu”da işə alınmağıma böyük faydası oldu.

2001-ci ildə “Anadolu” Ajansının Bakı nümayəndəliyində müxbir işləməyə başladım. Daha  sonra, 2009-ci ildə “Anadolu”nun Gürcüstan təmsilçisi təyin edildim. Bir il yarımdır ki, Gürcüstanda yaşayıram və işimə davam edirəm.

- Uzun müddətdir “Anadolu” Agentliyində çalışırsınız. Xarici media orqanında işləməyin bizim mediadan fərqi varmı və bu nədən ibarətdir?

- Azərbaycan mediasını TV-dan, daha çox isə internetdən izləyirəm. Düzdür, Azərbaycan mediası gəlişmə dönəmindədir, amma bəzən elə gözəl xəbərlər olur ki, bundan bir azəri olaraq çox qürurlanıram. Xüsusən də mediamızın, erməni işğalı altındakı Dağlıq Qarabağla, cəbhədə baş verən hadisələrlə bağlı xəbərləri hər zaman gündəmdə tutmaları və bu məsələylə bağlı hazırladıqları xəbərləri çox bəyənirəm. Yəqin ki, iki ölkə mediası arasında fərqlər vardır, ancaq deyə bilərəm ki, türk mediasıyla azəri mediasının ortaq nöqtələrindən biri məhz elə Qarabağ məsələsidir. Qarabağla bağlı bir gəlişmə olduğunda, istər müzakirələr, istərsə cəbhədə baş verənlər və s. Azərbaycan mediasında yer aldığı qədər, Türkiyə mediasında da geniş yer alır. Əslində türk mediasındakı xəbərlər Azərbaycan mətbuatındakı prinsiplərə bənzər şəkildə hazırlanır. Yəni necəki Azərbaycanda insanları maraqlandıracaq xəbərlər hazırlanırsa, Türkiyə mediasında da türk vətəndaşların ilgisini çəkəcək xəbərlərə üstünlük verilir.

- Əvvəllər xarici ölkə vətəndaşıyla ailə həyatı qurmağı fikirləşmişdinizmi? Yəni ağlınıza gələrdimi nə vaxtsa xarici vətəndaşla evlənəcəksiniz? Necə oldu ki, xarici vətəndaşla ailə həyatı qurdunuz?


- Əslində Türkiyə vətəndaşıyla evlənmək düşüncələrim olmadı deyil, təbii ki, qarşıma yaxşı insan çıxarsa, ailə quraram deyirdim. Fərqi yoxdur, azəri və ya türk insan olsun deyirdim.

İstər  Türkiyəyə getdiyimdə, istər Azərbaycanda olduğumda türk ailələrini müşahidə edirdim və çox bəyənirdim. Onların həyat tərzlərini, yaşlarından asılı olmayaraq bir-birlərinə qarşı “canım”, “aşqım” şəklində müraciət eləmələri çox cazibədar gəlirdi.

Ancaq türklə evlənirim desəm də, vətəndən uzaqda yaşama fikri məni çox qorxudurdu. Vətəndən, ailədən uzaq bir həyatın,  çətinliklərlə dolu və sıxıcı ola biləcəyini düşünürdüm. Düzünü desəm,  çəlişkilər içindəydim.

Həyatın sürprizlərlə dolu olduğuna və insanların heç ummadığı bir yerdə, heç ummadığı insanlarla qarşılaşa biləcəklərinə inanan bir insanam. Məndə elə belə də oldu. Mənim heç ağlıma da gəlməzdi ki, mən nə vaxtsa Gürcüstana köçüb burada yaşamalı olacağam və burada bir türklə tanışıb evlənəcəyəm.  Ancaq qismət deyilən bir şey vardır.

Gürcüstana gəldiyimdə burada “Anadolu” Ajansının məndən əvvəlki təmsilçisi Qəmzə xanımın  vasitəsiylə Boğaçxan Karamürsəl ilə tanış oldum. Qəmzə o dönəm Gürcüstandan gedirdi və mənə bir şeylərə ehtiyacım olduğunda Boğaçxana güvənə biləcəyimi və müraciət edə biləcəyimi söylədi. Tiflisə yeni gəlmişdim, kimsəni tanımırdım, heç bir yeri bilmirdim, bəzən elə günlər olurdu ki, bir həftə, iki həftə boyunca evdən çıxmırdım. O dönəmdə Boğaçxan mənə çox dəstək oldu. Qeyd etmək istərdim ki, vətəndən uzaqda yaşamağın avantajları olsa da, dezavantajları da var. Bunlardan biri və məncə ən önəmlisi ətrafında güvənə biləcəyin insanların sayının az olmasıdır. Boğaçxan isə mənim Gürcüstanda güvənə biləcəyim iki insandan biriydi. Onun insanlara (özəlliklə mənə) qarşı davranışları, bəyəfəndiliyi, onun ciddiyəti, düşüncələri və dəyərləndirmələri məndə ona qarşı bir güvən oyandırdı. Dediyim kimi, həm Boğaçxan, həm də mən ailələrimizdən uzaqda, qürbətdə yaşayan insanlarıq.

Qürbətdə yaşamaq çox çətindir, dərdini danışacaq, fikir alacaq insanlar azdır, hər kəsə güvənmək olmur. Bir şeyə ehtiyacım olduğunda hər zaman Boğaçxana müraciət edirdim, beləcə bizim dostluğumuz gedərək dərinləşməyə və bir-birizimi hardasa doğma görməyə başlamışdıq. Dörd ay  keçmədən də Boğaçxan məndən xoşlandığını və mənimlə evlənmək istədiyini  bildirdi.

Bir də qeyd etmək istərdim ki, xarici vətandaş deyiləndə əslində mən türkləri xarici bir vətəndaş olaraq görmürəm. Necə görüm ki, dilimizdə düzdür bəzi fərqlənmələr olsa da, yenə də eynidir, dinimiz də birdir. Adlara baxdığımda Ali, Hasan, Hüseyin. Tarixə də baxdığımda 20-ci əsrin əvvələrində ermənilər rusların köməyi ilə bizim millətimizi qıranda köməyimizə türklər gəlib, eyni zamanda İngiltərə, Fransa kimi dövlətlər Türkiyəni işğal etməyə çalışanda Azərbaycandan çox sayda insan Çanakqalaya gedərək türk qardaşlarıyla çiyin-çiyinə düşman güçlərinə qarşı vuruşub, şəhid olub. Əslində çox dərinə getməyə ehtiyac yoxdur, çünkü ümummilli liderimiz Heydər Əliyevin ''Biz bir millət iki dövlətik'' sözü hər şeyi izah edir.   

- Evlənmək çətin, həm də məsuliyyətli işdir. Gərək qarşı tərəfi yaxşı tanıyasan. Güclü və zəif yönlərinə bələd olasan. Xarici vətəndaşla evlənmək qərarı verəndə bunları nəzərə aldınızmı?

- Açığı desəm, mən əslində türklə evlənməyə sıcaq baxsam da, dediyim kimi vətəndən uzaqda yaşamağın çətin olacağını düşünürdüm. Məni bir türklə evlənmə fikri yox, ömrümün sonuna qədər Azərbaycandan uzaqda yaşama fikri qorxudurdu. Ömür boyu Bakıda yaşadığım üçün ailədən, dostlarımdan uzaq olmaq istəməzdim. Ancaq evlilik ciddi bir məsələdir fərqi yoxdur, türk və ya azəri, önəmli olan doğru  insan olması. Qısaca izah eləməli olsam, ''evlilik bir müəssisədir, partnyoru nə qədər sağlam və güvənilir seçərsən, müəssisən də o qədər uzun ömürlü və sağlam olur''. Və Boğaçxan mənə evlilik təklif etdiyində, düşünüb götür qoy elədikdən sonra əslində harda yaşadığının önəmli olmadığını, kimlə və necə yaşadığının önəmli olduğunu bir kəs daha öyrənmiş oldum.

Evlənmə qərarı çətin olsa da, Boğaçxanın mənə verdiyi dəyəri, qiyməti və ailəsinin mənə olan davranışlarını,  xoşgörülüyü  gördükdən sonra bu qərarı vermək o qədər də çətin olmadı.

 - Həyat yoldaşınız sizinlə evlənəndə onun ailəsində bunu necə qəbul ediblər?


- Əslində Boğaçxan da xarici vətəndaşla evlənməyi düşünürdü, deyirdi ki, həyatın daha rəngli və dəyişik olması üçün ona xarici vətəndaşla evlənmə fikri cazibədar gəlirdi.

Düzünü desəm, bir çox türk kişiləri xarici vətəndaşlarla evlənməyi istəyirlər. Azərbaycanda olduğumda, daha sonra Gürcüstana gəldiyimdə də fikir verdim ki, türk oğlanları bu ölkələrdən evlənirlər. Onların dediyinə görə, türk qızları çox tələbkar və nazlı olurlar. Gördüyüm qədər Gürcüstanda da bir çox türk azəri və gürcü qızlarıyla evlənir, deyirlər ki, bu regionun qızları çox uyumludurlar, ailə canlıdırlar. Nə yalan deyim, bunları duymaq məni çox qürurlandırır.   

Boğaçxana “bəs ailən azəri qızıyla evlənmənə necə baxır” soruşduğumda  “çox sevindilər və səbirsizliklə səninlə tanışmağı gözləyirlər” dedi.

Boğaçxanın ailəsiylə ilk tanışmam başdan internet vasitəsiylə oldu. Daha sonra isə Boğaçxanı ailəmlə tanışdırmaq üçün birliktə Bakıya gəldik, ölkəmdən kilometrələrcə uzaqda yaşayan bir insanla evlənməmi əslində istəməyən ailəm, başdan bu evliliyə çox da sıcaq baxmasa da, Boğaçxanı tanıdıqdan sonra fikirlərini dəyişdirdi.

Onun ailəsini, həyat tərzini yaxından tanımaq üçün biz Bakıdan sonra birliktə Türkiyəyə getdik, beləcə evliliyə ilk addımı atmış olduq. Ailəsinin məni xoş qarşılaması, mənə qızım deməsi və Azərbaycana qarşı böyük bir sevgi bəsləmələri məni bu evliliyə daha da cəsarətləndirdi.

Daha sonra Boğaçxanın ailəsi Bakıya gəldi və 31 oktyabr 2010-cı ildə Bakıda toy elədik.

Doğrusu toy hazırlıqları nə qədər də stresli olsa da, yenə də əyləncəliydi. Yadımdadır, onlara dediyimdə “gəlin maşını ağ olmalıdır” onlar çox təəccübləndilər, “niyə illə də ağ, başqa rəng olsa olmazmı” soruşdular. Gəlin maşının yalnız ağ olması onları doğrudan da təəccübləndirdi, çünkü Türkiyədə gəlin maşının rənginin önəmi yoxdur. Qohumlarda kimin maşını varsa, o da gəlin maşını olur.

- Bildiyimiz qədər həm Bakıda, həm Tiflisdə toy etmisiniz. Hələ deyəsən Türkiyədə də toyunuz olacaq. Bu barədə məlumat verərdiniz...


- Gürcüstanda toy eləmək fikrimiz yoxdu, sadəcə üçüncü bir ölkədə yaşadığımız və işlədiyimizdən hər səfər Azərbaycana və ya Türkiyəyə getməmiz mümkün deyildi. Həm məsafə, həm iki ölkə arasındakı bəzi bürokratik işləmlərdən dolayı biz Gürcüstanda nigah qıymağa qərar verdik. 

Böyləcə 25 dekabr 2010-cı il tarixində Gürcüstanda dünya evinə girdik və bu günün daha da anlamlı olması və sevincimizi buradakı dostlarımızla paylaşmaq məqsədiylə burada da bir toy elədik.

Düzünü desəm, bütün bunları orqanizə etmək heç də asan deyildi, çünkü ailələr bir-birlərindən çox uzaqda, biz də ailələrimizdən çox uzağıq, Boğaçxan Gürcüstandaki bir türk bankında işləyir və hər dəfəsində izin almaq asan olmurdu, işlədiyimiz üçün istədiyimiz zaman Azərbaycana və ya Türkiyəyə gedə bilmirdik. Bu səbəbdən dolayı da hər şeyi bir vaxta sığdırmağımız mümkün olmadı. Elə bu səbəblərdən dolayı da Türkiyədəki toyumuz may ayına qaldı. Rəfiqələrim mənə “bəxtəvər insansan, 3 ölkədə toy eləyirsən” dediklərində gülürəm, deyirəm bunun bəxtəvərliklə əlaqəsi yox, sadəcə işlədiyimiz, başqa ölkədə yaşadığımız üçün bu şəkildə oldu. Hətta bəzi insanlar “eee 4-cü toyunuz harda olacaq?” deyə zarafat edirlər. 

- Azərbaycanla əlaqəniz hansı şəkildədir, gəlib-gedirsinizmi, mətbuatımızı izləyirsinizmi?

- Mən evlənmədən  əvvəl işlə əlaqədar olaraq Gürcüstana köçdüm. Təbii ki, istər istəməz vətəndən uzaq və ailədən uzaq bir yerdə yaşamaq çox çətindir. Evlənsəm də, işlə əlaqədar olaraq hələ də  Gürcüstanda yaşamağa davam edirəm. Bəlkə Türkiyədə yaşasaydım çətin olmazdı, sonuçda türklə azərilər arasında böyük fərq yoxdur, amma Gürcüstanda bir az çətindir. Gürcüstandakı insanlar rusça danışmırlar, kimisi bildiyi halda danışmaq istəmir, kimisi də heç bilmir. Mən isə onların dilini bilmirəm, dillərini bilmədiyim üçün də onlarla qaynaşa bilmirəm. Misal üçün, qaz və ya işıq kontorundan gəldiklərində mən rusça danışdığımda rus dilini bildikləri halda cavab vermirlər. Hətta onların rəsmi orqanlarına belə zəng vurduğumda və bir məlumat əldə etmək istədiyimdə mənim ya gürcücə, ya da ingiliscə danışmağımı istəyirlər. Yaxud bazarda və ya orda-burda bir şeylər götürüb baxdığımda amma almadığımda gürcücəyə keçirlər, başa düşmədiyim üçün cavab verə bilmirəm, bu da məni əsəbləşdirir. Və ya taksiyə mindiyimdə Bakıdan gəldiyimi biləndə yüksək qiymət deyirlər, soruşduğumda niyə belə deyirlər “bakılıların puldan çox nəyi var” cavab veririlər.

Düzünü desəm, gürcülər bizdən fərqlidirlər, bizim qədər istiqanlı deyillər. İçlərinə kimsəyi almırlar. Gürcüstanda yaşayıb və gürcü dilni bilməmək bir yerdən sonra problem yarada bilir.

Burada bir neçə ailə ilə tanışdım, dəfələrcə evlərinə getdim, bayramda zəng edirdim, amma bir dəfə də olsa, onlar zəng etməzdilər. Demək istədiyim, burdakı insanlar bizim kimi tez qaynaşan və istiqanlı deyillər.  Burada mühit edinmək o qədər də asan deyil. Belə olunca da insan sıxılır, vətəninə dönmək istəyir.

Gürcüstanın ölkəmizə çox yaxın olmasına baxmayaraq, mən hər istədiyimdə Azərbaycana geddəmirəm, onun üçün də ailəm və dostlarımla internet vasitəsiylə görüşürəm. Bir də etiraf etmək istərdim ki, insan vətəndən uzaq olduğunda daha çox vətəninə bağlanır. Gürcüstana gəlir-gəlməz elə birinci həftədə Azərbaycan kanallarını izləmək üçün evimə sputnik aldım.

Mümkün olduğu qədər Azərbaycandakı gəlişmələri izləməyə çalışıram.

Nə qədər daha Gürcüstanda yaşayacağımı bilmirəm, amma bilirəm ki, burda çəkdiyim yalnızlıq və qürbət hissini Türkiyəyə köçdüyümdə  o qədər də çəkməyəcəyəm. Çünkü türk ilə azərbaycanlı arasında ən önəmlisi dil problemi yoxdur.

- Həyat yoldaşınız və siz: adət - ənənələrlə bağlı hansı fərqlər, hansı oxşarlıqlar var?

- Türk mətbuatında işlədiyim illər ərzində türk adət-ənənələrinə yaxın olduğumdan əslində aradakı fərqi artıq görmürəm. Yəni, mənimsədiyimi söyləyə bilərəm. Mənim bildiyim ümumi olaraq azəri-türk adət-ənənələrinə baxıldığında çox yaxındır, hətta eynidir amma bəzən isə çox uzaqdır, 'əslində türk adət-ənənələrini o qədər mənimsəmişəm ki, heç bilmirəm hansı kimə aiddir'.

Ancaq deyə bilərəm ki, başdan eyni görünsə də, dərinə enildiyində adətlərimizin bir-birindən fərqli olduğunu görmək mümkündür, bir də bu adət-ənənələr Türkiyədə də ailələrə və şəhərlərə görə  dəyişir. Çünkü Türkiyə, çox fərqli kültürlərin bir araya gəldiyi və qaynaşdığı bir ölkədir, burada  ankaralı ilə qarslının, istanbulluyla izmirlinin arasında belə adət-ənənə fərqi yaşanmaqdadır. 

Amma mənə görə ən böyük sayılacaq fərqlərdən biri yemək kültürüdür. Azərbaycanda əsasən insanlar fürsət tapdıqlarında dosları, tanışları ilə bir araya gəlir, yaş günüdür, toydur, bayramdır ayırmadan süfrə qurub əylənirlər. Türkiyədə isə insanlar Azərbaycandakı qədər çox sıx bayırda yeməyə, əylənməyə getməzlər, bizdən fərqli olaraq Türklər daha qənaətçidirlər, ya da həyat bir az daha çətin görünür onlara.

Amma adət-ənənələrimiz fərqli belə olsa da, Boğaçxanla mən bunu hiss etmirik. Doğru demək gərəkirsə, əgər söhbət Türkiyədən gedirsə, mən adət-ənənələrə o qədər də fikir vermirəm, çünkü aramıza problem yaradacaq qədər bir fərqlilik görmürəm. Ancaq bunu da deyə bilərəm ki, hayatında ilk dəfə Bakıya gələn Boğaçxan dostlarımın onu görür-görməz sıcaq və səmimi qarşılamalarından çox xoşlandı, hətta şaşırdı, çünkü Türkiyədəki insanlar yeni tanışdıqları birisinə qarşı bir az daha məsafəli yaxınlaşırlar, onlar əvvəlcə insanlar arasında güvənin yaranmasını, daha sonra isə səmimiyətin gəlişməsindən yanadırlar. Amma bu türklərin soyuq insan olduqları mənasına gəlməz, sadəcə təmkinlidirlər. Türkiyədə olduğumda hər kəs məndən bizim adət-ənənələrimizi soruşurdu və anlatdığımda onlar da, arada böyük bir fərqin olmadığını söyləyirdilər. Bir tək bizim toyların necə keçdiyini anlatdığımda şaşırırdılar. Onlara bizim toylar daha şan-şaflı gəldi. 

Bir də fərqlərdən biri də geyim tərzidir ki, bunu Türklərin özləri də deyir. Türklərin dediyinə görə azəri qızları çox daha gözəl geyinir, azəri qızlar bir yerə getdiklərində və ya gəzməyə çıxdıqlarında podyuma çıxar kimi geyinirlər. Ancaq Türkiyədə belə deyil, qadınlar, qızlar daha çox idman stili deyilən tərzi tərcih edirlər. Türklərin təbiriylə deməli olsam ''bir çins şalvar, idman ayaqqabısı və bir də mayka. Vəssalam hazıram''.

- Nə vaxtsa Azərbaycana dönüb birdəfəlik burada yaşamaq planlarınız ola bilərmi?


- Bülbülü qızıl qəfəsə qoyublar, bülbül  ‘ahh vətənım!’’ demiş.

Adəm Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür