Modern.az

Tanınmış adaşlar - Rafiq Əliyevlər: Onları necə qarışıq salırlar? - FOTO

Tanınmış adaşlar - Rafiq Əliyevlər: Onları necə qarışıq salırlar? - FOTO

Ədəbi̇yyat

15 Mart 2017, 22:19

Azərbaycanın siyasət, mədəniyyət, ədəbiyyat, idman, ictimai və digər sahələrində ad və soyadları eyni olan bir çox tanınmış simalar var. Bəzən onlar haqqında hər hansı məlumat veriləndə bir çoxları bu adaşları ayıra bilmir, qarışıq salır, yalnız şəkillərinə baxandan sonra söhbətin kimdən getdiyini ayırd edə bilir. Tanınmış adaşları bəzən hətta media da səhv salır: hansısa KİV-də xəbər dərc olunur, diqqətsizlik üzündən yazı və onunla birlikdə təqdim edilən şəkildə hər iki adaş görünür. Bir sözlə, adaşlar jurnalistləri də çaşdırır.


Modern.az saytının “Tanınmış adaşlar” rubrikasında onlardan bəhs olunur...


Rubrikamızın əvvəlki yazısında Əli Nağıyevlərdənbəhs etmişdik...


Bu dəfə sırada Rafiq Əliyevlərdi...

Bu ad-soyad səslənəndə istər-istəməz sual yaranır: hansı Rafiq Əliyev?  Axı geniş ictimaiyyət eyni ad-soyadda bir neçə sima tanıyır... Alim, aktyor, iş adamı Rafiq Əliyevlər... Hətta onlardan ikisi həm də elmlər doktoru, professorlardı. Elə yazıda da sonuncu iki Rafiq Əliyevdən bəhs edirik...

Bu yaxınlarda – 2017-nin fevralında 75 yaşını qeyd etmiş professor Rafiq Əliyev Azərbaycanın tanınmış ailmlərindəndir. O, namizədlik və doktorluq dissertasiyasını keçmiş SSRİ EA-nın İdarəetmə Problemləri İnstitutunda (Moskva) 1967 və 1974-cü illərdə yerinə yetirib. 1992-ci ildən Təbriz Universitetinin, 1999-cu ildən ABŞ-ın Corciya Dövlət Universitetinin, 2000-ci ildən Almaniyanın Zigen Universitetinin, 2003-cü ildən Kiprdəki Yaxın Doğu Universitetinin professorudur, “Lütfi Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidentidir.
1942-ci ildə Ağdam rayonunda anadan olmiş R.Əliyev 1975-ci ildə texnika elmləri doktoru, 1976-cı ildə professor, 1989-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü statusuna yiyələnib.
O, 1971-ci ildə elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı laureatı olub, 1983-də isə Elm və Texnika üzrə SSRİ Dövlət mükafatını, 1997-ci il ABŞ-ın Fulbright mükafatını alıb.
O, qeyri-səlis mühitdə işləyən intellektual sənaye robotlarının yaradılması ilə əlaqadar yeni elmi istiqamət yaradıb. R.Əliyevin “Soft Kompütinq və onun tətbiqləri” adlı kitabı ABŞ, Avstraliya, Çexiya Respublikasının, Türkiyənin, Polşanın, Yeni Zelandiyanın və digər ölkələrin universitetlərinin  Soft Kompütinqlə əlaqəli kurslarının fənn sillabuslarına dərslik kimi daxil edilib.

İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlamışdır. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.
Rafiz Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin yaxın dostu, Zadə irsinin davamçısıdır.


Yuxarıda adı çəkilən adaşı kimi ikinci Rafiq Əliyev də əslən Ağdam rayonundandır.

1947-ci ildə Ağdamda anadan olub. Fəlsəfə elmləri doktoru, professordur. 1990-cı ildən “İrşad” İslam Araşdırmalar Mərkəzinin təsisçisidir. 


Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Qafqazda İslam Araşdırmalar Mərkəzinin direktoru, Şərqşünaslıq İnstitutunda beynəlxalq əlaqələr üzrə direktor müavini vəzifələrində çalışıb. 2001-ci il iyunun 21-dən 2006-cı il iyunun 26-dək Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 2006-cı il iyunun 27-dən “İrşad” İslam Araşdırmalar Mərkəzinin direktorudur. 


“Dünyada sülh uğrunda” Professorlar Akademiyasının və Beynəlxalq Dinlərarası Dialoq Komitəsinin üzvüdür.

18 kitabın və 250-dən artıq elmi məqalənin, “Səmimi söhbət”, “Varlığın sirləri”, “Yoxsulluq Diktatura Ədalətsizlik”, “Romantizm körpəsi”, “İslamda ailə-nikah münasibətləri”, “İslam” və digər kitabların, həmçinin 1200 səhifəlik 124 min söz və ifadədən ibarət “Ərəbcə-Azərbaycanca” lüğətinin müəllifidir. 

Sadalanan kitablar ingilis dilinə tərcümə olunub və “İslam” kitabı istisna olmaqla, hamısı ABŞ-ın “Trafford Publishing” nəşriyyat evində çap edilib. Onlardan biri – “Hakimiyyət, cəmiyyət və din” ABŞ-da 2013-cü ildə nəşr olunan kitablar müsabiqəsində “Qızıl möhür” medalına layiq görülüb.  Həmin kitabları internet mağazalardan əldə etmək mümkündür.

 

A.Qorxmaz

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir