Modern.az

Əsir qadınlarla ağılasığmaz rəftar - dəhşətli işgəncələr, kütləvi zorlamalar…  

Əsir qadınlarla ağılasığmaz rəftar - dəhşətli işgəncələr, kütləvi zorlamalar…    

Dünya

15 Mart 2017, 23:05

Müharibədə döyüşən tərəflərdən birinin digər tərəfdən əsir götürməyə çalışması savaşın yazılmamış qanunlarındandır. Tarix boyu qeydə alınmış əksər müharibələrdə düşmənə əsir düşən hərbçilərin qəddar davranışlara məruz qalmalarına dair saysız-hesabsız faktlar məlumdur. Əgər əsir düşən hərbçilər qadınlar olubsa, qəddarlığın, zorakılığın miqyası lap genişlənirdi.

Elə İkinci Dünya Müharibəsi zamanında olduğu kimi. Üstündən uzun illər keçməsinə baxmayaraq,   alman faşistlərinin Sovet Ordusunun əsir düşən qadın hərbçilərinə qarşı sərgilədiyi davranışlar bu gün də müzakirə olunmaqdadır..


Faşistlərin əsir qadınlarla rəftarı çox dəhşətli olub. Tarixi mənbələrə istinad edən Modern.az saytının məlumatına görə, bu haqda İkinci Dünya Müharibəsində iştirak etmiş alman zabiti Bruno Şneyder öz xatirələrində yazıb. Onun bildirdiyinə görə, alman əsgərlər rus cəbhəsinə yollanmazdan əvvəl xüsus qaydada təlimatlandırılırdı. Onlara verilən əmrlərdə qadın əsgərlərlə bağlı tələb belə idi: "Güllələmək!".
 

Bir çox alman hərbi hissələrində bu əmr qeyd-şərtsiz icra olunurdu - əsir götürülən sovet hərbçi qadınlar dərhal güllələnirdi.

“Təsadüfi deyildi ki, qanlı döyüşlərdən sonra həlak olanlar arasında əyində Qızıl Ordunun geyimi olan çoxlu sayda  qadın cəsədləri tapılırdı. Onların arasında çoxlu tibb bacıları, qadın həkimlər vardı”,-deyə Bruno Şneyder yazıb. Amma alman zabiti həmin xatirələrində dəhşətli bir faktı da etiraf edib:
“Bəli alman hərbçilər Sovet Ordusunun qadın hərbçilərini uf demədən güllələyirdilər, ancaq bir çox hallarda güllələməzdən öncə onlarla çox vəhşicəsinə davranır, işgəncələrə məruz qoyur, hətta zorlayırdılar”.


1943-cü ildə Rusiyanın Voronej vilayətinin Smaqlevski qəsəbəsini işğal edərkən faşistlər sovet əsgəri olmuş gənc bir qıza elə dəhşətli işgəncələr vermişdilər ki, bunu müşahidə edən düşmənlərin  özləri belə, tükürpədici mənzərədən dəhşətə gəliblərmiş. O qız ağır yaralanaraq əsir düşübmüş. Buna baxmayaraq, faşistlər onu lüt soyundurub, alçaldıcı hərəkətlərə məruz qoyublar, sonra da güllələyiblər.  Ölümündən əvvəl onun döşlərini kəsiblər, bütün sifəti və əllərini tamamilə parça-parça ediblər.
Oxşar vəhşiliklə məşhur sovet əsgəri Zoya Kosmodemyanskaya da üzləşib. Hitlerçilər ona dəhşətli əzab-əziyyət veriblər, öldürməzdən əvvəl saatlarla yarıçılpaq vəziyyətdə şaxtalı havada saxlayıblar.

 
Komandanlıqdan “Güllələmək!” əmri almalarına baxmayaraq, faşist hərbi hissələri əsir düşən sovet qadınlarını - əsgərləri həm də "çeşidləyirmişlər". Yaralılar və ən zəiflərin, arıqların dərhal məhv edilməsinə qərar verilirdi. Qalanlar həbs düşərgələrində ən ağır işlərdə istifadə edilirdilər.



Əsir götürülən qadın əsgərlər mütəmadi zorlamalara məruz qoyulurdular. Ali hərbi rütbələr daşıyan alman zabitlərə slavyan qadınlarla intim münasibətlər qurmaq qadağan olunduğundan, onlar vəhşi niyyətlərini gizlincə həyata keçirirdilər. Sıravi alman əsgərlərə isə bu məsələdə sərbəstlik verilmişdi. Onlar əsir qadın hərbçilərlə istədikləri hərəkət edə bilərdilər. Bruno Şneyder “müharibəli xatirələri”ndə yazır ki, bəzi hallarda bir rus qadın əsgərini bütöv bir bölüyün əsgərləri zorlayırdılar.
Əgər həmin qız bundan sonra ölmədisə, onu öldürürdülər.


Bruno Şneyder yazır ki,  həbs düşərgələrində rəhbərliyə daxil olan alman zabitlər əsir qadınlar arasından ən cazibədar, gözəl qızları seçir və özünə "qulluq etmək" üçün aparırdılar.
Belə manyaklardan biri 346 saylı əsir düşərgəsinin alman həkimi Orlyand olub. O, qadın əsirləri mütəmadi olaraq zorlamaqla məşğul imiş.

337 saylı əsir düşərgəsi isə xüsusi qəddarlıq, qeyri-insani saxlanma şəraiti ilə seçilirmiş. Bu düşərgədə sovet qadınlarına orta əsrlərin işgəncə üsulları tətbiq olunurmuş. Məsələn, onlar soyundurularaq saatlarla şaxtalı havada saxlanılır, içlərinə qırmızı bibər yeridirmişlər. Qadın hərbçiləri sadizm işgəncələrinə məruz qoyan faşistlərdə onları alçaldıb təhqir etmək az qala adi vərdişə çevirilibmiş.  

Əsir düşərgələrində qadınlar təkcə fiziki işgəncələrə məruz qoyulmurdular, həm də ən adi sanitar-gigiyena şəraitinin olmaması əsir qadınları yorur və son qüvvələrini tükədir, mənəvi ruhunu qırırdı.

Məhz bunları nəzərə alaraq. Sovet Ordusunun hərbçi qadınlarına əsir düşməmək, son nəfəsinədək döyüşərək ölmək əmri verilmişdi... Amma bir sıra hallarda bu əmrin icrası mümkün olmur və qadın hərbçilərin əzablı yolu əsir düşərgələrindən keçirdi...



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır