Modern.az

“Qızıl medal”sız əlaçı, Leninin qartalı, bir qətlin 43 il gecikmiş etirafı

“Qızıl medal”sız əlaçı, Leninin qartalı, bir qətlin 43 il gecikmiş etirafı

8 Aprel 2011, 16:44

Millət vəkili Qənirə Paşayeva “Tarixə adını yazan Qadınlar” silsiləsini yazır

Yəqin ki, Marqareta von Trottanın 1986-cı ildə çəkdiyi “Roza Lüksemburq” filminə baxmısınız. Baş rolda Barbara Sukovanın oynadığı film dünyada böyük uğur qazanmışdı. Çünki bu film adını dünya tarixinə yazmış bir qadından – Roza Lüksemburqdan bəhs edirdi. Ünlü şair Bertold Brextin, ona ithaf etdiyi şeirini “Qızıl Roza” adlandırmışdı. “Qızıl Roza” da dünyada böyük populyarlıq qazandı. Tarixçi İsaak Deutscher Roza haqqında yazırdı: “Onun öldürülməsiylə Hohenzollern Almaniyası son, faşist Almaniyası isə ilk zəfərini əldə etdi.”

Polşa və Almaniyadakı sol fraksiyaların ulduzuna çevrilən bu qadını, Leninlə bəhsə girişməyi bacaran nadir adamlardan biri hesab edirlər. Leninin, fəhlə sinfinin şüuruna xaricdən təsir göstərmək barədəki fikrinə etiraz edir və onların öz-özlərinə həqiqəti tapacaqlarına inanırdı. Bəzilərinin fikrincə, Avropada kommunizmin əsl lideri Lenin deyil, məhz o idi. O, hər hansı bir nəticə əldə etmək üçün ən kəsə yollardan birinin kütləvi hərəkat olduğu fikrindəydi. Kütləvi tətillərin fəhlələrin öz sosial hüquqlarını əldə etmələrinə aparan bir yol olduğuna inanırdı. Bu qadın Roza Lüksemburq idi!

“Azadlıq − həmişə və ancaq fərqli fikirləşməyi bacaranlar üçün azadlıqdır”
(Roza Lüksemburq)

Roza Lüksemburq. İnqilab lideri, jurnalist, sosializm nəzəriyyəçisi. O, həmişə özünü “fəhlə sinfi” ölkəsinin vətəndaşı kimi görürdü. Kütləvi aksiyaların, spontanlığın və fəhlə sinfinin demokratiyasının tərəfdarı idi. Təftişçilik tərəfdarlarına və onların lideri Eduard Bernşteynə ünvanladığı tənqidlər, onun Avropa siyasi fikrinə ən böyük töhfəsi kimi qəbul edilir. Bütün ömrü həbsxanalarda və siqaret tüstüsüylə dolu cansıxıcı salonlarda keçdi. Bəşəri sosializm uğrunda mübarizə apardı və mübarizəyə həsr olunmuş həyatı bir kanalda başa çatdı. Onun ölümünün üstündən az qala yüz il keçir, ancaq adı düşünən beyinlərdə daim yaşamaqdadır. Onun anadan olmasından 140, ölümündən isə 100 il keçir. Onu unutmaq istəyənlər də unuda bilmədi, sevənlər də. Bu onun ideyalarını bölüşüb-bölüşməməklə bağlı deyil. Bu, bəlkə, bir qadının inadkarlığı, prinsipiallığı, inandığı yolda ölümə qədər gedə bilməsi ilə bağlıdır. Bu o qədər güclü idi ki, Roza Lüksemburq ismi sərhədləri aşaraq dünyanın dörd bir yanına yayıldı, neçə-neçə yeni doğulan qız uşağına məhz onun şərəfinə Roza adı verildi.

Öldürdülər, amma öldürə bilmədilər…

Həyatı boyu özünü fəhlə sinfinin nümayəndəsi olaraq gördü və beynəlxalq bir mühacir kimi yaşadı. Sosial ədaləti və azadlığı ancaq sosializm sayəsində əldə etməyin mümkün olduğuna inanırdı. Sosializm (və kommunizm) fikrinin, ideyasının yüksəliş dövründə (hərəkat dövründə) meydana atdığı nəzəriyyələrlə ad qazandı. İrəli sürdüyü fikir və düşüncələri onu Lenin və Stalinlə ziddiyyətə gətirib çıxaracaq dərəcədə böyük təsirə malik idi.

I Dünya müharibəsi illərində, dövrünün sosialistlərindən ayrılaraq meydana gətirdiyi Spartak İttifaqı, daha sonra Almaniya Kommunist Partiyasına çevrildi. Spartakçılar qrupunun həm nəzəri, həm də hərəkat baxımından lideri kimi, sol inqilabçıların mərkəzi orqanı olan “Qızıl bayraq” qəzetini təsis etdi. Müharibədən sonra spartakçıların üsyanının ardınca, Spartak İttifaqını və “Qızıl bayraq” qəzetini birgə təsis etdiyi ən yaxın silahdaşı və böyük məhəbbətlə bağlı olduğu Karl Libknextlə birgə monarxiyaya xidmət edən əsgərlər tərəfindən öldürüldü. Lakin fiziki ölümü onun məşhurluğunu azaltmadı, əksinə, daha da artırdı. Ölümündən sonra K.Libknextlə birgə həm marksistlərin, həm də sosial-demokratların simvolu oldu.

Cəsədi kanala atılmışdı, bir neçə ay sonra tapıldı, amma təxminən 55 ildən sonra (15 yanvar 1974-cü ildə) dövlət (Almaniya Federativ Respublikasının Rabitə Nazirliyi) Roza Lüksemburqun xatirəsinə xüsusi poçt markası buraxdı. Dövlət, üzərini onun şəkli bəzəyən pullar buraxdı. Marksist nəzəriyyəçi, sosializmin ideoloqu və aktiv bir inqilabçı olan, fikirləri ilə dünyadakı sosializm hərəkatına təsir göstərən bu qadın, “Qızıl Roza” ləqəbini daşıyan Roza Lüksemburq idi.

“Sosialist Bacı” kimi tanınan Roza Lüksemburq 1870-ci ildə (bəzi qaynaqlarda 1871-ci il göstərilir) Rusiyanın işğalı altında olan Polşanın Zamovça şəhərində yəhudi ailəsində anadan olmuşdu. Atası taxta ticarəti ilə məşğul olan Elias Lüksemburq, anası isə Line Lovenşteyn idi. Roza ailənin beşinci uşağıydı. 1873-cü ildə, yəni Roza iki yaş yarımlıq olanda, ailəsi Varşavaya köçdü. Roza beş yaşında bud oynağında ciddi bir problemlə üzləşdi və tam bir il çarpayıya məhkum oldu. O, bu “məcburi istirahət dövrü”nü boş keçirmək istəmədi. İstedadını elə o vaxtdan büruzə verən Roza, yataqda ikən yazmağı və oxumağı öyrəndi. Ancaq keçirdiyi xəstəlik onun ayağında öz izini qoymuşdu: Roza ölənə qədər axsayacaqdı.

Haqsızlığa öyrəşmişdi, amma barışmamışdı!

Roza uşaq olanda Polşa müstəqil bir dövlət deyildi. Ölkə Vyana konfransında qalib dövlətlər tərəfindən bölüşdürülmüş, qərb hissəsi Belorusa, güney-şərq qismi Avstriyaya, Rozanın ailəsinin yaşadığı orta hissə ilə şərq və quzey-şərq hissəsi isə Rusiyaya verilmişdi. Roza 13 yaşında olanda Varşavada ikinci dərəcəli qız liseyinə daxil oldu. Bu məktəbdə əsasən rus idarəçilərin uşaqları təhsil alırdılar və dərslər polyakca yox, rus dilində keçirilirdi. Şagirdlərə də öz aralarında ancaq rusca danışmağa icazə verilirdi. Balaca Rozanın yeganə problemi dil deyildi. O, yəhudi olduğu üçün də təzyiqlərə məruz qalırdı. Ona görə də onda mövcud hakimiyyətə və idarəetmə sisteminə qarşı nifrət əmələ gəldi. Bunu gizlətməyi bacarmayaraq, məktəbdə rejimə olan nifrətini açıq şəkildə büruzə verirdi. Roza, şəxsiyyətinin ayrılmaz hissəsi olan müxalif davranışlarını hələ o vaxtdan etibarən nümayiş etdirməyə başlamışdı. Hətta iş o yerə gəlib çatmışdı ki, məktəbi qurtaranda onun şəhadətnaməsinə “hakimiyyətə qarşı müxalif davranışları üzündən müəllimlərlə problemlər yaşadığı” qeyd edilmişdi. O, yalnız Rusiya deyil, həm də Avropanın tanınmış dövlət başçılarına münasibətdə belə nifrətini gizlətmirdi. Roza 13 yaşında olarkən Almaniya imperatoru I Vilhelmin Varşavaya səfərinə etiraz edərək, şeir yazmışdı.

İmperatora səslənən uşaq!

Rozanın misraları hələ o yaşda hakimiyyətə qarşı üsyankar ruhunu meydana çıxarırdı:

Nəhayət, görəcəyik səni −
Qərbin gücü.
Bəlkə mən belə izləyəcəyəm
Saksoniya bağçalarında dolaşan səni
Saqın, saraya gələcəyimi sanma.
Ağlıma belə gətirməm əsla
Sizin kimilərə sayğılarımı isbatlamağı.
Bilmək istəyərdim amma
Nələr danışılır aranızda.
Sənli mənli danışırsan
Səmimi danışırsan yəqin
Siyasətdən heç anlamam ya.
Sözü çox da uzatmayım, ancaq
Vilhelm, sən də saqın unutma:
Söylə o hiyləgər Bismark soysuzuna,
Sülhü zorlamaq həvəsindən əl çəksin.
Ey Qərbin imperatoru,
Bunu Avropa üçün eləməlisən.

Roza 15 yaşına çatmışdı və damarlarında qan qaynayırdı. Siyasətin sirli aləmi onu maqnit kimi özünə cəzb edirdi. Rusiya tərəfdarı partiyalara müxalif olaraq qurulan sol partiyaya − Proletariat Partiyasına üzv oldu. Roza 15 yaşında olarkən çarizmin əleyhinə fəaliyyət göstərən Proletariat Partiyasına daxil oldu. O dövrdə xüsusən lisey şagirdləri və universitet tələbələri bu partiyaya böyük rəğbət bəsləyirdilər. Roza 1887-ci ildə təhsilini başa vurdu və məktəbdə ən yaxşı nəticəni göstərdi. Ancaq müxalif davranışları üzündən məktəbin ən yüksək ödülü olan “qızıl medal”ı Rozaya vermədilər. Roza buna elə də önəm vermədi. O, onsuz da haqsızlığa və ədalətsizliyə məruz qalmağa öyrəşmişdi. Ona görə də “qızıl medal” verilməməsi heç halını da pozmadı. Onun üçün həyatda başqaları tərəfindən təqdir edilməkdən daha vacib şeylər vardı. Çünki Roza gələcək həyat yolunu artıq müəyyən etmişdi. Bu yol isə onu həbslərə və təqiblərə məruz qoyacaqdı.

İlk addım, yeni həyat

Siyasətdə ilk addımını bir etiraz aksiyasını təşkil edərək atdı. Etiraz aksiyasının iştirakçılarına rus kazakları tərəfindən dəhşətli şəkildə divan tutuldu, üsyan sərt bir şəkildə yatırıldı və onun rəhbərlərindən dördü edam edildi. Partiyanın fəaliyyəti isə qadağan edildi. Bundan sonra partiyanın azadlıqda qalan üzvləri gizli fəaliyyətə keçməyə məcbur oldular. Roza və onun kimi liderliyə namizəd olan digər üzvlər gizli-gizli toplaşmağa başladılar. Ruslar Proletariat Partiyasının üzvlərinə göz verib, işıq vermirdilər. Rusiya xəfiyyələri dağıdılmış partiya üzvlərinin gizli fəaliyyətə keçməsindən xəbər tutmuşdular. Ona görə də "Proletariat"ın üzvlərinin həbsi davam edirdi. Onlara qarşı yeni əməliyyatlar başlayanda, partiya üzvləri qaçmaqdan başqa çıxış yolu tapa bilmədilər. Bunu görən partiyanın digər üzvləri təqiblərdən və həbslərdən yaxa qurtarmaq üçün xaricə qaçmağı qərara aldılar. Roza, Polşa Fəhlə İttifaqının rəhbərləriylə birgə, samanla dolu bir at arabasında gizlənərək Almaniya-Polşa sərhədindən İsveçrəyə qaçdı. O vaxt Rozanın heç 18 yaşı tamam olmamışdı və o, yeni bir həyata başlayırdı…

Roza, Anatoli Lunaçarski və Leo Jogiçes kimi sosialistlərlə birgə Sürix Universitetinə daxil oldu. Burada o, fəlsəfə, tarix, siyasət, iqtisadiyyat və riyaziyyat sahələrində təhsil almağa başladı. İdarəçilik elmi, orta əsrlər tarixi, iqtisadiyyat və birja böhranları mövzularında ixtisaslaşdı. Bu universitetdə o, siyasi-fəlsəfi elmlərlə yaxından tanış oldu, Marks və Engelsin əsərlərini oxudu. 1892-ci ildə o, hüquq təhsili almağa başladı. Həmin ilin axırlarına doğru Birləşmiş Polşa Sosialist Partiyası (BPSP) təsis edildi və bütün mühacir qruplar bu partiyaya daxil oldu. O günlərdə İsveçrə, rus inqilabçı marksizm hərəkatının ən önəmli mərkəzlərindən biri idi.

Ancaq 1893-cü ildə Jogiçes və Julian Marçlevski ilə birlikdə BPSP-nin millətçi mövqeyini tənqid etməyə başladılar. 1893-cü ildə Roza, Birləşmiş Polşa Sosialist Partiyasının millətçilik siyasətinə qarşı mübarizə aparmaq məqsədilə, Leo Jogiçes və Julian Marçlevski ilə birgə “Sprawa Robotnicza” (İşçi Davası) qəzetini nəşr etməyə başladı. O, müstəqil bir Polşa dövlətinin ancaq Rusiya, Avstriya və Almaniyada sosialist inqilabının baş tutmasıyla mümkün olacağına inanırdı. Onlar bunun üçün kapitalizm sisteminə qarşı ümumi mübarizə aparılmasının vacibliyini təbliğ edirdilər. Roza, sadəcə müstəqil Polşa uğrunda deyil, eləcə də kapitalizmə qarşı mübarizə aparmaq lazım gəldiyi fikrindəydi. Roza “R. Kruzsynska” təxəllüsüylə qəzetin baş redaktorluğu işini də öz üstünə götürmüşdü.

Həmfikirlərin... fikirləri toqquşur

Həmin dönəmdə Sürixdə Sosialist İnternasionalının III Konqresi keçirildi. Qəzetlə əlaqədar olan bir qrup, bu konqresdə Polşa nümayəndə heyətinin bir hissəsi kimi iştirak etmək istədi. Amma buna imkan verilmədi. Eyni zamanda xalqların öz müqəddəratını təyin etməsini önə sürən gənc Leninlə Lüksemburq arasında qarşıdurma yarandı. Lüksemburq xalqların azadlıqlarının onların birlikdə sosialist quruluşu qurması əsasında mümkün ola biləcəyini söyləyir və israrla bu fikrini müdafiə edirdi.

Belə bir durumda Roza Lüksemburq Leo Jogiçes, Julian Marçlevski və Adolf Warşzawski birlikdə Polşa Sosial Demokrat Partiyasını (PSDP) qurdular. Bu partiya, özünü «Proletariat»ın davamçısı kimi görürdü.

Bu partiyaya maliyyə yardımını o vaxt Almaniyada yaşayan Jogiçes göstərirdi. Həyatının böyük hissəsini Almaniyada yaşamasına baxmayaraq, o, Polşa sosial-demokratlarının başlıca nəzəriyyəçisi olmuş və Jogiçes yardımı ilə partiyasını idarə etmişdi. Libknext yazdığı əsərlərində sosialistlərin millətçiliklərini kəskin şəkildə tənqid edərək, onların bu hərəkətlərinin fəhlə sinfinin mübarizəsinə uğur gətirməyəcəyini yazırdı. Ona görə də Lüksemburq, Lenin də daxil olmaqla, sosialistlər tərəfindən kəskin şəkildə tənqid edilirdi.

Dörd lider, Polşa Kommunist Partiyası təsis edilənə qədər, partiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirirdilər. Roza 1895-ci ildə sosialist fikirlərini ehtiva edən və sosializmdə millətçilik problemi haqqında ilk dəfə danışdığı bir kitab nəşr etdi. Bu kitabında da o, gizli təxəllüsündən istifadə edirdi. Rozanın fikrincə, sosializm içərisində millətçilik (xüsusən Polşa millətçiliyi) düşüncəsinin önə çıxması, əməkçi sinifləri saf və qatı sosializm anlayışından uzaqlaşdıracaqdı. O, sosialistlərin millətçi düşüncələrə icazə vermələrinin, onları siyasi cəhətdən zəif bir burjuaziyaya bağlamaqdan başqa bir işə yaramayacağı qənaətində idi. Bu düşüncəsiylə Roza, Libknextdən Leninə qədər bir çox sosialistlə fikir ayrılığına düşdü. Elə bu səbəbdən də onun əsərləri, sosialistlər tərəfindən kəskin surətdə tənqid edildi.

1898-ci ildə Roza Lüksemburq, Qustav Lübek ilə ailə qurdu və Almaniya vətəndaşlığı qazanaraq, Berlinə köçdü. Almaniyaya köçməsinin səbəblərindən ən önəmlisi o idi ki, Roza bu ölkəni siyasi hərəkatın ən çox uğur qazana biləcəyi yer kimi görürdü. Roza Berlində alman sosial-demokratlarla birlikdə fəaliyyət göstərməyə başladı. O, partiyanın Drezden və Leypsiqdə çıxan qəzetlərində məqalələr yazaraq, alman sosialistlərinin qarşısında duran vəzifələrlə bağlı fikirlərini bildirirdi. Rozanın silahdaşı Leo Jogiches isə Sürixdə qalmışdı.

Roza, ona qulaq asanları sehrləyən və partiyasının xeyli sayda tərəfdar və səs qazanmasına səbəb olan alovlu natiq, iti qələmli jurnalist idi. O, xalqı Sosial Demokrat Partiya lehinə hərəkətə keçirmək məqsədilə Almaniya İmperiyasının demək olar, hər yerinə səyahətlər təşkil edir, onları mübarizəyə çağırırdı. O, bu fəaliyyətinə görə Sosial Demokrat Partiyanın sol qanadının lideri kimi şöhrət qazanmışdı.

Həbsxanadan zorla çıxardılar

Almaniya parlamentinə seçkilərdən öncə, seçki kampaniyası əsnasında Roza, 20 il qabaq tənqid etdiyi imperator Vilhelmə bu dəfə belə müraciət edirdi: “Alman fəhlələrin həyatının təminat altında olduğundan və onların yaxşı yaşadığından danışan adamın, həqiqətlərdən heç xəbəri yoxdu”. Fəqət bu dəfə Roza “əlahəzrəti” təhqir etdiyi üçün üç ay həbsə məhkum edildi. Roza Lüksemburq 1904-1906-cı illər arasında siyasi fəaliyyəti və düşüncələri üzündən üç dəfə həbsə düşdü. O, 1907-ci ilin bir qismini də Zwickauda yerləşən həbsxanada keçirdi. Saksoniya kralı Albertin vəfatı münasibətilə elan edilən ümumi amnistiya nəticəsində Roza da azadlığa buraxıldı, fəqət “yer üzündəki heç bir kralın heç bir hədiyyəsini qəbul etmək istəmədiyini” bildirərək, həbsxanadan çıxmaq istəmədi və oradan zorla çıxarıldı.

İnqilab prosesinin nəzəriyyəçisi

1905-1907-ci illərdə baş verən Birinci Rus Burjua İnqilabı bu ölkəni dünya inqilabının mərkəzlərindən birinə çevirdi. Bu da Rozanın rus sosial-demokratlarla yaxınlaşmasına səbəb oldu.

Rusiyada 1905-ci il inqilabı əsnasında Roza belə bir tezislə çıxış etdi: “Sosializm, siyasi və iqtisadi əlaqələrin birbaşa fəhlələr tərəfindən daha böyük bir demokratik nəzarətə çevrildiyi bir inqilab prosesidir.” Roza 1905-ci il inqilabına böyük ümidlər bəsləyirdi. O, 1906-cı ildə Varşavada həbs edildi, ancaq səhhəti korlandığı üçün azadlığa buraxıldı.

Roza Lüksemburq, rus sosial-demokratlarının 1907-ci ilin may ayında Londonda keçirilən V qurultayında SDP-nin nümayəndəsi kimi iştirak etdi.

Elə həmin il o, Almaniya Sosial Demokrat Partiyasının Berlində yerləşən Mərkəzi Partiya Məktəbində dosent oldu və 1914-cü ilə qədər orada müəllimlik etdi. Burada o, kütləvi tətillərdən siyasi bir silah kimi istifadə edilməsi haqqında fikirlərini daha da təkmilləşdirdi. Həmin dövrdə Roza Lüksemburq iki böyük nəzəri əsər – “Milli iqtisadiyyata giriş” və “Sərmayə yığımı”nı yazdı. Roza, kapitalizmin lənətləndiyi və iqtisadi səbəblər üzündən süquta məhkum olduğu fikrini müdafiə edirdi. O, bu əsərlərində kapitalizmin çökməyə məruz qalacağını yazaraq, bunu insanların qəddarcasına istismarı ilə əlaqələndirirdi.

I Dünya müharibəsinin başlanmasıyla birgə millətçilik havası hiss edildi və SDP də bu havanın təsiri altında qaldı. Ancaq Lüksemburq millətçi fikirlərə qətiyyətlə etiraz edirdi. SDP-nin Almaniyanın müharibədə iştirakını dəstəkləməsi də onu hiddətləndirmişdi. I Dünya müharibəsi zamanı Lüksemburq Almaniyanın müharibədə iştirak etməsinin əleyhinə çıxdı. Buna görə də onunla partiya arasında fikir ayrılıqları əmələ gəldi. Nəticədə, Lüksemburq Sosial Demokrat Partiyası ilə bütün əlaqələrini kəsdi. Almaniyanın savaşa qatılmasına etiraz etdiyi üçün onu təhlükəli adam kimi həbs etdilər və müharibə illərinin böyük bir hissəsini həbsxanada keçirdi. Həbsdə ikən "Spartak məktubları" və "Rus inqilabı" adlı əsərlərini yazdı.

Roza həbsxanada yazdığı məktubların əksəriyyətini rəfiqəsi və katibəsi Matilda Yakoba xitabən yazır, Matilda isə onları həbsxanadan çölə çıxarılmasını həyata keçirirdi. Roza Oktyabr inqilabını, bütün dünyada həyata keçəcək inqilabın xəbərçisi kimi qiymətləndirirdi. 1916-cı ildə nəşr edilən “The Junius Pamphlet» (Yunius məktubları) adlı əsərində Roza Lüksemburq, sosializmlə barbarlıq arasındakı seçimin, dünyanın tarixi üçün bir dönüş nöqtəsi olacağını yazır və fəhlə sinfinin qətiyyətlə hərəkət etməli olduğunu bildirirdi. Roza Lüksemburq, mötədil sosial-demokratlarla fikir ayrılığına düşdüyü üçün həbsdən çıxdıqdan sonra 1916-cı ildə Klara Setkin, Frans Mehrinq və Karl Liebknechtlə birgə “Spartak İttifaqı”nı təsis elədi. Bu ittifaq iki aydan sonra Almaniya Kommunist Partiyasına çevrildi.

Yenə də həbs, yenə də həbs

Roza 1916-cı ilin oktyabr ayında yenidən həbs edildi. 1917-ci ilin iyuluna qədərki dövrü Roza Lüksemburq yenə həbsdə keçirdi. Ancaq 1917-ci ilin iyul ayında həbsdən azad edildi. Spartak İttifaqı 1917-ci ildə müharibə əleyhdarlarından olan SDP-nin sabiq üzvlərindən Karl Kautskinin təsis elədiyi Müstəqil Sosial-Demokrat Partiya (MSDP) ilə birləşdi. Amma yenə də həbs edildi. Həmin il müharibədə məğlub olan Almaniyada inqilab başladı. Almaniyanın bir çox yerində, müharibəyə və monarxiya üsul-idarəsinə son qoyulması tələbiylə alman fəhlə və əsgər şuraları təsis edildi. MSDP də bu şuraları dəstəkləyirdi. İnqilab Lüksemburqun azad edilməsi ilə nəticələndi.

Breslaudakı həbsxanadan azadlığa buraxılan Lüksemburq, özündən bir gün sonra həbsdən çıxan Libknextlə birgə Spartak İttifaqını təzədən təşkilatlandırdı və “Red Flag” (“Qırmızı bayraq”) adlı qəzet çıxarmağa başladı. Onlar bütün siyasi məhbusların azadlığa buraxılması və edam cəzasının ləğvi tələbiylə çıxış edirdilər. Müstəqil Sosialistlər və Beynəlxalq Kommunistlərlə birləşən Spartak İttifaqı, Roza Lüksemburq və Karl Libknextin rəhbərlikləri altında Almaniya Kommunist Partiyasına çevrildi.

Yanvarda üsyanların ikinci dalğası başladı, ancaq Roza Lüksemburq, Libknextdən fərqli olaraq, bu hərəkatı dəstəkləmədi və spartakçıların Berlində hökumətə qarşı həyata keçirdikləri üsyanda könülsüz iştirak etdi. Bu etiraz hərəkatı amansızcasına yatırıldı və Lüksemburq Libknextlə birlikdə həbs edildi.

Uğursuzluqla nəticələnən bu hərəkat, Adolf Hitler üçün də dönüş nöqtəsi olmuşdu. Sosial-demokrat lider Fridrix Ebert, millətçi və sağ düşüncəli “Freikorps” əsgərlərinə əmr verdi ki, solların bu üsyanını yatırsınlar. Roza Lüksemburq da Karl Libknext və Vilhelm Piecklə birgə həbs edildi. Pieck qaçmağı bacardı, ancaq Roza Lüksemburq və Karl Libknext, həbsxanaya aparıldıqları gecə – yanvarın 15-dən 16-na keçən gecə alman “Freikorps” əsgərləri tərəfindən öldürüldülər. 1919-cu ilin yanvar ayının 15-dən 16-na keçən gecə Lüksemburq və Libknexti məhkəməsiz güllələdilər. Ölüm əmrini, onları sorğuya çəkən kapitan Valdemar Pabst vermişdi. Lüksemburqun cəsədi Landvehr kanalına atıldı və ancaq may ayında Berlin zooparkının kanallarından birində tapıldı. Libknextin cəsədi isə adsız olaraq morqa göndərildi.

Lüksemburqun qətlə yetirilməsi səbəbiylə Valdemar Pabst yox, sadəcə “Freikorps” əsgərlərindən biri – Otto Runqe 2 il həbs cəzasına məhkum edildi. Pabst 1962-ci ildə “Der Şpiegel” jurnalına verdiyi müsahibədə, iki SDP liderinin − müdafiə naziri Qustav Noske ilə Kansler Fridrix Ebertin, Lüksemburqa qarşı edilənlərə razılıq verdiyini bildirmişdi.

Sevgilisi öldürüldü, kitabı çap edilmədi…

Lüksemburqun sevgilisi Leo Jogiches də 1919-cu ildə öldürüldü. Roza ilə onların arasındakı məhəbbət onsuz da 1906-cı ildə nöqtələnmişdi. Amma Leo Jogiches, ölümündən qısa müddət əvvəl Klara Setkin və Matilda Yakobla birgə Lüksemburqun əsərlərini toplayıb nəşr etmək qərarına gəlmişdi. Ancaq onların bu layihəsi, Leninin Lüksemburqa tənqidi yanaşması səbəbiylə xeyli ləngidi. Lenin bu fikirdə idi ki, Lüksemburq millətçi ideologiyanın önəmini zəif görür, Kommunist Partiyasının rolunu zəiflədir və kütləvi hərəkatın gücünə gərəkdiyindən daha artıq önəm verirdi. Lüksemburq isə Leninin “xalqların öz müqəddəratını təyin etmək haqqı” prinsipini qəbul eləməsini tənqid atəşinə tuturdu. Daha sonra stalinçi cərəyanlar da Lüksemburqun fikirlərini tənqid etdilər. Lüksemburqun əsərləri toplansa da, 1970-1975-ci illərə qədər Almaniya Demokratik Respublikasında nəşr edilmədi.

1970-ci illərdə Lüksemburqun əsərləri və fikirləri ciddi bir şəkildə ələ alınmağa və yenidən qiymətləndirilməyə başlandı. Onun nəzəriyyələrini sosial-demokratiya və ya kommunizmə alternativ kimi görürdülər. 1980-ci illərdə marksist əsərlər öz cazibəsini itirəndə belə, Lüksemburqun fikirləri xüsusən feminist nəzəriyyəçilər tərəfindən hələ də maraqla qarşılanırdı. Lüksemburq heç vaxt qadın hüquqları uğrunda mübarizə hərəkatlarının içərisində olmamışdı. Onun fikrincə, qadınlar azadlıq əldə etmək üçün kapitalizmin təzyiqindən xilas olmalıydılar. Ancaq sosialist azadlıq da qadınların azadlığı olmadan mümkünsüzdür.

V.İ.Lenin onun haqqında belə deyirdi: “Müxtəlif məsələlərlə bağlı düşüncələrimiz eyni olmasa da Roza Lüksemburq bir “qartal” idi.”

Sonluq

O, XIX yüzildə doğulub, XX yüzildə öldürülüb. İndi XXI yüzildi. Bu gün də, dünyadakı ilk sosialist dövləti süquta uğradıqdan sonra da bir sosialist nəzəriyyəçisi, bir inqilabçı niyə xatırlanır? Roza Lüksemburqun populyar olmasının sirri, bəlkə də onun bu sözlərində gizlənib (bu sözlərin ideoloji yükündə yox, müəllifinin nəcib duyğularını, prinsipiallığını təcəlla etdirməsində): “Sosializmi tənbəl, səfeh, eqoist, düşüncəsiz, laqeyd adamlarla həyata keçirmək mümkün deyil. Sosializmin, ümumi rifah naminə həvəslə, insanlıq naminə fədakarcasına çalışacaq, ən çətin işlərin öhdəsindən gələcək cəsarət və qətiyyətə malik adamlara ehtiyacı var”.

Onun düşüncələrini bölüşənlər də var, bölüşməyənlər də… Sevənləri də çoxdur, fikirlərini qəbul etməyənlər də….Amma bu bir həqiqətdir ki, o adını dünya tarixinə əbədi yazmış bir QADIN, bir LİDER, bir ŞƏXSİYYƏTDİR! Arxasınca cığır açmağı bacaran bir LİDER!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir