Modern.az

Deputat: “Biz gəncləri öz əməllərinə qurban etmək istəyənlərə imkan verməyəcəyik”

Deputat: “Biz gəncləri öz əməllərinə qurban etmək istəyənlərə imkan verməyəcəyik”

8 Aprel 2011, 18:08

Bu fikirləri 48 saylı Yevlax seçki dairəsini təmsil edən deputat İlham Məmmədov Modern.az saytına Azərbaycan gənclərinin sosial şəbəkələr vasitəsiylə kütləvi aksiyalar keçirmək cəhdlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, bir çox insanlar öz şəxsi maraqları naminə Azərbaycan gəncliyini qurban verməyə çalışsalar da, onların bu cəhdləri heç vaxt baş tutmayacaq:
“Mən demək istəyirəm ki, ötən əsrin 90-cı illərində də bir çox insanlar öz şəxsi ambisiyalarına çatmaq üçün Azərbaycan gəncliyindən alət kimi istifadə edirdilər. Onlar milli hərəkat, oyanış kimi hisslərlə gəncliyi qabağa ataraq gəncliyimizi məhvə doğru aparırdılar. Xalqımızın tələbi ilə Azərbaycanda xaos olan bir dövrdə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin belə vəziyyətdə atdığı ilk addım Azərbaycan gəncliyinin bir yerə toplanması istiqamətində oldu. Məlum fərmanlar, sərəncamlar, Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi üçün tədbirlərin hazırlanması, qərarların verilməsi nəticəsində bu gün şahidi olduğumuz kimi çoxlu sayda savadlı, bilikli Azərbaycan gənci yetişib”.

İ.Məmmədov Yevlax şəhərinin ictimai-siyasi həyatında gənclərin əvəzsiz rola malik olduğunu deyib. O, qeyd edib ki, Azərbaycan gəncliyi bütün həqiqətləri dərk edərək ölkə prezidentinin uğurlu siyasətini dəstəkləyir.

“Mən regionun bir millət vəkili kimi tez-tez rayona gedirəm, orada olan vəziyyətlə tanış oluram. Həmçinin qeyd edim ki, mən Yeni Azərbaycan Partiyasının Yevlax rayon şöbəsinin sədriyəm. Mitinqdə guya, elan edirlər ki, 3 min adam iştirak edib. Bizim rayon təşkilatında elə 8 mindən çox üzvimiz var. Bunun da böyük əksəriyyəti gənclərdən ibarətdir. Onlar rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Mən rayonda olan zaman gənclərlə görüşürəm, onların nə işlə məşğul olmaları ilə maraqlanıram. Belə bir şəraitdə sosial şəbəkədən istifadə edib bu günkü gəncliyi öz məkirli niyyətlərinə çəkmək istəyənlər bunu bacarmayacaqlar”-deyə deputat qeyd edib.

Deputat Azərbaycan gəncliyinin idman sahəsində qazandığı uğurlardan söz açaraq ölkəmizdə gənclər üçün hər bir şəraitin yaradıldığını deyib:
“Azərbaycan gəncləri istər idman sahəsində olsun, istərsə də musiqi sahəsində dünya festivallarında layiqli yer tuturlar. Bu gün dövlət idarəetmə orqanlarında da çoxlu istedadlı gənclər var. Bizim YAP-ın böyük əksəriyyəti də elə gənclərdən ibarətdir. Cənab prezidentin ətrafında o qədər layiqli gənclər var ki, onlar açıb qulaqlarını eşitsinlər ki, sadəcə olaraq başımızı aşağı salıb işimizi görürük. Prezidentin gördüyü işlərə hər kəs öz işi, əməli ilə cavab verməlidir.. Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq keçirilir. Dünyanın böyük əksəriyyəti bu gün Azərbaycandadır. Onlar Azərbaycan həqiqətlərini, reallıqlarını görürlər. Azərbaycanda beynəlxalq ekologiya olimpiadası keçirilir. Dünya ölkələrinin məktəbliləri də Azərbaycandadırlar. Onlar ölkəmizi görüb heyran olurlar. Bu gün bu inkişaf, bu model dünyanın heç bir yerində yoxdur. Mən bunu fəxrlə deyirəm ki, dünyanın heç bir yerində belə sakitlik, bu gözəllik yoxdur”

İ.Məmmədov Azərbaycanın bugünkü inkişafını qəbul etməyən insanların olduğunu deyərək onlara sərt iradlarını bildirib.
“Azərbaycanın uğurlarını gözləri götürməyən insanlar var ki, bunu qəbul etmirlər. Onların qatarı artıq gedib. Onlar o vaxtki dövrü yadlarına salırlar. Yalandan əllərini, yumruqlarını “Azadlıq!” deyə qaldırırlar, sonra da bu yumruqlar qayıdıb öz başlarına dəyir. Ona görə də, mən hesab edirəm ki, Azərbaycan gəncliyi ölkə prezidentinin ətrafındadır. Gəncliyimiz öz işi ilə məşğuldur. Neçə-neçə gənclərimiz dövlət hesabına xaricdə oxuyurlar. Mən bu baxımdan hesab edirəm ki, bu insanlar ayılsınlar. Onlar heç də çox deyillər, azdırlar. Biz imkan verməyəcəyik ki, onlar bizim gəncliyimizi öz məkirli işlərinə alət etsinlər”.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!