Modern.az

Təlim-tərbiyə bağçalardan pozulur...

Təlim-tərbiyə bağçalardan pozulur...

Təhsil

16 Mart 2017, 16:00

Uşaqların təlim-tərbiyəsində uşaq bağçalarının rolu danılmaz olsa da, Azərbaycanda bu sahədə mövcud vəziyyət o qədər də ürəkaçan deyil.

Valideynlər çox vaxt uşaqları bağçalara yerləşdirərkən çətinliklərlə üzləşirlər. Əsas çətinlik bağçalardakı sıxlıqla bağlı olur. Sıxlığın yaranmasına səbəb isə uşaqların sayının çox, bağçaların sayının az olmasıdır. Ümumiyyətlə, bu problem həm Bakıda, həm də digər şəhər və rayonlarda müşahidə olunur. Özəl bağçalarda isə ödənişlər yüksək olduğundan, valideynlərin çoxunun büdcəsinə uyğun gəlmir.

İndi dövlət bağçalarına uşaqların yerləşdirilməsi çox çətin proseslərdən biri olub. Uşağını bağçaya yerləşdirmək istəyən valideyn bunun üçün  ən azı 300 manat xərc çəkməlidir. Halbuki, dövlət bağçalarına qəbul pulsuz olmalıdır.

“Tərbiyəçi müəllim uşağı otaqda saxlamaqla məşğuldu”


Təhsil eksperti Kamran Əsədov da Modern.az-ın əməkdaşı ilə söhbətdə dövlət bağçalarındakı vəziyyətin qənaətbəxş olmadığını vurğulayıb:

“Buna təsir göstərən bir neçə məqam var. İlk növbədə onu deyə bilərəm ki, özəl bağçalardakı müəllim, rəhbərlik kontiligentinin böyük əksəriyyəti ali təhsillidirsə, dövlət bağçalarında çalışan müəllimlərin 80 faizdən çoxu ya natamam, ya da orta təhsilə malikdirlər. Təəssüflər olsun ki, dövlət bağçalarında tədrisin səviyyəsi ciddi şəkildə aşağıdır. Sadəcə, bir tərbiyəçi müəllim 30-a yaxın şagirdi gün ərzində otaqda saxlamaqla məşğuldu.
Amma özəl bağçalarda hər 7-8 uşağa bir müəllim düşür. Buna təsir göstərən səbəblərdən biri müaliyyələşmə məsələsidir. Çünki özəl bağçaların aylıq haqqı 300 manatdan aşağı deyil. Amma dövlət bağçalarında rəsmi olaraq aylıq ödəniş yoxdur. Bununla belə, dövlət bağçalarında hər valideyndən aylıq 20-30 manat qeyri-rəsmi pul alırlar. Dövlət bağçalarında keyfiyyətli təhsil yox dərəcəsindədir. Həmçinin dövlət bağçalarında qidaların keyfiyyəti kifayət qədər aşağıdır. Təlabata uyğun deyil”.


“Uşaqlar bağçalara cəlb olunmur”

Təhsil eksperti Azərbaycanın dünya reytinq sırasında bağçalara cəlb olunmaya görə, ən aşağı yerlərdən birini tutduğunu bildirib.

“Yəni bizdə bağçalara cəlb olunma faizi çox aşağıdır. Bu tendensiya rayonlarda özünü daha çox göstərir. Hətta elə regionlarımız var ki, orada bağçaya cəlb olunma demək olar ki, yoxdur. Norveç, İsveç kimi ölkələrdə  bütün bağçayaşlı uşaqlar yüz faiz olaraq məktəbəqədər təhsilə cəlb olunublar. Azərbaycan bu göstəricilərə görə, hətta Qazaxıstan, Latviya, Slovakiyadan da geri qalır. Bunun mənfi tərəfləri var. Uşaqlar məktəbə gedən zaman psixoloji, ideoloji əsasda hazırlıqsız olurlar. Məsələn, valideynlər narazılıq edir ki, birinci sinif şagirdlərinin çantaları ağır olur. Oxuya, parta arxasında otura bilmirlər. Əgər uşaqlar tam şəkildə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunsaydı, bu problemlər yaşanmazdı”.

Bağçalarda qanunsiz ödənişlər...

Ekspert deyir ki, valideyn uşaqlarını dövlət bağçalarına yerləşdirmək istəyəndə ondan 300-400 manat pul istəyirlər ki, bu, danılmaz faktdır:

“Hətta bu məsələ ilə bağlı mənə çox sayda müraciətlər də olub. Siz əgər bütün dövlət bağçalarının qarşısına getsəniz, orada qapılara, şüşələrə vurulmuş böyük bir elan görəcəksiniz. “Müraciət etməyin, yer yoxdur”. Amma siz hansısa yolla tanışlığınız varsa, hətta uşağı bağçaya gedən digər valideynin vasitəsilə bağçanın rəhbərliyi ilə əlaqə saxlasanız, nə qədər istəsəniz yer tapacaqsınız. Buna görə də hesab edirəm ki, bağçalara qəbul onlayn qaydada həyata keçirilməlidir. Ona görə ki, bağçada nə qədər yer varsa, dolandan sonra qəbul aparıla bilməsin. Bu gün bizim bağçalarımızda ən azı yaxın ərazilərdə yaşayan uşaqların yerləşdirilməsi üçün kifayət qədər yer var. Amma çox təəssüflər olsun ki, bağça müdirləri bunu daimi qazanc bilirlər. Təkcə uşaqları bağçalara yerləşdirmək zamanı valideynlərin qarşısına tələblər qoyulmur. Hətta aylıq olaraq müəyyən məbləğlər də tələb olunur. Bundan əlavə, bayramlar münasibətiylə məcburi şəkildə pullar yığılır”.

“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalıdır”

Təhsil ekspertinin sözlərinə görə, bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir:


“Mən hesab edirəm ki, bağçalar Təhsil Nazirliyinə tabe olmalıdır. Bildiyiniz kimi, 2011-ci ildə bütün bağçalar Təhsil Nazirliyindən  alındı və icra hakimiyyətlərinin tabeliyinə verildi. İcra hakimiyyətlərinin isə təhsilə o qədər aidiyatı yoxdur. Düzdür, hər kəs təhsili düşünə bilər. Amma bağçadan tutmuş, ən yüksək ali təhsil müəssisəsinə qədər hamısı vahid qurumda birləşdirilməlidir. Təməl də bağçadan qoyulur. Əgər bu belə olmayacaqsa, biz təhsilimizdən ciddi bir irəliləyiş gözləyə bilmərik”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar